Dünyanın sonundan sonrakı dünya
Murad Qoçuoğlunun şeirlərində
var; vaxt haqqında, sakini olduğu dünya və bu dünyanın gedişatı barədə
çox xəfif yanaşma, ovqat halı... Əksərən
"Allaha edilən dualar" kimi oxunub yadda qalır:
Məni
mələklərlə gəl
sirdaş elə,
Sənə agah olsun harayım, ahım.
Məni
torpaq elə, məni daş elə,
Ancaq günahlardan qoru, Allahım!
Murad nədən yazırsa, hansı məkana üz tutursa, dartınırsa, yenə də gəlib öz içindən keçir, öz üstünə çıxır.
Əsəd Cahangirin yazdıqlarıdı ki, Murad Qoçuoğlunun
şeirlərinin ən
ilginc yönlərindən
biri, bəlkə də birincisi onun düşüncəsinin
kökündə Allah ideyasının
durması, şeir-dua
kimi yaddaşlara yansımasıdır. Başqa
bir tərəfdən,
onun "təbiət
mövzulu şeirləri
bədii-estetik dəyəri,
parlaq obrazlar sistemi ilə diqqəti xüsusi çəkir və bu təbiidir - bu parlaqlıq təbiətin özündən
gəlir". Eyni zamanda, bu, həm
də Muradın öz xarakter özünəməxsusluğundan, fərdiyyətindən gəlir.
Çünki uzun illər boyu tanıyıb, ünsiyyətdə
olduğum Muradın şəxsiyyət bütövlüyü,
xarakteri, həyat gerçəkliyinə münasibəti
təbiətlə həmahəngdir.
Haqlı
münasibətdir və
bu, kitabın annatosiyasında da öz dəqiq ifadəsini tapıb ki, Murad öz tipologiyası etibarı ilə fəlsəfi düşüncəyə meylli
şairdir: "Bu fəlsəfəlik
onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə
məhdudlaşmır. Onun
təbiət, dünya,
sevgi və digər mövzulardakı
şeirləri də fəlsəfi düşüncə
axarında yazılıb,
lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir. Şairin bədii dünyası öz havası, suyu, odu, torpağı olan dünyadır. Onun poetik dünyası
öz ruhunun dərinliklərindədir və
onun üçün dünyanın üç
əsas obrazı var -
Allah, dünya və insan!"
Muradın ədəbi mühitdə
daha tez tanınmasına hər cür imkanı vardı. Amma Murad heç
vaxt bu imkanları
ədəbi mühitdə
tanınması prosesinə
sərf etmədi. Əksinə, özü-özünü
yetişdirmək qayğısına
qaldı. Xüsusi inadla, səylə özünütəsdiqə cəhd
etdi; səbr, xarakter bütövlüyü
ilə bir arada.
İndi, aradan 40 ilə yaxın vaxt-zaman məsafəsi keçib, Muradın "Mən hər gün günəşi qarşılayıram"
adlı ikinci şeirlər kitabını
yenə də 40 il bundan
əvvəlin nostalji düşüncələrilə bir arada oxuyuram.
Kitabı daxil edilən şeirlərin çox qismi həmin o 40 il əvvəlki
şeirləridi. Oxuduqca
bir daha hiss edirəm ki, Murad elə o qırx il əvvəlin yaradıcılıq məkanında
da mükəmməl, müdrik,
əsl poeziya ovqatında olub. İllər onu dəyişməyib. Kitaba
daxil edilən şeirlərin ovqatı əslində onun sənətə, poeziyaya,
dünyaya, zamana olan müdrik, mükəmməl münasibətinin
ilmə-naxışlarıdı. Murad düz qırx il əvvəl (və indinin özündə də) səmimi şəkildə inanırdı
ki, "yadında qalanla,
könlünü alanla,
şirin bir yalanla ovunur adam". Eyni zamanda da, bir kamil inamla, son anda əlində qalan ümidlə, gümanla...
Murad yaşamın, həyatın
bütün bəlli məqamlarında özü-özünə
hesabat verməyi, kiminsə taleyi gətirməyəndə salıb
ürəyinə yara
eləməyi, həqiqət
naminə öz-özüylə
(və külli-aləmlə)
dava eləməyi, özü-özündən həya
eləməyi bacaran mükəmməl xarakterə
malik söz adamıdı.
Bütün bu deyilənlərin gerçək
obrazı onun şeirlərində incə
ştrixlərlə cizgilənib.
Ömrünün bütün
çağlarında bir
inamla yaşayıb
ki:
Ya çıxıb gedəndə
yerin görünə,
Ya da bu dünyaya heç gəlməyəsən.
Hələ ilk gənclik illərində
dünyanın gedişini
bu yöndən yola verənlər aləmində "dəli
olmayanın ağılı
yoxdur" ağrısını,
ironiyasını qələmə
alırdı Murad Qoçuoğlu.
İllər onun poetik baxışları üzərinə "Nə
köhnə kişilər
qalıb dünyada, Nə köhnə küçələr tanımır
bizi" təəssüfü,
nigarançılığı da gətirdi. İnandırdı
ki:
Bəlkə iki ömür yaşayırıq biz,
Çünki həyat kimi canlı röya var.
Hər şeyin sonundan sonra bir həyat,
Dünyanın sonundan sonra dunya var.
Bu sirli get-gəllər aldadır bizi,
Nə əvvəl bilinir, nə son bilinir.
Dünyaya gəlirik təzə
yaddaşla,
Köhnə yaddaşımız sonda
silinir.
...Zaman da
sonsuzdur, məkan da sonsuz,
Maraq çəkir bizi min bir tərəfə.
Kim deyə bilər ki, qoca dünyaya
Biz nə vaxt gəlmişik
sonuncu dəfə?
Çıxıb bu dünyadan getməyə nə var? -
Bir gün öz köçünü yığıb
gedəsən.
Hələ qarşımızda min bir sınaq var,
Ölüm son deyil ki, çıxıb
gedəsən...
Əslində, Muradın şeirləri
dünyanın sonundakı
sonrakı aləmin, yaşamın şeirləridir.
Daha çox yağışın, daha
çox quşların,
Yerin, Göyün, ağacların, gülün-çiçəyin
dilini öyrənməyə
edilən cəhdlərdi.
"Məzarına durub baxır, öldüyünü
bilmir adam" hesabatı sıx-sıx yaşanır Muradın şeirlərində. İştahı
quyruğa yerikləyənlərin
quyruğa çevrilmələrinin,
quyruğa dönmələrinin
ağrısı, təəssüfü
var Muradın şeirlərində.
Onun şeirləri ruhu diri saxlamağa,
həyalı olmağa,
yaxşılıq etməyə
çağırış şeirləridir. Bütövləşməyə,
bülövləşməyə səslənişdir. Anladır
ki:
Yaxşılıq, yaxşılıq, yaxşılıq
elə
Dünyanın özünü yaşatmaq
üçün.
Dünyanı yaşatmaq və
özünü dünyadan
qorumaq elminin müdrikliyi iç-içə
yaşanır Muradın
şeirlərində. Oxumaq,
anlamaq və nəticə çıxarmaq
hər kəsin öz vaxtına və baxtına hesablanıb...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.7.