İspaniyalı yazar: "Hələ də Kantı
oxumadığım üçün utanıram"
Xavier Mariasın müsahibəsi
İspaniyalı yazıçı,
tərcüməçi Xavier Marias (Javier Marias) 20 sentyabr
1951-ci ildə anadan olub. Mariasın 15 romanı nəşr edilib.
Romanlardan əlavə, o, üç
hekayələr toplusu və
müxtəlif esselər də nəşr etdirib.
İspaniyanın ən məşhur romançılarından biri kimi,
onun kitabları 43 dilə tərcümə edilib və
beynəlxalq miqyasda, təxminən 9 milyon satış
edib.
İşlərinə görə, Romulo Qaleqos Mükafatına
(1995) Beynəlxalq IMPAC Dublin
Ədəbi Mükafatına
(1997), Beynəlxalq Nonina Mükafatına
(2011) və bu kimi bir neçə mükafata layiq görülüb.
Yazıçı 11 sentyabr 71-ci doğum gününə 9 gün qalmış
Koronavirus xəstəliyindən (COVID-19) Madriddə vəfat edib.
İspan yazıçısı Eduardo Mendoza Mariasın ölümündən sonra onu İspaniyanın ən yaxşı
yazıçısı və qadın personajları
ən yaxşı yazan biri kimi xarakterizə edib.
Yazarın mütaliə
vərdişləri və
zövqündən bəhs edən müsahibəsini təqdim edirik.
- Yataq otağınızdakı oxu masanızda hansı kitabları saxlayırsınız?
- Patrik Radin Kifinin "Heç nə demə" ("Say Nothing"), Con Mid Folknerin yeniyetməliyimdə ilk dəfə oxuyanda çox sevdiyim və o gündən bəri həmişə yenidən oxumaq istədiyim "Ay donanması" adlı maraqlı romanının yeni nəşri. Maraqla və bir az da təşvişlə gözlədiyim Corc Sondersin "Linkoln Bardoda" əsəri. Cüzeppe Tomasi di Lampedusanın "Viaqcio Avropada" adlı bioqrafik əsəri. Eyni yazarın "Bəbir" romanı da sevdiyim kitablardan biridir, ümumiyyətlə Lampedusanın yazdığı hər şeyi oxuyuram. Bir də Mişel de Montenin "Esselər"ini başdan-sona qədər yavaş-yavaş yenidən oxuyuram.
- Son oxuduğunuz möhtəşəm kitab hansıdır?
- Hələ bitirməsəm də, "Heç nə demə", həqiqətən, gözəl kitabdır. Oxuyarkən, bəzən, dəhşətə gəlirəm, bəzən də valeh oluram. Əsərin sloqanı "Şimali İrlandiyada cinayət və yaddaş haqqında real hekayə"dir... Mənə elə gəlir ki, hekayə "Basklar ölkəsində cinayət və yaddaş" (Basklar ölkəsi İspaniyada yerləşən muxtar regiondur. - tərc.) da ola bilərdi. Bilirsiniz, biz ispanlar 40 ildən çox ETA separatçı təşkilatının terroruna məruz qalmışıq.
- Bu yaxınlarda ilk dəfə
oxuduğunuz klassik
roman olub?
- Roman yox, amma mən
Şatobrianın "Məzarın
o tayından xatirələr"
əsərini indiyədək
oxumamışdım. Şah
əsərdir, göz
qamaşdıran.
- Heç kimin adını eşitmədiyi
kitablar arasında ən çox sevdiyiniz hansıdır?
- "Heç kim adını belə eşitməyib" demək
böyük danışmaq
olar, amma Riçard Hyusun yazdığı "Yamaykada
güclü külək",
nədənsə, o qədər
də tanınmır,
əslində Konraddan
sonra yazılmış
ən yaxşı Konradvari romandır. Ser
Tomas Braunun "Hidriotafiya"
əsəri də o qədər də məşhur deyil. Braun dövrünün Vinfrid Georq Sebaldıdır. İllər əvvəl bu əsərin ingilis dilində ən yaxşı əsərlərdən biri
olduğunu düşünüb,
ispan dilinə tərcümə etmişdim.
- Yaşayan romançılar,
dramaturqlar, tənqidçilər,
jurnalistlər, şairlər
arasında ən çox kimi bəyənirsiniz?
- Deyəsən, müasirlərimi
oxumuram. Onilliklər ərzində özümü
"yeniləməyə" çalışdım, ancaq
məhdud vaxtımı
boş yerə sərf etdiyimi başa düşdüm.
Amma Çarlz Simiç
və Adam Zaqayevskinin poetikasına heyranam. Alis Munroya çox
heyranam. Patrik Modiano (İspaniyada ilk dəfə
1980-ci illərdə mənim
tövsiyəmlə nəşr
olunub) və Culian Barnsa heyranam.
Tarixçi Antoni Bivora
heyranam. İndi xatırlamadığım
bir çox başqa adamlar var, əlbəttə ki.
- Kitab üzərində işləyərkən,
nələr oxuyursunuz?
Yazarkən, nələri
oxumaqdan çəkinirsiniz?
- Adətən, yazdıqlarımla
əlaqəli şeyləri
oxuyuram. Bunlar araşdırma materialları
deyil, romanımın mövzusu və ya "ruhu" ilə bağlı şeirlər olur. Şekspirdən Kitsə, Eliotdan Uilfred Ouenə, Lope de Veqadan Maşadu di Asisə qədər uyğun hesab etdiyim hər
kəsi. Müasir müəlliflərin romanlarından
uzaq qalmağa meyilliyəm. Məni narahat etdikləri üçün yox, sadəcə, diqqətini yalnız öz romanına cəmlədikdə,
bu müddət ərzində dünyadakı
yeganə kitabın sizinki olması kimi axmaq fikirlə
yaşamalısınız. Bəli, bilirəm, bu, həqiqətən, axmaq fikirdir və praktik olaraq mümkün deyil.
- Son dövrlər bir kitabdan öyrəndiyiniz ən maraqlı şey nədir?
- Öyrəndim ki, biz öz
iradəmizə çox
güvənirik. Halbuki
çox da ümidlənməmək
lazımmış. Bunu
Stiven Runsimanın
"Konstantinopolun süqutu:
1453" əsərini ildə
cəmi iki kitab çap edən təvazökar nəşriyyatım
"Redonda"da çap
etdirdikdən sonra öyrəndim.
- İspan ədəbiyyatı
haqqında daha çox öyrənmək
istəyənlərə hansı
kitabları tövsiyə
edərdiniz?
- Mən milli ədəbiyyatlara
inanmıram. Yazdığınız
dil önəmlidir, amma ədəbiyyata gələndə ikinci plandadır. "İspan ədəbiyyatı" deyə
bir şey yoxdur. İspaniyadan Servantesdən Xuan Benetə,
Kevedodan Lorkaya, Xorxe Manrikedən Antonio Maçadoya, Lazarillo de Tomresdən Valle İnclana
qədər böyük
yazıçılar var, lakin
onların hər biri digərlərindən
çox fərqlidir. Açığı, özümü
həmyerlilərimdən çox,
başqa ölkələrin
yazıçılarına daha yaxın hiss edirəm.
- Bir ədəbiyyat əsərində
sizi ən çox təsirləndirən
nədir?
- Yaxınlıq. Hərdən
oxumağa fasilə verirəm və öz-özümə bunu
deyirəm: "Bəli,
nə qədər doğrudur, tam olaraq belədir. Bunu bilirdim, amma əlimdəki kitabı oxuyana qədər də bildiyimi bilmirdim".
- Xüsusilə, hansı janrları oxumaqdan zövq alırsınız?
Hansıları oxumaqdan
çəkinirsiniz?
- Bədii ədəbiyyatdan
zövq alıram, amma qorxulu hekayələr
ən zəif yerimdir. Bəzən də tarix, şeir və fəlsəfə oxumağı
sevirəm. Baxmayaraq
ki, bu günlərdə
doğru-düzgün fəlsəfə
kitabları da yazılmır.
Həddindən artıq
dialoq olan və sakit oxumaq
mümkün olmayan pyesləri çox oxumuram. Şikayətlər
və xırdalıqlarla
dolu olduğunu anladığım gündən
bəri müasir xatirələrdən, gündəliklərdən
də uzaqlaşıram.
Bir çox insan özünü qurban kimi görməyi sevir.
- İnsanlar sizin kitab rəfinizdə hansı kitabı tapıb təəccüblənə bilər?
- Enid Blaytonun kitabları, yaxud Pelam Qrinvil
Vudhausun kitablarını.
Futbolla bağlı kitablar da ola bilər. Açığı, mən
eklektik və macəraçı oxucuyam.
- İndiyə qədər hədiyyə olaraq aldığınız ən
yaxşı kitab hansıdır?
- Cozef Konradın imzaladığı və
içində öz əlyazması ilə yazılmış məktub
olan "Səyyah"
kitabı. Məktub belə bitir: "Mənimlə dost olsanız,
qarşınızda danışa
biləcəyiniz ağlı
başında bir insan tapacaqsınız..."
Bu xoşuma gəldi. Ayrıca onun bu kitabı bir neçə saniyəliyə də olsa, əlində tutmuş olması fikri də mənim
xoşuma gəlir.
- Uşaqlıqda necə oxucu idiniz? Sevərək
oxuduğunuz kitablar hansılar olub?
- Çox uşağın oxuduqlarını oxumuşam
mən də; Jül Vern, Stivenson, Salqari və Dümanın macəra romanlarını. Riçmal
Kromptonun "Sadəcə
Vilyam" hekayələri
məni yazıçı
olmağa təşviq
edib. Enid Blayton. Bir çox
cizgi romanlar. Məsələn, "Rip Kirby" ən sevdiklərimdəndi.
- Tutaq ki, ədəbiyyat xadimlərinin iştirakı
ilə şam yeməyi verirsiniz. Ölü, ya da diri, hansı üç yazıçını
dəvət edərdiniz?
- İstədiyim son şey ədəbiyyat haqqında
danışmaqdır, buna görə
də mehriban, komik və hazırcavab
olan yazıçıları
dəvət edərdim.
Məsələn, Karen Blinksen
kimi daha çox tanınan İsak
Dineseni, Mark Tveni, Lorens Sterni. Qorxuram ki, hamısı ölü yazarlar oldu.
- Özünüzü hansı
məyusedici, pis hesab edilən, yaxud çox şişirdilmiş kitabı
oxumağa, sevməyə
məcbur hiss etmisiniz,
amma yenə də bəyənməmisiniz?
Yarımçıq qoyduğunuz
son kitabı xatırlayırsınız?
- Coysun "Ulis" romanını.
Düşünürəm ki, bu kitab köhnə realizmin zirvəsidir və öz dövrü üçün
də qətiyyən
yeni bir şey deyil. Bəzi yerləri çox yaxşıdır, amma ümumi götürəndə,
həddindən artıq
şişirdilib. "Dublinlilər"ə
üstünlük verirəm.
Knausqor var bir də. "Mənim mübarizəm"in 300 səhifəsini
çətinliklə oxuya
bildim. Kitabın ümumi həcmini nəzərə alsaq, o qədər də çox deyil. Amma yenə də 300 səhifə 300 səhifədir.
Bunu dediyim üçün üzr istəyirəm, amma bir nöqtədən sonra artıq davam edə bilməyəcəyimi hiss etdim.
Vaxtımı yenidən
Prust oxumağa sərf etmək istəyərdim.
- Həyat hekayənizi kimin yazmağını istərdiniz?
- Mümkünsə, heç
kim yazmasın. Əslində, özüm
də yazmaram. Bunun mənim üçün heç bir mənası yoxdur, maraqlanmıram. Sadəcə,
qeyri-adi, təəccüblü
həyatlar haqqında
oxumaq maraqlıdır.
Həyatınız sizin
üçün maraqlı
ola bilər, amma başqaları bunu laqeydliklə dinləyəcək.
Çox darıxdırıcı
şeydir bu.
- Hansı kitabları təkrar-təkrar oxuyursunuz?
- Şekspirin pyeslərini. Məni ruhdan salmaq əvəzinə, daha çox yazmağa təşviq edir. Eliot və Rilkenin şeirlərini.
Konrad və Henri Ceyms heç vaxt məyus etmir, Prust da. Həə, Lampedusanın da o tək romanı...
- Hələ oxumadığınız
üçün utandığınız
yazıçılar və
kitablar hansılardır?
- Belə həddindən çox kitab var. Mən hələ Tit Livini oxumamışam. Hələ
də Kantı oxumadığım üçün
utanıram. Primo Levini
oxumamışam. "Orlando"nu
oxumamışam. Oxumalı
olduğuma əmin də deyiləm. Dostoyevskini də çox oxumamışam. Onu bəzən çox yazıq hesab edirəm.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.32.