Maraqlı konstruksiya yaradıcılığı
Sənan İsmayılovun "Hər(i)flərin oyunu" əsəri haqqında qeydlər
Sənan İsmayılovun imzasını
fantastik hekayələr müəllifi
kimi tanımışdım. Hətta rus dilində yazan bu müəllifin bir hekayəsini tərcümə edərək,
ilk dəfə "Ədəbiyyat
qəzeti"nə də
təqdim etmişdim.
Aydın
məsələdir ki, bu
janrda əsərlər
yazan yazıçılarımız
azdır. Bu baxımdan
faktın özü belə maraq doğururdu. Amma mənim diqqətimi çəkən
inandırıcılıq səviyyəsi
yüksək olan, dəqiq sxem-struktur üzərində qurulan, sanki mükəmməl mühəndislik qurğusu
kimi bir-birinə keçən və bir-birini tamamlayan hadisə-hissələrdən ibarət
bir konstruksiyanın (mətnin!), eyni zamanda da lirik duyğuların ifadəsindən,
hisslərin, emosiyaların
dəqiq təzahüründən
xali olmaması idi. Maraqlıdır ki, eyni fikri elmi
fantastika olmayan yeni əsəri - "Hər(i)flərin oyunu"
əsərini oxuduqdan
sonra da söyləyə
bilirəm.
Sənan
İsmayılovun bu əsərdəki əsas
uğuru oxucunun diqqətini çəkən,
xüsusilə də,
dinamik şəkildə
inkişaf etdirə bildiyi maraqlı, çevik süjet qurmasında, hadisələrin
qəribə bir sürətlə bir-birini
əvəzləməsində, dilinin səlisliyində (bədiiliyində, ifadəliliyində
deyil!), yığcamlığında,
yaratdığı situasiyaların
gözlənilməzliyində (hətta qeyri-adi olmadığı halda belə, gözlənilməzlik
çaları qazandıra
bilir!), qaldırdığı
problemə dərin səviyyədə yanaşmasındadır.
Hətta qlobal problemlər qaldırmaq, onlarla bağlı çözüm yolları
aramaq bacarığındadır.
Bir də bu problemləri birbaşa ifadədə deyil (bir çox yazıçıların yol
verdiyi yanlışlıq!),
mətnin alt qatında,
"gözə girmədən"
təqdim etməsində
və onlara geniş baxış bucağında, həm də dərininə baxa bilməsindədir.
Romanda yazdığı bircə
əsərlə öz
şöhrətinin zirvəsinə
qalxan, lakin o zirvədə qalmaq üçün nə qədər çaba göstərsə də,
buna nail ola bilməyən, nəticədə
gözlənilmədən, özü də hiss etmədən gənc bir yazıçının
(həriflərin!!!) qurduğu
tələyə düşərək
(hadisələrin zahiri
gedişatı, əslində,
bu tələnin mövcudluğuna, kiçik
də olsa, işarələr edirdi!!!)
aldanan, tənəzzülün,
uçurumdan (yaradıcılıq
zirvəsinin uçurumundan!!!)
yıxılmanın bir
addımlığına qədər
gələn, lakin son anda belə düşdüyü vəziyyətdən
xilas olmanın yolunu tapan (bu
da müəllifin növbəti
gözlənilməz gedişi,
"tərs köşəsi"
idi) bir yazıçıdan söhbət
gedir. Müəllif Saltan Yusupun hansı ziddiyyətli ruh hallarından keçdiyini, hansı insani sarsıntılardan adladığını dəqiq,
pafossuz və çox qəribədir
ki, həm də emosiyasız, soyuqqanlı bir şəkildə ifadə edə bilir. Oxucu bu
halları normal qarşılayır,
anlayır, hətta acıyır da. Bəzən
haldan-hala düşən
yazıçının tapdığı
çıxış yollarını
gördükdə, buna sevinir
də. Müəllif isə bu "sevinci" yaşada-yaşada
soyuqqanlı bir şəkildə "yaradıcılıq
tənəzzülü"nü təsvir edir, yaşanmış və qazanılmış şöhrətin
itirilməsi və əldən verilməsi duyğusunun yazıçını
itələyə biləcəyi
yolları göstərir.
Daha doğrusu, Onun əlindən yapışaraq o Yola gətirib
çıxarır.
Əsər mətn içində
mətn, roman içində
roman texnologiyası ilə
yazılıb. Oxucu bir mətn daxilində
üç mətnə
"yol alır", üç müxtəlif
mətnə daxil olur. Yazıçının
- Saltan Yusupun yaratdığı mətn,
"yaşadığı" mətn və onun üçün (ondan istifadə edərək) Yazmağın
yaratdığı mətn.
Bu üç mətnin
bir-biri ilə əlaqəsi Yazıçı
- İnsan, onun iddiaları və istəkləri, cəmiyyətə
təqdim etdiyi və məqsədli şəkildə yaratdığı
Obrazla gerçək
"Mən"i, "Eqo"su
arasında əlaqə,
Mətnin ötürdüyü
(və ötürə
bildiyi) gizli ismarıclar, Mətnlə
bağlı fərqli
yozumların və dərketmələrin mövcudluğu
("Mətn hər
zaman fərqli yozumlara
açıqdır" fikri)
kimi düşüncələrin
təhlili ilə bağlıdır. "Yaşının,
qalxdığı yüksəkliyin
istənilən səviyyəsində
İnsan özünü
anlamağa, dərk etməyə çalışaraq
fərqli nəticələrə
gələ bilər"
qənaəti bütün
mətn boyu oxucunu narahat edir. Hətta Yazıçının yaratdığı
əsərin "Yüksəklik"
adının özü
belə mətn boyu oxucunu izləyərək
ona "tənəzzülün
varlığı"nı xatırladaraq hər zaman
"tətikdə saxlayır".
"Yüksəklik" Saltan Yusupun yaratdığı əsərin adı olmaqla yanaşı, əldə etdiyi zirvəni, əldən vermək istəmədiyi zirvəni, bir də Özü, "Mən"i ilə cəmiyyət arasında yaratdığı uçurumu
simvolizə edir.
Sənan
İsmayılov bu əsərində də dəqiq, az qala, ən xırda
incəliklərinə qədər
düşünülmüş, bir-birinə keçən
və bir-birini tamamlayan süjet konstruksiyası qurur. Lakin əsərdə qəribə
bir "səhnə"
estetikası da var. Buna əsərin
səhnə ilə başlaması və səhnədə bitməsi
də səbəb ola
bilər. Lakin hadisələr
elə bir şəkildə inkişaf
etdirilir ki, səhnə
əsərindən bəhs
edən (hadisələrin
əsasında bu əsərin yaranma prosesi dayanır) əsəri sanki səhnədə izləyirsənmiş
kimi bir təəssürata qapılırsan.
Sənan
İsmayılovun yaradıcılığını
fərqli və maraqlı edən cəhətlərdən biri
də, detektiv janrından ustalıqla mənimsədiyi bəzi texnikaları öz əsərlərinə tətbiq
etməyi bacarmasıdır.
Bu əsərdə də
"səhnə"dən-"səhnəyə" böyük
bir maraq hissi ilə adlayırsan. Hadisələrin
gedişatı sonluq haqqında əvvəlcədən
ən xırda işarə belə vermir. Bəzən şübhə doğuran
məqamlar görünsə,
belə.
Sənan
İsmayılov əsərlərində
hər zaman fərqli
(mənalı) ad yaradıcılığından istifadə edir. Bu adların obrazların gerçək mahiyyəti
ilə əlaqəsi olmaqdan başqa, rusdilli yazıçının
əsərində Azərbaycan
dilinin izini daşımaq kimi bir missiyası da var. Amma maraqlıdır ki, müəllifin
əsərlərində bundan
başqa milli kimlikdən,
milli koloritdən, hətta
məkan koloritindən
xəbər verən hansısa, zahiri izə rast gəlmək
çətindir. Lakin... "Həriflətin oyunu"nda
zahiri deyil, daxili bir əlaqə
fərqi müşahidə
edildi. Saltan Yusup köklərinə bağlılığı olan
və bu bağlılıq atası
vasitəsilə yaradılan
bir obrazdır. O, hətta yazıçı
olmaq istəyinə də bu bağlılığa
"bağlılıq" sayəsində düşüb.
Saltan Yusupla söhbətində
atasının öz qədim köklərindən,
nəslindən, onun şanlı nümayəndələrindən
danışaraq: "Hə...
Heç mənim də əlimdən bir şey gəlmədi.
Axı bu, sadəcə, vicdanla yaşamaq və yaxşı işləmək
məsələsi deyil.
Bu həyatda güclü
olmağı bacarmaq lazımdır. Elə bir işlə məşğul olmaq və elə yaşamaq lazımdır
ki, səndən sonra Adın qalsın. Adın mütləq yaşamalıdır! Əgər
buna nail olsan, həmin
adla birlikdə bütün əcdadlarımızın
xatirəsi də yaşamış olacaq",
- deməsi Saltan Yusupu Yazıçıya çevirir. Yəni bütün həyatını
istiqamətləndirir.
Əsərdə Yazıçı, Yazmaq,
Kantər obrazları çox uğurlu və maraqlı alınıb. Kantər, hətta tipaj səviyyəsinə belə
çatdırılıb. Onun
qeyri-adi görünüşü
və daxili ilə zahiri arasında uyum (eyni zamanda da ziddiyyət!!!) oxucunun hafizəsinə köçə
biləcək səviyyədədir.
Əsərdə qaldırılan yalnız
bir Yazıçının
yaradıcılıq tənəzzülü
yaşaması və bu zaman yol verə
biləcəyi yanlışlıqlardan
deyil, ədəbi nəsillər arasındakı
problemlərdən də
bəhs edilir. "Uğursuz inqilabçı"
adlandırılan obrazın
Yazıçıya "Sizin
"Yüksəkliy"iniz bizim o qədər də böyük olmayan bu ölkəmizin
ədəbi ictimaiyyəti
üçün böyük
problemdir", deməsi
və "Yüksəklik"
adlandırılan və
bu səviyyədə
təqdim edilən bir əsərdən daha "yüksək"
əsər yazılmasının
çətinliyindən danışması
tanış mühitin
tanış situasiyasıdır.
Roman
"tərs köşə"
bir zərbə ilə tamamlanır. Gənc yazıçının
əsərini pulla satın alan, onu öz adı
ilə çap etdirən Saltan Yusup sonda etdiyi
böyük yanlışlığı
etiraf etmək üçün səhnəyə
- oxucuları qarşısına
çıxarılır. Bu "edam" onun sonu olmalı
idi. Oxucu həyəcan və narahatlıq içərisində
bunu gözlədiyi anda başqa bir vəziyyətlə üzləşir. Bu isə
yazıçının uğuruna
çevrilir.
"Hər(i)flərin
oyunu" fərqli yazı üslubu və texnikası olan maraqlı bir əsərdir.
Nərgiz CABBARLI
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, №37-38.- S.24.