Qaşla göz arasındakı aqibət

 

Şair Səxavət Sahilindəbiyyat qəzeti"nin 23 sentyabr 2023-cü il tarixli sayındakı "Ölüm nəğmələri" adlı poetik silsiləsini  ürək ağrısı ilə oxudum, sanki bu nümunələrdəki duyğular dünya ilə əbədi vidalaşacağını hiss edən, qaçılmaz aqibətdən duyuq düşən bir qələm adamının poetik duyğularının məcmusudur. Haşa, uzaq olsun! Əcəl ondan gen dayansın!

Amma bu şeirlərdə dünyanın gedişatına nəzər salıb, onun gəldi-gedərliyini duyan, yaxud külli-aləmi bir ağaca baxaraq da dərk etməyin mümkünlüyünü anlayan bir şairin poetik düşüncəsinin gücü var. Bəzən ətrafımızda gördüyümüz bunca nəsnələrin bizi kor etməsi, hər halda, acı reallığımızdır. Səxavət bu şeirləri ilə oxucularına göstərir ki, bircə ağaca, nara, onun ömrünə baxın və görün ki, bu qədər əlləşib-vuruşmalar, dost-düşmən savaşları, qan-qada, rəzillik axırda nə ilə sonuclanacaq. Yəni paralel dünyalar, heç də, həmişə uzaq məkan və zamanda yox, bəzən elə gözümüzün önündə olur.

Bu şeirlər onu da oxuculara göstərir ki, ölüm, yalnız fiziki akt deyil, həm də mənəvi, yaxud müxtəlif anlamları ifadə edən sirli hadisədir. Sadəcə, heç kəsə pislik etməyən, Allahın yaradılış qanunları ilə yaşayan ağaclar yenidən təkrar-təkrar dirilə bilirlər, insan isə sanki öz naqis əməlləri ilə özünü əbədiyyən yaddaşlardan silir və ona görə də çoxları bu dünyadan biryolluq, əbədiyyən ayrılırlar. Fəqət, kim ki, Tanrının qoyduğu qaydalarla yaşayır, kim ki, Xudanın açdığı cığırla gələcəyə yol alır, onun dünyaya bir də qayıdışı, nar kimi yenidən çiçəkləməsi, tumurcuqlaması və bəhrə verməsi mümkündür. Yəni Səxavət təbiətin timsalında əbədiyyətin şərtiliyi məsələsini, insana görə dəyişəcəyi fikrini ortaya qoyur...

Bu təsvir şeirləri, poetik müşahidələr şair dərin götür-qoylarının, öz içini yemələrinin, gərdişi-dövranın seyrçisi olmağın çətinliyinin ifadəsi təsirini bağışlayır:

 

Bozaran budaqda

qurumuş narın

insan kəlləsinə bənzəyir biri,

asılıb ağacdan ölüm tablosu -

gizlənib çürüyən narın içində

gizlənib, ölümün açılmaz sirri.

 

Bir narın timsalında eynən həyatla və yaxud onun mahiyyəti ilə uzlaşan başqa bir misala baxaq:

 

Deşib narın qabığın

yeyib, gedir sərçələr -

ölüm də qadın kimi,

öpüb gedəcək məni.

 

Şarl Bodler poeziyasının qatı tünd boyalı rəngləri bu şeirlərdəki ölüm təsvirlərində də azox görünməkdədir. Quruyub qaralmış, qaxaca dönmüş narın insan kəlləsinə bənzədilməsi acı aqibətin fotosu kimi oxucu yaddaşına həkk edilir. Bir də bu mənzərəni düşünün, bir də həmin insanın, yəni kəlləsi qaralmış nara dönən adamın sağkən, illərlə ayna önündə dayandığı dəqiqələri xəyalınızda canlandırın. Həyatın sinəsi genişdir, həm ona yer var, həm buna. Bu şeirlərdə fərəhlə bezginlik, ümidlə puçluğu anlamaq vəhdət təşkil edir. Yaxud başqa bir orijinal təsvir:

 

Nar bağında çökən duman da

kəfən kimi bürüyür

yaşıl yarpaqları.

 

Bu nümunələrdəki eyniləşdirmələr, dünyaya alternativ bucaqdan baxmağın mahiyyətini təlqin edir. Nar, burada həm insan aqibətini simvolizə edir, həm də "özü bir dənə, içi min dənə" olan dünyanın minbir çalarını...

Bəs bütün bu labüd, acı sonluğu  ifadə edən şeirləri "nəğmə" adlandırmaq, şərqi kimi mənalandırmaq nə qədər məntiqlidir? Bu "nəğmə" sözü insan tələfatları ilə biganə dünyanın heç nə itirməməsinə eyham və istehzadır. Yəni nə bir narın çürüməsindən, nə də yataq dustağı olan bir canın məhvindən sonra dünyanın dünyalığından nəsə azalır. Ona görə dünya bizi nəğməylə (layla) qarşılayır, nəğmə ilə (ağı) ilə də yola salır. İnsan həyatı yataraq dinlədiyi iki şərqinin arasında ötüb-keçir. Bəlkə də, dünya üçün bu nəğmələrin biri-birindən o qədər də fərqi yoxdur, onları bir-birindən seçdirən, sadəcə, bizim aqibətimizdir:

 

Ölüm ağrılı deyil,

ölüm şirin yuxudur.

 

Bodlerin dahiyanə nihilizmindən fərqli olaraq bu şeirlərdə, həm də dünyaya barışıq əli uzatmaq istəyi var, yaxud da Allahın hüzuruna getməyin zillət olmaması həqiqəti var. Dünya ondan beş əllə yapışanın beş əlini qırır, ona barmağının ucunu dayamış birinin isə əlini astaca yana eləyir. Bir sözlə, hər kəsin itirdiyi qazandığına bab olur.  Necə deyərlər, çox yeyən çoxdan ölür, az yeyən azdan. Ona görə də Adəm övladı bu mürəkkəb dünya-insan münasibətlər sistemində çıxış yolu ancaq özündən sonra dünyada qoruya biləcəyi saflıqlardır; pak ad və saleh əməl. Allah canı insana saf bir nar kimi verir, naqis əməllərimiz onun içini qurdlarla doldurur və sonda adam elə özü öz qurbanına - bəslədiyi qurdların yeminə çevrilir.

Bu şeirlərdə xəstəlik, həm ruhi, həm də mənəvi planda əks olunur və müəyyən məqamlarda onları bir-birindən seçmək çətindi:

 

Mən ölsəm də,

qarışsam da, torpağa,

içimdəki o sevgi

yenə diri qalacaq.

 

On iki hissədən ibarət bu poetik silsiləsi, sanki tamamlanan bir ilin, bir ömrün yekun ifadəsidir. Hər insan ömrü ilə bir çevrə qapanır, əslində, yenilənir. Hər nar mövsümiləsə, bir fəsil təzələnir. Hər nəfəs ilə dünyanın ömrünə ömür qatan insan, sonda aldığı bütün nəfəsləri elə dünyadaca qoyub gedir. Ona görə də bütün varlıqların nəfəsi qədər uzun ömür edən dünya hər zaman mövcuddur. Çox güman, Allahın var olmasını istədiyi axır möhlətə qədər də var olacaq...

 

Fərid HÜSEYN

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.21.