Məmməd Araz dili
- Araz dili
Məmməd əmi sözümü
yerə salmayıb əlli yaş öncəsi - 1983-cü il mart ayının
22-də axşamüstü bizə gəldi (yeri gəlmişkən, şairin yubileyi may ayında Filarmoniyada qeyd olundu. Özü
deyirdi, əslində,
mayda doğulub).
Bayıl
bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü.
Sabah-sabah Məmməd Araz bizə gələcək,
Fərəhdi hey dörd bir yana daşınır duman.
Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək,
Bütün günü duz çevirir başına duman.
Anamın
bayram plovundan sonra dostların iştirakı ilə qardaşım və mənim şairlə şirin söhbətimiz başladı.
- Məmməd müəllim, "Azərbaycan - dünyam mənim" şeirinin yaranması barədə deyərdiniz. Necə oldu ki, o şeir yarandı?
- Mən Azərbaycanın şəklini, coğrafi mənzərəsini verməyə
çalışdım:
Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
- Bəs buradakı ictimai məna? Onu niyə demirsiniz?
- Nə bilim, vallah?! İctimai məna varsa...
- İndi görün oxucularınız
ona necə qiymət verir?! Bir oxucu kimi bu
şeiri oxuyandan sonra belə bir qənaətə gəldim ki, vaxt gələcək həmin
şeir hökmən Azərbaycan milli dövlətinin
himninə çevriləcək.
- Azərbaycanın himnini yazmaq üçün müsabiqə elan eləmişdilər.
Mən də iştirak elədim o tədbirdə. Mən himni bu şeir
üzərində qurmuşdum.
- "Azərbaycan - dünyam mənim" şeirinin?
- Bəli. Məzmunu dəyişmişdim. Amma ruh
oradan gəlirdi. Düzdür, qəbul olunmadı. Oxundu, oxunmadı, onu da deyə bilmərəm. Bir
də mən o şeirə adi şeirlərimdən biri kimi baxıram.
- Deyirlər ki, baharda adamın qanı təzələnir, təbiət
canlanır. O şeiri
ilk dəfə oxuyandan
sonra... elə hər dəfə oxuyanda vətəndaşlıq
hisslərimiz təzələnir,
canlanır.
- Şeir oxucu üçün yazılır.
Oxucu bilər.
- Oxucu daha yaxşı
bilir?
- Xiridar oxucu.
- Sizi ki, oxucular başa düşürlər,
xoşbəxt adamsınız,
Məmməd müəllim.
- Mən bunu dəfələrlə
demişəm, yazmışam
da. Azərbaycanda şair
olmaq çox çətindir. Ənənə
böyükdür. Qabaqda
ağsaqqallar var. Bunların
qabağına çıxmaq
da oğul işidir. Burada Nizami, Nəsimi, Füzuli, Sabir
var. Bu yaxınlarda sizin
dərnəkdən mənə
xeyli sual veriblər. Cavanlar deyirlər ki, sizcə yaxşı şair olmaq üçün nə etmək lazımdır? Demişəm
ki, vallah, doğrudan
da, mən özümü
yaxşı şair hesab eləmirəm. Şeirim də ki, deyə bilmərəm güclüdü, ya adi şeirdir.
- İndi
siz "Dünya sənin, dünya mənim..." kitabını
nəşrə hazırlayırsınız.
Orada "Dünya sənin, dünya mənim..." , "Haqqın yoxdu, haqqın var", "İlhamım",
"Mən yollarda öləcəyəm" və
başqa samballı, ləngərli şeirləriniz
var.
- Mənə qalsa, "Sahibsiz qəbirlər"
şeirini üstün
tutardım, nəinki
"Dünya sənin,
dünya mənim..."
- Sizcə, bu yeni kitabınız "Anamdan
yadigar nəğmələr"
kitabınız kimi güclü ola bilərmi?
- "Anamdan yadigar nəğmələr" kitabında
elə şeirlər
var ki, indi olsaydı verməzdim. Hər kitab bir pilləkən kimidir. Kitabdan-kitaba qalxmalısan. "Anamdan yadigar nəğmələr"
kitabında bəzi şeirlər pilləkəndi.
Onları yazmaya da bilərdim.
- Başqa sözlə,
"Sənət yarışında,
söz yarışında,
Yüzümüz bir
Sabir deyilik hələ",
"Bir də azarkeşlər
diliylə desək Çoxumuz oynayır B qrupunda...", eləmi?
- Əslində də, belədir. Yenə deyirəm, bəzi şeirlər ürəyimcə deyil.
- Siz yazmısınız ki,
ürəyimsiz kəlmə
yazan deyiləm. Biz həmişə ürəklə
yazdığınızı görmüşük. Hələ
ki, ürəksiz yazdığınız
şeirə rast gəlməmişik. Əsasımız
var, ona görə deyirik.
- Belə olmağı yaxşıdır (gülür).
- Bir məsələ də
var. Bir var müəllif, bir
var oxucu öz səviyyəsindən yanaşır.
Bizim səviyyəmizdə
zəif şeiri yoxdur. Məmməd müəllim isə görür ki, var zəif
şeiri.
- Məmməd müəllim,
mübahisə doğuracaq,
ancaq bu çox maraqlıdır. Məsələn, şeirin
bir misrasını oxuyub, müəllifdən
soruşursan ki, nəyi
nəzərdə tuturdun?
O deyir, məsələn,
filan şeyi. Amma oxucu da həmin misranı başqa yerə yoza bilər.
- Çox təbiidir.
- O da ola bilər ki, oxucu şairin nəzərdə
tutduğu şeylərdən
yüksəyi nəzərdə
tutsun?
- Ola bilər.
- Şeirlərinizdən hansı
qəlbinizə daha çox yaxındır?
- Bəlkə də, "Mən yollarda öləcəyəm...", bəlkə
də,
"Sahibsiz qəbirlər"
şeiri.
"Qəbiristana gedən
gəlin", "Üstümə
qayıdan yazılarım",
"Şəhriyar gəlmədi",
"Qoruyun dünyanı"
şeirlərini də
deyə bilərəm.
Ağıllı artdıqca ağılsız
artır,
Qoruyun dünyanı ağıllılardan.
Atom, nüvə bombasını
kəşf edən kimlərdir? Ağıllı
adamlar. Mənim aləmimdə belədir. Bütün bəşərə
üz verən pislikləri, vəhşilikləri
edənlər kimlərdir?
Hamısı ağıllı
adamlardır.
Ağıllı ovçular azdı
o zaman,
Həvəskar ovçular dovşan
vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağıllı ovçular qırıb
qurtardı.
Dağ kəllərini vuran ağıllılardır. Hardasa
ağılsız ağıllılardır...
Şeir
deməsini xahiş etdik. "Yadımda qalmayıb" - dedi. Şeirlərini
bir-bir yada saldım.
"Sən", "Salamat qal", "Əlvida, dağlar", "Ana torpaq,
hər daşına üz qoyum", "Təklikdə - çaylaq
daşıyam" şeirlərini
lentə aldım. O vaxtadək şairin öz səsində bir şeiri belə yox idi.
"III M.Araz Poeziya günü"nü
keçirdiyimiz zaman - şairin
85 illiyində həmin
şeirləri ictimailəşdirdim,
radio və televiziyalara
verdim.
2002-ci ildə rayona anamın görüşünə
gələndə şair
qırıq məftillərlə
çəpərlənmiş həyətin taxta qapısını açıb,
iki otaqlı kiçik evi qəribə nəzərlərlə
süzmüşdü. İndiyədək
o baxışları unuda
bilmirəm. "Bəlkə
şairin uşaqlığı
belə bir evdə keçib? Bizim ev kənddəki
evlərini, uşaqlığını
yadına salıb yoxsa?" deyə düşünmüşdüm. Bu haqda ondan nə
o vaxt, nə də sonralar soruşdum. Uzun illərdən bəri xəstəliyinin acısını
yaşayan şair çətinliklə də
olsa evə qalxıb, həyat yoldaşı Gülxanımla
bərabər yaşlı
anamla görüşmüş,
həyətə düşüb
qollu-budaqlı gilas ağacının altında
süfrə arxasında
əyləşmişdilər. O zaman Cənub televiziyası fürsəti qaçırmadı.
Gəlib şairlə
söhbətimizdən bir
saatlıq veriliş hazırladı.
2004-cü
ilin 1 dekabrında şair vəfat edəndən sonra həmin qışı gilas ağacı qurudu.
İbtidai məktəb təhsili
belə olmayan anam bu gün
də şairin şeirlərini deyir, onları mahnıtək oxuyur.
Məmməd Araz yeniliyə,
gəncliyə açıq
idi. Neçə-neçə
cavan şairə
"Uğurlu yol"
yazmış, zəmanət
vermişdi. 1991-ci ildə
baş redaktoru olduğu "Azərbaycan
təbiəti" jurnalının
bir nömrəsini hazırlamağı
mənə tapşırmasını
xahiş edəndə
(mən jurnalda çalışırdım) "yox" demədi. Jurnalın ikinci sayına o, ön söz, mən son söz yazdıq. 30 illik publisistik fəaliyyətinin bəhrəsi
olan "Sənətdə
son mənzil olmur"
kitabına ön söz yazmağı, uşaqlar üçün
yazdığı "Şikayət
dəftəri" kitabına
redaktorluğu mənə
etibar etdi. Yazdığı şeirləri
oxuyar, deyilən fikrimizi nəzərə alardı. Avtoqrafla verdiyi kitablarının birində yazmışdı:
"Əminin şair
oğlu, sərt tənqidçisi, etibarlı
dostu Qardaşxana".
Onun
"Yaxşılıq" şeirini oxuyanda ilk növbədə özü
gəlib durur gözümün qabağında:
Yaxşılıq neçə min ilməli
hana,
Nəsildən-nəsilə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi
deməyibdir babalarımız.
Bəzən üz-üzə gəl
qarla, yağışla,
Birinə
yaxşılıq həvəsində
sən
Əsl insanlara dünya bağışla,
Bir çürük qoz umma əvəzində sən.
Olma təmənnalı yaxşılıq
acı...
Gözəl bir poetik deyim onu vəcdə
gətirir, yerindən
oynadır, yaxşı
əsər oxuyanda sevinc dolu həyəcanını
boğa bilmirdi. İşdə otağımız
iç-içə idi.
Bir dəfə məni
səsləyib R.Rövşənin yenicə
dərc olunmuş
"Süd dişinin ağrısı"
poemasını göstərərək
heyranlıqla: "Zalım,
gör neyləyib e!..
Yaman yazıb!" deyə heyrətini bildirdi. Poema onu əməlli-başlı
təsirləndirmişdi.
M.Araz təkcə Arazdan yazanda Bütöv Azərbaycan amalından danışmır. Tamam başqa bir mövzuda - təbiət, ya məhəbbətdən,
ya qələm dostunun poetik istedadından yazdığı
zaman belə ürəyi
onu yenə Araz mövzusuna gətirir. "Məmməd
Aslana", "Göyərdi"
şeirlərində olduğutək:
Bəxtimə bir yazı qurumu dəydi,
Taxtıma iki əl qırımı dəydi,
Gözümə bir Araz şırımı dəydi,
Yüz Araz töküldü gözümdən mənim.
"Məmməd Aslana"
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı
göyərdi.
Göyərmədi istədiyi bircə
dən,
Savalanın qara daşı
göyərdi.
"Göyərdi"
"Oxuyan Təbriz" şeiri isə yeni dönəmin "Təbrizim"i
(S.Rüstəm) sayıla bilər.
Ağlasa
- ayaqda tüfəngə
dönər,
Balası
vurulan pələngə
dönər,
Bir dərə ağızlı
nəhəngə dönər.
Dumanlar yas qurdu dağlar
başında,
Təbriz
oxuyurdu dağlar başında.
M.Arazın rəmzi-metaforik üslubda
yazdığı "Duman
ömrü" şeirində
vətəni özgür
görmək istəyi
əks olunmuşdur. Müəllif bir kibrit, barıt ölümü arzulayır,
dumana dönmək istəyir. Ondan ötrü ki, istədiyi səmtə yönünü
tuta bilsin. Sərbəst, azad olsun.
Bəli,
duman olum, duman, - bir çəngə.
Mənim
öz yağışım,
öz qarım olsun.
İstədiyim yerə yükümü
çəkən
Hökmüm, ixtiyarım, qərarım
olsun.
"M.Araz yaradıcılığının
açar sözləri
nədir?" sualını
versək, cavabı: "qaya, vətən daşı, yurd, millət, Araz, Azərbaycan" anlayışları
olardı.
Azərbaycanın müstəqilliyi - azadlığı,
bütövlüyü, bölünməzliyi,
milli birlik ideyası və Bütöv Azərbaycan idealı onun zamanın qasırğalarına davamlı
şeir sarayının
əsas sütunlarıdır.
Ustad şairin yaradcılığında
fərqli bir fəlsəfi-poetik düzən
var. Onun şeirində
"bu torpağın,
bu diyarın" oğlu, qızı, daşı, qayası, çəməni, çiçəyi
tamın, bütövün
(oxu: yurdun, məmləkətin) hissələritək
tərənnüm olunur.
"Madam
ki, əksliklər heç
bir zaman özünün
şəxsi səviyyəsində
birləşmirlər, demək
həmişə ali nizamın daha yüksək "üçüncü"
müstəvisi tələb
olunur ki, bütün hissələr orada birləşsin" (K.Q.Yunq). "Əksliklər"
vəziyyətində olan
Güney və Quzey Azərbaycanı coğrafi-siyasi cəhətdən
ayrı olsalar da, daha yüksək M.Araz poeziyası
müstəvisində milli-mənəvi,
ideya-siyasi cəhətdən
birləşirlər. Bütöv
Azərbaycan idealı
bu poetik müstəvidə gerçəkləşir.
"Varlıq"la (oxu: Quzey Azərbaycanı)
"Yoxluq" (oxu: Güney Azərbaycanı)
öz keyfiyyətlərini
saxladıqları təqdirdə
yalnız "dialektik
sintezdə" birləşirlər
(A.F.Losev). M.Araz poeziyası
Quzey və Güney Azərbaycanımızın
milli-mənəvi və
əxlaqi keyfiyyətlərinin
"dialektik sintezi"dir.
Qardaşxan Əzizxanlı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.7.