Vaqif Bəhmənli - "Ana yuxu"da
reallıq və mifin
poetikası
Çoxillik tarixçəsi olan
vərdişimdir, "Azərbaycan"
jurnalını, "Ədəbiyyat
qəzeti" və
"525-ci qəzet"i müntəzəm
izləyirəm. Bu, Azərbaycan
ədəbi mühitində
baş verən yeniliklərdən xəbərdar
olmağıma imkan yaradır. Dünya ədəbi prosesinin gedişatı barədə
təsəvvür əldə
etməyimdə də
sözügedən ictimai,
ədəbi nəşrlərin
əhəmiyyətli rolu
var.
Öz taxtını yenicə payıza təhvil verən isti bir yay günü "Azərbaycan" jurnalının
2023-cü il 2-ci sayını vərəqləyirdim. Jurnalın
nəşrinin 100 illiyinə
həsr olunmuş bu say Vaqif Bəhmənlinin
"Ana yuxu" poeması
ilə açılır.
Demək artıqdır
ki, Vaqif Bəhmənli
ədəbi mühitdə,
oxucular arasında yaxşı tanınan şairdir. Şeirləri,
təkcə şeirləri
yox, bütövlükdə
yaradıcılığındakı yeniliklər həmişə
maraqla qarşılanır,
ədəbi tənqid
tərəfindən yüksək
qiymətləndirilir.
İlk gəldiyim qənaət belə oldu ki, mükəmməl bədii
simvolikaya malik ana obrazının
yaradılması şairin
çoxdankı düşüncə
yoldaşı, yerinə
yetirilmə məqamını
gözləyən bədii-estetik
öhdəlik imiş.
Başqa sözlə,
yaranandan üzübəri
ədəbiyyatın müraciət
etdiyi əbədiyaşar
və əbədiyaşıl
olan ana mövzusunu Vaqif çoxdan, lap çoxdan ürəyində
gəzdirirmiş. Bunu
şairin nə zamansa oxuduğum bir şeiri də təsdiqləyir:
Ana haqqında
ana südü kimi pak və halal
bir şeirim olaydı keşkə -
mənim
kimi
xas yetimin anası haqqında,
millətin anası haqqında,
planetin anası haqqında...
"Ana südü kimi pak və halal bir şeir yazmaq!"
- ifadə olunma dərəcəsi bir yana, ən azı
mövzu seçimi baxımından pak, müqəddəs niyyətdir.
Çox güman ki, yaradıcılıq məsuliyyətini
heç bir halda nəzərdən qaçırmayan ədib bu arzuya düşəndə
də çoxlu bədii, mənəvi-əxlaqi
mətləbləri qəlbən
götür-qoy edib. Bilib ki, mətləbə varmaq naminə bir sıra başqa
arzulardan imtina etmək, ağır yazı prosesinin mənəvi-psixoloji sarsıntılarına
dözmək, daha dəqiq deyilsə, "ürək qanı ilə yazmaq" lazım gələcək...
Poemanı oxuyarkən nədənsə
özümdə Vaqif
Bəhmənlinin digər
əsərlərini yenidən
nəzərdən keçirmək
ehtiyacı duydum. Gördüm ki, gəldiyim
nəticə düzdür.
İnsanın müxtəlif
yaş dövrlərində
varlığa, cəmiyyətə,
cəmiyyətin ayrı-ayrı
hadisələrinə münasibəti,
təbii ki, dəyişir.
Ana varlığına yanaşmada
da əzəli münasibət,
cövhər qalmaqla həmin fərqli anlamlar özünü göstərir. Müəyyən
yaş dövründə
"həyat uğrunda
mübarizə mənbəyi"
olan ana bəşəri
dəyərə çevrilir.
Öncədən deyildiyi
kimi, Ana obrazının
fərqli cəhətləri,
müqəddəsliyi, həyatın
ağrı-acılarına ləyaqətlə dözməsi,
insanlıq üçün,
öz övladlarının
timsalında hər cür fədakarlıqlar etməsi barədə Vaqifin şeirləri çoxdur. Onun "Poeziya" üçcildliyinin
("Avrasiya Press", 2006) ikinci cildində "Analı, anasız dünya" bölməsi
və yenə nəmin cilddə "Ağ bulaq" poeması, "Səndən
özgə"də ("Çinar-çap", 2009) "Anama doğru", "Hamı"da ("Çağdaş",
2012) "Biz", "Beş damla"da ("Renessans",
2015) "Mərhəmət" bölmələrində sıralanan,
dərin bədiyyatı
ilə seçilən
şeirlərin tam əksəriyyəti
ana mövzusundadır. Təkcə
bir kitabında -
2013-cü ildə işıq
üzü görmüş
"İşartı"da onun ana mövzusuna səkkiz dəfə müraciət etməsini də təsadüfi saymaq, ötəri hiss kimi qiymətləndirmək
mümkün deyil.
Poemaya seçilmiş ad dərhal maraq doğurur, bəlkə də, mövzunun aktuallığını, daha dəqiq desək, ana surətinin övlad-şair dünyasında yerini əyan etmək məqsədi daşıyan bir vasitədir. Bunlar yozumlardır. Həqiqəti şairin özündən və yaradıcılığından öyrənmək mümkündür. Hər halda, yozula bilənlər də var. Bütövlükdə yanaşanda görmək olur ki, V.Bəhmənli məxsusi dəst-xətti olan, hadisələrə füsunkarcasına yaradıcı yanaşan, həcmindən, mövzusundan asılı olmayaraq hər bir əsərinin, hətta adını belə, zəngin bədii-estetik boyalar fonunda təqdim etməyi bacaran şairdir. Bu xüsusiyyətlər Vaqifin yaradıcılığında, həmçinin haqqında söhbət gedən poemada qabarıq şəkildə əksini tapır.
Poemanın adının gizli mənəvi-əxlaqi cəhətləri də var. Sual olunur: nə üçün məhz gizli? Fikrimizcə, dünyanın ən gülməli öyüdü "ananı sev" öyüdüdür. Ananı sev deməzlər, ondan elə danışarlar, ona elə münasibət göstərərlər ki, bu müqəddəs varlığı sevməmək mümkün olmasın. Bax, haqqında danışdığımız ad həm də bu məqsədə yönəlib: varlığından doymadığın, yoxluğu ilə barışmadığın, amma itirdiyin müqəddəs bir insanla bağlı arzulara yuxuda çatmaq!
Yazdığım kimi, poemanın məzmun və mahiyyətində bunlar hiss edilir. İllərdir şairin ürəyində yaşatdığı duyğuları böyük hərflə yazılan Oxucu ilə bölüşmək və məqsədinə çatacağına inamını ifadə etmək:
Əcəl nə mənədi gözlərim dolsun,
gözümdən yaş axsa, silməyəcəyəm!
And olsun Allaha, Göyə and olsun,
Öləndən sonra da ölməyəcəyəm!
And olsun Allaha, canımda
nə var
sonda sığınacaq səbr
evinə.
Böyrümə düşəcək dərələr, dağlar,
müsafir olacaq qəbr evimə.
Poemadan verilən nümunələr jurnalın adı çəkilən nömrəsindən götürülmüşdür.
Ana yuxuya qovuşmaq kimi bir diləyin cizgiləri görünməkdədir. Diləyə çatmaq üçün nə lazımdır? Əlbəttə, adi zamanlardan ciddi və maraqlı şəkildə fərqlənən yeni zaman. Bu zamanın ancaq bir forması var: gələcək zaman, özü də qətii gələcək. "Gələcək gəlməyə də bilər" düşüncəsini bu haləyə yaxın qoymaq olmaz. Yəqin ki, savaş mütləqdir, gələcək zamanla şairin savaşı. Kim qalib olacaq? Sualın cavabını ancaq Yuxu Ana ilə isti bir tanışlıqdan sonra vermək mümkündür.
Bu dünyada Adəm övladına ayrılan zaman qısa və sürətlə çapandır. Elə bil dabanları yanıb. Nəinki bütün arzulara çatmaq olur, heç canbir, qanbir insanlarla, əzizlərinlə də istədiyin qədərincə ünsiyyətə macal tapa bilmirsən. Bu, birinci cəhət. İkinci cəhət isə real dünyamız kimi abstrakt zamanın da büsbütün çirkaba bulaşması ilə bağlıdır. Axı, ən əziz, istəkli insanla həmişə daha saf, daha təmiz bir mühitdə (bu mühitə zamanı da daxil etməmək mümkün deyil) ünsiyyətdə olmağa can atırsan. Bəli, insan lap Qeysin aram tapdığı gözəl bir gəlinin ağuşu kimi məkan, eynən də zaman axtarır ən dəyişməz, dəyişilməsi istənilməyən anlarda. Və bu yerdə şairin fantaziyası köməyə gəlir. Bir də çox dərinə getməyə dəyməz, onsuz da Vaqifin yazdığı kimi, bu dünya "beca" dünyadır:
Əlimi sinəmin üstünə qoydum,
Dünyanın işini birəbir saydım...
Çox dildən eşitdim, çox dildən duydum
ötəri dünyadı, beca dünyadı.
V.Bəhmənli dünyanı həm də "hecaya" bənzədir, onun heca dünya olduğunu yazır. Dildə işlənən simvolların formalaşma yaşı elə dilin özü qədər qədimdir. Hər simvolun əsasında bir məna, bir həqiqət dayanır. Fikrimizcə, Vaqifin dünya kontekstində işlətdiyi "heca" məfhumunu ədəbiyyatda yeni simvol kimi qəbul etmək ədalətli olar. Nə üçün belə qənaətdəyəm? Deyildiyi kimi, simvolun ifadə etdiyi məna, məzmun onu səciyyələndirir. "Heca"nın mahiyyətində bir bölünmək (bölmək), parçalanmaq (parçalamaq) var. Şair də dünyaya acgöz münasibətləri, onu didib-parçalayanların gətirdiyi bəşəri fəlakətləri nəzərdə tutaraq, bu sözü ustalıqla mətnə gətirib:
Gözləri gülsə də, yanağı nəmdi,
Bəmi
var zil kimi, zili var bəmdi,
Misrası sevdadı, rədifi
qəmdi -
qafiyə
dünyadı, heca dünyadı.
Aqilə
cənnətdi, bağdı
gəzməli,
Axmağa
torbadı ağzı
büzməli...
Ayaqlar altına salıb əzməli,
ərşə tən dünyadı,
uca dünyadı!
Vaqifin əsərlərində poetik
vizuallığın hasilə
gətirdiyi inandırıcılıq
güclüdür. Reallığın
bədii təqdimatı
V.Bəhmənli yaradıcılığında oxucunu inandıra bilir. Ona görə də Vaqifdə inandırmağa xüsusi
cəhdlər, demək
olar ki, yoxdur. Amma şair "Ana yuxu"da bu yanaşmadan kənara çıxıb.
Görünür, yazdıqlarının
reallıq-ifadə müstəvisində
təqdimat istəyi onu belə yanaşmaya
yönəldib:
Ömür uzanırsa biyaban
kimi
Həyat
çiçəklikmi, çiçək
yuxumu?
Yuxu qorxuludu imtahan kimi,
Yozan tapılarmı gerçək
yuxunu?
Günəş qürub çağı
solduğu kimi
Bir rəngə boyayıb min rəng yuxumu,
sizə
danışıram olduğu
kimi
hər anı həqiqət, gerçək yuxumu!
Yada salaq ki, argentinalı Xorxe Luis Borxes ədəbiyyatı idarə
olunan yuxu adlandırıb. Görünür,
Azərbaycan ədəbiyyatında
yuxunu idarə etmək və ona poetik çalar
vermək imkanı Vaqif Bəhmənlinin qismətinə yazılıb.
(Əlbəttə, işartılar,
cücərtilər olub.
Vaqif həmin işartılara qapı-pəncərə
açıb, cücərtilərə
boy verib.) Təsvirlərdəki
inam oxucunu poemanın doğulmasının
həqiqətlərlə bağlı
olduğuna şübhəsini
azaldır:
Yaltaq məqam üçün rüşvət verirlər,
Yaltaq dörd bükülüb,
var yığır, bala.
Tərif
yazanlara sərvət verirlər,
Sənsə yağlı töhmət
alırsan, bala!
Vaqif poemanı qələmə
alarkən keçirdiyi
hissləri yüksək
bədii zövqlə
ifadə edir. Bu hisslərin hər nöqtəsində, hər
bir hüceyrəsində
humanist istəklər özünə
yer tutur. Bu humanizm arxada qalmış həyat təcrübəsi, bugünün
reallığı və
sabaha açılan arzularla bağlıdır.
Bilirik
ki, bəzən forma gözəlliyi
naminə məzmunun əxlaqi-estetik dəyərinin
kölgədə qaldığı
hallar olur. V.Bəhmənli yaradıcılığında,
o cümlədən, haqqında
bəhs etdiyimiz
"Ana yuxu" poemasında,
bədii təsvir formaları məzmuna xələl gətirmir, əksinə, mənəvi
aləmin inkişafı
məqsədinə yönəldilir,
məzmuna daxil olan hər bir
element oxucuda əxlaqi
keyfiyyətlər üzərində
düşünmək ehtiyacı
yaradır:
Düz dünya güzgülənir,
Baxmağa güzgüm olmur.
Aləm
yuxuma girir,
anam yuxuma girmir...
Vallah bu düzgün olmur!
İlan
yuxuma girir,
çayan yuxuma girir.
Anamı
ağlar qoyan
Atam yuxuma girir,
anam yuxuma girmir...
Səbəb nədir? Səbəb
nədir ki, istədiklərinin,
istəmədiklərinin hamısı
şairin yuxusuna girir, anasından başqa. Bu suala növbəti misralarda cavab tapırıq. Görürük ki, yuxarıda
qeyd etdiyimiz kimi, səbəb ana sevgisidir. Övladının
hələ uşaqlıqdan
ölüdən qorxduğunu
bilən ananın yuxusuna girməməsinin səbəbi belə bir incə məqamla
bağlıymış:
Qorxu sızır ilikdən,
girmir yuxuma anam.
Bilir ki,
körpəlikdən
mən...
ölüdən... qorxuram!
Sonrakı misralar şairin
ana yuxuya qovuşmaq istəyinin haradan gəldiyini bilməyə kömək edir:
Doyunca ata mehri görmədim
körpəlikdən,
Üstəlik yuxuda da yetim qaldım anadan.
Artıq
şair yaddaşında
mifik təsəvvürlərin
oyanışı dövrünün
başlandığını görürük. Axı,
bəşəriyyəti düşündürən
qlobal problemlər içərisində ruh ən ilkinlərdən biri sayılır: bu təsəvvürlərin
əsasında ölməzlik
ideyası, insanın bir haldan başqa
hala - ruh halına keçməsi düşüncəsi dayanır.
Bunların mayası isə bu dünyadan
köçmüş insan
ruhu ilə əlaqə qurmaq, ünsiyyət saxlamaq arzusundan yoğrulub. Yaddaşım məni aldatmırsa, gərək
ki, Deyl Karneginin fikirləridir: İnsan övladı tarixən 3 şeyi həmişə
ilk yerdə dəyərləndirib.
Bunlardan birincisi dindir. Müəllifin əsaslandırması da maraqlıdır:
din insana bu dünyada itirdiyi əzizləri ilə nə vaxtsa görüşəcəyi inamını
aşılayır. Bu, gördüyümüz,
bizim tanıdığımız
insanların, cismin cismlə görüşü
olmayacaq. Görüşün
baş tutmasının
yəqin ki, elə birinci yolu da ruhlarla baş tutacaq.
Nəhayət, müəllifin arzusu
çin olur:
Bir Novruz bayramında yalayıb baş daşını,
ötüb Aran yolunu, döndüm
Bakıya yorğun,
Sıxdım yumşaq yastığa
qurğuşun göz
yaşımı -
Anam yuxuma girdi.
Amma əbədiyyatda olan ananın yuxuya girməsi, sən demə, həmişə elə də cana məlhəm hisslər yaratmır:
Bir ana yuxusudu adam ömrü
anladım -
Yalan sözdü deyirlər, insan sümük, ət imiş,
Anam yuxuma girmir! - deyib, nahaq inlədim,
Anaların yuxuya girməyi
dəhşət imiş!
Vaqifi yaxından tanıyan biri kimi yazıram:
əgər məndən
"ən kiçik yaşlarından müdrik
kimi tanıdığım
adamların siyahısını"
vermək tələb
olunsaydı, bu siyahıya Vaqifin də adını əlavə edərdim. İndisə Vaqif həm də zaman etibarı ilə müdriklik yaşındadır.
Onun anaların yuxulara girməsinin yaratdığı dəhşətin
səbəbini ifadə
edən fikrini hazırda anası olanlara bir nəsihət
kimi qəbul etməklə səhvə
yol vermədiyimi güman edirəm.
Poemanın davamı oxucuya
bir qədər qəribə, bir qədər də nisgilli hisslər yaşadır. Özünü
qarşında günahkar
olduğun, rastlaşanda
təmizə çıxmaq
üçün tələm-tələsik
üzrxahlıq etdiyin
bir vəziyyətdə
hiss edirsən. Vaqif bu məqamları şeirin və nəsrin qovuşağında
təsvir edir: Sözüm ağzımda
yarımçıq qalmışdı,
elə də ciddi günahım olmadığını təkrar-təkrar
xatırlayıb bu müqəddəs və qorxunc yuxudan hər necə olur bəraət qoparmaq istəyirdim. Çünki o dünyada heç nə müzakirə olunmur. Orada tərəzi təkgözlüdür və
həmən o təkgöz
tərəziyə qoyulub
çəkilən nemətin
tək adı var; o da
əməldir!
Alınan
cavab ana yuxunun əslində təkcə
övladından yox, torpaqlarımızı, bu
torpaqlardakı məzarlarımızı,
digər müqəddəs
yerlərimizi 30 il kafir tapdağında
qoyanlardan, tarixi yaddaşa biganəlikdən
əl çəkməyənlərdən,
tutduğunu kor kimi buraxmayanlardan, əslində millətin faydasına olmayan bəzi şeyləri dəyər kimi təqdim edənlərdən
narazı qaldığı
kədərli bir ifadə ilə təsvir olunur:
Nədən narazısan, anır,
gülürsən,
Ya bəlkə bir mətləb qanır, gülürsən?
Ulu məzarların yanır, gülürsən -
Gözün quyruğunda darıların
var!..
Qaçıb satın aldın
ilan deşiyin,
Səmtini itirdin evin-eşiyin...
İllərdi xan Şuşa kafər "beşiyi",
Bakıda
üç yerdə qalaların var!
Allahdan qorxmalıyıqmı? Yeri-göyü
silkələyən bir
sualdır. Demə, Vaqif Bəhmənli ömrü də bu sualsız keçməyib, onun bəzən ilıq, bəzən tikanlı olan təsiri altına düşüb.
Poemada dialoq formasında qurulmuş hissələr "mən
kiməm, günahlarım
nədədir, günahlarım
böyükdür, yoxsa
günahsızlıqlarım?"- kimi suallar min illərin insanını həmişə çətin
düşüncələr qarşısında qoyub. Görünən odur ki,
ana yuxu övladını
daha saf, daha günahsız görmək istəyirmiş.
Bəs cavabdeh olduğun günahların
səbəbkarı kimdir?
Allahsızlarmı? Bunlara
şair özü cavab verir:
Oxucuyam,
oxum yoxdu,
Duasız
yuxum yoxdu,
Allahdan qorxum yoxdu,
Allahsızdan qorxuram.
Müftə sərvət şəllənib,
Dik-dik gəzib şellənib...
Pulu
ton-ton, əlləri
qabarsızdan qorxuram.
Verilən parçada şairin
həm də dünyanı necə görmək istədiyi öz əksini tapıb. Özü də birbaşa deyil, diskurs formasında ifadə olunub fikirlər. Yəni, dünyanın qorxduğu adamlar sırasında (bunlar adətən, Allahsızlar
hesab olunur. Hətta bir tövsiyə də formalaşıb: Allahı
həmişə başının
üstündə gör!)
V.Bəhmənli "müftə
sərvətlə şellənən",
"əlləri qabarsız,
pulu ton-ton olan" adamları haqlı olaraq "qorxulu adamlar" dəstəsinə
daxil edir, allahsızlardan daha çox onlardan qorxduğunu boynuna alır.
"Anlaşılması çətin
olan yuxular" şairin yuxularını qarışdırır. Artıq
bu yuxular peyğəmbərlə bağlı
düşüncələrlə birlikdə şairi halbahal edir. Peyğəmbərlik verilməsindəki
ədalətsizlik düşür
yadına. Düşünür
ki, bəlkə, bu ədalətsizlik baş verməsəydi, dünya
da indiki kimi olmazdı. Yəqin, dünyanın daha gözəl ola biləcəyi
barədə düşünən
Vaqif yazır: Görəsən, niyə
peyğəmbərlərin hamısı kişidir? Yüz iyirmi dörd min peyğəmbərin
yüzdən biri qadınların arasından
seçilsəydi, bəlkə
də, biz tam fərqli,
güman ki, daha səliqəli, daha səbrli, daha mərhəmətli, yuxuları
daha qorxusuz dünyada yaşayardıq...
Ana yuxu sanki bir
meyar kimi insanlara necə olmaq lazım gəldiyini çatdırmaq
üçün mövcuddur,
bu müqəddəs vəzifə tam şəkildə
həya keçiriləndən
sonra olmayacaq, qeybə çəkiləcək,
rahatlaşacaq, başqa
yuxulara oxşayacaq. Bütün bunlar üçün əsas şərt "Yaradanın
adil olması" və bəşəriyyətin
nicat yolu olan ağıldır:
Gərək adil ola böyük
yaradan,
bəndənin boynuna minnət
qoymaya,
Könüldən yarada, bir şərt qoymaya!
Yaranan içinə doğula gərək,
dərinə dalmaqdan bezməyə
bir an,
işdi,
qismətində boğulmaq
varsa,
ağıl dəryasında boğula
gərək.
Qarşımda yüz illər ərzində formalaşmış və müasir təsəvvürlərin vəhdətini yüksək bədii zövqlə, forma ilə məzmunun vəhdətində ifadə edən bir əsər var. "Ana yuxu" poeması forma və məzmunca fərdi düşüncələrin ifadəsi olsa da, bəşəriyyəti daimi düşündürən ideyaların lirik səpkidə inikası kimi Ana, Ana vətən, Ana torpaq ana-övlad münasibətləri haləsində təqdim olunur. Əsərin məzmunu zəngindir, həm də mürəkkəbdir. Amma Vaqif Bəhmənli şair məharəti və şair səliqəsi ilə bu çətini asan edə bilib.
Şabran, Çaraq
Oqtay Abbas
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.22-23.