Oğlum Fatehə...
Gülmə, oğlum, həqiqətə,
Həqiqətlər kədərlidi,
Qədərimiz həyatdan da kədərlidi.
- Həyat nədi?
Kədər,
qədər arasında
mənalanmış bir hədər...
- Kədər nədi?
- Sevinci də, sevgini də
dəmir
qəfəs,
Soyuq məhbəs ürəyində
gizləyəndi...
- Qədər nədi?
- Hamımızı
gözləyəndi...
Gizlənəndən, gözlənəndən
xəbərsizik,
Bu gündən də,
Yaşanmamış sabahdan da,
Ötüb-keçən dünəndən
də xəbərsizik...
İzləyirik ömrümüzü,
İzlənəndən xəbərsizik.
Yalanları hamı bilir,
Sən heç kimin bilmədiyi doğruları
bilməlisən,
Xəlvət bilib
Gizli-gizli
ağladığım bu
dünyada
açıq-aşkar,
Lap ürəkdən gülməlisən.
Qazancı az,
İnancı çox bir atan var,
Bu inancının qazancına
"Şükür" denən.
Ruzimizi soruşsalar,
"Tanrı varı başımızdan tökür"
denən.
Dua eylə,
İstəklərin zamanında
gedib çatar Yaradana,
sözə nə var...
Kim soruşsa, "nəyiniz
var?"
Cavab vermə, sirri qoru,
Ürəyimdən-ürəyinə miras qalan
xəzinə var...
Nə olsun ki, bu dünyadan
gileyim var,
Səni
xoşbəxt yaşatmağa
lazım
olan
hər şeyim var...
Yetər
ki, sən kiçik qalma, böyü, oğlum...
Ürəyimdə, düşüncəmdə şeirləşən
Sözüm kimi böyüyürsən...
Daha uca olam gərək,
Görürəm ki, özüm kimi
böyüyürsən...
Özüm kimi, sözüm
kimi böyük olsan,
Zərrə qədər kiçilməzsən.
Öz yolundan, düz yolundan,
Xəyalından, amalından
Vaz keçməzsən.
Bir baxıb görəcəksən,
Sən özün də keçilməzsən...
İlahi xəyal
Şeir
qəlbi şah tutasan, şax qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan ilahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.
Azıb
yolu duman-çənə
düşəsən,
Qızılgülə, yasəmənə
düşəsən,
Dönüb şehə - göy
çəmənə düşəsən,
Leysan olub, çiçəkləri
döyəsən.
Şahlar
dönür, qullar dönür Allaha,
Qağayılar, qular dönür
Allaha.
Ay göz yaşım, sular dönür Allaha,
Bəs nə üçün qayıtmırsan göyə,
sən?
Batıb-çıxan Günəş
insan, Ay insan,
Toparlanıb il olmadın, ay insan.
Cavab axtar, sual vermə,
ay insan,
Sən dünyada ən cavabsız niyəsən.
Doğma
cismi özgə bilməz kəfənin,
Dirildəcək səni, ölməz
kəfənin.
Ölüb geysən, əynə
gəlməz kəfənin,
Gərək onu dirigözlü
geyəsən.
Yalan oldu düzdə qaçan xəyallar,
Qanad saldı quştək uçan xəyallar.
Yer üzünə ayaq açan xəyallar
Göy üzünü unutdular, deyəsən.
Yuxu
Göyün xəyalımdı,
yerin yuxumdu,
Sən olan yuxular dərin
yuxumdu.
Xəyalım çəkilib, göylərindədi,
Yuxuya dalmışam sənin yerində -
Şirin
yuxuların sərin yerində...
Yəqin,
oyanmaram özümə
qalsa,
Hey yuxu görərdim gözümə qalsa.
Bir də ki, sən özün yaxşı bilirsən,
Sənli
yuxuların dayazı olmur.
Yağış, qar töksə
də,
ayazı
olmur;
Nə qışı, nə də ki payızı olmur.
Sənə düşmən olan
sərsəri duyğu
yad olur canımda, özgəyə dönür.
Bulanıq yuxular durulur səndə,
Aynaya çevrilir, güzgüyə
dönür.
Bir zaman olur ki , o şən
güzgüdə,
Əksimi
göstərən o sən
güzgüdə
özümü görürəm,
yozuram sənə.
Əlimdən nə gəlir,
nə gəlir başqa?
Ən gözəl şeiri yazıram sənə.
Daha nə istəyirsən,
şeir
olursan...
Misraya çevrilib, bəndə dönürsən.
Axtarma özünü, itirmə
məni,
adın
dilimdədi,
qəndə dönürsən...
Min il əvvəl...
Susamışdı ağızlarda dualar,
Buludların yelinləri sağıldı.
Yerlə
göyün arasını
vuranlar
İki daşın arasında sağaldı.
Döndü göz yaşına
gülən sevdalar,
Bir də doğularmı ölən sevdalar?
Ay mənim başıma gələn sevdalar,
Başımdakı ürək deyil,
ağıldı.
Kürəyində ağrı varsa
yəhərin,
Qırx
ilə də qanad açmaz kəhərin.
Xəyalını nə cür qurum səhərin?
Bir də gördün, axşam dünya dağıldı.
Vəcdə gəldim söz
əlindən, danışdım,
Qəşəngindən, gözəlindən
danışdım,
Mən ömrümün əvvəlindən
danışdım,
Sonrasını bilirsən də,
nağıldı...
Ürəyimi eşq içində
bəslədim,
Nə həsrəti, nə hicranı pislədim,
Kömək umdum, adamları
səslədim,
Dörd
yanıma şeirlərim
yığıldı.
Cismim təzə, ruhum qədim, gecikdim,
Yalan çıxdı doğru
vədim, gecikdim.
Doğulmağa tələsmədim, gecikdim,
Tayım-tuşum min il əvvəl doğuldu.
Fələk dostum
Fələk dostum istəmədi
baş olum,
Canımdakı mərhəmətə darıldı.
Daş bağladım ürəyə
ki, daş olum,
Sevgilimin
ayna qəlbi qırıldı.
Bu dünyaya yüklə gəldi kürəyim,
Yük olmadı sünbüllərə
çörəyim.
Bir şeiri ölü doğdu ürəyim,
Bir ağ vərəq yazılmadan cırıldı.
Kimsə
duymaz sabahların səsini,
Göy ucaltmaz günahların səsini.
Kəsmək üçün silahların
səsini
Bir də gördün, söz silaha sarıldı.
Çox
dedilər, cismi ruha sər, yama,
Güllə dəyən gicgahına
tər, yama.
Yanıqlı bir layla dedim dəryama,
Lili yatdı, inci sular duruldu.
Fağır canım ağrılardan
bezmədi,
Son ümidə ayaq verdim, gəzmədi.
Külünglərin sınmağına
dözmədi,
Dağ vüqarlı qaya bağrım yarıldı.
Beşik
asdım, gor ağacım qırıldı,
Can üstəydi qor, ağacım qırıldı,
Gəmim
batdı, dorağacım
qırıldı,
Yelkənimə dar ağacı
quruldu.
Taleh Mansur
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, №37-38.- S.19.