"Evimizə
gedirəm, evimiz Şuşadadır"
Elçin İsgəndərzadənin son
illərdəki şeirləri
barədə
"Elçin İsgəndərzadə
Şuşada anadan olub və qarabağlıdır. Danışığında, rəftarında,
yerişində-duruşunda bir şuşalı
ağayanalığı var. Şeirlərində də o,
şuşalıdır. Yana-yana Şuşanı yad edir. Amma
Şuşa, Qarabağ onun şeirlərində yaşayır,
Xanın, Qədirin, Arifin səsiylə, İsa
bulağının zümzüməsiylə, Şuşa
qayalarının sərtliyilə. Şuşanı,
Ağdamı, İsa bulağını, Cıdır
düzünü onun şeirlərində bir daha sevdim,
bağrıma basdım. Həmkarım, dostum Nizami Cəfərov
doğru buyurur: "Elçin bugünkü poeziyamızın
Qarabağ şikəstəsidir".
"Bu, Elçin İsgəndərzadədir"
portret-monoqrafiyamın girişindən,
Bakı, 2015.
Otuz illik Şuşa-Qarabağ
həsrəti ilə qovrulan və otuz ildən
sonra bu həsrətə son qoyub Şuşaya qayıdan
şair Elçin İsgəndərzadənin son iki ildə
yazdığı şeirlər məndə elə bir hiss-həyəcan
oyatdı ki...
Bizim poeziyada ayrılığın,
həsrətin qəmli hekayətləri
zaman-zaman şairlərin şeirlərində səslənib.
Hətta o qədər çox səslənib ki, bir-birinə
oxşar və bir-birinə təbdil nümunələri həddini
də keçib. Amma o şeirlərdən bütün əsrlər
boyu yaddaşlarda yaşayanları da az deyil.
Poeziyamızda ayrılığın, həsrətin Şuşa-Qarabağ
körpüsü vardı. O körpünü keçib bu həsrətə
son qoymaq vaxtı yetişdi - 44 gün kifayət elədi ki,
bütün ayrılıqlar, həsrətlər sona yetdi.
Əlbəttə, poeziya susmurdu, içində ara-sıra
pessimizm halları göyərsə də, digər tərəfdən,
qələbəyə ümid şölələri də
saçmaqdaydı. 2000-ci illərin əvvəllərində
mən Şuşa həsrəti ilə yaşayan - öncə
adını çəkdiyim bir şairin - Elçin İsgəndərzadənin
bir şeirini oxumuşdum:
Yolum o
yurd səmtinədi,
Düşün izimə-izimə.
Ya qələbə, ya da
ölüm,
Qoşul
sözümə-sözümə.
Qaldır
döyüş bayrağını,
Hayqır
zəfər sorağını,
Ölsəm, Şuşa torpağını
Səpin
gözümə-gözümə.
Elçin
İsgəndərzadə Şuşa həsrətiylə
şeirlər yazdı, həm də Qələbəyə səslədi
yurddaşlarını.
Bu gün poeziyamızda qələbədən doğan nikbin əhval-ruhiyyə
yaşanmaqdadır. Xüsusilə, Şuşa canlı bir
obraz kimi şeirimizin baş qəhrəmanına çevrilməkdədir.
Elçin İsgəndərzadənin son iki ildə
yazdığı şeirlər bu obrazı bizim Şuşa
sevgimizə poeziya sevgisi kimi daxil etməkdədir. Elçinin
Şuşa sevgisi onun bu vaxta qədər yazdığı
şeirlərinin ən mükəmməl versiyalarıdır,
desəm, yanılmaram. Sevginin şəxsi həyatda da, ictimai
həyatda da poeziyada da dəyişilməyən bir
funksiyası var - heyrət. Elçin Şuşaya sevgilərində
də bu heyrət hissini itirmir. O,
"Xarıbülbül" otelinin pəncərəsindən
Şuşanı seyr edərkən, bir anlıq nostalgiyaya
qapılır: "Pəncərələr bir umudaydı,
onda, hər mövsüm çiçəkləyirdi
şüşələrdə nəm... Quşlar da sevda
quşlarıydı, sanki, pəncərələr də,
küçələr də sevdaya
açılırdı". Bakıda da Şuşa küləyi
əsir, Şuşa yağışı yağırdı.
Bir qərib
oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Bir qərib ümid közərir
Vətən həsrətli baxışlarda.
Küləklər - Şuşa küləyi,
yağışlar - Şuşa yağışı.
Bir qərib oğlan dumana qarışır,
çənə qarışır.
Duman nə gözəldi, İlahi,
Külək nə gözəldi,
İlahi,
yağış nə gözəldi
-
oğlan
nə qəribdi, İlahi!..
Elçin
bu şeirdə uğurlu bir metafora ilə Şuşa küləyini,
Şuşa yağışını obrazlaşdırır.
Ümumiyyətlə, Elçinin şeirlərində işlətdiyi
bədii təsvir vasitələri necə deyim: Şuşa
küləyi kimi əsir, Şuşa yağışı kimi
yağır. Bir misal: Ağdama həsr etdiyi: "Bir şəhərik
sükut"da "İndi bir şəhər susuram, bir uzaq
şəhər... Xəyallarımda kor olmuş əllərim
bir divar gəzir, üstü kömür yazılı, təbaşir
yazılı adımın baş hərfi o divarda unudub
sevdalı olduğumu". Mən bu şeirlərdə
Elçin İsgəndərzadənin Şuşa sevgisində
fərdi hiss-həyəcanların bir ürəyin içindən
keçib necə ümumiləşdirməyə
çevrildiyinin şahidi oluram. Məncə,
"Şuşam!" şeiri, bu mənada, təkcə
Elçinin şeiri olmaqdan savayı, o illərdəki
bütün Şuşa həsrətlilərinin varacağı
arzularıydı:
Ağac
da boynubükülüydü,
külək də qırıq-qırığıydı,
bulud da çilik-çiliyiydi...
Ağacına qurban olum, -
dedim,
buluduna qurban olum, - dedim.
daş yoluna qurban olum,
- dedim...
O qədər "qurban olum" dedim ki,
gördüm, anam da qurbandı,
gördüm, balam da qurbandı...
Qurbanlarını qəbul elə,
Şuşam!
Şuşanı
Azərbaycanın "Zümrüd tacı"
adlandırıblar (Q.Qasımzadə),
Prezidentimizin qərarı ilə Şuşa rəsmi şəkildə
milli-mənəvi varlığımızın paytaxtı elan
edilib. Xatırladım ki, sovet dönəmində də
Şuşa bütün maddi-mənəvi gözəlliklərimizin
mücəssəməsi kimi şeirimizdə - bəstələrimizdə,
tablolarımızda əks olunub. Amma biz otuz ildəki
Şuşamızı poeziyamızın unudulmaz bir səhifəsinə
çevirmək yolunda nələr etmişik? Elçin
İsgəndərzadənin şeirləri bu mənada
vaxtında yazılır. O, Şuşa bədii tarixinin səhifələrinə
öz imzasını həkk etməkdədir. Onun Şuşa
və Qarabağla yazacaqları çox şeirləri hələ
irəlidədir, - deyirəm. İndi o, bir vaxtlar
yaşadığı, indi isə şəhid olmuş evinin
xarabalıqları önündə düşüncələrə
dalır:
İndi
ağrı bizim evin hekayətidir,
hərfləri qırıq,
sətirləri sökük,
kərpicləri yerlə-yeksan olmuş.
Sevincim dağıntılar atında
çoxdan toza dönmüş, -
çoxdan yoxa çıxmış
və unudulmuş...
Evim yox,
nə ovcumun taleyində,
nə talemin ovcunda,
nə dünyanın o ucunda.
Elçinin
"Ağdamda ilk şeir", "Bu şəhər hara
gedib?", "Şuşanın qala divarlarından Malıbəyli
kəndinə baxarkən", "Bir şəhərlik
sükut", həmçinin "Şuşadakı evimizin
uçuqlarına nöktürn" şeirləri də otuz
illik Şuşa həsrətini poetik bəlirlədir. Əlbəttə,
bu şeirlərin içində rənglər ağ
işığa bürünməyib, kədər doğuran rənglərə
meyillidir. Amma o kədər doğuran hisslər təbiidir. Bu,
təkcə sırf Elçin İsgəndərzadənin kədəri
deyil, o illərin Şuşa həsrətlilərinin
hamısının kədəridir. Amma elə
düşünməyin ki, Elçin İsgəndərzadə
öz poetik ovqatını ancaq bu kədərə kökləyib.
Budur, Cıdır düzü... Azad olunmuş
Şuşanın tarixi bir məkanı. Elçin
qollarını yana açıb ən gözəl
uçuşunu yaşamaq istəyir. O Cıdır
düzündə:
Bütün
tərk edilmiş evlərin sevincini
yaşamaq istəyi var ruhumda,
canımda.
Bütün qaranlıq yolları
işıqla oldurmaq həvəsim
var,
bütün qırıq yolları
bir-birinə
bağlamağım gəlir,
yenidən, yenidən qollarımı
yana açıram,
uçuram,
uçuram -
unutmamaq
üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.
Elçin İsgəndərzadə mərhum deməyə
dilim gəlmədiyi - onun yaxın dostu Akif Səmədə həsr
etdiyi şeirində yazır ki:
Bu
ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm,
evimiz Şuşadadır.
Təkcə
onun yox, hamımızın evi Şuşadadır və
poeziyamız da bu azad Şuşaya doğru uçur.
Mən burada Elçin İsgəndərzadənin son iki ildəki
şeirlərindən qısaca söz açdım. Onun
"Azərbaycan" jurnalının yaxın
saylarının birində dərc olunacaq şeirləri ilə
də tanış oldum və Elçinin
yaradıcılığının yeni, daha mükəmməl
bir mərhələyə qədəm
basdığının şahidi oldum.
Bir
xatırlatma: Onu qeyd edim ki, Elçin İsgəndərzadə
altmış yaşı ərəfəsindədir (gələn
ilin sentyabrında), o, müasir poeziyamızın özünəməxsus
üslubu ilə seçilən, təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində
tanınan şairlərindəndir. Ona poeziyada ilk xeyir-duanı
böyük şairimiz Məmməd Araz vermişdi.
Bu yazını türk dünyasının iki dünya şöhrətli
yazıçısının Elçin İsgəndərzadə
haqqında söylədikləri fikirlərlə
tamamlayıram: "Elçin İsgəndərzadənin
poeziyasının son illər dünyanın onlarla ölkəsində
yerli dillərə çevrilərək çap olunması
ondan xəbər verir ki, Türk poeziyası da artıq
dünya poeziya okeanına yelkən açmaqadır" -
Çingiz Aytmatov. "Azərbaycan ədəbiyyatının
dünyada təbliğ olunmasında, türkdilli xalqların
tanınmış yazıçılarının əsərlərinin
və özlərinin Azərbaycan oxucularına
tanıtdırılmasında Elçin İsgəndərzadənin
misilsiz xidmətləri var" - Anar.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.18.