Unutduqlarımın adı
Umberto Ekonun "Qızılgülün adı" romanında ad-başlıq roman sənəti, onun bətnindəki mənaları bir sapa düzmək amacı daşıyan orijinal metodun tətbiqi baxımından maraq doğurur. Əsərlə bağlı bir çox araşdırmalarda məhz belə də deyilir: dünya romançılığında elə əsərlər var ki, adı oxucu və tənqidçilər arasında qızğın mübahisələrə səbəb olur. Roman nə qədər qəliz və ciddi janr olsa da, əsas mahiyyəti əyləncədir. Müəllifin əlini göstərmədən oynadığı oyun məsafələr qət edir, geri qayıdır, çox fərqli yönə üz tutur, yeni geri qayıtdıqda ilk sözün ilk hərfi unudulur, hər bilinməyən, unudulan sözün, cümlənin, duanın yerində qızılgül bitir...
Eko təkcə adla yox, janr və üslublarla da oyun "çıxarır", onun bu romanı yazana qədər topladığı bilik və təcrübə (labirintvari kitabxanasında gəzindiyinə baxın...) adamda belə bir təəssürat yaradır ki, sanki orta əsrlərdə hər rastına çıxan insanın yaddaşını "oğurlamış", özündə saxlamış və indi bunları səhifələrə dağıdıb mahir kəndirbaz kimi idarə edir. Və bu kəndirsiz oyunlar, süjetin, iç-içə hadisələrin incə şəkildə, həm də "uzaqdan" idarə edilməsi əsərin yazıldığı dövr üçün mühüm yenilik sayılmalıdır. Ancaq məsələ bu deyil, hər bir yenilik zamanla, onsuz da, tarixə qovuşur, roman bizim anadan olandan məzara qədər demək, danışmaq istədiyimiz, ancaq hər dəfə unutduğumuz hadisələrin yerin təkindən çıxarılıb səthdə canlandırılmasıdır. Ölmüş hər şeyi dirildən, ona can verən janr xalqın, insanların yaddaşının, davranış və etiket mədəniyyətinin, silah qurşaması, oturuşu-duruşu... haqqında unikal mənbədir.
Hər kəsin tapdığı, uydurduğu süjet çox gözəl və son dərəcə orijinal ola bilər, sonda - gözəl olan həmin süjetin, hadisələrin bizim unutduğumuz mənalara çevrilməsidir. Nitq, təkcə nələrisə yada salmır, ondan on dəfələrlə çox nəsnəni unutdurur, roman - içində minlərlə nitq janrı olan nəhəng bir məmləkətdir. Ekonun anlatdığı və yazdığı əsər budur. Hər kəs öz romanını yaradır, bu varsa, sənətkar bir ömür susquna çevrilir, yəni, bu romana bircə hərf belə artırmaq olmaz, dünya yerindən oynar, nizam, harmoniya pozular...
Müəlliflərdən biri belə yazır: qızılgül gözəlliyi və ətriylə insanları cəlb (cəzb) edən güldür. Simvollar dünyasında qızılgül sevgi, təmizlik və gözəlliklə assosiasiya edilir. Romanda qızılgülə monastrın günbəzi altında gizlənmiş həqiqi inanc və müdriklik simvolu kimi baxmaq olar. Daha sonra:"Qızılgülün adı, həm də monastrın ağılının dərin "vəhşi hücrəsi"ndə gizlənmiş çoxlu xəzinələrə istinad edir. Roman günəş şüalarının təsiri ilə açılan qızılgül ləçəkləri kimi oxucunun gözü qarşısında tədricən açılan sirlərlə doludur."
Əsərin adı (qızılgül...) eyni zamanda ölüm və təhlükəni də simvollaşdırır. Qədim monastrda seriya qətllər baş verir, labirint formasındakı kitabxana hamının üzünə bağlıdır, dünyanın az qala adına bilik deyilən bütün xəzinələrini bir yerə, bir qıfılın altına toplayıblar ki, kimsə bundan xəbər tutmasın. Kimsə yolundan dönməsin. Bu sirlər, bu qətllər açılmalıdır, gül kimi, səhərin gözü açılar-açılmaz. Ancaq gülün adındakı gül, fikrimizcə, həm də gülüşlə assosiasiya oluna bilər.
Şərhlərdə belə bir məqam var: təkcə adı qalıb əvvəllər qızılgül olanın... Yəni, məna itib, ad qalıb, məna şaxələnib, elə bir geniş ərazidə ki, axtarmaq istəsən, müəllifdən daha çox şərhlər yazmalı olacaqsan. Gülüş... Eko necə yazırdı? "Bəlkə də, insanları sevənlərin missiyası onları həqiqətə güldürməkdir, gülüşü həqiqətə çevirməkdir, çünki yeganə həqiqət, insanlar üçün həqiqətə qarşısıalınmaz ehtirasdan xilas olmağın yollarını öyrənməkdən ibarətdir".
Romanda Eko bizə zülmətə bürünmüş "gerçəkliyin epifanizasiyasını təqdim edir. Heraklitdən: ... reallıq bir-birinin ardınca çevrilən və dağılan qüvvə və elementlərin məcmusudur və yalnız səthi təcrübəyə görə bizə elə gəlir ki, onlar davamlı cisimlərlə təchiz olunublar və hansısa zəhlətökən zirvədə sabitləniblər..."
Əşyaların (qapı və pəncərələr, yarğanlar və sair) bu, epifanizasiya prosesini daha da vizuallaşdırır: monastır otaqlarında pəncərələr insan boyundan yuxarıda qoyulurdu. Sxolastik dünyanı bürüyən duman, Kəhərin iri gözləri, balaca başı, tüklü quyruğu, yumru ayaqları...
Şərhlərdən bir neçəsi: İnsan nərdivanla qalxdıqdan sonra mütləq onu atmalıdır...
Bütün bədəni dil idi...
Bir də Aristotelin Poetikasının ikinci cildi, gülüş qadağandırsa, ona susayan insanlar zəhərləməlidir, hamı eyni səhifədə, "Xəzər sözlüyü"ndə olduğu kimi...
Amma... ən əsası, fikrimizcə, budur: Ustadım belə idi. Təbiətin kitabını oxumağı bacarmaqla yanaşı, rahiblərin müqəddəs kitabları necə oxuduqlarını və bu kitablar vasitəsilə necə düşündüklərini də bilirdi...
Cavanşir
YUSİFLİ