"Rembo" əmi

 

"Əsgər xatirələri" silsiləsindən

 

Uşaqlığımdan hərbə marağım olub. Ekranlarda döyüş filmlərinə baxmaqdan həzz alardım. Televizorun da səsini qaldırırdım, necə girirdim filmin içinə, hər şeyi unudurdum, sanki özümü o döyüşlərdə hiss edirdim, unudurdum yanımdakıları, nənəm də qulaqdan zəif adam idi, bir də görürdün, böyrümü dürtməliyir:

- Mən bu kar qulaqla bu səsi eşidirəm. Bu zavallılara yazığın gəlsin. Qulaqları kar oldu.

İpə-sapa yatmazdım, öz dünyam vardı, öz arzularım, düşüncələrim vardı... Nənəm çox zaman məni tənbəllikdə suçlayardı:

- Camaat oğul böyüdür, oğul ev dolandırır. Sən birtəhər orta məktəbi bitirdin, bir şeyə yaramadın.

Kiçik qardaşım da belə kinoları sevirdi. Mən nənəmə qarşı çıxanda onun tərəfini saxlayırdı. İynəli sözlər atırdı mənə.

- Dədəm qurtardı səni hərbdən. Ordan da bir cür əlin üzüldü.

- demək istəyirsən?

- Deyirəm, yəni əl çək bu hərbdən.

Hirslənirdim, nənəm ona qəhmər çıxırdı:

- Get bir şoferlikdən-zaddan öyrən, bəlkə çax-çuxun ordan çıxa.

Qardaşım dəcəl idi, əl çəkmirdi məndən. Zarafatqarışıq bir ironiya ilə:

- Yox, nənə, o bunu da bacarmaz. Axı onun ayağının altı düzdü.

Atam məni hərbdən belə qurtarmışdı. Nənəm deyirdi ki, səndən hərbə adam olmaz.

Mən ayağımın altının düz olmasıyla heç maraqlanmamışdım.

 

***

 

Axşam televizorda "Rembo" filminə baxdım... Hələ də baxdığım kinonun təsiri altındaydım. "Rembo" filmi bütün varlığıma hakim kəsilmişdi. Onun komandiri ilə arasındakı münasibət, Rembonun sərt xarakteri, cəsarəti, əqidəsi, qollarındakı güc, əzələləri məni çəkib başqa aləmə aparmışdı. Amma qardaşımın ironiya dolu sözləri içimdə harasa, toxunmuşdu.

Kino qurtardı, çıxdım çölə. Həyət qapısına sarı getdim. Axşamlar Rafət, Gündüz oturardıq çöldə, nərd atardıq. Rafət yenə nərdi gətirib gəlmişdi, yaşca məndən böyük idi. İnstitut qurtarmışdı, məktəbdə müəllim işləyirdi. Axşamlar bizimlə yola çıxardı, qoşulardı bizə.

Mənim isə, nədənsə, oynamağa həvəsim olmadı. Özümüz düzəltdiyimiz taxtadan olan kətilin üstündə oturdum.

- Kefin yoxdu.

- Yoxdu.

- Niyə?

- "Rembo" filminə baxmısan? Əla filmdir.

- Sən o Silvestrı sevmisən, deyəsən?

- Elə bil insan deyil ey? Necə odlardan-alovlardan çıxır.

- Aktyor olsa da, yaxşı hərbi təlim də görüb.

- Bir şeyə yaramadıq, - mızıldandım dodağımın altında.

- Niyə? Nolub sənə? Bizim elə oğullarımız var, o Rembonu ağzına köndələn alıb aparar.

- Görmüsən onlardan?

- Görmüşəm. Hərbidə olanda. Andiçmə mərasimimizdə.

-Necədirlər? - Maraqla ona baxırdım.

- Düzünü desəm, mən hərbi başa vurmadım, hərb məni başa vurdu, bir il bitdi, gəldim, amma orda elə oğullar var ki, e... - əlini yellədi.

O, əlindəki dominoları stolun üstünə töküb qarışdıranda əlini tutdum.

- At bunları kənara, gördüklərindən danış.

- Hərbin öz sirləri var, onu danışmaq olmaz. Gözünlə görmən lazım.

Gördüm Rafət daha heç nə danışmayacaq. Qalxanda qolumdan tutub oturtdu.

- Hərbə marağın var?

- Çox.

- Onda get yazıl.

- Necə? Hərbdə olmamışam. Ayağımın altı deyirlər...

- Sən hərbçi olmaq istəyəndən sonra taygözlə belə gedərsən, nolub ayağına? Adamın ayağının altı düz olub, yıxılıb qol-qılçan sınıb, yeriyə bilmirsən?

- Doğru deyirsən.

- Amma dediklərimi Zərxanım nənənin yanında demə, öldürər məni, - qımışdı...

- O qoymadı da məni hərbə getməyə. Atama dinclik vermədi. - Dilxor idim.

- Daha ağıllanmısan. Kinolara baxıb xəyalla yaşamaqdansa, get xəyallarının arxasınca.

 

***

 

Eşitdim hərbi komissar dəyişib. Atamdan eşitdim. İldə bir dəfə yoxlanışa gedirdik. Əvvəlki komissar məni tanıdığından o qədər də qalmırdım, kağıza qol çəkdirib gəlirdim. İndi həkimin də dəyişdiyini eşidib, nədənsə, sevinirdim.

Yenə yoxlanışa gedəndə dədəmi qoymadım:

- Özüm gedəcəyəm.

- Bu həkim təzədir, nolar-nolmaz.

- Narahat olma, ayağımı görmür.

Atam sakitcə qulağıma:

- Belə səni apara bilərlər. Ayağında o qədər də bilinmir.

- Bəs necə məni onuncu sinifdən saxlatmısan, hər dəfə də hərbə yararsız yazdırırsan?..

Atam qımışdı:

- Sən uşaqsan, olur belə şeylər.

- Olur, onda gedirəm də...

- Ona görə deyirəm, özüm də gedim.

Atam hirsli adamdı, sözünün çevrilməsini də sevən adam deyildi.

Getdik hərbi komissarlığa. Girdik içəri, yoxlama zamanı özümü verdim təzə həkimin yanına...

- Mənə kömək edin.

Həkim bir tərs-tərs üzümə baxdı:

- Sənin nəyin o soyuq səngərlərdə yatan oğullardan artıqdır? Utanmırsan, bu boy-buxunla kömək istəyirsən? - Səsini qaldırmadımı. Ətrafımdakılar da mənə baxır. Xəcalətimdən ölürəm...

Dinmədim, hövsələm daralsa da, sakitcə yerimə keçdim... növbə gəlib mənə çatanda sənədlərimi qabağına qoydu. Oxumağa başladı. Yaxınlaşdım stoluna:

- Orda yazılanları yox, məni yoxla.

- Bu dəli haradan peyda olub? - deyib hirsləndi.

Mən ondan betər hirsləndim.

Durdu ayağa, gəldi dayandı üzbəüz mənimlə:

- demək istəyirsən?

- Hərbi xidmətə getmək istəyirəm.

Donuxdu:

- Qulağım yaxşı eşitmədi.

- Deyirəm, "yararlı" yaz, hərbi xidmətə, "niqodnı" yazma.

Təəccüblə üzümə baxırdı. Dodağının altında "dəlinə ağıl ver, Allah" dediyini eşitdim.

Yoxlandım. Corabımı çıxardım, ayağımın altına, ora-bura baxdı, getdi vərəqə nəsə yazdı.

- Geyin, - deyəndə, tələm-tələsik paltarımı əynimə keçirəndə, eşitdim ki, "a bala, maykanı tərs geydin"- dedi, fikir vermədim, bütün fikrim-zikrim yazdığı kağızda idi. Aradabir bir neçə dəfə çölə çıxdı, qayıtdı otağa, nəhayət, keçdi stolun arxasına, bu dəfə təəccüblə üzümə baxdığını görəndə səbrim çatmadı:

- Niyə elə baxırsan, doxdur?

Cavab vermədi. Başını bulaya-bulaya kağıza nəsə yazanda, bir də yaxınlaşdım ona:

- Stoldan çəkil, - deyib qışqırdı üstümə.

- Niyə qışqırırsan?

- Sən dəlisən?

- Mən?

- Bəli, sən. Sənin kimilər hərbə də yaramır.

Cin vurdu başıma. Rembo gəldi durdu gözümün qarşısında. Komandirin sərt sözlərini xatırladım:

- Sənin ora yazdığın məni maraqlandırmır. Mən əsgərliyə gedəcəyəm.

- Sözünün üstündə duracaqsan?

- Duracağam.

- Bəs çöldə dəlisi üçün rahatlıq tapmayan dədən?

- Dədəm sənə dedi? İndi də dedi, başı işləmir?

- Ayağın qayət, normaldır. Ancaq...

- Ancaq ?

- Ağılın normal deyil.

- Olsun, - dedim.

- Çıx bayıra, - deyib üstümə qışqırdı...

Çıxdım. Atam dayanmışdı, məni görüb, qolumdan tutub bayıra çıxardı, qəzəblə:

- İt küçüyü, həkimə niyə imkan vermirsən?

- O həkim deyil, çobandı.

- Çoban sənsən. Kişiyə işini görməyə imkan vermirsən.

- Sən bunu tanıyırsan?

- . Neçə gündür bura ayaq döyürəm. İmkan ver.

Çıxdım özümdən:

- Məni bu dəfə də yalandan saxlasan var ya, özün bil, bu dəfə özüm bilən kimi edəcəyəm.

- edəcəksən?

- Qapıdan bayıra çıxammıram. "Niqodnı" eləyib otuzdurmusan məni nənəm Zərxanımın böyründə. O, kar, mən də kor... buna son ver, - səsimi qaldırmışdım...

- Özünə gəl.

- Sənin o həkimin məni otaqdakıların yanında qara qəpik elədi, sonra da o biri sifətini göstərdi. İndi bax gör, üzümə heç nə deməsələr də, kənddə-kəsəkdə haqqımda nə fikirləşirlər. Elə eləməyin ki...

- Yoxsa, neyniyərsən?

- Dədə, məni üzünə qaytarma.

- Mən tikiləsi evi qoyub, pulu gətirib bura gəlmişəm. Sən...

- Mən sənə deyirəm, get yarımçıq evini tik. Belə şərəfsizlərin qabağına gəlmə.

Qorxdum kişiyə yenə ağır söz deyərəm, ordan uzaqlaşdım. Gəzdim bir az rayonda, axşam döndüm evə.

Atam qapıda qabağımı kəsdi:

- Nənən bilməsin. Səni guya Bakıya işləməyə göndərirəm. Arvad ölər, günah içində qalarsan.

Dinmədim... anam yeddinci sinifdə oxuyanda rəhmətə getmişdi, Zərxanım nənəm bizə həm ana, həm nənə olmuşdu...

 

***

 

Bir həftə sonra yola düşdüm. Adətən, hərbi xidmətə gedənləri qonum-qonşu, qohum-əqrəba yola salardı. Biz heç nə eləmədik. Atam məni dindirmirdi. Amma yola salmağa gəldi.

 

***

 

Hərbi xidmətdə olarkən, Xüsusi Təyinatlıların dəstəsində olmağı arzuladığımı komandirə dedim, o hissəyə göndərildim, bir neçə hərbi təlimlərdən sonra əsgər yoldaşlarım arasından seçilib, xüsusi təyinatlılara götürüldüm. İlk günlərdən sevindim, çox ağır təlimlərə qatıldım, nə qədər ağır olsa da, bu yolda sona qədər olacağımı bildirdim.

Hərbi xidmətim bitsə , evə dönmədim, kiçik qardaşım sonuncu sinifdə oxuyurdu, ona şəkillər göndərirdim, zəngləşirdik, gülə-gülə deyirdi ki, nənəm sənin hərbi paltarda şəklini görəndə deyirmiş:

- Bu bizim Ülfətə necə oxşayır. Uşaq əsgərliyə getsəydi, bundan yaxşı döyüşçü olardı. Mənim nəvəm qəhrəman olardı.

2013-cü ilin sentyabrından xüsusi təyinatlılara ezam olundum, kurslarda təlimlər, məşqlər keçirdik, hər cür fiziki hazırlığa nail olmaq üçün çalışırdım. O kursun çox çətin, məsuliyyətli, təhlükəli təlimlərindən keçirdik. Qar, çovğun, soyuq, şaxta - fərqi yoxuydu, hamısından mətanətlə keçirdik. Atıcı silahlar üzrə snayper mütəxəssisi də oldum. Bir çox ölkələrdə keçirilən hərbi təlimlərdən müvəffəqiyyətlə qayıdıb Azərbaycana dönərkən, özümüzə yer tapa bilmirdik. Torpaqları işğal altında olan oğulun içində nə çəkdiyini Allah bilir. Qeyrət adamı elə boğurdu ki, nəfəsini alırdı.

 

***

 

Nəhayət, düşmənlə hesab günü gəldi. Müharibə başlayanda artıq biz hərəkətdə idik. Verilən növbəti əmrə əsasən, hərbi əməliyyata başlamışdıq. Oktyabrın 22-də ordumuz həyata keçirilən əməliyyat nəticəsində artıq Laçına daxil olmuşdu. İntizamsız şəkildə şimala doğru geri çəkilən düşmən mina döşəyərək və digər mühəndis qurğuları ilə hücumu ləngitməyə çalışırdı. Dəhlizin tutulmasının Qarabağdakı erməni qruplaşmasının taleyini həll edəcəyini bilən erməni rəhbərliyi Qubadlıdakı əsas qüvvələri şimala doğru çəkdiyi xəbərini almışdıq.

Biz bu istiqamətdə yeriyirdik. Ermənistan ordusu Dəhliz boyu kəndlərə çoxlu sayda "Qrad" minaatan və artilleriya bölmələri yerləşdirdiyindən, gəlişimizdən də xoflanaraq dayanmadan atəş açırdı. Dəstəmizin düşmənin içinə girmiş olduğunu düşmən bilmişdi. Həmin gün baş verən ağır itki nəticəsində xüsusi təyinatlıların üç qrupu bu istiqamətdə geri çəkilməyə məcbur oldu.

Ağır döyüşlər gedirdi. Geriləsək də, ətraflardan yerləşdirilmiş düşmən qüvvələr ağır silahlardan hara gəldi, top atırdı və bizim olduğumuz yerlərdə partlayan mərmilərdən qorunmaq mümkün deyildi. İki gün davam edən döyüşlərdən sonra bizim o biri qrupların şərq istiqamətində yerləşən Türklər kəndini azad edib, Səfiyan kəndinə yaxınlaşdığını bildik, oktyabrın 26-da Səfiyanda ağır döyüşlər gedirdi, erməni ordusu əlavə qüvvələrlə təmin olunduğundan, bu istiqamətdə onların müqavimətini qırmaq çətin idi.

Mazutlu - Xanalılar kəndləri boyunca bir müddət döyüş səngimişdi. Biz birbaşa dəhlizə yaxınlaşmağın mümkün olmadığını görüb, böyük bir qrupumuz dəstələrə bölünüb Səfiyanın şərq istiqamətində hərəkət edirdik... bu ərazilərdə döyüşlər gedirdi. Oktyabrın 26-da bölmələrimiz Güləbird kəndindən keçərək Quşçular, Aşağı Fərəcan və Fərəcan kəndlərini azad etdi.

Laçın-Şuşa yolunu ən az qorunan hissədən kəsmək üçün biz dağlarda sızma əməliyyatına başladıq. Laçının Köhnəkənd və Qışlaq yaşayış məntəqələrini azad etdik.

Azərbaycan qüvvələri Laçına doğru irəliləyirdi, biz hərbi əməliyyatlarda xeyli itki vermişdik və komandirimiz də sarsılmışdı. İrəliyə getməyə imkan vermirdi, üç yüz metrdən bir kəşfiyyat xarakterli əməliyyat həyata keçirirdik ki, itkimiz olmasın. Noyabrın 5-də yenidən hücuma cəhd etdik. Hücuma keçməzdən əvvəl, Asiflə mən irəli getdik. Sürünə-sürünə, bəzən də, alçaq otları papağımıza keçirərək düşmənin olduğu istiqamətə o qədər getdik ki, Laçının Turabı kəndi istiqamətində düşmənin xeyli hərbi texnikalarını, canlı qüvvələrini gördük. Geri qayıdıb kömək üçün gələn hərbi qüvvəylə hücuma keçdik...

Ağır döyüşlər gedirdi. Düşmən təslim olmurdu. Ermənistanın ordusu xeyli qüvvə yığmışdı və arxası da gəlirdi. Döyüşçülərimizin cəsurluğu sayəsində düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv etdik. Bu döyüşdə xeyli  yaralımız oldu, beş şəhid verdik. Azərbaycan ordusunun bölmələrinə məxsus 1 T-72 tankı, 3 "BMP-2", 5 zirehli yük maşınımız məhv edilmişdi. Bununla belə, biz düşmənə ən sarsıdıcı zərbələr endirirdik.

Bizim qrup düşmənin içinə sızmışdı, altı döyüşçü idik, düşmənin xeyli qüvvəsi cəmləşən döyüş meydanının yaxınlığındakı bir təpəliyi ələ keçirdik. Silahlarını özlərinə tuşladıq və bu da düşməni çaşdırmağa, qüvvələrimizin qələbə çalmasını təmin etməyə kömək oldu. Həmin döyüşdə üç şəhidimiz oldu, mən ağır yaralandım. Şəhidlərimizi döyüşün sonuna kimi qoruduq. Təpəliyi əldən vermirdik. Pulemyotlar susmurdu.

Arxadan Azərbaycan ordusunun qüvvələri gəlirdi, qanlı döyüşlər gedirdi. Düşmən geri çəkilməyə məcbur oldu. Bizim olduğumuz o təpəlikdə və ətrafda gedən döyüşlərdə şəhid olan igidlərimiz döyüş meydanından çıxarıldı, mən də ağır yaralı idim, arxaya - qospitala göndərildim.

Qubadlı Laçın uğrunda xüsusi təyinatlılarımız çox itki verdi. Baş leytenant Elton Qənbərli, baş gizirlər Camal İsmayılov, Sübhan Cəbrayılov, gizirlər Şəhriyar Quliyev, Elyar Vəliyev, Tarzən Həşimov, Laçında baş leytenant Həmid Abbasbəyli, polkovnik-leytenant Vidadi Xəlilov, Ruslan Tağıyev, Rəşad Sadıqov, Zəngilanda polkovnik-leytenant Qərib Baxşəliyev şəhid oldu.

Yaralılarımız da çox oldu. Bədənim qəlpələrlə dolu idi. Ayağımdan aldığım yara da aylarla sağalmadı. Məni müalicə üçün Türkiyəyə göndərdilər. İndi bir ayağımın dörd barmağını qəlpə aparıb, sol qolum yararsız hala düşüb...

Zərxanım nənəm evə gəldiyim ilk günlərdə gündə on dəfə gipsdə olan qolumdan öpürdü, "səni vuranın qolu sınsın" deyirdi, zarıyırdi, qulağı yaxşı eşitmədiyindən, mənim hardasa, kimlərnənsə, davada bu hala düşdüyümü düşünüb onlara qarğıyırdı:

- Qolunuz qırılsın, gücünüz balama çatdı? Gücünüz vardı, gedib erməni vurğun vurmuşlarla döyüşəydiniz də, gücünüz mənim yetimimə çatdı?

Gülmək məni tuturdı, atam da bığaltı gülərdi... Qazandığımız zəfərdə ayağının altı düz, hərbə yarasız bir əsgər kimi deyil, dövlətin verdiyi Qəhrəman adıyla geri döndüyüm üçün Zərxanım nənəmin sözləri ruhumu oxşayırdı...

İşğaldan azad edilən şəhərlər uğrunda göstərdiyim igidliyə görə orden və medallarla təltif olundum. Zərxanım nənəm Bakıdan növbəti dəfə geri dönərkən, döşümdəki orden və medallara maraqla baxırdı, nə düşündüyünü demirdi. Amma qonşular yığışıb bizə gələndə, "nəvən əsl qəhrəmandı, igid oğul böyütmüsən" deyəndə də dinmədi, hamı dağılışandan sonra gecə balaca qardaşımın yatağına yaxınlaşıb deyib:

- Sən bizim bu Ülfətə oxşayan şəkilləri mənə bir də göstər, görüm.

- Neynirsən, nənə?

- Yanılmayan bir Allah, bir də baxacam. Mənim nəvəm elə-belə qəhrəman olmayıb.

Zərxanım nənəm indi "ordenli-medallı balam" deyib gündə on dəfə qolumdan öpür...

Qonum-qonşular, uşaqlıq yoldaşlarım tez-tez başıma yığışır, heç biri sual vermirlər, ancaq kiçiklər adımı "Rembo əmi" qoyublar...

Tarix müəllimi Rafət məndən və mənim silahdaşlarımdan uşaqlara çox şey danışıb... elə şeylər ki, uğrunda canını belə verməyə hazır olan, lazım gələndə artıq bu yolda şəhid olan azərbaycanlı Remboların cəsurluğu, əfsanəvi cəsurluğu kinolardan sevdiyimiz Rembonu kölgədə qoyub... Onların - minlərlə Rembolarımızın igidliyindən bəhs edən filmlərin hələ çox olacağına əminəm... Azərbaycan döyüşçülərinin igidliyi... gördüyüm reallıqlar ki var... bu nə kinoya sığar, nə dastanlara... nə salnamələrə...

 

Gülxani PƏNAH

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.24-25.