Cənubdan gələn səslər
Sözə
qüvvət: 1850-ci ildə şuşalı maarifpərvər
ziyalı Sadıq bəy Mehmandarov (o, Lənkəran qəzasına
məhkəmə katibi təyin olunmuşdu) Lənkərana
gedərkən Qaradonlu gömrükxanasında tərcüməçi
işləyən Mirzə İsmayıl Qasirlə
görüşür (Qasir əslən ağdaşlı idi,
şair və müəllimdi). Sadıq bəy onu Lənkərana
dəvət edir, öz mülkündə onun
üçün "Üsuli-cədid" məktəbi
açır və Qasir məktəbdarlıqla məşğul
olur. Amma Qasir tezliklə Lənkəranda yazıb-yaradan
şairləri öz ətrafına toplayır və bir ədəbi
məclis təşkil edir, "Fövcül-füsəha"
("Natiqlər yığıncağı")
adlandırır bu məclisi. Beləliklə, Azərbaycanın
Cənub bölgəsinin mədəni mərkəzi sayılan
Lənkəranda ədəbi həyat qaynar dövrünü
yaşayır. Təbii ki, bu başlanğıc təsirsiz
qalmır. Əsr yarımdan sonra "Fövcül-füsəha"
Lənkəranın qocaman ziyalısı,
sağlığında şəhərdə heykəli qoyulan
Mirhaşım Talışlının səyi və təşəbbüsü
ilə bərpa olunur.
Lənkəranda
ədəbi həyatın spesifik xüsusiyyətləri
XX əsrdə
Cənub bölgəsində ədəbi həyat öz
inkişafının yeni və daha sürəkli mərhələsinə
daxil olur. Xüsusilə, əllinci illərdən başlayaraq
Cənub bölgəsində o vaxta kimi görünməmiş
istedadlı yazarlar meydana çıxır (Şəkər
Aslan, Mirhaşım Talışlı, Əlisa Nicat, Vaqif
Hüseynov, Firudin Ağayev, Hüseynbala Mirələmov,
Yaşar Rzayev, Abbasağa, Hüseynağa Qəniyev, Camal
Yusifzadə, Məmməd Kazım, Həbib Səfərov,
İltifat Saleh, Zeydulla Ağayev). Cənub bölgəsi Azərbaycan
ədəbi həyatının irəlici qollarından birinə
çevrilir. Bunu nəzərə alıb Lənkəranda Azərbaycan
Yazıçılar Birliyinin zona şöbəsi təşkil
edilir (1977). Şöbənin ilk sədri o zaman "Dağlar
oğlu" romanı ilə ədəbi ictimaiyyətin diqqətini
cəlb edən Məmmədhüseyn Əliyev (1925-1994) oldu. Cənub
bölgəsində yaşayan ən məşhur şair isə
Şəkər Aslan idi (1935-1995). O, keçən əsrin əllinci
illərində yaradıcılığa
başlamışdı, Xalq şairi Nəbi Xəzri onun
şeirlərinə uğurlu yol yazmışdı. Şəkər
Aslan uzun müddət Lənkəranda çıxan "Leninçi"
qəzetinin redaktoru oldu, ömrünün son illərində
isə Yazıçılar Birliyi Lənkəran
zonasının rəhbəri idi.
Lənkəranı "Cənub mirvarisi"
adlandıranlar qətiyyən səhv eləməmişlər.
Şəkər Aslan bir şeirində yazır ki:
Lənkəran
elə bil ki,
Xəzərin yaxasında
Qızılgül çələngidir.
(Yeri gəlmişkən
qeyd edək ki, Şəkər Aslanın təşəbbüsü
ilə nəşr olunan "Söz" jurnalı indi də fəaliyyətini
davam etdirir. İstedadlı jurnalist Sevda Əlibəylinin
redaktorluğu ilə...) Lənkəranın özünəməxsus
flora və faunasını - onun təbiət gözəlliklərini,
burada yaşayan insanların adət-ənənə, məişət
xüsusiyyətlərini heç bir şair lənkəranlı
şair qədər təsvir edə bilməz.
Cənub
bölgəsində digər
bölgələrlə müqayisədə
iki ədəbi janr - qəzəl və sonet daha çox
yazılır. Qəzələ meyil etmək
"Fövcül-füsəha" ənənəsindən və
ümumən klassik poeziyamızdan - Füzuli şeirindən gəlir.
Lənkəranda yaşayan bir neçə şair istisna
olmaqla, elə bir şair tapa bilməzsiniz ki, qəzələ
və əruza müraciət etməsin. Bu əruzçuların
ön sırasında mərhum şair Mirhaşım
Talışlı dururdu. Mirsalam Babayev, Ağamir Cavad, Ziyafət
Yəhya, Tofiq Həsənli, Mahirə Nərimanqızı,
Xanəhməd Nahid, Xaqani Muğamatoğlu, Xilqət
Talıbov, Əhməd Haqsevər, Röyal Həşri,
Vüqar Fərzullayev, Ağababa Nakam kimi lənkəranlı
şairlər qəzəl yazmaqdan yorulmurlar. Amma bu janrda daha
çox diqqəti cəlb edən, təcrübə qazanan bir
neçə şairin - Ağamir Cavadın, Xanəhməd
Nahidin, Xatirə Xatunun, Xilqətin adları xüsusi qeyd
olunmalıdır.
"Azərbaycan soneti" adlı bir məqaləmdə
qeyd etmişdim ki, Lənkəranda sonet "fırtınası"
Şəkər Aslanın sonetləri ilə başladı.
Şəkər Aslan müasir poeziyamızda ilk sonetlər
çələnginin də müəllifidir. Sonetlər
çələngi isə şairdən istedad tələb
edir, gərək burada sonetin həm məzmununu, həm də
forma-struktur xüsusiyyətlərini qoruyub saxlayasan. Vaqif
Hüseynov, Mirhaşım Talışlı, İltifat Saleh,
Balayar Sadiq, Elşad Səfərli, Ağamir Cavad, Qorxmaz Kadusi,
Tərlan Əbilov, Əhməd Haqsevər, Hacı İltifat
Cəfərli, Əli Nasir, necə deyərlər, Şəkər
Aslanın Lənkəranda açdığı "sonet məktəbinin"
müdavimləri oldular. Bir məqamı xüsusilə nəzərə
çarpdırmaq istəyirik. Sonet müəlliflərindən
biri - şair-tədqiqatçı Elşad Səfərli
"Sonet janrı və Azərbaycan soneti" adlı
sanballı bir monoqrafiya çap etdirdi (elmi redaktoru Hüseyn Həşimli).
O, həmçinin sonetin bir sıra işlənməmiş
yeni növlərini də Azərbaycan poeziyasına gətirdi.
Onları
siz də tanıyırsınız...
Cənub
bölgəsində yaşayan yazarların əksəriyyətini
siz də yaxşı tanıyırsınız. Vaxtilə
"region ədəbiyyatı" deyilən bir ifadə
vardı. Lakin yetmiş-səksəninci illərdən
başlayaraq regionlarda ədəbi inkişafın tempi - yeni
istedadların çoxalması ona gətirib
çıxardı ki, daha bu ifadəni işlətməyə
ehtiyac qalmadı. İndi regionlarda yaşayıb-yaradan
yazarların əksəriyyəti təkcə o regionlarda deyil,
müasir Azərbaycan ədəbiyyatında yaxşı
tanınırlar. Lənkəran da bu mənada istisna təşkil
etmir. Biz bir neçə yazıçı-şair haqqında
qısaca söz açacağıq, təbii ki, Azərbaycan
oxucuları da onları yaxşı tanıyırlar.
Burada qeyd edim ki, Cənub
bölgəsində, xüsusilə Lənkəranda nəsr
janrı da poeziya ilə yanaşı addımlayır. Vaxtilə
60-80-ci illərdə o bölgədə yalnız bir neçə
nasirin - Məmmədhüseyn Əliyevin, Əlisa Nicatın,
Yaşar Rzayevin nəsr əsərlərindən başqa bir
uğurlu nümunə yox idi.
İlk növbədə, Yaşar
Rzayev haqqında. Uzun müddət Lənkəranda
- partiya-sovet orqanlarında məsul vəzifələrdə
çalışan, iki dəfə rayonun icra
başçısı təyin olunan Yaşar müəllim
lap gəncliyindən, "Leninçi" qəzetində
çalışarkən ədəbi
yaradıcılığa başlayıb. Elə gənc
yaşlarında "Gecə eşalonu" və
"Əks-səda" hekayələr, povestlər
kitabları nəşr olunub. Bu hekayələr içində
"Vəlinin kupletləri" ona bir yazıçı kimi
böyük etimad, inam yaratdı.
Mən Əlisa Nicat, Şəddad Cəfərov, Hüseynbala Mirələmov
haqqında da ayrıca söz açmaq istəyirəm. Bu
yazıçılara "qocaman" təyinini işlətməkdən
imtina edirəm. Onların hər biri Azərbaycan ədəbi
mühitində öz fəallıqları ilə seçilirlər.
90-cı illərin sonları -
ikimininci illərin əvvəllərində Hafiz Mirzənin,
Qafar Cəfərlinin, Aslan Quliyevin, Meyxoş Abdullanın,
Cavidanın, Nurəddin Muğanlının, Səyavuş
Süleymanlının nəsr əsərləri bu janrın
da həm kəmiyyət, həm də keyfiyyətcə irəlilədiyini
sübut elədi. Hafiz Mirzənin "Prezident",
"Xilaskar", "Katok" romanları, Qafar Cəfərlinin
detektiv povestləri və hekayələri, Meyxoş
Abdullahın "Əsir qadın" romanı və hekayələri,
Nurəddin Muğanlının romanları, Səyavuş
Süleymanlının hekayələri ədəbi ictimaiyyətdə
böyük marağa səbəb oldu. Aslan Quliyev
Yardımlıda yaşasa da, onun romanları bölgə sərhədlərini
çoxdan aşıb. Cavidanın "Məhsəti"
romanı haqqında da xoş sözlər söyləmək
olar.
Cəlilabadda da son 20 ildə bir sıra istedadlı şairlər,
nasirlər yetişib. Salam Sarvan, Əlizadə Nuri, Əlirza Həsrət,
Ədalət Salman müasir Azərbaycan poeziyasının
tanınmış nümayəndələridir. Masallıda
Arif Fərzəli, Əvəz Nəbioğlu, Xanəli və
Camal Ağayevlər, Rafiq Məmmədovun yazıları da
maraqla qarşılanır. Eyni sözü Astarada Təbrizə
Pünhan, İlham İlhamlı haqda da deyə bilərəm.
Yardımlıda da artıq respublika miqyasında tanınan iki
şairin adını qeyd etməliyəm - Sakit İlkin və
İqbal Nəhmət.
Lənkəranda bir şair də yaşayır və onun şeirləri
müasir poeziyamızın maraqlı bir səhifəsini təşkil
edir, - desəm, kimsə məni qınamasın. Onun
yaradıcılığına həsr etdiyimiz bir yazıda Tərlan
Əbilovu tamam fərqli, heç kimə bənzəməyən
fərqli bir şair kimi tanıtmışdıq. Xüsusilə,
bədii təsvir vasitələrinin rəngarəngliyi, hər
hansı mövzuya tamam fərqli və sərbəst
yanaşma tərzi, daxili azadlıqdan gələn bir təşnəlik,
bir qiyam hissi onun şeirlərinin başlıca göstəricisidir.
Mən Lənkəranda yaşayan
başqa bir şairin - Ağamir Cavadın
fəaliyyətini xüsusi olaraq nəzərə
çarpdırmaq istəyirəm. Ağamir altı şeir,
poema kitablarının müəllifidir və sonuncu kitabı
- "Dəniz adam" keçən il çapdan
çıxıb. Şeirləri öz dilinin sadəliyi, lakin
ən ümdəsi, obrazlılığı ilə
seçilir.
Bütün bunlardan əlavə,
Lənkəranda yaşayan daha bir şairi
- Ziyafət Yəhyanı tanıtmaq istəyirəm. Amma bilmirəm,
siz onu tanıyırsınızmı? Akademik Nizami Cəfərov
isə Ziyafət Yəhyanı yaxşı tanıyır.
Əgər tanımasaydı, onun üç il əvvəl nəşr
olunan "Tənhalığın nəfəsi"
kitabına ön söz yazmazdı.
Lənkəranda yaşayan digər
şairlərin
yaradıcılığı barədə söz aça bilmədik.
Amma "görünən kəndə nə bələdçi"
deyib Fəxrəddin Teyyubu, Etibar Vəliyevi, Əhməd Haqsevəri,
Tofiq Həsənlini, Samir Sədaqətoğlunu bir daha
tanıtmağa ehtiyac duymadıq. Bu yazının müəllifi
həmin yazarların hər biri haqqında məqalələr
qələmə aldığından öz-özünü təkrar
etmək istəmədi.
İndi
isə ədəbi gənclik haqqında
Lənkəranda
istedadlı bir ədəbi gənclik - yeni ədəbi nəsil
də formalaşmaqdadır. Budur onlar: Müşfiq Cəbi,
Ziya Dilsuz, Xaqani Muğamatoğlu, Xilqət Talıbov, Aysel Səfərli,
Aysel Nazim, Əyyub Türkay, Ülkər Nicatlı, Anar
Seyidağa, Fateh...
Azərbaycanda - bir ailə
daxilində dörd şairin olması tək-tük, nadir hadisələrdəndir.
Fateh Səfərovun babası Həbib Səfərov Şəkər
Aslanla, Yaşar Rzayevlə bir dövrdə
yaşamışdı, bir neçə şeir kitabı da
çap olunmuşdu. Həbibin böyük oğlu Məmməd
Həbib indi öz kəndlərində yaşayır. Həbib
Səfərovun ikinci oğlu Anar Həbiboğlu isə cəmi
qırx üç il yaşadı. Şeirlərində təzə
nəfəs, təzə obrazlar, təzə deyim tərzi ilə
seçilirdi. Böyük təəssüf hissilə qeyd edək
ki, onun ölümü ədəbiyyatımız
üçün bir itki idi. Xəstələnməsəydi,
ölüm onu cənginə almasaydı, Anar poetik istedadı
ilə daha nələr yaradardı. Cəmi bircə kitabı
çap olundu: "Əlini qoy ürəyimin üstünə".
Anarın oğludur Fateh. İnanırıq ki, o, tezliklə
öz şeirləri ilə də fatehə çevriləcək!
Aysel
Nazim, Aysel Xanlarqızı-Səfərli,
Ülkər Nicatlı və Cavidan - bu dörd şairə
haqqında "Ulduz" jurnalında vaxtilə söz
açmışıq. Bəzən qadın-xanım
yazarların şeirlərində bir-birini təkrar edən
motivlər, ifadə vasitələri ilə
qarşılaşırıq. Amma adlarını çəkdiyimiz
bu zəriflərin heç biri digərinə bənzəmir.
Cavidanın şeirləri daha çox modern üslubu ilə səciyyələnir
və daxili azadlığın, sərbəst
düşüncə tərzinin ifadəsi olan şeirlərində
Cavidan inqilabçılığı çox sevir, qadın
poeziyasına xas olan umu-küsü, ah-nalə onun şeirlərinə
xas deyil.
Mən bayağı mahnılara soyunmaq istəmirəm mənimçin bir
Füzuli kantatası səsləndirin.
Xalq şairi Sabir Rüstəmxanlı
Aysel Xanlarqızı-Səfərlinin "Karantin
boşluğu" şeirlər kitabına
"Ayrılığın və təkliyin sözü"
adlı təfərrüatlı bir ön söz yazıb. Biz
də o fikirdəyik ki: "Ayselin şeirlərində məni
ən çox təsirləndirən məhz gənc
ömürlərin qanadını qıran bu amansız tale
karantininin və ona müqavimət göstərən, öz
dözümü, sevgisi, sözü ilə onu
asanlaşdıran, uzaqlıqlar üstündən mənəvi
körpülər salan qadın etibarının poetik ifadəsi
oldu".
Aysel
Nazim və Ülkər
Nicatlının şeirlərində isə daha çox sevgi
duyğuları əks olunur. Təkcə sevgi
duyğularımı? Ülkər Nicatlının bir
şeirindən misal gətirək:
Yaşıl
çəmənlərin ilməsi qaçıb,
Mamırlı qayalar dişini
qıcıb,
Həsrəti götürüb haraya
qaçım,
Vətənin ağrısı azalsın
bir az.
Lənkəranda
yaşayan iki gənc şairin - Müşfiq Cəbinin və
Ziya Dilsuzun şeirləri isə onların gələcəyinə
böyük ümidlər doğurur.
Sözümü lənkəranlı şair
Anar Seyidağanın "Vətən"
şeiri ilə bitirmək istəyirəm:
Vətən
Qoy bir şəhid qardaşı
Mənə də qardaş
desin -
Dayanım arxasında
Bütün ömrüm boyunca.
Qoy bir şəhid balası
Mənə də əmi desin -
Sığallayıb saçını
Öpə bilim doyunca.
Qoy bir şəhid bacısı
Mənə də qardaş
desin -
Bilim ki,
namusuna
Rahat and içəcəyəm.
Qoy bir şəhid anası
Mən də oğul desin -
Xankəndi yürüşünə
Bayraqdar
seçəcəyəm.
Qoy bir şəhid anası
Mənə də balam desin -
Onda mən...
Ölərəm sənin üçün
Ölərəm Anam - Vətən.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.18.