Hikmət
işartıları
İdris Şah
İdris
ŞAH (Seyid İdris əl-Həşimi)
Böyük
sufi şeyxidir, yazıçı və alim kimi bütün
dünyada ad-san qazanıb.
16.09.1924-cü
ildə Hindistanın Simla şəhərində dünyaya
göz açıb, 23.11.1996-cı ildə isə Londonda vəfat
edib.
Məhəmməd
peyğəmbərin (s.ə.s.) aid olduğu qədim
Haşimilər nəslinin nümayəndəsidir.
Sufi
dünyagörüşünün çağdaş
dünyada yayılması üçün illər uzunu
çoxcəhətli fəaliyyət göstərib. Onlarla
kitaba imzasını atan İdris Şah təkcə İslam
dünyasında deyil, dünyanın hər yerində, həm
də ən müxtəlif ölkələrin dövlət
başçıları və alimləri səviyyəsində
dərin intellekt sahibi kimi qəbul olunub. Avropada yaşayan və
bir çox dillərdə sərbəst
danışıb-yazan bu müdrik insan mədəniyyətlərin
inteqrasiyası, siyasət aləmindəki məsələlərin
daha çox qansız-qadasız həlli yönündə
misilsiz işlər görübdür.
Müxtəlif
dünya dillərinə çevrilən kitabları isə
hazırda bestsellerdir.
Hikmət
işartıları
Dəvə
bölgüsü
Vaxtilə
dünyada ahıl yaşa gəlmiş bir sufi ustad
yaşayırdı. Ömür günəşinin qüruba
doğru endiyini hər gün daha bariz bir şəkildə
hiss etdiyindən onun ən böyük arzusu öz müridlərini
Böyük Yola sadiq bir ustada tapşırmaq və yalnız bundan
sonra dünyadan rahat əl-ətək üzmək idi.
Mövcud
qanunlara əsasən o, öhdəsində olan on yeddi dəvədən
ibarət mal-mülkü də müridlərin arasında
bölməliydi. Sözügedən bölgünün necə
aparılacağını ustad öz vəsiyyətnaməsində
bu cür açıqlamışdı:
"Ən
böyük, ortancıl və ən kiçik müridlərim
bölgüdən aşağıdakı nisbətlərdə
pay alacaqdır: böyük müridə mirasın
yarısı, ortancıla üçdə biri, ən
kiçiyə isə doqquzda biri çatacaq".
Ustad sufi
canını tapşırandan sonra müridlər vəsiyyətnaməni
açıb oxudular və mərhumun niyə bunca
müşkül bir bölgü sisteminə
üstünlük verdiyini, doğrusu, heç cür anlaya
bilmədilər. Çünki on yeddi rəqəmi tam şəkildə
nə ikiyə, nə üçə, nə də doqquza
bölünürdü, halbuki söhbət canlı dəvələrdən
gedirdi.
Qoyulan
şərtlərdən məyusluğa qapılınca, onlar başqalarından
məsləhət istəməyə yollandılar.
Bir nəfər
təklif elədi: "Gəlin, siz o mirası paylara heç
bölməyin, dəvələrdən eləcə ortaq şəkildə
faydalanın". Ancaq müridlər mərhumun vəsiyyətnaməsindəki
şərtlərin bacardıqca tam şəkildə yerinə
yetirilməsini vacib sayırdılar.
Bunu
öyrənən bir qazı onlara dəvələri
satmağı, əldə olunacaq məbləği isə həmin
nisbətlərə uyğun şəkildə aralarında
bölməyi ən ağlabatan yol kimi müridlərə təklif
elədi.
Məsələnin
mahiyyətinə varan bəzi şəriət alimləri isə
bildirdilər ki, hansısa vəsiyyətnamə şərtlərinin
icrası kağızda yazıldığı kimi tətbiq
oluna bilmirsə, onda həmin sənəd
öz-özlüyündə qüvvədən
düşmüş sayılır.
Beləcə,
bölgü məsələsi öz həllini tapmadı. Bir
müddət sonra müridlər belə qənaətə gəldilər
ki, ola bilsin, bu cür bölgüyə üstünlük
tanıyan ustadın hansısa gizli bir məramı, niyyəti
var imiş. Odur ki, çətin məntiqi düyünləri
açmaqda, müşkülləri asana çevirməkdə
ad çıxaran bir ustadın axtarışına
çıxdılar.
Ancaq kimin
qapısına üz tutdularsa, heç kəs onlara hansısa
yardım əli uzada bilmədi.
Ən
axırda, bütün ümidləri uca Peyğəmbərimizin
əmisioğlu və kürəkəni olan Həzrət
Əlinin bu məsələnin həllində onlara göstərəcəyi
köməyə qaldı.
Müridləri
diqqətlə dinləyən İmam Əli hər hansı tərəddüd
keçirmədən dedi:
"-
Sözügedən bölgünü asanlaşdırmaqdan
ötrü miras aldığınız on yeddi dəvəyə
mən özümə məxsus bir dəvəni də əlavə
edəcəyəm. Belədə, həmin on səkkiz dəvənin
yarısını təşkil edən doqquz dəvə
yaşca böyük müridə çatacaq. İkinci
mürid on səkkiz dəvənin üçdə biri qədər,
yəni altı dəvə alacaq. On səkkiz dəvənin
doqquzda biri, yəni iki dəvə isə
üçüncü müridin payına düşəcək.
Bu da edəcək on yeddi dəvə. Yerdə qalan bir dəvə
isə mənimki olduğu üçün onu qaytarıb
öz sahibinə verəcəksiniz".
Həzrət
Əlinin dərin ağlına heyran qalan həmin müridlər
onu yekdilliklə özlərinə yeni mürşid seçmək
qərarına gəldilər.
Rəvayətin
əsl məğzi
Seyid
İmam Əli Şah qədim Misir ehramlarıyla bağlı
bir rəvayəti vaxtaşırı danışmaqla, əslində
keçmiş əyyamlarda yaşamış insanların təlim-tədrisi
əsnasında hansı üsullardan istifadə olunduğuna
diqqəti çəkməyə
çalışırmış.
Sözügedən
rəvayətə görə, bir firon hələ sağ ikən
özünə nəhəng sərdabə, yəni ehram
tikdiribmiş, iqtidarda olduğu müddətcə rəiyyətdən
soyub-taladığı sərvəti də onun içinə
toplayıbmış ki, öldüyü vaxt bu cah-cəlal
başqa birisinə qismət olmasın.
Amma sərdabəni
tikən ustabaşı firona məxsus o əbədi istirahətgahın
planına dair gizli sirləri özünün iki oğluyla
bölüşərkən, onlara əlbəəl
tapşırıbmış: "Mən bu dünyanı səfil
birisi kimi tərk etməyi onsuz da gözə almışam.
Ancaq məndən fərqli olaraq, sizin əlinizin altında o
ehrama gizli yolla girməyin hazır planı var. Onu sizə ata
mirası kimi qoyub gedirəm: o amansız hökmdar mənim
kimi minlərlə məzlumun qismətinə yiyələndiyi
üçün sizlər də hər vəchlə o tükənməz
xəzinədən öz payınızı almaqdan çəkinməyin".
Atalarının
vəsiyyətini gerçəkləşdirən övladlar
ehramdan bir miqdar qızıl sikkə oğurlayırlar, amma
qardaşlardan biri içəridə qurulan gizli tələlərdən
birinə yaxalanır. Qalan ailə üzvləri də qəzəbə
uğrayıb edam edilməsin deyə, həmin cavan öz
qardaşına yalvarır: "Sən, gəl, qılıncla
boynumu vur, təki nəslimiz sonralar da bu sərdabədəki
ləl-cəvahiratdan yetərincə faydalana bilsin".
Könlü buna heç cür razı olmasa da, ikinci
qardaş məcbur qalıb, qardaşının boynunu
vurmalı olur və kəsdiyi başı da götürməklə,
maneəsiz bir şəkildə ehramı tərk eləyir.
Sərdabədə
başsız bir cəsədin tapılması barədə xəbər
fironun qulağına çatanda o, hədsiz dərəcədə
heyrətlənir. Vəzir-vəkiliylə məsləhətləşdikdən
sonra əmr verir ki, başsız cəsəd şəhərin
qala divarlarının yanında çarmıxa gərilsin və
həmin yerdə bir keşikçi dəstəsi qoyulsun.
Əgər bu sərdabə talançısının qohum-əqrəbası
cəsədi dəfn etmək üçün
çarmıxdan endirməyə cəhd göstərsə, əlüstü
onlar yaxalansın və ölənin kimliyi də bu sayədə
ortaya çıxsın.
Ancaq mərhumun
diri qalan qardaşı da yaşına görə az bilmirdi. O,
dükandan aldığı üç-beş tuluq şərabı
bir eşşəyin belinə yükləyir və həmin
tuluqları məhz o keşikçi dəstəsinin pusqu
qurduğu yerin yaxınlığında yolun sağına-soluna
atır.
Tuluqları
tapan keşikçilər hədsiz sevinirlər və
bihuşdarı qatılan o müftə şərabdan düt
deyincə içib, sərxoş olurlar.
Ayıq-sayıqlıqlarını itirincə isə hərəsi
bir tərəfdə yıxılıb yatır.
Pusquda
durub, məhz bu məqamı gözləyən ikinci qardaş
cəsədi çarmıxdan endirir və torpağa
tapşırmaq məqsədiylə dərhal oradan
uzaqlaşır.
Seyid
İmam Əli Şah izah edirmiş ki, bu rəvayətdə
nağıl olunan ayrı-ayrı məqamlar əslində
ağlımızın fəaliyyətinə tamamilə
uyğun gəlməkdədir. Talanıb-gizlədilən xəzinə
biliklər dünyasının, zalım və dünya
malına həris firon isə həyatda bizə faydalı
olacaq bilgilərə yiyələnməyə ərinməmizin
gizli, üstüörtülü simvoludur. Rəvayətdəki
ata - gərəkli bilgilərə yiyələnməyə can
atanlardan öz köməyini əsirgəməyən, onlara
düzgün yol göstərən mürşiddir, mənəvi
öndərdir.
Mərhumun
bir cüt oğlu isə ağlımıza xas iki fərqli cəhətdir.
Bunlardan birinci qardaş - xəyal gücü hər nə qədər
nəhayətsiz olsa belə - əsla uzaqgörən
davranmır, bu səbəbdən də təhlükə ilə
qarşılaşır və seçdiyi hədəfə
çatmadan ölüb gedir.
İkinci
qardaş isə fəal həyat mövqeyi tutmaqla
yanaşı, həm məntiqli və gözüaçıq
davranır, həm də ən çətin sınaqlardan
alnıaçıq, üzüağ çıxmağı
bacarır.
İmam
Əli Şah öz izahına adətən
aşağıdakı sözlərlə yekun vurarmış:
"Göründüyü
kimi, təlim-tədris işi bu və ya digər şəkildə
- yəni həm zahiri, həm də batini müstəvidə -
fasiləsiz şəkildə davam etdirilməlidir. Bu isə
son nəticədə insanlığa xidmətin bariz bir
nümunəsidir. Sadəcə olaraq,
danışdığım rəvayətdə nəyisə
öyrətməyin nisbətən fərqli bir üsuluna
üstünlük verilibdir. Həm də bu rəvayətin
gerçək dünya və orada cərəyan edən
olaylarla əlaqəsi bir elə də vacib sayılmaz,
çünki o, sırf əyani səciyyə
daşıyır.
Padşahın
üç fərqli təbəssümü
Padşahın
şikayətçiləri qəbul elədiyi vaxt həmin
zala bir nəfər daxil olur. Hər hansı xahiş-şikayət
eləmədən eləcə çəkilib, zalın uzaq
bir küncündə dayanır.
Baxışlarını
həmin adama dikən padşah əliylə başını
sığallayır. Buna cavab olaraq, həmin kişi padşaha
təzim eləyir və əliylə öz dodaqlarına toxunur.
Padşah üzünü sığallayınca, həmin
kişi əlini boğazına aparır. Padşah əlini
qarnının üstünə qoyanda isə həmin kişi
öz ayaqlarına toxunur.
Padşah
buyurur:
- O adama
bir qızıl külçəsi verilsin!
Xəzinədar
qibleyi-aləmin əmrini cəld yerinə yetirir və öz ənamını
alan kişi əlüstü zalı tərk eləyir.
Padşahın
sağ cinahında duran və bu səxavətdən dərin
heyrət hissinə qapılan vəzir-vəkil maraqlanır:
-
Qibleyi-aləm, o cındırından cin hürkən adama
hansı xidmətinə və ya mərifətinə görə
belə səxavət sərgilədiyinizi bizlər,
düzü, heç cür anlamadıq.
Padşah
gülümsəyərək deyir:
- Sırf
şahlara layiq mərifətinə görə. Mən o
müdrik insana ard-arda üç müşkül sual
ünvanlayıb, hamısına xeyli müdrik cavablar aldım.
Baş vəzir
təəccüblənir:
- Ancaq nədənsə
bu zalda olanlar nə sizin suallarınızı eşitdilər,
nə də onun verdiyi cavabları!
Padşahın
üzündə yenə də mənalı bir təbəssüm
dolaşır:
- Gözləri
açıq olan kəs hər şeyi görür,
ayıq-sayıq kəs isə onsuz da hər şeyi maneəsiz
bir şəkildə anlayır. Mən əlimlə
başımı sığallamaqla ondan soruşdum ki,
insanoğlunun başına bəla açan nədir? O da əlini
dodaqlarına toxundurmaqla: "Ehtiyatsız və yersiz söylənən
söz" cavabını verdi. Əlimi üzümdə gəzdirməklə
ondan soruşdum ki, bu dünyada insan öz simasını necə
itirə bilər? O müdrik adamdan aldığım cavab belə
oldu: "Öz ömrünü-gününü və sərmayəsini
sadəcə qarnını doyurmağa sərf eləməklə".
Əlimlə mədəmi göstərib, işarət diliylə
ondan soruşdum: "Bəyəm insanoğlu öz
qarnının qulu deyil ki?!" Müdrik adam him-cimlə mənə:
"Yox" - dedi və ayaqlarını göstərməklə
bildirdi ki: "Bu ayaqlar insana ona görə bəxş edilib
ki, gəzib-dolaşıb, özünə bab bir iş-güc
tapsın və bu fani dünyanın bütün
gedişatından xəbərdar olsun".
Başına
yığılan saray əyanlarını süzən
padşah üçüncü dəfə gülümsəyərək
deyir:
O müdrik
insanın gəldiyi müdrik qənaəti sizin də bilmənizdə
böyük fayda var: "Dil adamın başını bəlaya
sürükləyər, ayaqları isə onu qarnını
doyurmağa vadar eləyər".
Tərcümə:
Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.26.