Ən sevimli mövzular...
Azərbaycan ədəbiyyatında imzaları geniş oxucu tərəfindən tanınmayan, hətta unudulumuş yazıçılarımız
var. Bunlardan biri də yetmişincilər nəslinin nümayəndəsi
Əli Həsənlidir.
Əli Həsənli 1942-ci ilin
fevral ayının
19-da Azərbaycanın Bərdə
şəhərində anadan
olmuşdur. Burada 3 saylı şəhər orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində
təhsil alıb, buranı bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı
rayonunun Hacatamlı kənd orta məktəbində Azərbaycan
dili və ədəbiyyatı müəllimi
olub.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. Uzun
müddət "Ədəbiyyat
və incəsənət"
(indiki "Ədəbiyyat
qəzeti") qəzeti
redaksiyasında məktublar
şöbəsində fəaliyyət
göstərib. 1996-cı ildən
Azərbaycan Yazıçılar
Birliyinin "Oğuz eli" qəzetinin xüsusi buraxılışı
olan "Yazıçı"da
məsul katibi kimi çalışıb.
"Ədəbiyyat qəzeti"
yazıçı Əli
Həsənli ilə müsahibəni təqdim edir.
- Səhv etmirəmsə,
ilk müsahibəniz olacaq.
Çünki heç
yerdə sizin müsahibənizi tapmadım.
- Hə, sağ olun, bu işdə
ilk müjdəçi siz
oldunuz.
- Belinski deyir, öz həyatından yazmayanlar istedadsızdılar.
Kitablar, filmlər, yoxsa xatirələriniz sizi yazmağa məcbur etdi?
- Mən öz həyatımdan, başıma
gələn əhvalatlardan,
içərisində dolaşdığım,
daha yaxından bələd olduğum mühit, onun insanlarından (yaxın, qohum-qardaş, dost, düşməndən
tutmuş) ən çox uşaqlıqdan bu yaşıma qədər yaddaşımda
dərin izlər buraxan, ayıqlığımdan
çox heç vədə yuxumdan çıxmayan, indi də səhərə qədər ayıqlığımla,
mürgülərimin arasında
məni təqib edən xatirələrimdən
yazanda daha çox uğur qazanıram, daha çox özümü tapıram. Özü də təəccüblüdü,
erkən uşaqlıq,
ilk gənclik xatirələrim
dünən, bu gün baş vermiş kimi daha dolğun, aydın, təzə-tər,
bu yaşımda, ya yaxın keçmişdə
baş verən əhvalatlar isə daha uzaq keçmişdə,
uzaq keçmişin dumanına, sisinə bürünmüş şəkildə,
silinməkdə olan, silinən xatirələr tək solğun, tutqun, az qala
yaşanmamış kimi
görünür. Bu uşaqlıq
dövrünün səmimiliyindənmi,
yenicə doğulan, hələ işlənib,
yorulub, əldən düşməyən, diri,
təzə-tər, təravətli,
parlaq səhərə
bənzər, yaddaş
saflığından, aydınlığından,
dolub-yüklənməmədiyindən, hələ gələcəyinin
qabaqda olmağındanmı
irəli gəlir, ya insan yaşa
dolanda, qocalanda, doğrudan da, öz uşaqlıq dövrünə
qayıdır. Yaşlı
insan öz ömrünün 3 dövrünü
elə bil həyatda əyani şəkildə görür;
nəvəsi onun uşaqlığı (ona
görə nəvə
ata-anasından çox,
onu kimi uşaqlaşmış, onunla
yaşdaş olmuş,
ağsaqqal babasına
daha çox meyl edir, onu
daha çox sevir. Əkiz uşaqlar kimi söhbəti, zarafatı daha çox tutur onunla. Əkiz
uşaqlar kimi çılğın, höcətləri,
oyun cığallıqları,
tez küsüb, tez barışmaları bir olur. Azacıq
da olsa, bir-birindən seçilmirlər), oğlu
gəncliyi, özü
isə qocalığıdır.
- Danışdıqlarınızdan aydın olur ki, uşaqlığınız, gəncliyiniz
həyatınızda dərin
izlər qoyub...
- Mən inanmıram hər hansı yazar, ya adi
insan öz uşaqlığına nankor
çıxsın. Onun
adı gələndə
qarşısında diz
çökməsin. Çünki
uşaqlıq saflığı,
təmizliyi ilə insan cildində doğulmuş haqdan gələn mələkdi.
Bütün insanlar haqdan enmiş mələklər kimi doğulur, dünya üzünə gəlir.
O, sitayiş ediləsi
müqqəs mələk,
göy məxluqudur. İnsan böyüyüb
yaşlandıqca o ruh
mələk yer üzünə uyuşammadığından
uçur ondan. İnsan adi, qanadsız, yerdə çabalayan bədbəxt
yer məxluquna çevrilir.
Uşaqlıq insanın görmədiyi,
bilmədiyi bu yad dünyaya bir qonaq kimi ilk gəlişi idi. İnsanın bu dünyadan gedəndə ağ bələyə bürünüb getməsi
də, onun uşaqlığına sədaqəti,
ondan qalan mirasla yanıqlı-yanıqlı
vidalaşıb, bu dünyadan köçməyi,
onunla vidalaşmağıdı.
Bu həm də getdiyi dünyaya bir məktub, qapalı, möhürlü
bağlama, ismarıçdı.
Yəni mən bu dünyaya uşaq ikən gəldim. Ancaq, bir göz qırpımından
az da yaşadım bu dünyada. Böyümədim, heç
nə götürüb,
heç nə öyrənmədim, heç
nə aparmadım. Necə var tanımadım
onu. Bu qısa, göz qırpımı anında da, yəni uşaq yaşımda da çıxıb gedirəm,
ancaq ümidim var Tanrının mərhəməti
ilə bir də gəlim, ən çox qanad gətirməyim üçün gəlim.
Bəlkə bir misqal da olsa, nəsə qamarlayım götürüm ondan. Bu baxımdan uşaqlıq xatirəsi bütün yazıçıların əsl
yaralı yeri (qanadsız qaldıqları
üçün) ən
sevimli, müqəddəs
mövzusudur.
- İmzanız Azərbaycan
oxucusu arasında demək olar ki, tanınmır. Bunun səbəbi
nədir? Tanınmaq istəmirsiniz?
- Bunun səbəbi, məncə,
taledən, qismətdən,
ünsiyyətcil olmamağımdan,
adamlarla necə var dil tapıb, onlara yovuşammamağımdan,
yazılarımın mətbuat
dərgilərində çap
olunmamağından, ümumiyyətlə,
bu yaşımda da çapın mənim üçün ən böyük problem olduğundan,
daha nələr, nələrdən irəli
gəlir. Qaldı tanınmaq istəyimə,
məncə elə yazıçı yoxdu, tanınmaq istəməsin.
Hamı üçün
yad olmaq; bu çox dözülməz,
usandırıcı həyat
olardı, bu yadlıq tezliklə onun özündən özünə də adlayıb keçə bilərdi: daim, bir də ona
rast gəlsəm, o dünyalıq edəcəm
onu düşünərdi.
Ancaq xoşbəxtlikdən
heç vaxt özünü öldürəmməzdi.
Çünki heç
vaxt özünə rast gəlməzdi.
Tanınmaq hissi ilk çılğın
gənclik çağlarında
daha üstün olur. Xoşbəxtlikdən
yazıçı yaşa
dolub, təcrübə
qazandıqca, püxtələşdikcə
bu bir növ
vərdişə, adi
insanlar kimi, iş, vəzifə öhdəliyinə, sonralarsa,
qaçılmaz, qısqanc
mənəvi ehtiyaca çevrildiyindən şöhrətpərəstlik
hissi tezliklə geridə qalıb, unudulur. Yazar bilsə də, bu vərdiş, mənəvi ehtiyac, ən ağır məşqqətli günlər,
yuxusuz gecələr,
can çəkişmələri, az qala o dünyaya
gedib-gəlmək hesabına
başa gəlir, heç vaxt ondan xilas olmağa
can atmır. O ki, var özünü
söyüb, danlasa
da, üzə düşdüyündənmi,
ya özünün canında da az olmadığındanmı yenə
çiynini bu ağır, sonu görünməyən məşəqqətli,
nəhəng timsah kimi ağzını açıb, onu özünə çəkən
bu ağır işin altına verir, üstəlik bu dözülməz, neçə mənəm-mənəm
deyən igidi atdan salıb, onu yarı yolda
qoyan iş haradasa, ona ləzzət
də verir. Çünki dünyada bundan ağır, əzabkeş iş yoxdur. Onun da çiynini məmnuniyyətlə
bu yükün altına verən budu, çünki o ancaq amansızlıqla qurban tələb edən bu cür
iş üçün
doğulub. Bütün
gücü-qüvvəsi tükənib,
ruhən içi boşalıb, rahatlaşdıqca,
yəni bu tükənmənin, boşalmanın
hesabına yeni əsər
dünyaya gəldikdə,
o hər şeyi unudub, özünü dünyanın ən xoşbəxt, bəxtəvər
adamı sayır. Ancaq bu uzun
müddət davam eləmir, bu tükənmənin, boşalmanın
ac mədə kimi ağzı açılır,
yeni güc-qüvvənin özünə,
axarına səbəb
olur. Çox çəkmir yazar yeni boyluluğun ona tanış dözülməz,
ağır, əzab, işgəncələrin məngənəsində
sıxılıb, suyu
çıxa-çıxa bir
dəri, bir sümükdə yenə bunun ağrısını
çəkir. Ona görə
dünya ədəbiyyatında
yazarları ən çox analara bənzədirlər. Çünki
ana da dünyaya yeni övlad
gətirəndə, eynilə
yazarların çəkdiyi
həmin dözülməz,
müqəddəs can çəkişməsiylə
baş-başa qalır.
Bu can çəkişməsinin şirin, müjdəli ağrısını yaşayır.
Bu zaman ananın dözülməz
can çəkişməsinin izi qalan zərif
vücudunda, solğun,
avazımış arıq
bənizində qəfil
qüdrət, əzəmət,
xoşbəxtlik bir çıraq yandırıb
öz zərif şöləsilə bütün
otağa, otaqdakıların
çöhrəsinə işıq
saçır. Bu qüdrət,
əzəmət, xoşbəxtlik,
işıq ana kimi boylu, o dözülməz
can çəkişmələrinin övladıdır. Təki
ananın da, yazarın
da övladları fərli,
ağıllı, kamallı
olsunlar. Daim el-oba yanında hamının istəklisinə
çevrilsinlər, onların
başını uca eləsinlər. Axı ana
da, yazar da onlara ən qiymətli müqəddəs hədiyyəsini,
canlarından can ayırıb
veriblər.
- Ədəbiyyatda nəsil anlayışına necə
baxırsınız?
- Müsbət yanaşıram.
İnsan hər şeydən əvvəl öz dövrünün məhsuludur. Onun tələbinə, ab-havasına,
həyat tərzinə,
qanunlarına uyğun,
hələ ana bətnindəykən
kiçik beyin kompüterindəki gizli qatda Tanrının qüdrətiylə öz
dövrünə tam planlaşdırılmış,
hazırlıqlı şəkildə
dünyaya gəlir, bu onu qəbul
edir, o bunu. İndiki uşaqların
virtual aləmə, kompüterə,
internetə, mobil telefona meyli hələ körpəykən,
bir-iki söz bilmədən belə,
var-qüvvəsi ilə
ona can atması, onu mənimsəməsi, sanki nə vaxtsa
onu bilirmiş kimi kompüter, internet yüzilliyi üçün
doğulduğu bundan irəli gəlir. Bunu yaradıcılıq aləminə aid etmək olar. Məsələn, keçmişin ən öndə gedən yazıçısı bu
günün ən zəif yazıçısının,
ya əksinə, bu günün ən öndə gedən yazıçısı
keçmişin ən
zəif yazıçısının
yazdığını yaza
bilməz. Çünki
onun öz dövrünə xas baxışı (lap yanaşı
yaşasalar da, təsadüfən
bir dövrə düşmüş kimi) dünyagörüşü, udduğu
ab-hava, bu havanın yaratdığı
fərqli duyum, görüm, fəhm tərzi, ölçü-biçi
vahidi var. Hər biri ayrı-ayrı zaman kəsiyində doğulduğundan
öz zaman qəlbinə
uyğun cazibə qüvvəsiylə yüklənərək,
yerin ayrı-ayrı
zaman dönərgəsində yaradanın əliylə ayrı-ayrı məqsəd,
yönümlər üçün
hesablandığından (çünki
ayrı-ayrı zaman kəsiyində
aldığımız nəfəs,
udduğumuz havada ayrı-ayrı fikir tumları, rüşeymləri
gəzib-dolaşaraq, dalğa-dalğa
sanki döl tutmaq üçün münbit zəmin, mühit arayaraq, inadkarlıqla beynimizə yol tapıb, bu münbit zəmində süfrələr
qoyur, bitib, boy atıb, ayrı-ayrı duyumlar, fikir toplusu, saysız görüntülər, zehni
duyum, qavrama qabiliyyəti şəklində
yetişib ərsəyə
çatır, formalaşıb,
təkmilləşib, şaxələnib,
min budaq olur) bir-birinin məramını,
dilini anlamayan, buna qüdrəti, zəkası
çatmayan ayrı-ayrı
planetlərin, sivilizasiyaların
sakinləri kimi təsadüfən üz-üz
gəlməyin xofunu-vahiməsini
yaşayır. Bu xofu,
vahiməni onlarda yaradan, biri o biri üçün dərkedilməz ayrı bir dünya, heç bir açarı düşəmmədiyi,
ümumiyyətlə belə
bir aşarın mövcud olmadığı
neçə qat bağlı
qıfıl, başdan-başa
sirr, möcüzə
pərdə - bələyinə
bələnməsindən yana
bir-birinə müdaxilə
edə bilməməsi
üçün özləri
də bilmədən sanki əks şüalanma qatı, müəmma dumanıyla özlərini qoruma qabiliyyətidir.
Bu baxımdan, keçmişin,
yəni yaşlı nəslin yazarıyla bu günün yazarının bir-birini anlamaması, dərk etməməsi, ya bunu heç istəməməsi, fərqinə
varamması, ayrı-ayrı
aləmlərin yad sakinləri
kimi bir-birinə xof, şübhə ilə baxması, bu şübhə qaralamanın getdikcə artıb, hərdən açıq düşmənçiliyə,
bir-birini inkara, qarşıdurmaya, iki əks qütb kimi üz-üzə gətirib çıxarması
nə qədər təbii olsa da, bir o qədər də gözlənilməzdir
(hərəsi özlüyündə
özünü nə
qədər haqlı saysa da).
- Azərbaycan dilində üslub yaratmaq mümkündürmü? Bəzən
tənqidçilər deyir
ki, bizim dildə üslub yaratmaq çox çətindir. Azərbaycan dili fransız, ispan dili kimi uzun
cümlələr qurulmadığı
üçün üslub
yaratmaq mümkün olmur. Bizim dilin
qəlbləri var.
- Bütün dillərin qəlibləri mövcuddur.
Ancaq tanınmış
qırğız yazıçısı
Çingiz Aytmatov,
Nobel mükafatçısı ərəb yazıçısı
Nəcib Məhfuz,
Nobel mükafatçısı Türk yazarı Orxan Pamukda istənilən
qədər uzun cümlələrə rast
gəlmək olar. Xüsusilə, onların böyük həcmli əsərlərində. Çingiz
Aytmatovun da son iki məşhur əsəri başdan-başa uzun cümlələrdən ibarətdir.
O, rus dilli olsa da, doğma ana dilində düşünüb.
Balaca ölkəsinin balaca dilinin nəhəng rus dilində olmayan qanunlarıyla rus dilinin zənginləşməsində
az-çox rolu olub.
- Sizin yaradıcılığınızda
daha çox uzun cümlələr, hisslərin geniş təsviri var. Ancaq müasir dövr ədəbiyyatında qısa
lakonik təsvirlər
yazılır. İndi özünüzü
harda görürsünüz?
- Uzun cümlələr məncə yazıçının
xarakteri, fikir, düşüncə tərzi,
onun özünəxas
ifadə formasının
məhsuludur. Axı heç kimdən tələb etmək olmaz ki, hamınız eyni cür düşünün,
eyni üslubda yazın. Bu mümkün olmadığı kimi, ədəbiyyatın sənətin
də cılızlığına,
yeknəsəkliyinə gətirib
çıxarar. Nəinki
ədəbiyyat, bütün
insanlıq, ya yazarlar eyni cür
düşünsələr, eyni şəkildə yazsalar, fikirlərini eyni formada ifadə
etsələr, onda dünyaya bir adam bəs eləməzdimi?
Yaradan bütün insanları, nəinki insanları, bütöv canlı təbiəti, təbiətdəki ən
kiçik gözlə
belə görünməyən
məxluqları, canlıları
ayrı-ayrı məcralardan
baş götürüb
axan, bir məcrada qovuşub, dəniz, göl, okean yaradan çayları,
su cığırlarını,
ağacı, bitkini, səhranı, düzü
tam fərqli, ayrı-ayrı
görkəmdə, ölçü-biçimdə
yaradır. Hətta oxşar şeylərin özündə belə fərqli oxşarlıqlar
var. Həyatdakı bütün
canlılar həyatın
özü kimi təbiətən daim ölçü-biçi, forma dəyişikliyinə can atır.
Bu canatma tükənsə,
nələr baş verər. Dünyanın sonu vaxtından öncə gəlib yetişməzmi?!
Bir də mən forma, üslub, uzun, qısa cümlələrdən
çox mənaya, məzmuna üstünlük
verirəm. Forma, üslub
buqəlamun kimi hər zaman donunu dəyişəndi, əvəzlənəndi,
məna isə əbədi qalır. Heç kəs Tolstoyu, Çexovu, S.Moyeni, A.Platonu,
İsa Hüseynovu forma, uzun,
qısa cümlələrə
görə yox, dərin, məntiqli dühalarına, yüksək
istedadlarına, dünya
görüşlərinə, dəyərli fikirlərinə
görə sevir.
- Bir yazıçı kimi özünüzü bir romançı, yaxud hekayəçi kimi görürsünüz?
- İri həcmli əsərlərə daha
çox meylliyəm.
Ona görə hekayə
yazanda da çox vaxt buruntağını tutub çəkə bilmirəm. Bir də görürəm o dey... hekayəlikdən çıxıb,
tamam bir başqa aləmə düşmüşəm. Yazıçılar
doğru deyirlər:
"Hekayə yazmaq -
roman, povest yazmaqdan çətindir. Qısa həcmli hekayələr çox böyük ustalıq tələb edir". Hər yolnan gedən onunla qələmini sınaya bilməz.
- Əli müəllim,
hansı dünya yazıçılarını özünüzə
ruhən yaxın sayırsınız, hansı
yazıçılar Sizə
görə zirvəyə
çatıb?
- Mən Folkneri, A.Platonovu, S.Moyemi,
Melvili, X.Rulfonu, Yasusi, İnoueni ruhən özümə yaxın bilir, onları daha çox sevirəm. Dünyanın ən qüdrətli yazıçısı
belə, ən yüksək zirvəyə
çatmayıb. Çünki
o zirvənin ardında
ondan da yüksək bir zirvə ucalır. Beləcə, bir-birindən yüksək,
azman zirvə silsilələri gəlir.
Dünyanın sonu olmadığı üçün
bu zirvələrin də sonu olmur.
- Sizin üçün yaxşı mətnin kriteriləri nədir?
- Məzmunun formayla uzlaşması. Onu tamamlaması, zamanı öz ürəyinin içi qədər aydın görmək və nəticə çıxartmaq.
- Dünyada kitabların nəşri artır. Amma bununla belə, bəşəriyyət sanki
bir fikir dolanbacına düşüb.
Bu gün insanların
həyatına sosial
media daha güclü təsir edir, nəinki kitab və ya qəzet. Dünya heç bir zaman olmadığı
qədər "səhralaşır".
- Çağdaş ədəbiyyatımız
bu cəhətdən özündən min illərlə
öncəki minilliklərdən
kəskin dərəcədə
seçilir. Təkcə
ədəbiyyat, sənət,
elmdə yox, təbiətin özündə,
havada, zamanda, məkanda, insan xarakterində müəmmalı
qaraheybət bir duman dolaşır. Bütün virtual aləmlər
belə eyni çaşdırıcı, qeyri
müəyyən bir hal yaşayır. "Səhrasızlaşma" böyüyüb,
həyatın sərhədlərini
aşır, bütün
yer üzünü çulğayır, arxada
başdan-başa kül
qatı, zülmət
kosmik boşluq qalacaqmı?
- Ədəbiyyatda modernistlər,
postmodernistlər var. İndi də metamodernistlər çıxdı. Özünüzü
hansı cərəyanda
görürsünüz?
- Heç birində. Mən həmişə -
"ist"lərdən uzaq
olmuşam. Çünki
- "ist"ləri qəbul
edən özləri tezliklə müstəqilliklərini
itirib, şəkilçiləşir.
- Rafiq Tağı düşünürdü
ki, yazıçı ictimai
fikrin ortasında olmalıdır. Amma məsələn,
siz görünmürsünüz.
Xüsusən belə
bir dövrdə, hər kəsin görünmək istədiyi
vaxtda siz görünmürsünüz. Bu sizi narahat etmir?
- Məncə, bu suala yuxarıda cavab vermişəm. Mənim də orta məktəb şagirdlərinin belə
aydın başa düşəcəyi qısa,
lakonik (şirin dil) təsvirli hekayələrim, povestlərim
çoxdur. Ancaq mən tutduğum yolla axıracan gedəcəm. Öz yoluma ömrüm boyu sədaqətli qalacam. Öz yoluna xəyanət edənlə, istəkli dostuna xəyanət edənin cəzası bir olmalıdır. Çünki öz yolundan dönən ancaq doğma dostunu da yolundan çıxarıb, özü
kimi yolsuz qoyar.
- Sizcə dünya və Azərbaycan ədəbiyyatında "şişirdilmiş"
yazıçılar kimlər
olub?
- "Şişirdilməmiş" yazıçılardan
sonra gələnlər.
Söhbətləşdi: Oğuz Ayvaz
Ədəbiyyat
qəzeti.- 2023.-14 oktyabr, ¹39.- S.22-23.