Fransisko de Kevedo
(İspaniya)
Fransisko Qomes de Kevedo
1580-ci ildə Madriddə,
kübar kastiliyalı
ailəsində doğulub.
Uşaqlıq illəri
valideynlərinin xidmət
etdiyi Kral sarayında keçib. Əvvəlcə, yezuit İmperiya məktəbinin
müdavimi olub,
1596-1600-cü illərdə Valyadoliddə universitet təhsili alıb. Tələbə ikən müstəqil şəkildə
fəlsəfənin əsaslarını,
ərəb, ivrit, fransız və italyan dillərini öyrənib. Lope de Veqa və Servanteslə dostluq edib.
1611-ci ildə dueldə iştirak ucbatından doğma vətəni tərk etmək məcburiyyətində qalıb.
Bir müddət Neapol
vitse-krallığının naziri kimi diplomatik
əməliyyatlarda, İtaliya
yürüşlərində bilavasitə iştirak edən Kevedo Saraya yalnız kral III Filipin ölümündən
sonra - 1621-ci ildə qayıda bilib. 1632-ci ildən yüksək dövlət xadimi kimi kral IV Filipin katibi olub. Lakin Krala və onun
sevimli əyanlarına
yazdığı kəskin
satirik şeirlərinə,
pamfletlərinə görə,
1639-cu ildə həbs
olunub və dörd il ağır məhbəs həyatı
yaşayıb. Həbsxanadan
çıxandan az sonra, 1645-ci ilin sentyabrında vəfat edib.
Luis de Qonqora ilə birlikdə (hərçənd
qonqorizmin qatı əleyhdarı olub) Qızıl dövr ispan poeziyasının ən parlaq siması sayılan Kevedonun şeirləri
Pedro de Espinosanın "Məşhur
şairlər gülüstanı"
antologiyasına, hələ
1605-ci ildə təqdim
olunsa da, bu şeirlər yalnız şairin ölümündən
sonra nəşr edilib.
Satirik şeirlər
Boyunbağısından qızıl ölüm fiquru asılmış qarıya
Sizi hər gördüyümdə,
vallah, başım fırlanır,
Mat qalıram hərlənən
bu çarxın içində mən:
Gah zəncirin ucundan kaftar ölüm sallanır,
Gah siz sallanırsınız kaftarın zəncirindən.
Mənə verin siz, onu! Nədən bir qoca kaftar
Asılsın bir qarının
zəncirinin ucundan?!
Məndə qalsa - mən onu yedirdərəm o ki
var,
Sizdə
qalsa - o kaftar gəbərəcək acından.
Özümə epitafiya
İspan
qadınlarının qulaqlarından
iraq
Uzanmışam altında ağır
daş plitənin -
Sən ey yoldan adlayan,
yavaş keç bu küçədən;
Ayaqlayıb keçərsən, basıb əzərsən
məni,
Çalış, bir az o yandan, aralıdan keçəsən.
Onsuz da,
sinədaşım çox
ağırdır, lap ağır
-
Təkrar
üstümə salma
sən də ağırlığını;
Təkcə bizim quşbeyin
arvadların tapdağı
O qədər yüngüldür
ki, hiss etmərəm ağrını.
Axır
ki fayda gördüm mən ağlın azlığından -
Bax, bu yelbeyinlərin yüngülməcazlığından.
Günahkara epitafiya
Əcəb dadlıdır yəqin,
tamahkar qurdlar üçün
Sənin
ətlı yanbızın,
yekə, yumşaq dalın da;
Amma çirkaba batmış murdar qəlbin içini
Didib-sökməkdən onlar ayrıca həzz alırlar.
Orfeyə epiqram
Öz Evridikasını görmək
istəyən Orfey
Çəkinmədən enərkən ruhlar səltənətinə
Aid hirsləndi yaman qarşısında baş
əyən
Bu sırtıq nəğməkarın
ədəbsiz niyyətinə.
Orfey dərhal güc verib heyrətamiz səsinə,
Bir şərqi səsləndirdi
öz qəmli lirasında;
Qonaq edib Aidi ecazkar
nəğməsinə,
İşıq saldı könlünə
qaranlıq kahasında.
Hirsindən-hikkəsindən pörtüb-qızarmış
Aid
Qaytardı arvadını Orfeyə
bircə şərtlə.
Amma bu şəfqət deyil, ən ağır cəza idi -
Gizli bir hiylə vardı bu incə
mərhəmətdə.
Daş qəlbi yumşalsa da, həzin səsdən, nəğmədən
Aid istəyirdi ki, bu işi tez bitirsin
-
Qadını bəxşiş kimi
Orfeyə versin, həm də,
Orfey öz bəxşişini həmişəlik itirsin.
Şairə epitafiya
"Burda yatan adamdan
kimsə xeyir görməyib:
bir kəsə əl tutmayıb, bir kömək göstərməyib".
"İşverən imiş yəqin, ya da aradüzəldən".
"Yox, fərsizin biriydi, iş gəlmirdi əlindən".
"Çox güman ki, kübarmış... idalqodur
kəsəsi".
"Yox ey, pulu
kalandı, əclafın
da yekəsi".
"Onda bəlkə cuhudmuş, bu azğın haramzada?"
"Yox, yüz hoqqadan
çıxan quldurdu,
yaramazdı".
"Belədirsə, ya dulmuş, ya Genuya bankiri".
"Nə bankir?! Axmaq idi, həm
də naqqalın biri".
"Bax, indi aydın
oldu: kabalyerodur demək!"
"Qoy, sənə bir sirr açım,
söhbətə xitam
verək:
Şair
idi bu adam,
başqa bir aləm idi,
Bu sifətlər hamısı,
həm də, onda cəm idi".
Mənfəətpərəst hakimə
Boş şeydi səndən ötrü qanunlara güvənmək,
Çoxdandı ki, alverə çevirmisən
sən onu;
Cəhənnəm olsun Jason, sənə
qızıl gərəkdi
-
Yalnız
mənfəət kimi
görürsən hər
qanunu.
İlahi
haqq-hüquqdan dəm
vurub ötkəm-ötkəm
Fırladırsan onları, hansı
üzə istəsən
-
Sonra da qol qoyursan satın
aldığın hökmə
Rüşvətə öyrətdiyin
çirkin əllərinlə
sən.
Nə yoxsulluq, nə aclıq - heç nə kar etməz
sənə:
Əlmuzdunun xətrinə qanunun
göbəyindən
Xəzinə çıxararsan, həqiqət
əvəzinə.
Bir halda ki beləsən, seçim etmək pis olmaz:
Yu çirkli əllərini,
Pilat kimi, ya da sən
İudatək özünü
yepyekə pul kisənin uzun qaytanından as.
Sevgi və Ölüm
sonetləri
Qoy
bitsin bu sevginin mənə açdığı savaş
Alov saçan, qan tökən qorxunc silahlarınla
Gör,
haçandan amansız
savaş açmısan
mənə.
Tapdağa döndüm artıq,
ayaqlarının altda,
Heyim yox, taqətim yox bir an nəfəs
dərməyə.
Lap tutaq ki, yenildim, uduzdum bu savaşda,
Nə vəd edir bəs
sənə, görən,
o zəfər tacı?
Onsuz da,
ac əsirtək mən
əyilmiş bu başla
Özgəsindən umduğum sədəqəyə möhtacam.
Sən ey zalım cəlladım!
Ey daşürək mələyim!
Bir az boşalt boynuma keçirtdiyin kəndiri -
Nəfəs dərim qoy, bir az... boğuldum, yetər, artıq!
Sonra zülmünü artır,
yenə daralt ilgəyi -
Axırda
var gücünlə son zərbəni
endirib,
Mənimlə bu savaşı
biryolluq bitir artıq.
Gənc rahibəyə vurulmaq
Tanrıların qeyzinə, qəzəbinə
tuş gələn
Tantalın rəvayəti hardan
düşdü yadıma:
Saf suların içində yazıq suya təşnədir,
Şipşirin meyvələrin həsrət
qalıb dadına.
Su içmək istəyəndə
dərhal yoxa çıxır su,
Meyvə
dolu budağa əli çatmır acanda;
Anbaan heydən salır aclıq, susuzluq onu -
Yüz illərdi, inləyir naz-nemətin içində...
Sənin
bu pritçada gördüyün öncə
nədir? -
Var-dövlətin insana verdiyi işgəncədir!
Mənsə, gənc rahibəyə
bir sevgi gördüm bu dəm:
Saf suyun, bol nemətin
böyründə dayansa
da,
Aclıqdan üzülsə də,
susuzluqdan yansa da -
O hərdən əl uzadır onlara... yalnız hərdən.
Əzab çəkməyə məhkum
fasiləsiz və müddətsiz
Hələ başa çatmayıb
qışın yazla davası:
Otlağa
dolu düşür, meşəyə qar ələnir.
Amma inadkar aprel çalır
öz havasını
-
Yavaş-yavaş hər tərəf
yaşıllığa bələnir.
Düzənliyə cumur çay, bənd-bərəni aşaraq,
O da aprel kimidir: sözəbaxmaz, inadkar;
daş-çınqılla doldurub ağzını çeşmə
qoçaq,
Dəcəl, şıltaq küləklə
xosunlaşır o ki var.
Yalnız
sonuncu qarla başa çatır bu qovğa:
Ağ örtüyə bürünür
zirvələr qışsayağı,
Badam da lovğalanır öz bahar duvağıyla...
Təkcə mənim qəlbimdə
bir çiçək
də açmadı,
Bir ot da göyərmədi, dolunun ucbatından,
Meşəm isə kül oldu, ildırımın odundan.
Qoy,
görsünlər sevgiyə
sonsuz sədaqətimi
Bu susqun iztiraba imkan verin, danışsın
-
Gör,
nə qədər lal qalıb ürəyimdə bu bədbaxt!
Qoy lap dəli olum mən, ağlım çıxsın başımdan:
Bir qazanda qaynamaz ağılla sevgi heç vaxt.
Gəmirdim daş qəfəsin
dəmir barmaqlığını
-
Zindan da
azlıq edir, dar gəlir bu zillətə.
Gözümə tor çəkəndə məhbəsin qaranlığı
Sinə
gərdim bu yolda yenə hər əziyyətə.
Mən heç zaman, heç nədə sevinc duymadım, haşa:
Mükafatsız yaşadım bir
ömrü başdan-başa,
Ölüm də qəbulumdur,
sorğu-sualsız, nə
qəm!
Amma bu son sözümü çatdırın o zalıma,
Qoy bilsin, o daşürək,
yanmasa da halıma:
Onu sevib yaşadım, sevərək də ölürəm.
Ətrafda hər şeyin
ölümü xatırlatdığından
söz açan sonet
Baxdım
doğma vətənin
miskin divarlarına:
Bir zamanlar necə də möhkəm dayanmışdılar!
Keçib-getmiş günlərin ağır
tapdağı altda
Çoxdan uçub-dağılmış, xaraba qalmışdılar.
Çölə baxıb nə gördüm: günəş
içir bayaqdan
qışın qar-sazağından xilas
etdiyi çayı;
Dağlar
arasındakı dar keçiddə nahaqdan
gözləyirdi sürülər günəşdən
şəfəq payı.
Evə girib nə gördüm:
ötüb-keçən günlərin
miskin kölgəsi qalıb hər küncdə, hər bucaqda;
Keçmişlə cəngə çıxan qılıncım
da yenilib,
Çomağım da əyilib, təslim
olmuşdu çoxdan.
Gözümə dəyən hər
şey sanki mənə haçandı
burda meydan sulayan ölümdən söz açırdı.
Lal məhəbbət
Gözlər! Heç vaxt sevginin sirrini faş etməyin!
Susqun dildir qoruyan onu hər cür
bəladan.
Nə qədər kamildisə məhəbbəti ürəyin
-
Bir o qədər dərindir ürəkdəki yara da.
Qadağaya baxmayıb gözdən
yaş axsa, hərdən,
Dərhal
qurudar onu əzab çəkən lal ürək.
Əzabkeşlik yanğısı imkan
verməz ki bir dəm
Gözlər pozsun bu əhdi, acı yaşlar tökərək.
Çəkdiyiniz əzabın önündə
baş əyərək,
Qoruyun qəlbinizdə onu göz bəbəyitək
-
Təsadüfən, kiməsə, açmayın
bu sirri siz.
Onsuz da əlçatmazdır vüsal,
sevgidən ötrü,
Qoy, qorusun bu sirri
sevən qəlbin xətrinə
lal diliniz, bir də
ki qupquru kipriyiniz.
Aşiqin dincliyi yox
Dinclik,
can rahatlığı hamının
arzusudur,
Sığınmağa yer gərək, yuva gərəkdir ancaq:
Quşdan
ötrü - havadır,
balıqdan ötrü
- sudur,
Salamandra üçün oddur bu sığınacaq.
Yalnız
öləndə tapır
öz dincliyini insan -
Qara torpaqlar altda unudur dərdini də;
Amansız əzablara məhkum
kimi doğulan
tək mənəm ki, çəkirəm
bunların dördünü
də:
Gözlərim qan ağlayır
axıtdığım şor
sudan,
Dilimdən qopan ahlar dəlir-deşir havanı,
Ayağım yağır olub
torpağı şumlamaqdan,
Ürəyim də, canım
da daim od tutub yanır.
Aşiq öz giley-güzarını
dilə gətirməklə Lisidanı
sonrakı
peşmançılıqdan qorumağa
çalışır
Çoxdandı, taleyimdən ölüm
diləyirəm mən:
Həyat
mənə, Lisida, ölümdən zordu deyə;
Heç
vaxt sevilməsəm də, yenə peşman deyiləm
könül verdiyim üçün
bu ümidsiz sevgiyə.
O incə nəzərini göydə tutdum, Sirena:
Baxışın işıqlanır qaraldıqca
bu yarğan...
Çox
nahaq bağladılar məni bu miskin dora -
Sən gəmini səsinlə qəzaya uğradanda.
Məhv
olub gedərəm mən, ötən hər saat ancaq
Sənin
də baharını saraldıb-solduracaq.
Günbəgün solub-gedən sonsuz
gözəlliyindən
Axırda
heç nə qalmaz yaddaşında kimsənin -
Daha kömək eləməz heç bir sevginin gücü
Keçmiş təravətini bir
də qaytarsın sənin.
Lirik letrilya
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin
içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin
də.
Gözəllik havasıyla bu cür qürrələnməyin
nə mənası var axı?
Uzun çəkmir arası doğulmaqla ölməyin
-
açılmaqla solmağın.
Elə
o solduğun gün
həyatın rəngini də,
ölümün cəngini
də
Öz gözümüzlə görüb
heç
bilmədik neyləyək:
ağlayaq, yoxsa gülək?
Gözəllik tez tükənir
-
uzağı, sübh çağından
qüruba qədər
çəkir;
Solur göz baxa-baxa -
sonra da yoxa çıxır, geri dönmür bir daha.
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin
içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin
də.
Di, bəsdi, çox öyünmə -
yığdı məni boğaza
sənin müştəbehliyin;
Çox
da sinənə döymə
-
hamısından gözəlsən, amma
qulaq as, deyim:
Heç
macal da tapmadan
sökülən dan yerinin bələyindən
çıxmağa,
Görərsən, göz açmadan
gecənin kəfəninə bürünmüsən
sən daha.
Sənin
bu şahlığının
ömrü qısadır,
qısa,
hər cür otdan-alaqdan;
Şahanə çiçəklərə yer yoxdu aramızda!
-
sırğa elə qulaqda.
Ömrün gödəkdir, gödək
-
adi gül də, çiçək də,
sarmaşıq da, biyan
da
başını yellədərək,
altdan-altdan qımışır, baxıb, gülür bayaqdan.
Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə
adsız-sansız güllərin, çiçəklərin
içində?
Sabah bir-bir dönəcək tikanlı iynələrə
bu gün sənin gur açmış incə ləçəklərin
də.
Tərcümə: Mahir N.QARAYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.30-31.