Getməyə yer yoxdur,

Bilmir adam getsin, hara?

Gəldiyim iz itib-batıb,

Yolum düşüb çıxılmaza.

 

Sən məndən uzaqdasan,

çox uzaqda.

Əlim sənə çatmasa da,

çatmasa da,

Gəlməyin ağlıma heç batmasa da,

İstəyirəm biləsən ki, bu bahar da:

 

Yağış yağanda quru torpağın,

Günəş doğanda şehli yarpağın,

Yenicə vərəqlədiyim kitabın,

 

Bir səntək qoxan hər qadının ətri

Xatırladır addımbaşı səni,

Boğur cavabsız suallar məni...

 

Bir nöqtəyə zillənərək düşünürəm,

düşünürəm:

Görəsən, ağlıma gəlincə hərdən,

Çətindirmi bircə dəfə yanıma gəlmən?

 

***

 

Hava qarışır...

Yəqin, yenə pəncərə önündə dayanıb,

Öz keçmişinə baxırsan,

Bəlkə , darıxırsan...

 

Düzü, mən darıxıram,

Dağa, daşa getmir ahım,

Sinəm sanki dağ köksüdür...

 

Tanrı da kövrəlir halıma,

Bax, gördüyün buludlar da

Tanrı yandıran siqaretin tüstüsüdür.

 

 ***

 

Bir vaxtlar səninlə

            əl-ələ gəzdiyimiz yerlərdə

İndi baxıram, itlər sümsünür.

Skamyada əyləşib, yanımda axtardım səni,

Gözümə kimsə dəymədi...

Heç kim yoxdur, yaxında tapmadım səni.

 

Bu vaxt yalqız olduğumu görüb

Balaca bir it tez-tez yüyürdü.

Deyəsən, təsəlli üçün fürsət güdürdü.

O, sənin vəfasızlığına hürür... hürürdü.

Vallah, it, səndən vəfalı görünürdü...

 

***

 

Darıxmaq eyni görüş yerindəki

Boş skamyanın vaxtını almaqdır.

 

***

 

Küçə lampalarıtək

başımı aşağı dikib,

uzun-uzun fikirləşirdim.

Sonra birdən yadıma düşdü ki,

küçə lampaları da mənim kimi,

səssiz,

sənsiz,

kimsəsizdi...

 

***

 

Baxışını ulduza,

Gülüşünü aya bənzətdim.

Bəs hava niyə qaralmadı?

 

***

 

Dərsdəyəm, yorğunam,

darıxıram elə

hərdən,

pəncərədən

baxıram çölə.

Bayırda fəhlə

divarı çəkiclə

döyəcləyir bərk-bərk

həyatın mənə vurduğu zərbələrtək...

 

***

 

Balaca ac pişik

"Balık-ekmek" yazısının altında yatmışdı,

Yəqin, o da bizim kimi saxta arzularla

özünü aldatmışdı.

 

İlkin ÖZ

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.25.