Şuşanın ayaqları
Hekayə
Şəhid Analarına -
Şəhid
Analara ithaf olunur...
- Ata, sənin ayaqların
hanı?
- Şuşaya vermişəm,
oğlum.
- Şuşanın öz ayaqlarına nə olub ki, sənin
ayaqlarını alıb?
- Şuşanın ayaqlarını
düşmənlərimiz kəsmişdi,
yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim.
- Bəs Salman əminin
qolları hanı?
- O da qollarını verdi Şuşaya, oğlum.
- Ata, Elmaz əmi də gözlərini
verib Şuşaya, eləmi?
- Hə, ağıllı balam.
- İndi
Şuşa həm
görür, həm yeriyir, həm də qolları var?
- Hə, igid oğlum,
indi Şuşanın həm ayaqları, həm güclü
qolları, həm də görən gözləri var.
- Ata, mən də böyüyəndə
əsgər olacağam, Şuşanı elə qoruyacağam
ki, düşmənin gücü çatmayacaq.
- Qorumalısan, oğlum, təkcə Şuşanı deyil,
bütün Azərbaycanı qorumalısan! Atanın, əmilərinin
ayağını, qolunu, gözünü verdiyi, Şəhidlərimizin
ürəyini verdiyi torpaqlarımızı elə
qorumalısan ki, düşmən bizi bir də ayaqsız,
qolsuz, gözsüz qoymasın...
***
...Azər
oğlunun kiçik toyuna hazırlaşırdı.
Toyxananın bir tərəfi döyüş yoldaşları,
o biri tərəfi isə qonşular-qohumlar üçün nəzərdə
tutulmuşdu. Bu toy təkcə bir evə yox, bir elə səs
salacaqdı. Bu toyu ailə otuz ildən çox idi ki, gözləyirdi...
...Azər evin tək oğlu idi.
Atası Niyaz Birinci Qarabağ döyüşlərində
şəhid olmuş, anası Aləmzər oğlunu
birotaqlı daxmada tək böyütmüşdü. Əri
şəhid olandan sonra Aləmzərə çox yerdən
elçi düşmüş, heç birinə
razılıq verməmiş, - "Oğlu atalıq
yanında böyüsə, Niyazın goru çatlayar" -
demişdi.
Aləmzər oğlunu həkim
görmək istəsə də, Azər
orta məktəbi bitirən kimi sənədlərini hərbi
akademiyaya verdi. Akademiyanı başa vurandan sonra leytenant
rütbəsi ilə doğulduğu kəndin
yaxınlığındakı hərbi hissədə işə
başladı.
...Aləmzərin ən böyük arzusu
oğluna dillərə dastan olacaq toy məclisi qurmaq idi. Bu toy
onun həyatının ilk mərəkəsi olacaqdı.
Niyazla Aləmzərə toy qismət
olmamışdı. Qızının "Yetim Niyaz"a
qoşulub qaçdığını eşidən ata ondan
imtina etmişdi. Min bir əziyyətlə ev olan ailə,
oğulları Azərin kiçik toyunu, həm də öz
toyları kimi keçirəcəklərini arzu etsələr
də, müharibə onların istəyini gözlərində
qoymuşdu. Şəhid balası Azərin el-obaya yayılacaq
kiçik toyunun səsi cəmi beş-on qonşunun qulağına
çata bilmişdi...
***
- Bala,
şükür, oxudun qurtardın, daha əlin çörəyə
çatır. Mənim gözümü yollardan yığ, gəlin
görmək, nəvə qucaqlamaq istəyirəm, - Aləmzər
qara yaylığının altından boylanan ağ
saçlarını gizlətməyə
çalışdı.
- Ana, necə istəyirsən,
elə olsun.
- Razısan, eləmi? -
ananın gözləri yaşardı.
- Razıyam, - Azər
anasını qucaqladı. - Razıyam, ana, dayıgildə
toyda göstərdiyin qıza elçi get.
- Dilbərin qızınamı,
Ceyhunəyə?... - Ananın xəzan
vurmuş yanaqlarında güllər açdı sanki... -
Ceyhunə çox yaxşı qızdı. Müəllim
olandan bu yana qapılarına on yerdən elçi
düşüb, hamısına "yox" deyib. Hiss edirəm
ki, onun da sənə könlü var, Dilbər də neçə
dəfə anşırdıb...
***
Aləmzərin
sevinci göyə, əl-ayağı yerə
sığışmırdı, oğlu Azər evlənirdi.
Toy ananın arzuladığından fərqli olaraq sakit
keçdi. Oğlu belə istəyirdi.
- Ana, atam və atam kimi minlərlə
oğul bu torpaq uğrunda canını fəda etdi. Ordunun
yeni-yeni formalaşdığı, silah-sursatımızın
olmadığı bir dönəmdə o oğullar
düşmən üzərinə əliyalın getdilər.
Elə oğulların ruhu hələ də azad deyil, ana. Azərbaycanın
coğrafiyasına edilən təcavüz, həm də onun
dilinə, dininə, mədəniyyətinə ağır zərbədir.
Qərbi Azərbaycandan didərgin düşənlər,
qarabağlı qaçqınlar, Kəlbəcər
köçkünləri öz torpaqlarından
uzaqlaşdıqca mədəniyyətindən, folklorundan, adət-ənənəsindən
ayrılır. Bu insanlar zaman-zaman özlərindən
uzaqlaşır və biz bütövlüyümüzü
itiririk. Bakıda böyüyən birisi Göyçə
boğazı üstündə sazı, yaxud da Qarabağ
muğamı üstündə sözü dilləndirə biləcəkmi?
20 Yanvar olayını sinirdik. Çünki, bu,
azadlığımız uğrunda mücadiləmiz idi.
Qurbanlar verərək müstəqilliyimizə qovuşduq. Bəs
Xocalı faciəsi nə demək idi? Bütün
dünyanı lərzəyə gətirən, taleyinə isə
hamının göz yumduğu Xocalı?.. Ondan sonra ard-arda itirilən
torpaqlar... Belə bir zamanda mən necə toy edim, ana? -
demişdi oğul.
- Bala, rəhmətlik Niyazın da arzusu övladına
çal-çağırlı toy etmək idi...
- Bu, atamın ən
böyük arzusu olsaydı, bizi qoyub döyüşə getməzdi,
ana. Atam torpağını, vətənini səndən-məndən
çox sevirdi. Mən onun yarımçıq qalmış
arzusunu həyata keçirməliyəm. İşğalda olan
torpaqları azad edəndən, ölkədəki əmin-amanlığa
nail olandan sonra sənin ürəyin istəyən
mağarı qurduracağam.
- Bıy, ay bala, yenidən
toy edəcəksən?
- Niyə ki, ana, oğul toyu edərəm,
inşallah!
- İnşallah, bala, Allah o
günü yetirsin. Ancaq gözləməyə mənim
ömrüm çatacaqmı? - ana kövrəlmiş halda
soruşmuşdu.
- Az qalıb, ana. İndi ordumuz əvvəlki ordu
deyil. İndi dünyanın ən güclü ordusu, ən
müasir silah-sursatı bizdədir. Hər şey yaxşı
olacaq.
- Müharibə olacaq, bala? - ana qorxaraq soruşmuşdu. - Müharibə
olmasın! Müharibə dəhşətdir. Ay bala,
dünyanın o başında bir uşaq evsiz qalırsa, bu
başındakı minlərlə ana ev-eşiyində
üşüyür, bir uşaq ac-susuzsa, minlərlə
ananın yediyi-içdiyi boğazında qalır. Oğul,
müharibələrə imza atılanda ilk olaraq anaların qətlinə
fərman verilir. Müharibədə döyüşən də,
yaralanan da, Şəhid olanlar da analardır. Müharibə
olmasın! Olmasın, bala! Düşmənimin də balası
ölməsin...
- Ana, erməninin anası sənin
kimi demir, öldürməyi öyrədir oğluna...
- O ana deyil, bala. Heç bir ana kiminsə balasına
ölüm arzulamaz.
- Müharibə olmasa, sülh də olmaz, ay ana! Onlar susmur. Tez-tez
atırlar. Gör atəşkəsdən sonra nə qədər
itkimiz olub. Əlbəttə, bu, belə davam edə bilməz.
Onlar torpağımızı xoşluqla qaytarmazlar, ana.
Qaytarsalar belə, Şəhidlərin tökülən
qanı necə olacaq, onları da qaytaracaqlarmı?
Torpağım işğalda ola-ola necə şadlanım,
olanlara susaqmı, ana?
- Eh, ay bala... - ana dərindən nəfəs
almış, - Sən elə bir kişinin qanındansan ki...
Allah arzularına çatdırsın, atanın qanı yerdə
qalmasın... - deyərək, susmuşdu...
***
İyul
hadisələri bütün ölkəni silkələdi...
Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin
düşmən tərəfindən atəşə tutulması
nəticəsində Azərbaycan Ordusunun yüksəkrütbəli
hərbçi və əsgərlərinin şəhid
olması xəbəri xalqı ayağa qaldırdı. Xalq
milli birlik və həmrəylik nümayiş etdirərək,
- "Ya Qarabağ, ya ölüm!" - şüarları ilə
Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan
etdi.
27.09.2020.
Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət
etdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri
bir neçə istiqamətdən müxtəlif növ
silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə
edərək bizim yaşayış məntəqələrimizi,
eyni zamanda, hərbi mövqelərimizi atəşə
tutmuşdur. Düşmən atəşi nəticəsində
mülki əhali və hərbçilərimiz arasında
itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət
eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan
Ordusu hazırda düşmənin hərbi mövqelərinə
atəşlər, zərbələr endirir və bu zərbələr
nətcəsində düşmənin bir çox hərbi
texnikaları sıradan çıxıb. Bu, erməni
faşizminin növbəti təzahürüdür...".
28.09.2020.
Azər Hüseynov Azərbaycan ordusunun sıralarında
döyüşürdü. Toplar atılır, göydən mərmilər
yağırdı... düşmən tərəf dayanmadan
itkilər verir, çox sayda canlı və cansız qüvvəsi
ordumuz tərəfindən zərərsizləşdirilirdi.
Leytenant
Azər Hüseynovun başçılıq etdiyi taqım
alınmaz qala adlandırılan Füzuli yolunu ələ
keçirmişdi.
Ön cəbhədəkilər rəşadətlə
irəliləyir, arxa cəbhədəkilər
isə ordusuna dayaq olurdu. Təqaüdçülər təqaüdünü,
iş adamları əmək haqlarını, ölkə kənarında
yaşayan vətən oğulları qazanclarını ordunun
hesabına keçirirdi. Ana-bacılar corablar toxuyur, yeməklər
hazırlayır, sovqat tutaraq əsgərinə göndərirdi.
Müharibəyə yaşı çatanlar da, çatmayanlar
da hərbi komissarlıqların qarşısında sıraya
dayanır, döyüşə getmək üçün
israr edirdilər.
...Çaşqınlıq
içərisində olan xalq müharibənin
başlanmasına hələ də inanmaq istəmirdi. Cəbhədən
gələn xoş xəbərlər hamının ürəyincə
idi. Nəhayət, otuz ildən sonra Azərbaycan qələbə
sevincini yaşayırdı. İnsanlar üçrəngli
bayraqların fonunda küçələrə
axışır, tanıdı-tanımadı, bir-birini təbrik
edir, bağrına basırdı. Ellikcə sevinir, ellikcə
gülürdü xalq. Birinci Qarabağ döyüşlərində
Şəhid olanların, itkin düşənlərin ruhu illərdir,
qara bağlayan ana-bacılara, boynubükük atalara qoşulub
süzürdü sanki. Kimi Şəhid məzarına, kimi
itkin fotosuna, kimi atasız böyüyən balalara muştuluq
verirdi. Ancaq kimsə müharibənin başlanmasının fərqində
deyildi. Bu həqiqət arxa cəbhəyə ilk Şəhid
tabutu gələndə üzə çıxdı...
Ermənistanla 44 gün davam
edən müharibə ərzində Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı və Şuşa şəhəri
işğaldan azad edildi.
Dünya
heyrət içərisində
idi. Otuz ildən çoxdur
silahlanmış, havadarlarına sığınaraq ordusunu
gücləndirmiş Ermənistanın xəyalları cəmi
44 günə puç olmuşdu. Moskvada imzalanan müqaviləyə
əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat
01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi
zonasında atəşin və hərbi əməliyyatların
tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin
Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki
Azərbaycan ərazilərindən çıxarılması
və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın
qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşasının təmin edilməsi
elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də
Kəlbəcər, dekabrın 1-də Laçın
rayonları azad edildi.
15.12.2022-ci
il. Şuşa döyüşlərində ağır
yaralanaraq hər iki ayağını itirmiş Azər Hüseynov
xəstəxanadan evə buraxıldı.
***
16 aprel
2022-ci il. Aləmzər nəvəsi Aqilin kiçik toyuna
hazırlaşırdı. Ananın bəmbəyaz
saçları xınalanmışdı. Qadın ərinin
şəhadətindən sonra əynindən
çıxarmadığı qara paltarı soyunmuş, al rəngli
əlbisə geyinmişdi. Ana sevinirdi. Əri Niyazın və
Niyaz kimi minlərlə şəhidin qanı yerdə
qalmamışdı. Onların arzusunu övladları həyata
keçirmiş - Qarabağ azadlığına
qovuşmuşdu.
...Ana əlil arabasındakı oğluna və oğlunun qənşərində
dil-boğaza qoymayan nəvəsinə qürurla baxdı:
- Ata, mənim toyuma Salman əmi
də gələcək?
- Əlbəttə, oğlum.
- O necə oynayacaq, axı,
qolları yoxdur?
- Onun
yerinə Şuşa oynayacaq, bütün şuşalılar,
azərbaycanlılar oynayacaq.
- Bəs Elmaz əmi sünnət paltarımı necə
görəcək?
- Onun da yerinə
Şuşa görəcək, şuşalılar,
bütün Azərbaycan görəcək.
- Ata, o qədər qonaq evimizə
sığışacaqmı?
- Sığışacaq, oğlum.
Bax, bizə dövlətimiz necə gözəl ev verib. Bu evə
hamımız sığışarıq. Sevgi və birlik, ən
əsası da, həmrəylik harda varsa, o yer dünyanın
ucsuz-bucaqsız Cənnətidir. Sənin böyük toyunda isə
qonaqlarımız daha çox olacaq - Təbriz Göyçəyə
- Göyçə Təbrizə qarışacaq...
İradə Aytel
Ədəbiyyat qəzeti.- 2023.-14
oktyabr, ¹39.- S.29.