Güney Azərbaycan ədəbiyyatının
çağdaş durumu - uğurları və
sorunları məni həmişə
düşündürüb. Filologiya elmləri doktoru Esmira
Fuadın davamlı araşdırmaları, AYB sədrinin
müşaviri, şair Sayman Aruzun təqdimatları və bəzi
yazarlarımızın fərdi əlaqələri istisna olmaqla,
Güney ədəbiyyatına boylanışımız və
qayğımız heç də yetərli deyil.
Azərbaycan bağımsızlığını
qazanandan sonra sürəkli
gediş-gəlişin olmağına baxmayaraq, yenə də ədəbi
əlaqələrin arzu olunan səviyyədə möhkəmlənməsinə
nail ola bilməmişik, - deyə düşünürəm.
Uluslararası poeziya festivallarında
və digər ədəbi etkinliklərdə
gözüm, ilk növbədə, cənublu
soydaşlarımızı axtarıb, onlarla dərdləşməyə,
ədəbiyyat söhbətləri etməyə
çalışmışam. Ciddi məhdudiyyətlər
olmasına baxmayaraq, onlar tərəfdən də,
mümkün addımların atıldığının
şahidi olmuşam. Bir çox quzeyli yazarlarımız kimi, mənim
də bir kitabım - "Yuxuma söykənmiş adam"
adlı şeirlər kitabım Təbrizdə nəşr
edilib.
Bu yöndə görəcəyimiz
hələ çox işlər, həyata
keçirilməsi zəruri olan tədbirlərimiz qalır.
Ümidvaram ki, ədəbiyyat görəvlilərimiz və
naşirlərimiz bu yöndə daha ciddi
çalışacaqlar.
Bu günlərdə elektron poçtuma Güney Azərbaycandan çox
istedadlı bir şairimiz Səxavət İzzəti-Əndəlib
yeni şeirlərini göndərdi. Böyük maraq və həvəslə
oxudum onun şeirlərini. Səxavətin ənənəvi
heca vəznində qələmə aldığı, bir-birindən
gözəl şeirləri məni çox
duyğulandırdı. İmzasının bizim ədəbi
cameəyə və oxuculara tanış olmadığından
çox təəssüfləndim və bir silsilə
şeirlərini "Ədəbiyyat qəzeti"nə təqdim
etməyi özümə borc bildim.
İbrahim İlyaslı
AYB poeziya seksiyasının rəhbəri
Getmədi, getmədi
Ömrümüzün
zirvəsindən
Duman getmədi, getmədi.
Xoş gün üçün başımızdan
Güman
getmədi, getmədi.
Bu nə
hökm, nə fərmandı,
Yaxşı günlər l?hz?, andı,
Pis günlərdə bərk
dayandı,
Zaman getmədi, getmədi.
Siz məni
dəli saymayın,
Eşidin
könlümün hayın,
Yaxşılar getdi qoymayın,
Yaman getmədi, getmədi.
Əndəlib,
ağrılar dizdən,
Nə axtarır fələk bizdən?
Ömür getdi, dilimizdən
Aman getmədi, getmədi.
Darıxıram
Nə
çoban var, nə də sürü,
Çöldə neyə darıxıram.
Qayalarda
qartal uçmur,
Batan qıya darıxıram.
Nədir
çara, nədir əlac?
Ona möhtac, buna möhtac!
Bar, ilahi, qanadım aç,
Yerdən
göyə darıxıram.
Ay
darıxıb, yas tutanlar,
Nə tapıbdır darıxanlar!
"Darıxmayın, ay insanlar"
-
deyə-deyə darıxıram.
Zaman demə,
köhlən atdı,
Tozunda arzular batdı,
O görüşdən illər
ötdü,
Sorma, niyə darıxıram.
O
üz
Aşmaqdayam
bu dağı,
Görən o üz hamarmı?
O üz də bu üz kimi,
Həyat
yolları darmı?
Göyərdi
yolumuzda
Min uçurum, min gədik.
Dərdin
dağarcığına
Çarəsız həyat dedik.
Süründük
dizin-dizin,
Bəlkə aşaq bu dağı?!
Mən
ki yaman özlədim
O üzdə yaşamağı.
Görəsən,
oranın da,
Dəni
tuşda əkilir?
Atı sümük gəmirir?
İtinə yem tökülür?
Görəsən,
oranın da
Cızığı var, cızı
var?
Günə çıxan əyrisi,
Qandallanan
düzü var?
Meydan
açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsir
qalıb suları?
Oranın
da görəsən,
Acı çoxdur toxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm yaxından.
Soyuğu
Soyuq
söz kimi göynətməz
Adamı
qışın soyuğu.
Adam var, ondan yaxşıdır
Torpağın, daşın soyuğu.
Başında
duman görünü,
Gözlərin qəhər bürünü.
Zəhərə çəkər şirini
Ağzında dişin soyuğu.
Ot bitməz
düzə döndərər,
Uğursuz izə döndərər,
Bir əlçim boza döndərər,
Səni,
gərdişin soyuğu.
Yad
qaçar, tanış yan durar,
Gör,
kimlər səni sındırar...
Vaxt olar, lələ, yandırar,
Ağzını aşın soyuğu.
Canı
çürüdüb puç edər,
Ömrün ləzzətin heç
edər,
Zor deyib cana güc
edər
Sevgisiz işin soyuğu.
Yanan
kövşəni qurtarmaz,
Batan yelkəni qurtarmaz,
İnanma,
səni qurtarmaz,
Ağılın, huşun soyuğu.
Ruhunda
acılar qalar,
Toz olar, gözünə dolar,
Boynunda ağır yük olar
Yolda yoldaşın soyuğu.
Şeytan
əkib, cin törədər,
Pisliyi
min-min törədər.
Qan töküb, qırğın
törədər,
Hardasa, başın soyuğu.
Dur, gedək
Oyunlar
daha udulmaz,
"Şeş"in qalmadı,
dur, gedək.
Gözünü verdin dumana -
Qaşın qalmadı, dur, gedək.
İtirdin
götür-qoyunu,
Saldın
nəfəsdən hayını,
Tapmazsan
bircə tayını
-
Tuşun
qalmadı, dur, gedək.
Gün
gedir sona çatmağa,
İmkan
yox onu tutmağa.
Dəli
şeytana atmağa
Daşın qalmadı, dur, gedək.
Yubanma, dala qalarsan,
Yubanmaqla
nə qılarsan?
Tərpən, acından ölərsən,
Dişin
qalmadı, dur, gedək.
Durubsan
vaxtsız çən kimi,
İçi qurumuş dən
kimi,
Sənin
də burda mən kimi
İşin qalmadı, dur, gedək.
Ağla
Bizə
gün ağlayan yox,
Ay naləm-ahım, ağla!
Sızla
"Yanıq Kərəmi"m,
Ağla,
segahım, ağla!
Gözəllik
tağı söndü,
Şahlıq taxtından endi.
Acı nağıla döndü
Cəlalım-cahım, ağla!
Damla-damla
əridi,
Köksündə duz yeridi.
Urmu gölü qurudu,
Ağla,
Allahım, ağla!
Səxavət İZZƏTİ-ƏNDƏLİB
Güney Azərbaycan şairi
Təqdim etdi:
İbrahim
İlyaslı
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.13.