Ehtiras
Novella
Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər.
Yaşdaş olardıq.
İş gəlib çıxmışdı stolumun
üstünə, - prokuror
kimi qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı,
görüş istəyir.
- Cənab prokuror, mənə nə qədər iş görünür?
- Başın daşdan-daşa
dəyib, bilməmiş
olmazsan.
- Mən axı narkotik alverçisi deyiləm. Gizləmirəm,
istifadəçi olmuşam.
Vallah, onu da tərgidirdim.
- Burda istifadəçi və satan kimi
sənədləşdiriblər.
- Nəyə deyirsiniz, and içim, narkotik satan deyiləm. Şərləyiblər məni.
- Ocağı alışmamış
söndürməliydin.
- Gücüm çatmadı.
- Hər halda narkotik çəkmisən!
- Onda gərək, Amerikada gündə on min adamı tutub basalar
dama.
- Niyə?
- Orda narkotikdən istifadə eləmək qadağan deyil.
- Ora Amerikadı, orda qanun var...
- Məni bağışlaya
bilməzsiniz, cənab
prokuror?!
- Bilərik.
- Həəə...
- Qanunu pozsaq.
- Pozun da, cənab prokuror.
- 10 minin olsaydı, nə vardı ki...
- 10 minim olsaydı, burda nə gəzirdim?!
- İşinə bax.
- Bir təklifim var, amma... - dayandı.
- Təklifini de.
- Mənə "qeyrətsiz"
deməzsiniz?
- Təklifini de.
- Barter əməliyyatı apara bilərik?!
- Burda əmtəəlik nə var ki?!
- Dirigözlü adam verə bilərəm sizə.
- Quldarlıq dövrü çoxdan keçib?!
- Cənab prokuror, vallah, heç nə dəyişməyib,
elə alver alverdi.
Diqqətlə gözlərinin içinə
baxdım.
- Bacımı gətirə
bilərəm.
Belə
təkliflər məndən
ötrü göydəndüşmə
olmadığı üçün
sakitcə dedim:
- Sən yaşda adamın bacısı cavan olmaz.
- Kiçik bacımdı, ərə də getməyib, 22 yaşı var. Mənim bu hərəkətimi qəbahət saymayın. Tarixdə belə hadisələr çox olub. Hətta şahlar belə başı salamat qalsın deyə, həyat yoldaşını üsyan başçısına bağışlayıb.
İş gününün sonuna yaxın katibə mesaj yolladı mənə: "Bir qız gəlib".
"Buyursun".
Gözəl bir qız girdi içəri. Kimliyini bilsəm də, söhbətə bəhanə üçün soruşdum:
- Kimsən, adın nədi?!
Başını aşağı saldı.
- Vüsalın bacısı deyilsən ki?!
Üzümə baxıb, gözünü yerə dikdi.
Qız xoşuma gəlsə də, Nəsirəddin Tusinin "Axırı ziyan gətirən xeyirdən qaç" fikrini yadıma salıb, qorxdum:
- Get, bala, bu iş
sənlik deyil.
Qız başını dik qaldırıb, heyrətlə
üzümə durdu:
- Gedə bilmərəm!
Mat qaldım:
- Niyə?!
- Qardaşım başımı
kəsər!
Gülümsədim:
- Qardaşını gedər-gəlməzə
göndərərəm!
- Allah eləməsin!
Zəngi
basdım:
- Qızı yola sal.
Deyərdim ki, qız candərdi
çıxdı çölə.
Səhəri günü təzəcə
işə başlamışdım
ki, mesaj gəldi katibədən: "Cənab
prokuror, bir xanım görmək istəyir sizi.".
Cavanlarsayağı "Ok" yazdım.
Qapı
açıldı. Əsl
Şərq xanımlarına
məxsus bir gəlin girdi içəri, - ucaboy, dolubədənli, kök demək olmazdı, çatmaqaş, yumrusifət.
Yanaqları da... Elə
bil gülöyşə
narını dənələyib
yeyəndən sonra şirəli əlini çəkmişdi sifətinə.
Bunu da qıza verdiyim mənasız sualla qarşıladım:
- Kimsən, adın nədi?!
- Vüsalın həyat yoldaşıyam, adım
da Mələkdi.
Gözəlliyi qarşısında özümü
saxlaya bilmədim, salavat çevirdim:
- Fətəbərəkallah əhsənül Xaliqin!
Gəlin qaşlarını çatdı:
- Nə dediniz?!
- Peyğəmbər əleyhissəlamın sözüdü - Səni yaradana şükr! Doğrudan da, mələksən!
- Nə olsun, bəxtim ki, mələk deyil!
- Bəxt yazanın qadasını alım, itə mələyi yazır, mələyə iti.
Dinmədi.
- Öz istəyinlə gəlmisən?!
- Əlbəttə... yox.
- Onda burda nə
işin var?!
- Göndəriblər!
- Könülsüz tikə
boğazdan keçməz.
Gedə bilərsən!
Gəlin
həyəcana düşdü:
- Yox-yox, nə danışırsınız, gedə
bilmərəm?!
- Niyə?!
- Vüsal başımı kəsər!
Elə səhəri günü bu Şərq gözəliylə bağ
evimdə görüşdüm.
Hətta həyat yoldaşının azadlıq
istəyini bir ay da gözündə qoydum. Mələkdən doya bilməsəm də, verdiyim sözə əməl eləməliydim.
Həbsxanadan çıxan
günü Vüsal prokurorluğa da gəlmişdi
ki, təşəkkürünü bildirsin mənə, qəbul eləməmişdim.
***
Az qala hər həftə
Mələklə görüşürdük.
Hiss eləyirdim ki, məndən
razı qalır. Bacardığım qədər
səxavətlə yola
salırdım. Amma pis
bir cəhəti vardı - çıxarırdım
ki, pul verəm, əlimdən qapırdı.
5-6 aydan sonra gördüm
həyat yoldaşım
mənə çəp
baxır. Bir gün də səsini atdı başına:
- Özgəsinin haramıyla
günlərini necə
xoş keçirirsənsə,
evdə öz halalına hünərini göstərə də bilmirsən!
- Bu nə sözdü, ay qız?!
- Həqiqət!
- Bəlkə "böhtan"
demək istəyirsən?!
- Yadında saxla ki, yerin də qulağı
var!
- Dilini də göstər yerin.
- Dili mənim qarnımdadı, darıxma, tezliklə şoka düşərsən,
inşallah!
Barmağımı dişlədim.
- Küpəgirən səni
yoldan çıxarıb!
- Küpəgirən kimdi?!
- Süpürgəçini deyirəm,
Nailəni, pinti köpəkqızıydı, qovmuşam
bağdan, o da mənə
böhtan atıb.
Həyat
yoldaşım mənalı-mənalı
üzümə baxıb,
şaqqıldayıb güldü.
- Bu nə gülüşdü,
ay qız?!
- Niyə tələsiyirsən,
səsini eşitdin, dadını da görərsən?!
***
Bir gün də işdən qayıdanda, baxdım ki, Lələ köçüb,
yurdu qalıb - nə arvad, nə uşaq.
- Sədaqət!
Qulluqçu yerdən çıxmış
kimi qarşımda dayandı.
- Hanı Sevinc, hanı Murad?!
- Səhər siz eşiyə çıxan
kimi, Sevinc əlində çemodan, uşagı da alıb yanına, getdi.
- Bilmədin, hara getdilər?
- Ha soruşdum, demədi.
Fikir məni götürdü.
Qonaq otağına girəndə
ilk gözümə dəyən
seyf oldu. Kodu yığıb, qapısını
açdım.
- Oh!.. - diz üstə
çökdüm. - 50 min dollar və zinət əşyaları yoxa çıxmışdı. Üstəlik
də, 10 ildən sonra qırx qurbanla tapdığımız
yeganə oğlumuz.
Bir həftə özümdə-sözümdə
olmadım. Bir gün Türkiyədən mesaj gəldi telefonuma: "Sən də adını kişi qoymusan. Hünərin-zadın
da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla yatıb-dururdun.
İndi baxıram, mən
ərdə olmamışam
ki! Ərin nə olduğunu indi görürəm! Uzun sözün qısası,
Mələyə salam
deyərsən!
Başımı elə itirmişdim
ki, Mələyin kim olduğu da yadımdan çıxmışdı:
- Mələk kimdi?
- Vüsalın keçmiş
həyat yoldaşı!
- Vüsalın?!.
- Bəli, Vüsalın!
- Vüsalı hardan tanıyırsan?!
- Niyə də tanımayım?! O, indi mənim həyat yoldaşımdı...
Telefon əlimdən düşdü.
05-07.10.2023
Qəşəm
İSABƏYLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.31.