Həmişə darıxan adamla iki gün...
Payızın nəfəsinin təzə-təzə duyulmağa başladığı sentyabrın son günlərində hava da öz sözünü demək istəyində idi. Masmavi göylərin üfüqboyu xəttində pambıq tayalarını xatırladan ağappaq buludlar mərkəzə doğru qalxmaqdaydılar. Uzun müddətdir, istisinə alışdığımız günəşin də dizinin taqəti sınmışdı. Naxçıvanı öz odlu baxışları ilə isindirməyə gücü qalmamışdı. İşdən sonra adətim üzrə həkim dostumla Böyük bağdakı çay evində şahmat arxasında əyləşmişdim ki, zəng gəldi. Azər Turan idi. Masadan qalxıb ağacların altında gəzişərək bir neçə dəqiqə danışdıq. Geri dönəndə üzümdəki ifadəyə baxan rəqibim, - deyəsən, bu gün şans sənin tərəfində olacaq, dolan buludlar kimi qalxıb, üzündə günəş çıxmış halda geri qayıtdın,-dedi. Və üzümdə təbəssüm növbəti gedişimi etdim. Azər müəllim bir neçə gün sonra - oktyabrın 1-i axşamçağı Naxçıvana gələcəyini xəbər vermək üçün zəng etmişdi. Hədsiz dərəcədə xətrini istədiyim, böyük sayğı duyduğum birinin bu tərəflərə gəlməsi qədər gözəl xəbərə niyə də sevinməyəydim?!
Vaxt dolub, vədə yetişəndə Azər müəllimi hava limanından götürüb şəhərə doğru gələndə ziyarətinin səbəbini də öyrənmiş oldum. 2 oktyabrda Azərbaycan poeziyasının qara dumanları düşüncələri ilə yarıb keçən fikir adamının, poeziyamızın Cavid əfəndisinin son yadigarı Turan Cavidin doğumunun yüzüncü ili tamam olurdu. Turan Cavidin mənəvi övladı kimi Azər Turan da məhz bu məqsədlə Naxçıvanın yolunu tutmuşdu.
Bir anlıq fikrə getdim, Turan Cavidin
anadan olmasının
100 illiyi tamam olur. Ən azından
Hüseyn Cavid irsini həssaslıqla yenidən bizə təqdim etməyə həsr olunmuş bir ömrün 100 illiyinin tamamını qeyd etməyi niyə unutmuşuq? Yaxud, görəsən, sabah - oktyabrın 2-də Turan Cavidin 100 illik yubileyi hər hansısa, səviyyədə qeyd olunacaqmı? Dərindən
köks ötürürəm
və bunu geridə qalan günlərin hər birində təəssüflə
təkrar edəcəyəm...
Dəyərli şair, filoloq Xanəli Kərimlinin də bu gəlişdən
xəbəri var və
şəhərin çox
gözəl mənzərəli
çay evlərinin birində bizi gözləyir. Birbaşa ora yollanırıq. Beləcə siqareti siqaretə calayan könül adamının,
ruh adamının, ovqat adamının məhrəmanə söhbətləri
ilə baş-başa
qalırıq. Xanəli
müəllimin Azər
Turanı bu kövrək və duyğu dolu ovqatdan çıxarmağa
hesablanmış ərkyana
zarafatları az da olsa, işə yarayır, amma hava da elə könül adamı kimi doludur. O qədər də sərt olmayan külək bədənimizi
üşütsə də,
ədəbiyyat söhbətləri
ilə ruhumuz od tutub yanır.
Saatlarla
davam edən söhbətimizin sonunda Azər müəllimi qalacağı məkana aparmaq vaxtı çatır. Öncə,
Xanəli müəllimlə
sağollaşırıq. Saat
11-dir. Azər müəllimə
təklif edirəm ki,
Cavidlərin uyuduğu
türbənin ətrafında
bir az gəzişək.
Etiraz etmir. Yenə də kövrəldiyini hiss edirəm.
Ayın buludlar arasından bizə boylandığı, asfalt
boyu şütüyən
maşınların gecənin
sükutunu dəlib-deşdiyi
anlarda məqbərə
ətrafında gəzişirik.
Azər müəllim
danışır. Əslində
danışmır, pıçıltıyla
söhbət edir. Mən çox diqqətlə dinləyirəm
mənasında ağır
mətləblərin yatdığı
bu söhbətləri.
Həm də düşünürəm ki, Azər
müəllim bu məqbərədə yatan
dörd Cavidi oyatmaq istəmir. Amma mən əminəm ki, Azər Turan burdadırsa, Cavid əfəndi çoxdan oyaqdır. Turan Cavid isə, bəlkə də elə həyatda olduğu kimi, indi də Azər
müəllimin qoluna girib bu məhrəmanə
söhbətləri təkrar
xatırlayır. Xatirə
qalsın deyə, yaxınlıqda əyləşən
tələbə qızdan
şəklimizi çəkməyi
rica edirəm. Eşitmir. Dəfələrlə
deyirəm. Yenə eşitmir. Sonra özüm-özümə
fikir verirəm ki, mən də elə pıçıltıyla
deyirmişəm sözümü.
Əlimi yelləyirəm,
bizə tərəf dönür və xahişimizi bildirəndə
etiraz etmir. Burdan ayrılıb bizə tərəf yollanırıq. Azər müəllim həddindən
artıq utancaq xarakterdədir. Getmək istəmir, amma çayı çox sevdiyini bildiyimdən, həyətdə çay
içmək təklifimlə
zorla da olsa, razılaşır. Yenə
bir-birinin dalınca közərən siqaretlər
və "çay nədi, say nədi?" prinsipinə əməl edərək, gecəyə
sirr kimi pıçıldanan söhbətlər;
ədəbiyyat dolu, əbədiyyat dolu, irfan dolu, insan
dolu söhbətlər.
Hardan başlayır-başlasın,
söhbət Cavidlə
tamamlanır, Cavid misralarıyla nöqtələnir.
Külək yenə şıltaqlıq edir,
lap yaxınlığımızdakı gilənar ağacının
budaqları da pıçıltımıza
rəng qatır. Bir anda elə bilirəm
bəs, Hüseyn Cavid də, Əli bəy Hüseynzadə də, Məhəmməd Hadi də, Ömər Faiq Nemanzadə də, İsa Həbibbəyli
də, Faiq İsmayılov da, Cavanşir
Yusifli də bizimlə eyni masanın arxasındadır.
"Elxan bəy, gecdir, sizi də
narahat etməyim",
-sözləri ilə
fikirdən ayılıram.
Mənim üçün,
ailəm üçün,
evim üçün bu ziyarətin xoş olduğunu bildirsəm də, qonağın yorğun olmasını da nəzərə
alıb qalacağımız
məkana yollanırıq.
Səhər yeməyindən sonra
ilk işimiz yenə Cavidlər məqbərəsinə
yollanmaq olur. Əvvəldə qeyd etdiyim kimi, Turan
Cavidin bu gün doğum günüdür. 100 yaşı
tamam olur. Sağ olsun, məqbərəyə məsul
şəxslər, xahişimizi
nəzərə alıb,
məqbərədə məzarların
yer aldığı hissəyə enirik. Azər Turanı bura gətirən səbəb, bizim də Cavidləri yenidən yad etməyimizə
səbəb olur. Əllərimizi Yaradanın
dərgahına açıb
ruhlarına dualar oxuyuruq. Mənim diqqətim yenə onun üzərindədir. Səsində pıçıltı
olan adamın içində hayqırtı
var ki, səsində hönkürtüyə
çevrilməyə hamilədir.
Amma özünü sıxmağa
çalışır, sıxır,
pıçıltılar, hayqırtılar,
hönkürtülər hıçqırıqlar
şəklində məzarların
üzərinə səpələnir.
Çox dayana bilmir, hiss edirəm ki, tək qalmaq və məzarlarla, hətta son anına kimi yanında olduğu, ona bir övlad kimi qayğı göstərməyə çalışdığı
Turan Cavidlə uzun-uzun yenidən danışmaq, dərdləşmək
istəyir. Amma həm
də tək qalmağa çəkinir.
Bir də axı içindəki ağrıları,
həsrətləri, darıxmaqları
siqaretlərdə yandırmaqla
ovunan bir adam qapalı yerdə siqaret çəkə də bilmir. Çəkməz də heç. Yenidən çölə
çıxırıq. Məqbərə
qarşısında dostlarla
birgə xatirə şəkilləri çəkdiririk,
yenə dəruni söhbət davam edir.
...Azər Turanın Naxçıvana gələcəyini
əvvəlcədən bildiyimz
üçün Naxçıvan
Dövlət Universitetində
və AMEA Naxçıvan
Bölməsində görüşlər
də nəzərdə
tutulub. Xanəli müəllim qonağı
bu kövrək auradan çıxarmaq üçün görüşə
gec qalmamaq bəhanəsi ilə onu universitetə tərəf çəkir.
Hava da gözəldir.
Sərindir, şairanədir.
Piyada getməyi düşünürük ki, elə
görüşün vaxtına
kimi ancaq çatarıq.
Saat 12-də
Naxçıvan Dövlət
Universitetinin Tarix-filologiya
fakültəsinin tələbələri
ilə Azər Turanın görüşü
başlayır. Fakültənin
dekanı Arif Ağalarov giriş verir, xoş sözlər söyləyir.
Ardınca Azər müəllim yenə Cavidlə başlayır, Cavidlə yekunlaşır.
Müəllimlərdən Seyfəddin
Eyvazov, Səyyar Məmmədov, bəndəniz,
Gülay Tahirli çıxış edir,
suallar verirlər, cavablar sıralanır. Görüşdən sonra
bədii təfəkkürünə
inandığım bir
neçə tələbədən
fikirlərini soruşuram.
Olduqca yüksək fikirdə olduqlarını
görüşdən sonra
Azər Turanla xatirə şəkilləri
çəkdirmələrindən də anlamaq olur.
Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, yazıçı-publisist Fərəc
Fərəcov, şair
Alməmməd Eldaroğlu
də bizə qoşulur. Nahar edib AMEA-nın Naxçıvan Bölməsinə yollanırıq.
Bölmənin sədri,
akademik İsmayıl Hacıyev Azər müəllimin gələcəyini
bildiyi ilk gündə
onun 60 illik yubileyinin bu yaxınlarda tamam olduğunu və bu münasibətlə vaxtı olarsa, akademiyada görüş keçirmək istəyini
bildirmişdi.
Zal elmi əməkdaşlarla doludur. İsmayıl müəllim giriş sözünü deyir, Azər Turanın ailədən gələn
ədəbiyyat sevgisindən,
atası, filologiya elmləri doktoru, regionda - Neftçalada yaşayan İmamverdi Əbilovun bir ədəbiyyat ocağı
yaratmasından bəhs
edir və bu gün ən
oxunaqlı qəzetlərdən
biri kimi, "Ədəbiyyat qəzeti"nin
bu səviyyəyə
çatmasında baş
redaktorun fədakar zəhmətindən danışır.
60 illik yubileyi münasibəti ilə Azər müəllimi təbrik edərək, ona xatirə-hədiyyə
bağışlayır. Daha sonra AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, yenə bəndəniz və dosent Ramiz Qasımov çıxış
edib fikirlərimizi bildiririk. Müşahidələrim
davam edir. Azər müəllim hədsiz dərəcədə
sıxılır, darıxır,
utanır. Onun haqqında bu qədər söz deyilməsindən narahatdır.
Bəzi pafoslu cümlələrdən sonra
baxışlarını tavana
dikdiyini də görürəm. Darıxan
adamdır, pıçıltı
adamıdır deyə,
pafos onun ruhuna yad gəlir.
Görüşlər bitir. Şəhəri gəzintiyə
çıxırıq. Çay
içirik, Azər müəllim yenə fikirli halda siqaretlərini
tüstülətməkdə. Bir tərəfdən də, telefonla kimlərləsə
danışır. Söhbətdən
anlamaq olur ki, "Ədəbiyyat qəzeti"nin
növbəti nömrəsi
üçün tapşırıqlarını
verir, məsləhətlərini
verir, fikir mübadiləsi aparır.
Yəni özü burda olsa da, fikri həm də qəzetin yanındadır - "Ədəbiyyat
qəzeti"nin, sözün
böyük mənasında,
ədəbiyyatın.
Gecə
düşür, ayrılırıq,
səhər olur, görüşürük. Oktyabr
ayının 3-üdür. Məmməd Arazı ziyarət etmək istədiyini dünəndən
demişdi. Alməmməd
Eldaroğlu ilə səhər yeməyinə
yollanıblar, mən də onlara qoşuluram. Yeməyimizi yeyib vaxt itirmədən
Şahbuz rayonunun Nursu kəndinə doğru yola çıxırıq. Xalq
şairi Məmməd
Arazın Ev Muzeyi bu kənddədir.
Muzeyin direktoru Əzizə xanıma gələcəyimizi əvvəlcədən
xəbər vermişəm.
Bizi qapıda qarşılayırlar. Yenə
çox gözəl hava olduğunu təkrar da olsa, yazmaq istəyirəm. Məncə, bunun bir mistikası var. Bu iki gündə ədəbiyyat dolu havamıza havanın özü də ədəbiyyat ovqatı kimi mənzərəsi qatma çabasındadır.
...Bələdçi Əfruz xanım muzeylə tanış edir. Eksponatlar haqqında danışır. Azər müəllim bəzi vitrinlər qarşısında dəqiqələrcə dayanıb, nələrəsə diqqətlə baxır. Ekspozisiya sonunda girişdə söhbət əsnasında Azər müəllimə zəng gəlir. Bəlli olur ki, xalq şairi Nəriman Həsənzadədir. Naxçıvanda, Məmməd Arazın Ev Muzeyində olduğunu bildirəndə telefonun o biri ucundan mikrofona verilmiş səs otağa, ovqata və ruhumuza yayılır: "Məmmədlə çox yaxın olmuşuq. Məmməd Arazla həmişə münasibətlərimiz olubdur. Çox böyük şairdir. Mötəbər insandır. İlahi insandır. Məmməd Arazı mən qardaş kimi bilmişəm. Zəngləşəndə, deyirdik, Məmməd, nə var, nə yox, vəziyyət necədir? Belə bir sözü vardı, deyirdi ki, v hərfini çıxsan, qaydaya düşür, yəni əziyyət qalır. Yəni zarafatlaşırdıq belə. Məmmədin ürəyi çox həssas idi. Məmməd ilahi şəxsiyyət idi, inanın. Məmməd fərqlənirdi. Yaxşı cəhətcən fərqlənirdi. Həssaslığıyla fərqlənirdi. İstedadı öz yerində, həssaslığıyla, insanlığıyla, ləyaqətiylə. Məmməd seçilmirdi insanlardan. Seçilmədiyinə görə seçilirdi. Məmmədi mən çox istəyirəm". Azər müəllim bu səsin də muzey üçün bir eksponat olduğunu Nəriman müəllimin diqqətinə çatdırır. Sonra muzeyin xatirə kitabına ürək sözlərini yazır. Mən də fürsəti fövtə verməyib, o sözləri diqqətlə oxuyuram: "Azərbaycanın dünya poeziyasındakı bütöv adlarından biri - Nizami kimi, Füzuli kimi, Hüseyn Cavid kimi bir Məmməd Araz! Eviniz, ocağınız hər zaman var olsun!" Bu yerdə Azər müəllim muzeyin direktoruna söz verir ki, Məmməd Arazın "Ədəbiyyat qəzeti"nin redaktor müavini işlədiyi dövrlərin bir pakifkasını eksponat kimi muzeyə hədiyyə edəcək.
Bu əsnada şairin qardaşı oğlu Elvin müəllim səs-sorağımızı eşidib muzeyə gəlmişdi. Onunla çöldə xeyli söhbət etdik. Söhbətlər zamanı qeyd olunanda ki, muzeyin tikildiyi bu yer şairin doğulduğu məkan deyil, Azər müəllimin istəyi ilə Məmməd Arazın ata evinə, İnfil kişinin ocağına yollandıq. Şairin "Bacım Gülsümə məktub" şeirində söylədiyi "Hanı o qocaman qoz ağacının altındakı cəhrə, gözümə dəymir" misralarında adıçəkilən qoz ağacının bar verən vədəsi idi və hərəmiz bir qoz qoparıb qırıb yeyirik. Ətrafı diqqətlə gözdən keçirən Azər müəllimin bu sözləri yaddaşıma nizə batırır: "Məmməd Araz burdadır. O ağacda, o çəpərdə, o mənzərədə, bu həyətdədir Məmməd Araz". Nursu kəndinin yuxarıdan aşağı bütün mənzərəsi ilə göründüyü bu yüksəklikdən Məmməd Araz sayağı Toğlu qayaya tərəf boylanıb təpəni enirik.
Artıq saat 12-ni keçir. Alməmməd müəllim sükan arxasında hərdən öz şeirlərindən deyir, mən tez-tez gəlib-getdiyim bu yerlərin mənzərəsində dəyişikliklər axtarıram, Azər müəllim isə xəyala dalıb, yenə darıxmaqdadır.
Naxçıvan şəhərində yenidən dostlarla bir çay süfrəsinə yığışırıq: Xanəli Kərimli, Əbülfəz Əzimli, Asim Yadigar, Alməmməd Eldaroğlu və bəndəniz. Söhbət yenə də ədəbiyyat üzərindədir. Qonağımızı diqqətlə müşahidə edirəm. Üz cizgilərindən hansı məqamda narahat olduğunu, hansı məqamda razılaşdığını, hansı məqamda fikrə getdiyini, hansı məqamda darıxdığını çətinliklə də olsa, anlayıram.
Vaxt tamam olur. Azər müəllimin ikigünlük Naxçıvan səfəri - əslində isə Turan Cavidi yad etməyə gəldiyi ziyarəti başa çatır. Axşamçağı saat 6-dır. Alməmməd müəllimin maşınına əyləşib hava limanına tərəf yollananda təklif edirəm ki, yenə Cavidlər məqbərəsi tərəfə gedək. Azər müəllimin dilinə gətirməyə utandığı bu istəyin ürəyindən xəbər verdiyini bilirəm. Son dəfə məqbərənin qarşısında dayanırıq, başına dolanırıq, yenə xatirə şəkilləri çəkdiririk. Qucaqlaşıb sağollaşırıq. Onlar hava limanına yollanır, mən isə iki gündür bir yerdə olduğum Azər Turanı az da olsa, kəşf etməyin qəribəliklərində qalmışam. Bu adamın mənə bu qədər doğma olmasının sirrini tapıram: hər yerdə həmişə darıxmaq. Əminliklə deyə bilərəm ki, bütün varlığında Hüseyn Cavidi gəzdirən, Əli bəy Hüseynzadəni daşıyan, Məhəmməd Hadini yaşayan, türkün və türk dünyasının mənəvi aurasında, irfan aləmində, sufi təfəkküründə var-gəl edən AZƏRbaycan oğlunun TURAN çırpıntılarında bitməyəcək bir darıxmaq var. Qarışqaları səksəndirməyə, quşları diksindirməyə, insanları narahat etməyə çəkinən bir səs kimi darıxmaq.
05 oktyabr 2023,
Naxçıvan
Elxan Yurdoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.16-17.