“Dahilərin
iş rejimi” kitabından seçmələr
Əvvəlcə Meyson Karrini tanıyaq
Amerikalı yazar və redaktordur. Pensilvaniya ştatının Hounsdeyl
şəhərində doğulub.
Eşvildəki Şimali
Karolina Universitetindən məzun
olduqdan sonra ən müxtəlif nəşriyyatlarda redaktor,
icraçı redaktor
və baş redaktor kimi fəaliyyət
göstərib. "Slate" və "Metropolis" dərgilərində
məqalələrlə çıxış
edir. Kolumbiya Universitetinin naşirlik kursunda ixtisası üzrə təkmilləşmə
təhsili alıb.
2013-cü
ildə işıq üzü görən
"Dahilərin iş
rejimi" adlı kitabı indiyədək
17 dilə çevrilib
və 100 min ədədlik
tiraj tezliklə satılıb, tükənib.
Haqqında The New Yorker, The Guardian, The Wall
Street Journal və The Believer kimi nüfuzlu nəşrlərin müsbət
rəy çap etdiyi bu kitab NPR versiyası üzrə
"İlin kitabı"
elan olunub.
Kitabda keçmiş dövrlərdə
yaşamış və
müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın,
filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub.
Mövzuya böyük oxucu
marağını nəzərə
alan Meyson Karri 2019-cu ildə "Məşhur qadınların iş rejimi" başlığı
altında özünün
ikinci kitabını oxucuların ixtiyarına verib. Bu kitabda o, 143 qadın yazarın, rəssamın, musiqiçinin
və digər elm-sənət sahələrini
təmsil edən qadınların yaradıcı
fəaliyyətinin özəlliklərindən
söz açıb.
Frans
KAFKA
(1883-1924)
1908-ci ildə Kafka Praqadakı bir sığorta şirkətinə işə
girdi və bu sayədə o dövrdə çoxlarının
arzusunda olduğu
"təknövbəli" işdə çalışmağa
başladı. Yəni
o, səhər saat səkkiz və ya doqquzdan gündüz
saat ikiyə və ya üçə
kimi ofisdə bulunacaqdı - yəni iş barədə bəxti gətirmişdi, çünki əvvəlki
iş yerində o, uzun saatlar boyu
çalışması hələ
bir yana dursun, işdən sonra da ofisdə bir xeyli ləngiməli
olurdu. Ancaq buna rəğmən də,
Kafka daima gərgin şəraitdə yaşamağa
adətkar idi, üstəlik, ailəsiylə
darısqal mənzildə
məskunlaşması onun
yalnız gec saatlarda yazı-pozuya köklənməsinə imkan
verirdi.
1912-ci ildə Kafka sevgilisi Felisiya Bauerə yazırdı: "Vaxtım
hədsiz dar, gücüm yetərsiz, altına girdiyim iş isə xeyli ağırdır, evdə də səs-küydən qulaq tutulur: əgər qismətimdə normal və
rahat bir həyat yoxdursa, deməli, mən hər cür fürsətdən imkan daxilində faydalanaraq çalışmağa məcburam".
Elə həmin məktubda o, öz iş rejimini belə təsvir etmişdi:
"Səhər saat səkkizdən ta ikiyə,
ya da üçün
yarısına qədər
ofisdə oluram, üçün yarısından
dördə kimi nahar fasiləmdir, nahardan sonra yer-yatağımı açıb,
səkkizin yarısına
qədər yatıram
(əslində, hər
hansı kabus-filan görmədiyim təqdirdə
bu, yuxulamaq üçün sadəcə
bir cəhddir: məsələn, bir səfər mən həftə ərzində
yuxumda hər gün, həm də bezdirici dəqiqliklə qaradağlıların
(Çernoqoriya sakinlərinin
- A.Y.) milli geyimlərini ən
xırda detallarına
qədər görməyə
sanki məhkum olmuşdum). Bunun ardınca
açıq pəncərənin
qarşısında, həm
də çılpaq halda 10 dəqiqə boyu gimnastika edir, sonra ya
təkbaşına, ya
da Maks Brod və ya bir
başqa dostumla gəzintiyə çıxıram.
Bundan sonra ailəmizlə şam süfrəsinə yığışırıq
(üç bacımdan
biri artıq ərə gedib, digəri nişanlıdır,
üçüncü bacımı
isə mən digərlərindən daha
çox sevirəm). Yeməkdən sonra masa arxasına keçib, gücüm, şövqüm
yetənə, özümü
bəxtəvər sanana
qədər yazıram.
Adətən gecə saat birə, ikiyə, üçə qədər davam edən bu iş
bir dəfə hətta səhər altıyacan da sürmüşdü.
Sonra təkrar yuxarıda təsvir etdiyim şəkildə gimnastikaya
başlayır, amma bu səfər özümü sən deyən də yormuram, əlbəttə.
Ardınca yuyunub, yatağıma uzandığım
zaman ürək nahiyəmdə
və səyriyən qarın əzələlərimdə
xəfif ağrılar
hiss edirəm. Sonrakı
müddətdə yuxulamaq
cəhdlərim əsl
müşkülə dönür,
çünki iş-güc
qayğıları ucbatından
yuxu aləminə dalmam imkansız görünsə də, mən o müşkülü
hər vəchlə
asana çevirməyə çalışıram
(Tanrı isə biz bəndələrin qarşısına
hələ bir də röya görmədən uyumaq tələbini qoyub).
Bütün bunlarla yanaşı,
həllinin imkansız
olduğunu dəqiq bildiyin xüsuslarla bağlı da mən müəyyən təxminlər
yürütməliyəm: məsələn,
görəsən sabah
Sizdən növbəti
məktub gələcəkmi,
əgər gələcəksə,
onda saat neçədə? Bu səbəbdən
də mənim gecə saatlarım əvvəlcə çalışma,
sonra isə yuxusuzluq mərhələlərindən
ibarət olmaqla, iki qismə ayrılır və indi bütün bunlar barədə əgər sizə söz açmağa başlasam, hər halda bu məktub
heç vaxt bitməz".
Ceyms COYS
(1882-1941)
İrlandiyalı bu romançı
bir dəfə özünü bu cür xarakterizə eləmişdi: "Mən
nəcibliyə çox
da can atmayan, gözlənilməz
davranışlara və
əyyaşlığa düşkün
birisiyəm".
Gündəlik həyatında o, həqiqətən
də nə özünə nəzarətə,
nə də hər hansı rejimə riayət eləyən bir insan idi. Əlbəttə,
bunun əksini etməyə məcbur qalmadığı məqamları
çıxmaq şərtiylə.
Yuxudan xeyli gec, haradasa günortaya
yaxın oyanan Coys düşünürmüş
ki, "beyninin tam işlək
vəziyyətdə olduğu"
həmin vaxtı o, yaradıcılığa və
ya peşəkar fəaliyyətiylə bağlı
hansısa işlərə
sərf etməlidir, yəni sırf çörəkpulu xətrinə
ingilis dili və fortepianoda ifaçılıq dərsləri
verərmiş. Axşam
saatlarını keçirdiyi
kafe və ya restoranlarda çox vaxt o, ta səhərəcən qədim
irland mahnıları oxuyarmış, çünki
özünün tenor tembrli
səsiylə haqlı
olaraq fəxr edirmiş.
1910-cu ildə xanımı Nora, iki övladı və daha məsuliyyətli
birisi olduğu üçün bu ailəni dəfələrlə
maliyyə sıxıntılarından
qurtaran kiçik qardaşı Stanislaus ilə
Triyest şəhərində
Coysun hansı şəraitdə yaşadığının
detalları bizə bəllidir. Həmin vaxtlar "Dublinlilər"
kitabı üçün
bir naşir axtarışına çıxan
yazar öz evində pianoda fərdi ifaçılıq
dərsləri də verirmiş. Bioqrafı Riçard Ellman onun bir gününü belə təsvir edir:
"O, saat ona doğru,
yəni qardaşı
Stanislausun qəlyanaltı
edib, evdən çıxmasından təxminən
bir saat sonra yuxudan dururmuş.
Yerindən qalxmağa
ərindiyi və bacısı Eylinin təbiriylə desək,
"hələ də
öz fikir-xəyal aləminə kökləndiyi"
üçün saat
11 tamama doğru bir fincan qəhvə
və simitlərdən
ibarət qəlyanaltısını
xanımı Nora onun yatağına gətirirmiş.
Bəzən polyak əslli dərzisi bu saatlarda ona
baş çəkirmiş,
çarpayısının kənarında əyləşərək,
durmadan hüdüləyən
bu kişini dinləyən Coysun vaxtaşırı başını
tərpətməkdən başqa
bir əlacı qalmazmış.
Saat on birə yaxın yatağından qalxıb,
təraş olduqdan sonra o, piano arxasına keçirmiş: həmin musiqi alətinin dəyərini müəyyən
təqsitlər üzrə
ödəyərkən əslində
yazar özünü gözgörəsi riskə
atıbmış. Vergi
məmurunun evə hər gəlişiylə
o, pianodakı ifalarına
vaxtaşırı ara
verməyə məcbur
qalırmış. Coysa
səslənən ev əhli məmurla necə davranacaqlarını
soruşanda, çarəsizliyə
qapılan yazar evin kandarını işğalçı ordu
kəsdiribmiş kimi:
"Əşşi, buraxın
gəlsin görüm"
deyərmiş.
Otağa
girən məmur qəbzlərin ödənməsinin
vacibliyini xatırlatdıqdan
az sonra söhbət hiss olunmadan ya musiqi, ya
da siyasət mövzuları
müstəvisinə adlayırmış.
Çağırılmamış qonağı birtəhər
başından edən
yazar təkrar piano önünə keçərmiş
və ta Nora ona: "Deyəsən, dərs-filan
yadından çıxıb
ey sənin!", ya da: "Yenə kirli köynəyi əyninə taxıbsan?!"
deyənə qədər
öz ifasına əsla ara verməzmiş.
Bu ikinci irada Coys adətən təmkinlə belə cavab verirmiş: "Onu heç soyunmayacağam da!"
Saat birdə ailə nahar süfrəsinin başında toplanırdı,
dərslər isə
14.00-dan 19.00-a və ya
daha gec saatlara qədər sürürdü. Dərs
saatları ərzində
Coys "Virginia" çeşidli
uzun siqaralar çəkirdi, fasilələrdə
isə qara qəhvə içməyə
üstünlük tanıyırdı.
Nora ilə opera və ya teatra getməkdən
ötrü həftədə
iki kərə dərsləri erkən saatda yekunlaşdırırdı.
Bazar günləri isə
Yunan pravoslav kilsəsinə aid kilsədə
dua mərasiminə qatılırdı.
Yuxarıdakı bütün bu açıqlamalar Coysun yazı prosesində boşluq yarandığı
dönəm üçün
keçərli idi.
1914-cü ildə o, "Uliss"
romanını yazmağa
girişəndən sonra
isə tamamən bu mətnə köklənib, ancaq yenə də günün məhz ikinci yarısını yazı prosesinə ayırmağından, işdən
sonra isə dostlarıyla gecədən
keçənə qədər
içki məclisi qurmağından qalmayıb.
Bir az ab-havasını
dəyişsin və yorucu iş saatlarından başı ayılsın deyə, dostlarıyla hər axşam içki içməyə onda daxili bir tələbat
yaranıbmış. (Bir dəfə
iki gün sürən yazı-pozudan
sonra kağız üzərində vur-tut ikicə cümlə görən yaxınları
Coysdan soruşublar ki,
bəlkə, bu, ən uyğun sözün axtarışlarıyla-filan
bağlıdır, hə?
O isə deyibmiş:
"Yox, canım, uyğun sözlər artıq tapılıb.
İndi mən onların
ahəngdar düzülüşünə
nail olmaq istəyirəm".)
Ən nəhayət, 1921-ci ilin oktyabrında bu yeddi ilə sığan gərgin çalışma başa
çatır. Həmin
müddətdə yazar
düz doqquz kərə xəstələnir,
on doqquz dəfə isə Avstriyadan İsveçrəyə, İtaliyaya
və Fransaya səfərlər eləyir.
Yekun olaraq da yazırmış ki: "Mən
"Uliss" üzərində
ümumilikdə təxminən
20.000 saat çalışmışam".
Marsel PRUST
(1871-1922)
Özünün "Bütün ömrünü
kitab yazmağa həsr
eləmək - dəhşətli
bir işdir" etirafını 1912-ci ildə
qələmə alarkən
Prust heç də səmimi deyilmiş, çünki
1908-ci ildən ta ömrünün
sonuna qədər onun yeganə işi məhz yaddaş və zamana həsr olunan monumental bir əsər yaratmaq olmuşdu. Bu sayədə
milyon yarım sözlə ifadə olunan, yeddi cildə
sığan və
"İtmiş zamanın
axtarışında" adlanan
o romanlar silsiləsi meydana çıxmışdı.
Bu işə tam mənada köklənə bilməkdən
ötrü Prust
1910-cu ildə özünü
cəmiyyət həyatından,
həm də bilərəkdən (!) ayırmaq
məqsədiylə qəti
bir qərar qəbul etmişdi. Elə bu səbəbdən
də Parisdə yaşadığı mənzilin
yataq otağının
divarlarını qalın
palıd lövhələrlə
üzlətdirmiş və
həmin vaxtdan etibarən orada könüllü dustaq həyatı yaşamışdı.
Gündüzlər yatıb, gecələr
işləyirmiş, özünü
tamamən köklədiyi
romanla bağlı hansısa detal və təəssüratlara
dəqiqlik gətirmək
məqsədiylə evdən
isə bayıra çıxırmış.
Günorta saat üç, ya da dörddə oyanan Prustun ilk işi tərkibinə əfyun (həşiş, opium - A.Y.) qatılmış
"Louis Legras" tozunu
yandırmaq olub, çünki xroniki astmadan əziyyət çəkən yazar məhz bu sayədə
daha rahat nəfəs alırmış.
Bəzən bir neçə çimdik toz da yetərliymiş, bəzən isə o tozu "tüstüyə
çevirməyə" saatlarla
vaxtı gedirmiş və nəticədə otaq qalın tüstü dalğalarına
bürünürmüş.
Belə
olunca, Prust uzun illərdən bəri öz xidmətində duran və dərin etimadını qazanan qulluqçusu Selestanı zəng çalmaqla, yanına çağırırmış.
Az sonra əllərində
qəhvə servizi tutan qadın otaqda peyda olurmuş.
Yazar öz qəhvəsini illərdən
bəri oturuşub, ayinləşən bir tərzdə içirmiş:
Selestanın gətirdiyi
gümüşü dəmlik
cəmi iki fincan qara qəhvə
tuturmuş, ağzı
qapalı çini dolça qaynanmış südlə dolu olurmuş, onun böyründəki xüsusi
nimçədə isə
daima eyni çörəkçidən alınan
kruassanlar düzülürmüş.
Onlar bircə kəlmə də kəsməzmişlər,
qəhvəsinə südü
özü qatsın deyə, qadın məcməyidə gətirdiklərini
çarpayının yanındakı
kiçicik masanın
üstünə yerləşdirirmiş.
Bunun ardınca mətbəxə
dönən Selesta kruassan və qalan qəhvəyə qarışdırmaqdan ötrü
daha bir dolça qaynanmış süd gətirməsiylə
bağlı sahibindən
artıq ikinci zəngi gözləyirmiş:
bu səbəbdən də qadın sadalananları adətən
elə əlinin altında hazır vəziyyətdə tuturmuş.
Belə cüzi qidalanma ilə çox vaxt Prust bütöv bir günü yola verirmiş.
Yazarın qulluğunda durduğu
illərdən bəhs
edən xatirələrində
Selesta bildirir: "Onun heç nə yemədiyini söyləsəm, heç
nəyi şişirdib-eləmərəm.
Yetkin bir insanın gün ərzində iki kruassan və iki fincan qəhvə
ilə qarnını doyurması axı indiyəcən harada görünüb?! Bəzən
kruassan sayı hələ birə də düşürdü!"
(Selesta şübhələnirmiş
ki, Prust ara-sıra şəhərə çıxarkən,
əlbət, restoranda
şam yeməyi yeyir və ən
azından o ara özünə hər hansı korluq-filan vermir).
Bu cür cüzi qidalanma və əsasən oturaq yaşam tərzi ucbatından Prustun canında həmişə
bir üşütmə
dolaşırmış, üşümə
hissindən qurtulsun deyə, o, içi qaynar su ilə
dolu "canisidən"ə
və üst-üstə
geyindiyi yun jaketlərə daim ehtiyac duyurmuş. Adına gələn qəzet və məktubları da Selesta gümüşü məcməyidə
Prusta təqdim edirmiş. Kruassanı qəhvəsində isladan
Prust elə qulluqçusunun yanındaca
zərfləri birbəbir
açır, bəzən
isə məktublardan seçilmiş bölümləri
uca səslə qadına da oxuyurmuş.
Sonra o, böyük diqqətlə
bir neçə qəzetin mütaliəsinə
girişirmiş, həm
də bu zaman ədəbiyyat və incəsənət məsələləri
qədər siyasət
və maliyyə xəbərlərinə də
maraq bəsləyirmiş.
Əgər həmin axşam gəzintiyə çıxmağı planlayırmışsa,
onda əvvəlcədən
buna xüsusi hazırlıqlar
görürmüş, yəni
telefonla zəng edib, avtomobil sifariş verir və geyinib-keçinməyə
başlayırmış.
Gəzintiyə çıxmayacağı təqdirdə isə qəzetləri oxuyub-bitirəndən
sonra bir neçə saat fasiləsiz yazıb-pozurmuş.
Ardınca Slestaya səslənirmiş ki, ya
nə isə gətirsin, ya da eləcə onunla ordan-burdan danışsın.
Əgər son günlərdə
Prust şəhərdə
olubmuşsa, ya da maraqlı birisiylə görüşübmüşsə, onda bu söhbətlər
saatlarca uzanırmış
və görünür,
həmin vaxt Selesta ilə vurduğu şirin laqqırtılar Prustun az sonra qələmə
alacağı növbəti
mətnə bir növ hazırlıq mahiyyəti daşıyırmış
- bu yolla o, söhbətlərindəki alt mənaları
və incə məqamları özü
üçün dəqiqləşdirirmiş.
Mətnlərini Prust yataqda, kürəyiüstə uzanıb,
başının altına
da bir cüt yastıq qoymaqla yazırmış. Dizlərinin
üstündə duran
dəftərə əli
yetsin deyə, adətən dirsəklənməyə
də məcbur qalırmış, işlədiyi
otaq isə yaşıl örtüklü
masa lampası hesabına
zar-zor işıqlanırmış.
Ona görə də sürəkli işlədiyi
vaxt Prustun biləyi və gözləri ağrıyırmış.
Yorulub, diqqətini bir yerə toplamaqda acizlik çəkəndə
o, kofein həbi içirmiş, yatmağa
hazırlaşanda isə
kofeinin təsirini sıfırlamaqdan ötrü
barbituratlar əsasında
hazırlanan veronal həbinə
üstünlük verirmiş.
Dostu:
"Siz eyni vaxtda həm qaz, həm də
əyləc pedalına
basmağa çalışırsınız,
canım!" deyə
ona xəbərdarlıq
edəndə, Prust bu rişxəndi də qulaqardına vurubmuş. Amma bəlkə
də, o, məhz bu cür iztirablara
ciddi tələbat duyurmuş: axı onun nəzərində məşəqqətlər xüsusi
dəyərə malik imiş
və iztirabsız böyük sənət əsərlərinin yaranmayacağına
Prust özünü birdəfəlik inandırıbmış.
Öz çoxcildlik epopeyasının
sonuncu kitabında Prust belə yazır: "Yazarın yaradıcı fəaliyyətini
hansısa quyudakı suyun hərəkətinə
bənzətmək olar:
iztirablar yazarın qəlbini nə qədər dərindən
sarsıdırsa, o, bir
elə yüksək zirvələrə can atır".
Tərcümə: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.26-27.