Kamal Abdullanın nəsrində insan amilinin rolu

 

Obraz yaradıcılığına fərqli baxış  

 

Bədii düşüncənin estetik funksionallığındakı bu kimi məqamlar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Kamal Abdullanın bədii nəsrində daha çox müşahidə olunur. Ədəbi düşüncəyə yeni poetik baxış, fərqli təfəkkür modelləri bəxş edən bu nəsr müstəqillik dövrü Azərbaycan ədəbiyyatının parlaq nümunələrindəndir. Yazıçının Qərb ədəbiyyatının bədii-estetik konsepsiyalarını milli boyalarla cilalayan nəsr yaradıcılığı fəlsəfi dərinliyi ilə diqqət çəkir, ədəbi-estetik fikrin tədqiqat obyektini genişləndirir.

Kamal Abdullanın hekayələrində qəhrəman probleminin qoyuluşu, insan və cəmiyyət münasibətlərinin bədii-fəlsəfi inikası ədibin hələ ilk nəsr təcrübələrindən diqqəti cəlb etmişdir. Bu cəhətdən, yazıçının "Qərar" hekayəsi xüsusilə fərqlənir. Əsər ədibin ilk nəsr nümunələrindən olsa da, fərqli düşüncə qəlibləri, fəlsəfi-estetik məzmunu ilə yanaşı, obraz yaradıcılığı baxımından da yazıçı təxəyyülünün dərinliklərində gizlənən mifoloji strukturları üzə çıxarır. Burada ekzistensial-fəlsəfi süjet xətti diqqəti hadisələrin təsvirindən personajların daxili təbəddülatlarına, mənəvi-ruhi iztirablarına yönəldir. Gərgin psixoloji vəziyyət fonunda gerçəkliklərin açılmamış məna qatları vərəqlənir, insan xislətinin indiyədək araşdırılmamış məqamları bədii təhlil müstəvisinə çəkilir.

Kamal Abdullanın qəhrəmanları cəmiyyətdə tutduğu mövqeyindən, yaşından, cinsindən asılı olmayaraq həyatın mənasını hər yerdə arayır. Bu amal bir qisim obrazları dünyanın dərkinə yaxınlaşdırır, digərləri isə gerçəklikləri qavramağı özlərinin həyat amalına çevirir. "İstintaq" hekayəsinin qəhrəmanı belə personajlardandır. O axtardığını cəmiyyətdə, yaxın ətrafında tapa bilmədiyi üçün gündəlik həyat normalarından, yaşam tərzindən, doğmalarından ayrılır, həqiqəti həyatın dibində arayır.

 

Tarixi şəxsiyyətlər

 

Xalq yazıçısı Kamal Abdulla ədəbi mövzuların bədii inikası zamanı ayrı-ayrı tarixi mərhələləri bədii tədqiq obyektinə çevirdiyi kimi, obraz seçimində də müstəqil mövqe sərgiləyir. Bədii təsvir müstəvisinə çəkilən mövzular fərqli yanaşma bucağından təhlil edilir, obrazlar müasirlik prizmasından işıqlandırılır. Dünya tarixinə, mifologiyaya mükəmməl bələdlik bu personajların gerçək surətlər kimi parlamasına yardım edir. Bədii obrazlar hər tarixi mərhələnin mahiyyətinə uyğun olaraq zamanın ruhunu ifadə edir, həmçinin bütün dövrlərin obrazı təsirini bağışlayır.

Yazıçının "Çəngəl çiçəyi" hekayəsində mərkəzi obraz - Qədim Misirin XXVI Sais sülaləsinin banisi I Psammetix belə surətlərdəndir. Bu qüdrətli hökmdar yadellilərin işğalına son qoyması, mərkəzi hakimiyyəti bərpa etməsi, Misir səltənətində ən çox hökmranlıq etməsi ilə tarixə düşmüşdür. Onun hakimiyyəti haqqında tarixi mənbələrdə (Diodor, Strabon, Plutarx və s.) çoxlu məlumatlar yer alsa da, Herodotun məşhur "Tarix" əsərinin ikinci kitabında (Yevterpa) I Psammetix barəsindəki bilgilər daha etibarlı mənbədir. Kamal Abdullanın "Çəngəl çiçəyi" hekayəsinin süjeti həmin kitabda yer alan məlumatlar əsasında qurulmuşdur.

Dövrün koloritini tarixi motivlərlə canlandıran hekayədə qədim mətnlər yenidən dirildir, böyük Misir hökmdarının qürurlu obrazı göz önündə canlanır. Əsərdə qəhrəmanların düşüncələri, surətlər arasındakı dialoqlar obrazların portretinin çəkilməsinə xidmət edir. Bu kontekstdə I Psammetixin təbii cizgilərlə təqdimi obrazı xarakter səviyyəsinə yüksəldir, Ptax məbədinin Baş kahinin müdrikliyi, mənəvi-ruhi xüsusiyyətləri açılır. Əsərdə epizodik surətlər də yazıçı qayəsinin açılmasında mühüm rol oynayır. Personajlar mənsub olduqları xalqın səciyyəvi xüsusiyyətlərini canlandırır, özlərində milli xarakterlə yanaşı, bəşəri dəyərləri də birləşdirir. Bununla yazıçının obrazların bədii portretini çəkmək, xarakter yaratmaq ustalığı ortaya qoyulur, bəşəri çalarlarla milli xarakterin bənzərsiz nümunələri yaradılır.

Dünyanın iki əbədi başlanğıcı - Xeyir və Şərin mübarizəsi dini dünyagörüşü kimi ilk dəfə Zərdüşt tərəfindən kəşf edilmişdir. Yaradılış barəsində qədim biliklər sistemini ehtiva edən zərdüştlükdə Xeyirin təbliğinə geniş yer verilsə də, dünya ədəbiyyatında Əhriman bədii obraz kimi daha mühüm yer tutmuşdur.

Bu əbədi mövzuya xüsusi həssaslıqla yanaşan Kamal Abdullanın "Son gəliş" hekayəsində isə əbədi mübarizə alt qatdadır. Əsərdə heç bir məqam mütləqləşdirilmir, həyatın təzahür formaları ağ-qara əksliklərə bölünmür. Burada Zərdüşt tarixi prototipinə yaxın obraz olması, orijinal təqdim manerası ilə diqqət çəkir. Müdrik, son dərəcə həssas obraz olan Zərdüşt ömrü boyu Ərməni axtarsa da, Hörmüzü taparaq onu sevmiş, insanlarda Ərmənə qarşı kin, dərin nifrət oyatmışdır. Obrazın mənəvi-ruhi dünyasını bütün dolğunluğu ilə əks etdirən hekayədə qəhrəmanın xarakter cizgiləri böyük ustalıqla açılır, bəşəri məzmun kəsb edən tarixilik qəhrəman probleminin həllində təcəssüm tapır.

 

Mifoloji obrazların transformasiyası

 

Kamal Abdullanın "Mənə uçmağı öyrət" hekayəsində sehrə, tilsimə malik olan Cin daha çox insaniləşdirilmiş surət kimi təsvir edilir. Bu xüsusiyyətlər onu digər personajların həyat fəlsəfəsinə yaxınlaşdırır. O, insanlara sədaqətlə xidmət edir, eyni zamanda özü də insan kimi sevə bilir. Bu eşq macərası oxucunu düşündürən bir sıra müəmmalar ortaya qoysa da, həyatın mənası və digər mətləblərin açılması üçün ipucu verilir. Həmçinin bu obraz vasitəsilə insan xislətinin ziddiyyətlərini, mürəkkəbliklərini açmağa cəhd göstərilir.

Yazıçının mifoloji konteksti bədii tədqiq obyektinə çevirən digər nəsr əsəri - "Gülü qah-qah xanımın nağılı"nda hadisələrin təqdimi qədim dövrlərin ləngərli elementlərini birləşdirsə də, burada surətlər dinamik və canlıdır. Nağıl-dastan üslubuna söykənən əsərdə Sarı div, Kələ div, Təxtiçiraq, Nəhəngani-nəhəng, Əş-əş pəhləvanlar ənənəvi folklor nümunələrindən gələn obrazlar kimi görünsələr də, onların tarixi prototiplərinin axtarışı nəticə vermir. Bu personajlar nağıl süjetlərində olduğu kimi Xeyri və ya Şəri təmsil etmirlər.

 

Oğuz igidləri yeni kontesktdə

 

Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" boylarının motivləri əsasında qələmə aldığı "Yarımçıq əlyazma" romanında dastan poetikası ilə səsləşməyən Oğuz igidləri də mənəvi-psixoloji keyfiyyətləri ilə öz prototiplərindən kəskin şəkildə fərqlənirlər. Bu kontekstdə əsərdə surətlərin xarakter keyfiyyətləri səciyyələndirilərkən qüsurlar daha çox qabardılır. Meşədə, vəhşi heyvanların arasında yaşamağa üstünlük verən Basatın həyat fəlsəfəsi isə Oğuz igidlərindən kəskin şəkildə fərqlənir. Bütün canlılara əmin-amanlıq, sülh arzulayan bu obraz humanizm ideyalarının təbliğatçısı qismində çıxış edir.

Romanda Oğuz bahadırlarının dekonstruksiyası ilə yanaşı, mifik obraz olan Təpəgöz də ciddi transformasiyaya uğrayır. Burada Təpəgöz boylardan fərqli olaraq cılız bədənli Təkgözdür. Ədib Təpəgöz obrazını "Sirlərin sərgüzəşti" romanında tamamilə yeni variantda təqdim edir. Təkgözdən fərqli olaraq Təpəgözün insani xüsusiyyətləri qabardılır, onun yunan adalarından gəlməyi, mənşəyi haqqında məlumatlar Kamal Abdullanın qorqudşünaslıq yaradıcılığındakı orijinal elmi qənaətləri bədiiləşdirir.

"Yarımçıq əlyazma" romanında ən mükəmməl personaj qismində çıxış edən Bayındır Xan isə türk xaqanına məxsus əzəməti, müdrikliyi, ədaləti ilə diqqət çəkir. Bu müsbət xüsusiyyətlərin təcəssümü, Bayındır xanın bir insan kimi qayğıları, mənəvixlaqi keyfiyyətləri obrazı xarakter səviyyəsinə yüksəldir. Beləliklə, romanda insan amilinə dərin duyum, Oğuz igidlərinin qeyrinənəvi təsviri, onların əsl simalarının qabardılması qüvvətli məzmun təşkil edir, personajların əzəməti artır. Məhz bu məziyyətləri ilə romanın personajları Dədə Qorqud ədəbiyyatında özünəməxsus yer tutur.

 

Şah və şair dilemması

 

"Yarımçıq əlyazma" romanının ikinci bölməsində obrazlar tarixi şəxslərin prototipləri olması ilə diqqət çəkir. Bu hissədə Şah İsmayılın Çaldıran savaşında çəkdiyi iztirablar, mənəvi-ruhi dünyası inandırıcılıqla əks olunur. Çaldıran savaşı zamanı Xəlil Sultan Zülqədər, Ustaclı Abdulla xanın adları çəkilir, Osmanlı ordusunun igid bahadırı Əli bəy Malqucoğlunun Şahla təkbətək döyüşü, Sultanəli Mirzə Əfşarın Şah İsmayılın həyatını xilas etməsi xatırlanır. Bu tarixi prototiplərdən fərqli olaraq Hüseyn bəy Lələnin dolğun təsviri verilir, hökmdarın ən yaxın sirdaşı olan bu obraz Şaha sədaqəti, sadiqliyi ilə diqqət çəkir. Tarixi mənbələr Hüseyn bəyin sonradan Şah İsmayılın gözündən düşdüyünü qeyd etsə də, roman variantında Lələ ömrünün sonunadək hökmdara sadiq qalır. Əsərdə epizodik obraz qismində təqdim olunan qorçubaşıların saray fəaliyyəti onların dövlət işlərində hansı rola malik olduqlarını, Səfəvi dövründə tutduğu vəzifəni öyrənməyə maraq yaradır.

Qeyd edək ki, Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərində Şah İsmayıl Xətaini roman prizmasından dəyərləndirməsi bu böyük fatehinin şəxsiyyətində olan haçalanma - şah və şair dilemmasından qaynaqlanır. Kamal Abdulla Şah İsmayılın şəxsiyyətində yer alan şahair vəhdətini sual altına qoymuş, bu ikili bacarığın mümkünsüzlüyünü qabartmışdır. Yazıçının məntiqinə görə, bir şəxs eyni zamanda həm şah, həm də şair ola bilməz. Çünki şair dünyanın ən qətiyyətsiz adamıdır, o yalnız  həyata keçirə bilmədiyi xəyallarından yazır. Üzərinə böyük bir imperiyanı idarə etmək kimi ağır məsuliyyət düşən cahanşümal hökmdar isə heç vaxt "uşaq qəlbli insan", "qətiyyətsiz aşiq" ola bilməz. Məhz bu kimi xüsusiyyətlər "Yarımçıq əlyazma" romanında postmodernist oyun estetikasına stimul vermiş, yazıçı təfəkkürünün orijinallığını paralel dünyalar konsepsiyasında üzə çıxararaq Şah İsmayılın oxşarını - Xızrı ortaya qoymuşdur. Romanda Şah İsmayıl ilə Xızrın xarici görkəmcə bir-birinə çox bənzəmələri vurğulansa da, onların xasiyyətcə tamamilə başqa adamlar olduğu diqqətə çatdırılır. Obrazların mənəvi-ruhi dünyasındakı əksliklərin incəliklərinə qədər təsviri Ş.İ.Xətainin şəxsiyyətində yer alan ikili xüsusiyyətləri qabartmağa xidmət edir.

Kamal Abdulla obrazların oxşarından digər əsərlərində də məharətlə yararlanır. Məsələn, "Gülü qah-qah xanımın nağılı"nda Mərcani cadu xanımın cadusu ilə yaranan Sədət qönçə xanım, Xanı xanım, Minagərdən xanım bir-birinin tamamilə eynisidir. Sarı divlə Kələ divin savaşının qarşısını almaq üçün Adı özündən uzun Gülü qah-qah xanım da Mərcani cadu xanımın təklifi ilə özünü ikiləşdirməyə razı olur. Burada surətlərin ikiləşdirilməsi ilk baxışdan problemin həllində optimal variant kimi görünsə də, sonda bunun boş və mənasız olduğunun ortaya çıxması ilə insan şəxsiyyətinin təkrarsızlığı önə çəkilir.

 

İnsan xislətinin ziddiyyətləri

 

Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanında mifoloji və arxetip obrazlar yazıçı təfəkkürünün orijinallığını bütünlüklə ortaya qoyur. Əsərdə mifoloji mənşə ilə bağlı olan dərvişlər real və irreal dünyalar arasında vəhdət yaradır. Bu obrazların başlıca təmsilçisi olan Səyyah sehrbaz dərvişlərə məxsus sehrbazlıq və inkarnasiya ilə əlaqədar məqamların əsas ifadəçisi kimi diqqət çəkir. Şərq sufi ədəbiyyatının yeni təqdimatda canlanan ənənəvi surəti - Ağ dərvişin sufi fəlsəfəsi isə əsərin qayəsinin açılmasında mühüm mövqe sərgiləyir. Romanda insan xislətini bütün ziddiyyətləri ilə üzə çıxaran Karvanbaşı, Məmmədqulu, Xacə İbrahim ağa və digər surətlər əsərə mürəkkəb psixoloji ovqat bəxş edir. Bu zəmində obrazların psixoloji-ruhi aləmi maraqlı tərəflərdən açılır, nəql olunan əhvalatlar ortaya qoyulan mətləbləri, sərt həyat həqiqətlərini anlamağa yardım edir.

 

Yeni qəhrəman probleminin həlli

 

Kamal Abdullanın "Unutmağa kimsə yox..." romanında surətlərin mənəvi-ruhi dünyası dolğun şəkildə əks olunur, yeni qəhrəman probleminin həlli özünün yüksək zirvəsinə çatır. Əsərin baş qəhrəmanı F.Q. son dərəcə sentimental və lirik boyalarla təsvir edilir. Keçmiş günlərin təəssüratları, mənəvi iztirablar, doğmalara emosional münasibət bu obrazın mənəvi simasını zəbt edərək xarakterik cizgilərini açır. Belə emosional rəngarənglik fonunda obrazın portreti səmimi, incə duyğularla təqdim olunur, qəhrəmanın pak niyyəti, daxili sevgisi qabardılır.

Romanda yeni qəhrəman axtarışlarını bu kontekstdə davam etdirən yazıçı bəşəri dəyərlər müstəvisində canlandırdığı Bəhram obrazı ilə milli xarakterin maraqlı örnəyini yaratmağa müvəffəq olur. Müasir Azərbaycan ədəbiyyatında müdrik əyalət insanı kimi yeni obraz olan Bəhram milli-mənəvi dəyərlərimizin səciyyəvi xüsusiyyətlərinin daşıyıcısı kimi maraq doğurur. Yüksək bəşəri hisslərin daşıyıcısı olan bu obraz təkcə bu dünyanın deyil, paralel dünyaların da sakinidir. Onun üçün həyatın gözlə görünən maddi tərəfi deyil, möhtəşəm Ahəngə qovuşmaq daha vacibdir.

 

Son söz əvəzi

 

Göründüyü kimi, Kamal Abdullanın nəsrində obrazlar qalereyası yazıçının ədəbi qəhrəman axtarışlarının bəhrəsi kimi diqqət çəkir. Bu nəsrdə yazıçı təxəyyülünün məhsulu olan personajlar, tarixi şəxsiyyətlər, mifoloji arxetip surətlər oxucu ilə ünsiyyətə girən, müasir insan kimi düşünən obrazlar kimi canlandırılır. Fərdin mənəvi-psixoloji aləminə bu rakursdan baxış obrazların simasına fərqli cizgilər əlavə edir, personajlar orijinal təqdim manerası ilə diqqət çəkir.

Bu rəngarəng lövhələr fonunda obrazların gizli mənəvi-ruhi aləmi, dünyaya baxışı xüsusi koloritlə önə çəkilir. İnsan həyatının təzadları, obrazların mənəvi dünyasına həssas münasibət yazıçının bütün yaradıcılığı boyu izlənilir. Qəhrəmanların psixoloji portretlərinin qeyri-ənənəvi modellə cilalanması, ziddiyyətlərin inandırıcı detallarla açılması mətnin həyati cizgilərini qüvvətləndirir, oxucuya yüksək mənəvi-estetik dəyərlər aşılayır.

 

Sadiq Zaman

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, №37-38.- S.12-13.