Turan Cavid: Hüseyn Cavid dilinin bərpası

 

Repressiyadan reabilitasiyaya

 

Azərbaycan ədəbiyyatını bir-birindən sanballı dram əsərləri ilə zənginləşdirən Hüseyn Cavidin uğurları keçən əsrin əvvəllərinə, "Azərbaycan ədəbiyyatı dövründə ideoloji sarpıntılar dövrü kimi xarakterizə oluna bilən" dövrünə təsadüf edir. "İdeoloji sarpıntılar" dövrü kimi xarakterizə etdiyimiz bu dövrün "ən böyük hadisəsi Azərbaycan ədəbi mühitindən də yan keçməyən kütləvi repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir." Bunlardan biri də dahi sənətkar Hüseyn Cavid idi.

Əsərlərində türk ruhu, türk düşüncə tərzi, ictimai dəyərləri olduqca güclü olan Hüseyn Cavidin "yaradıcılığında qaldırdığı ideyalar sovet rejiminin qadağan etdiyi mövzular idi və o, "iblisin hökmranlıq etdiyi ən qorxunc dövrdə, bütün Azərbaycanın iblis xofu ilə çalxalandığı, çoxlarının qəlbini iblisə satdığı bir dövrdə" mövzusunu "İrandan", "Turandan" alan əsərlər yaradırdı, həm də Türkiyə türkcəsində.

Repressiyadan sonra Cavidin əsərlərinə müdaxilələr olunub, dili dəfələrlə haqsızlığa uğrayıb, "həqarətlər"ə məruz qalıb. Azərbaycan ədəbiyyatı tarixində Cavidin dili qədər kənar və ədalətsiz müdaxilələrə, "həqarət"ə rast gələn ikinci bir dil yoxdur. Əlyazmalarında hökmlə; "İmlasına toxunmamalı!" - qeydini yazan şairin dilini təshih etmək təşəbbüsü heç vaxt səngiməyib. Hətta ədibin bəraətindən sonra da davam etdirilib, əsərləri redaktə olunub, dili üzərində əməliyyatlar aparılıb, türkcəsi guya tərcümə olunub, ehtiyac olmadığı halda sadələşdirilib; "bən" "mən", "şu" "bu" olub, "şimdi" "imdi"yə çevrilib və s. Məsələn, şairin 100 illiyi münasibəti ilə çıxarılan 4 cildlik külliyyatında dili bərbad vəziyyətə salınıb. Yeri oldu-olmadı, "pək"lər "çox"a, "şimdi"lər "indi"yə çevrilib, "gediyorum", "gəliyorum" tamamən ləğv olunub. Nəsrlə yazılmış əsərlərində bu hal daha da dəhşətli bir hal alıb. Məsələn, "Peyğəmbər" əsərinin başlanğıcındakı remarkada Peyğəmbərin xarici görünüşünü təsvir edən; "O, qırq yaşında, gözəl, vüqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; saqalı bir tutam, sıq və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər" hissəsi ixtisar edilib. Şairin "Qız məktəbində" şeiri isə əməlli-başlı haqsızlığa məruz qalıb. Ümumtəhsil məktəblərinin II sinif üçün hazırlanmış Azərbaycan dili dərsliyində "Qız məktəbində" şeirinin adı dəyişdirilərək, "Məktəbli qız" edilib. "Quzum" "qızım", "yavrum" "balam", "altın" "qızıl", "bəyzadə" "əmican", "bilgi" "bilik" olub, heç bir ehtiyac olmadığı halda. Doğrudur, bunu bütün dərsliklərə aid etmək olmaz. Məsələn, ümumtəhsil məktəblərinin XI sinif üçün hazırlanmış "Ədəbiyyat" dərsliyində (müəlliflər - akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov və Nurlana Əliyeva, Afət Bakıxanova) "Qız məktəbində" şeiri süjetli lirikanın ən mükəmməl nümunəsi kimi dəyərləndirilib, şeirdən gətirilən nümunələr orijinalda olduğu kimi verilib.

Bu baxımdan, Cavidşünaslıqda ən çox məsuliyyət, zəhmət tələb edən, həmçinin ən əhəmiyyətli məsələlərdən biri və bəlkə də birincisi, ədibin irsinin mühafizəsi, mətnlərinin orijinal mətnlərinə əsasən yenidən bərpası məsələsi olub. Atası haqqında yalnız doğrunun yazılmasını bildirən Turan Cavid hələ 1998-ci ildə "Azərbaycan" qəzetinə göndərdiyi məktub - müraciətdə yazırdı: "Hörmətli ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər, naşirlər, yazarlar. Məni bu müraciətə bir nigarançılıq vadar edib. Cavidin özü haqqında işıq üzü görən yazılara, nəşr edilən əsərlərinə, pyeslərinə, səhnədəki ifasına çox vasvası münasibəti vardı. O, yaratdıqları ilə bağlı buraxılan səhvlərə, təhriflərə, qeyri-ciddi münasibətlərə çox narahat olurdu. Belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı. İndi mən eyni hissləri vaxtaşırı yaşamalı oluram. Sanki bir çoxları Cavidə dəb mövzu kimi yanaşmağa başlayıb. Cavidi duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan yazmaq olmaz! Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru yazılsın. Əsərləri yanlışsız, təhrifsiz işıq üzü görsün."

Atasının "əsərlərinin yanlışsız, təhrifsiz işıq üzü görməsi", ruhuna - dilinə toxunulmaması Turan xanımın arzusu olmaqla yanaşı, həm də haqqı idi. Mütəfəkkir sənətkarın yaradıcılığının orijinal formada təqdimi, hər şeydən öncə, tədqiqatçıların mütəfəkkir sənətkarın ideyalar aləminə, fəlsəfi düşüncələr sisteminə, yaradıcılıq mənbələrinə, milli birlik naminə yaratmağa çalışdığı Ortaq Türk Dilinin incəliklərinə bələd olmağı tələb edirdi. Bu problemlərin həllində sənətkarın qızı Turan xanım Cavidin böyük xidmətləri var, çünki Hüseyn Cavid mətnlərinin bərpası və orijinal təqdimi məhz Turan xanımın sayəsində (və birbaşa Turan Cavidin redaktəsi ilə) reallaşıb, gerçəkləşib.

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin himayədarı olan Heydər Əliyev dahi şairlə bağlı keçirilən mərasimlərin birində bu məsələyə də münasibət bildirmiş və qətiyyətlə demişdir: "Cavidin dilinə toxunmaq günahdır." Və bu "günah"dan arınmaq, Cavidin dilini arındırmaq sayəsində ata və oğul: Heydər və İlham Əliyevlər böyük hünər və cəsarət nümayiş etdirmişlər. Məsələn, məhz milli-mənəvi dəyərlərimizə sahib çıxan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə özündə Cavid irsinin ən mükəmməl mətnlərini ehtiva edən Cavid külliyyatı (beşcildlik) nəşr olunub, cavidsevərlərə çatdırılıb.

Cavid külliyyatına (beşcildlik) Turan xanım ilk dəfə olaraq atası haqqında kiçik bir yazı ("Ön söz") yazıb və bu kiçik yazıda böyük, ciddi mətləblərə toxunaraq oxucuları da bir çox mətləblərdən hali edib.

Eyni zamanda onu da yazıb ki, "Cavid mətnlərinin ədəbi-estetik, tarixi və məfkurəvi mahiyyətinə vaqif olanlar" bu işdən kənar durublar: "Mən nə karəyəm ki, ustadın əsərlərini redaktə edim? - deyən ustad Əliağa Vahid kimi... Turan xanım yazır ki, "indi Hüseyn Cavidin orijinal mətnlərini oxucuya təqdim edərkən Əliağa Vahidi də rəhmətlə anmaq istəyirəm. 1958-ci ildə Cavidin bəraətindən sonrakı ilk kitabını "Azərnəşr"ə təqdim etdim. Mətni sadələşdirməyi, Cavidin dilini "islah" etməyi o zaman ehtiyac içində yaşayan Əliağa Vahidə təklif etdilər. Vahid isə: "Mən nə karəyəm ki, ustadın yadigarına əl gəzdirim? - deyə təklifdən imtina etmişdi.

Akademik Teymur Kərimli "Vahiddən "böyük" zahid?" adlı məqaləsində bu məsələyə aydınlıq gətirir: "Beşcildlik üzərində birgə işimiz zamanı Turan xanım bir maraqlı əhvalat da danışırdı. Cavidin bəraətindən sonra, öncə "Seçilmiş əsərləri" (1958), sonra isə dördcildliyi (1982) nəşr olunmuşdur. "Seçilmiş əsərlər"də onu tərtib edən Turan Cavidin adı göstərilməmiş, yalnız bu nəşrin M.Arif, M.Rahim və M.C.Cəfərovun redaktəsi ilə çapa hazırlandığı qeyd edilmişdir. Turan xanımın dediyinə görə, sən demə, "Seçilmiş əsərlər" çapa hazırlanarkən, "qlavlitdən" (Sovet dövrünün senzurası) göstəriş gəlir ki, Cavidin əsərlərinin dili o dövrün müasir Azərbaycan dilinə uyğunlaşdırılmalıdır. Turan xanım bu əcaib təklifdən qətiyyətlə imtina edir. O zaman Turan xanımın tərtib etdiyi əlyazmanı "quş həddinə salmaq" üçün bir redaktor axtarılır və seçim görkəmli şair Əliağa Vahidin üzərinə düşür. Ömrü boyu ehtiyac içində yaşamış Vahidə bu iş üçün yaxşı qonorar da ayırırlar. Müqavilə bağlamaq üçün Vahidi nəşriyyata çağırırlar. Ancaq görkəmli qəzəlxan şair ondan tələb olunan işin mahiyyətini öyrənəndən sonra qaşlarını çatıb müqaviləni imzalamaqdan imtina edir."

Təxminən iyirmi beş ildən sonra Hüseyn Cavid əsərlərinin 1982-ci ildə dördcildliyi çapa hazırlanarkən (bəraətindən uzun zaman keçməsinə baxmayaraq, Cavid yaradıcılığına həmin münasibət davam etdirilib), yenə də "redaktə" problemi meydana çıxır və bu işi professor Əkrəm Cəfərə tapşırırlar. "O da çalışır ki, nə şiş yansın, nə kabab. Yəni həm tələb olunan redaktə işini aparır, həm də mümkün qədər Cavid dilinin orijinallığını, üslubunun təravətini qorumağa çalışır və əksər hallarda da buna nail olur." Cavid mətni üzərində Ə.Cəfərin "bən"lər "mən"ə dəyişdirilmiş, "kimsin" qəbilindən olan söz formaları "kimsən", "yapraq", "yarpaq", "topraq" "torpaq" olmuş və s. redaktəsini daha çox "kosmetik redaktə"yə bənzədən akademik T. Kərimli bu redaktə işlərinin Cavid əsərlərinin dilinə və üslubuna zərərsiz ötüşmədiyini də xüsusi vurğulayıb, "dövrün ideoloji tələbləri üzündən mətnlər üzərində aparılan müəyyən ixtisarlar və "redaktə işi"nin Cavid əsərlərinin dilinə və üslubuna zərərsiz ötüşmədiyini" qeyd edib.

Bu baxımdan, Hüseyn Cavidin bədii yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq araşdıran, tədqiq edən alimlər qədər Turan xanımın xidmətləri də Cavidşünaslıqda əvəzsizdir. O, təkbaşına Cavid irsi üçün bir institutun gördüyü işi görmüşdür.     

Cavid irsinin qorunması və bərpasındakı xidmətlərini yüksək dəyərləndirən AMEA-nın Prezidenti İ. Həbibbəyli yazır: "Turan xanımın Azərbaycan xalqı və ədəbiyyatımız qarşısında ən böyük xidmətlərindən biri atası dahi Hüseyn Cavidin zəngin yaradıcılıq irsinin qorunub saxlanılması və nəşri ilə bağlıdır. Böyük alim və ədəbiyyat tənqidçisi, bizim ədəbiyyat müəllimimiz mərhum akademik M. C. Cəfərovdan sonra Turan xanım H. Cavid yaradıcılığının ən mötəbər bilicisi idi" və o, "Hüseyn Cavid yaradıcılığını bərpa edərək orijinal variantda oxuculara təqdim etməklə "övlad olaraq atasına, mətnşünas olaraq ədəbi dilə, bir məfkurə insanı və bir Turançı olaraq türk millətçiliyinə əvəzolunmaz bir xidmət göstərmiş" Turan xanım, həm də "Azərbaycan ictimai fikrinin ən parlaq simalarından olub, Stalin zindanlarında qeybə çəkilmiş H. Cavidlə xalqımızın yeni-yeni nəsilləri arasında on illər boyu canlı əlaqəni təmin edən mənəviyyat körpüsü olmuşdu."

Turan xanımın Cavidşünaslığa xidmətləri yalnız bununla bitmir. Azərbaycanın ilk teatrşünas xanımı olan Turan Cavid mütəfəkkir Cavidin muzeyində "Cavid Elmi Mərkəzi" yaratmışdı ki, burada Cavidin həyatı və yaradıcılığı haqqında yazılan bədii əsərləri nəzərdən keçirir, teatrlarda H. Cavidin əsərlərinə verilən səhnə tərtibatı ilə maraqlanır, televiziyada qoyulan tamaşalarında iştirak edir, məsləhət və tövsiyələr verir, bəzənsə, Cavid haqqında hər yetənin yazmasına etiraz edirdi. Atası - mütəfəkkir Cavidin xatirə muzeyinin yaradılmasına da Turan xanım böyük zəhmət sərf etmişdi. Hüseyn Cavidin xatirə muzeyinin açılışında H. Əliyev (24 oktyabr, 2002-ci il) Turan xanımın bu əməyini yüksək dəyərləndirmişdir.

Məhz Turan xanımın hünəri sayəsində Cavidin mətnləri özünün yazdığı şəkildə meydana çıxmış və yalnız bundan sonra Azər Turanın təbirincə desək, "bizim məfkurə müəyyənliyimiz, əxlaqımız, kültürümüz, ruhumuz müdaxilələrdən qurtulmağa, azad olunmağa başlamışdır."

Cavidşünas A.Turanın tərtibatı "Ön söz"ü ilə Türkiyədə nəşr olunan "Hüseyin Cavid Eserleri" adlı kitab ilk dəfə böyük sənətkarın yaratdığı ümumtürk dilində oxuculara çatdırılmasında əvəzsiz bir mənbədir.

Cavid irsi - əfsanəvi nağıl qəhrəmanlarımız əfsanəvi Məlikməmməd qədər mənəviyyatımızı və mədəniyyətimizi qızıl alma kimi qoruyan böyük öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin əzəmətli qeyrəti, qızğın məhəbbəti" (R.Hüseynov) və Turan xanım Cavidin hünəri və əzmi, zəhməti sayəsində daha "parlaq nurla" ürəklərə, şüurlara, hisslərə hakim kəsildi.

Ulu öndər Heydər Əliyevin imzası ilə 1981-ci il iyul ayının 21-də Hüseyn Cavidin 100 illiyi haqqında verilən qərar ulu Cavidin ikinci əsl bəraət sənədi olmuş, ədibin qızı Turan xanımın vurğuladığı kimi, Cavidə əsl bəraəti "Azərbaycan xalqının böyük oğlu", ulu öndər Heydər Əliyev vermişdi.

Beşcildliyə yazdığı "Ön söz..." Turan xanım atası Cavidə "əsl bəraət vermiş Heydər Əliyevi də unutmamış, həyatda olmadığına üzülmüşdü: "Təəssüf ki, Cavid əsərlərinin bu mükəmməl nəşrini görmək onun böyük təşəbbüskeşi Heydər Əlirza oğluna nəsib olmadı. Hər şeyə görə - atamı Vətən torpağına qovuşdurduğuna, əzizlərimi bir sərdabədə - Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına,... və nəhayət, Cavid külliyyatının bu mükəmməl nəşri üçün sərəncam verdiyinə görə: unudulmaz Heydər Əliyevə Tanrıdan rəhmətlər diləyirəm!"

Turan xanım beşcildliyi nəşr etməklə həm atası - mütəfəkkir Cavidin vəsiyyətinə də əməl etmiş, həm də "Cavid əsərlərinin ən mükəmməl nəşri"ni Cavidsevərlərə çatdırmış və oxucuların, tədqiqatçıların, rejissorların, naşirlərin, bir sözlə, Cavidə üz tutacaq hər bir kəsin indən belə yalnız bu nəşrə" - beşcildliyə istinad etməsini istəmişdi.

Daima ədalət arzusunda olan, ədalət prinsipini özünə məram edən, "bütün yaradıcılığı, xüsusən, bütöv dramaturgiyası ilə ədalət dramının mücahid yazıçısı" Hüseyn Cavıd hər zaman ədalətin var olduğuna və qələbəsinə inanmışdı.

Mütəfəkkir sənətkarın "əsl bəraət"ini alması, dilinin bərpası, beşcildliyinin nəşr olunması yeni tədqiqatların aparılması üçün qiymətli mənbə olmaqla yanaşı, həm də ədalətin bərpa və bərqərar olması idi.

 

Lütviyyə ƏSGƏRZADƏ

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.6.