Böyük ədəbiyyatşünas
alim və nəzəriyyəçi
Akademik İsa Həbibbəyli haqqında
Akademik
İsa Həbibbəylini qiyabi
olaraq lap çoxdan, onun dəyərli məqalə və
kitablarını oxuduğum vaxtlardan tanıyırdım. Amma
heç vaxt düşünmürdüm ki, bu görkəmli
alim mənim uzun illər çalışdığım
İnstituta nə vaxtsa rəhbərlik edəcək.
Çünki o, uzun illər idi ki, doğulub boya-başa
çatdığı bir məkanda öz işi ilə
hörmət və şöhrət qazanmış,
böyük nüfuz sahibi olmuşdu. Məhz akademik İsa Həbibbəylinin
gərgin əməyi sayəsində rektoru olduğu
Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyəli
təhsil ocaqlarından birinə çevrilmişdi...
2013-cü
ildə akademik İsa
Həbibbəylinin həm AMEA-ya birinci vitse-prezident və eyni
zamanda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna direktor təyin olunmasını çoxları
kimi, mən də sevinclə qarşıladım. Demək olar
ki, onu institutumuzda keçirilən tədbirlərdə daha
yaxından tanımağa başladım. Onun elm fədaisi
olduğunu, gənc alimlərə və ehtiyacı olan əməkdaşlara
hərtərəfli qayğı göstərdiyinin tez-tez
şahidi olurdum.
İsa müəllimlə şəxsi
və səmimi
tanışlığımız isə xoş bir təsadüfdən
sonra yarandı... Bir dəfə İsa müəllim
"Elm" nəşriyyatında olarkən, mənim təzəcə
çapdan çıxan "Tərcümə mətninin
redaktəsi" kitabımı görüb və nəşriyyatın
gənc direktoru Səbuhi müəllimdən (mən Bakı
Dövlət Universitetində çalışarkən, S.Qəhrəmanovun
elmi rəhbəri olmuşdum) kitab haqqında soruşanda, o da
"Lyudmila xanım Sizin İnstitutda
çalışır", - deyib və bildirib ki, bu
kitabı hələ o özü də görməyib... Bu
söhbəti Səbuhi müəllim mənə deyəndən
sonra, mən yeni kitabıma avtoqraf yazıb hörmətli
akademikə təqdim etdim. O, kitabımı oxuyandan sonra mənim
işlərimlə daha yaxından maraqlanmağa
başladı...
Sonralar mənim xahişimlə
İsa müəllim iki kitabımın elmi redaktoru oldu: 1)
"Vostoçnaə tematika v tvorçestve N.S.Qumileva".
Monoqrafiə. Nauçnıy redaktor: akademik İsa Qabibbeyli.
Baku, "Elm və təhsil", 2017, 228 str.; 2)
"Koraniçeskie motivı v zapadnoevropeyskoy i russkoy
literature. Na materiale tvorçestva İ.V.Qete, A.S.Puşkina,
L.N.Tolstoqo, N.S.Qumileva". Nauçnıy redaktor: akademik
İsa Qabibbeyli. Baku, 2019, 200 str.
Onu da deyim ki, şəxsi
tanışlığımızdan sonra İsa müəllim
daim mənim elmi fəaliyyətimlə, yazdığım məqalə
və kitablarla maraqlanır. Xüsusən zəngin rus ədəbiyyatına,
Azərbaycan-rus ədəbi əlaqələrinə,
komparativistikaya, Qumilyov yaradıcılığına, həmçinin
Qərbdə Şərq ədəbiyyatının, Quran motivlərinin
tərcüməsi və tədqiqinə, ümumiyyətlə,
tərcümənin tarixi və nəzəriyyəsinə dair
bir sıra mövzularda fikir və mülahizələrini mənimlə
bölüşür, elmi tədbirlərdə fəal
iştirak etməyimi tövsiyə edir. Mənim fikrimcə,
akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığın,
nəzəri-estetik fikrin, ədəbiyyat tarixinin, demək olar
ki, bütün sahə və istiqamətlərində
yazdığı məqalə və kitabları ilə öz
orijinal mövqeyini və elmi fikrini sərrast şəkildə
ictimaiyyətə çatdıra bilmişdir. Onun türk
xalqlarının ictimai fikrinə, ədəbiyyatına və
mədəniyyətinə (Mustafa Kamal Atatürk, Nursultan
Nazarbayev, Məhtimqulu Fəraqi, Çingiz Aytmatov, Oljas
Süleymenov, Camal Kamal və b.) göstərdiyi münasibət
təqdirəlayiqdir.
İsa müəllimin ömür
kitabının səhifələrinə
diqqətlə nəzər saldıqda, ondakı müsbət
xüsusiyyətlərin kökünün lap dərinliklərə
getdiyinin şahidi oluruq. 1949-cu il oktyabrın 16-da
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik
(etimoloji mənası Dan yeri) kəndində dünyaya göz
açan İsa Həbibbəylinin atası Əkbər Həbibbəyli
doğma kəndində 50 ildən artıq müəllimlik
etmiş və tanınmış ziyalılardan biri kimi
böyük hörmət sahibi olmuşdur.
İbtidai təhsilini kənd
orta məktəbində almış
İsa Həbibbəyli daha sonra, 1966-cı ildə Oğlanqala
(keçmiş Ulya Noraşen) kənd orta məktəbini
bitirmişdir. Onun "Pambıqçı uşaqlar"
adlı ilk məqaləsi "Azərbaycan pioneri" qəzetində
(1964), sonrakı məqalə və şeirləri isə
"Azərbaycan gəncləri", "Şərq
qapısı", "İşıqlı yol" qəzetlərində
çap olunmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan
dili və ədəbiyyatı fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra 1971-1974-cü illərdə
Şərur rayonunda orta məktəbdə, 1975-ci ildə Yusif
Məmmədəliyev adına Naxçıvan Dövlət
Pedaqoji İnstitutunun Ədəbiyyat kafedrasında müəllim
işləmişdir.
İsa Həbibbəyli 1973-cü ildə
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasına - akademik Məmməd Cəfər Cəfərovun
rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi
şöbəsinə həmin ixtisas üzrə daxil
olmuş, 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası" mövzusunda namizədlik
dissertasiyasını, 1996-cı ildə isə Cəlil Məmmədquluzadəyə
həsr etdiyi "Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri" adlı doktorluq dissertasiyasını
müdafiə etmişdir. Növbəti ildə professor elmi
adına layiq görülən İsa müəllim
1991-1996-cı illərdə Naxçıvan Dövlət
Universitetinin elmi işlər üzrə prorektoru,
1996-2013-cü illərdə isə həmin universitetin rektoru vəzifəsində
çalışmışdır. Universitetə rəhbərlik
etdiyi müddətdə İsa müəllimin elm, təhsil və
təşkilatçılıq sahəsində əldə
etdiyi nailiyyətlər Naxçıvan Dövlət
Universitetinin fəaliyyətini xeyli dərəcədə
inkişaf etdirmişdir.
Ədəbiyyatşünaslıq elmində
əldə etdiyi nəticələrə
görə, İ.Həbibbəyli 2001-ci
ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2003-cü
ildə isə AMEA-nın həqiqi üzvü
seçilmiş və Əməkdar elm xadimi fəxri adına
layiq görülmüşdür.
Akademiyada
Nizamnamə Komissiyası
onun sədrliyi ilə 2013-2014-cü illərdə
müstəqillik dövrü Milli Elmlər
Akademiyasının yeni nizamnaməsinin hazırlanıb təsdiq
edilməsinə nail olmuşdur. İsa Həbibbəyli Azərbaycançılıq
konsepsiyasına dair layihə hazırlayıb çap etdirməklə
bərabər, eyni zamanda "Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi konsepsiyası"nın
da müəllifidir. Onun təşəbbüsü ilə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı,
Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya
ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbələri,
Füzulişünaslıq sektoru, Beynəlxalq əlaqələr,
Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil
şöbəsi kimi köməkçi şöbələr
də yaradılmışdır. Milli Elmlər
Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda bir sıra beynəlxalq elmi konfransların
keçirilməsi və xarici ölkələrin elmi
qurumları ilə geniş əlaqələrin
yaradılması İsa Həbibbəylinin gərgin əməyinin
nəticəsidir. Onun təşəbbüsü ilə
2014-cü ildən respublika miqyasında və beynəlxalq səviyyədə
"Fizika və lirika: dünya təcrübəsi və
ölkə reallıqları" mövzusunda simpoziumlar
keçirilir.
Görkəmli alimin kitablarından
bəzilərinin adlarını bir daha
xatırlatmaq istərdim: "Romantik lirikanın
imkanları", "Ədəbi yüksəliş",
"Ədəbiyyat nəzəriyyəsi", "Cəlil Məmmədquluzadə",
"Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri", "Mirzə Ələkbər Sabirin həyat
və yaradıcılığının əsas tarixləri",
"Məhtimqulu Fəraqi", "Yollar şeirdən
başlanmışdı", "Akademik Səməd
Vurğun Vəkilov", "Xalq şairi Məmməd
Araz", "Ustad Məhəmmədhüseyn Şəhriyar",
"Heydər Əliyev və Naxçıvan Dövlət
Universiteti", "Ədəbi şəxsiyyət və
zaman", "XX əsrin əvvəlləri Azərbaycan
yazıçıları", "Nuhçıxandan -
Naxçıvana", "Ədəbi-tarixi yaddaş və
müasirlik", "Böyük ədəbiyyat nəhəngi
Məmməd Səid Ordubadi", "Heydər Əliyev:
dövlətçilik təlimi və müasir dövr",
"Naxçıvan xalçaçılığı: ənənə
və müasirlik", "Duzdağ mozaikası", "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və
inkişaf mərhələləri" və s.
Yeri gəlmişkən, akademik
İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
fundamental əsəri haqqında qısa məlumat verməyi də
məqsədəuyğun hesab edirəm.
Geniş
və əhatəli bu elmi-nəzəri monoqrafiya
aşağıdakı bölmələrdən ibarətdir:
1.
Giriş;
2. Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsi
üzrə axtarışlar;
3. Ədəbiyyat
tarixçiliyində yeni mərhələ;
4. Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsinin
elmi təsnifatına doğru;
5. Azərbaycan
ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi
zərurəti;
6. Azərbaycançılıq
konsepsiyası;
7. Azərbaycan
ədəbiyyatı tarixinin inkişaf mərhələləri;
8. Nəticə.
İsa müəllimin Azərbaycan
ədəbiyyatı haqqında
aşağıdakı fikirləri bütün dünya azərbaycanlıları
üçün pozulmaz qanun kimi səslənir:
"Azərbaycan ədəbiyyatı
- Azərbaycanda və dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlıların
yaratdıqları böyük ədəbiyyatdır;
Millilik və bəşərilik,
Azərbaycançılıq və birlik
idealları, habelə yüksək bədiilik Azərbaycan ədəbiyyatının
əsas xüsusiyyətləridir;
Azərbaycan ədəbiyyatı - Azərbaycan xalqının dilində yaranan
böyük ədəbiyyatdır;
Eyni zamanda hansı dildə yazılmasından asılı
olmayaraq, azərbaycanlıların ölkəmizin milli dəyərlərinə
və dövlətçilik maraqlarına xidmət edən bədii
əsərləri Azərbaycan ədəbiyyatıdır;
Azərbaycan ədəbiyyatı davamlı
tarixi-ədəbi ənənəsi olan və
daim inkişaf edib müasirləşən dayanıqlı ədəbiyyatdır;
Azərbaycan ədəbiyyatı dünya
ədəbiyyatının tərkib hissəsidir".
Akademik
İsa Həbibbəyli ədəbiyyatımızı
belə dövrləşdirir:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan-eposadək (ən
qədim dövrlərdən VII əsrə qədər).
2. Azərbaycan
yazılı ədəbiyyatının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan
ədəbiyyatında tənqidi realizm və romantizm
epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda
sovet hakimiyyətinədək).
8. Azərbaycan
ədəbiyyatında sosialist realizmi dövrü
(1920-1960-cı illər).
9. Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm (1960-1980-ci illər).
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
Akademik
İsa Həbibbəylinin çap
olunmuş çoxsaylı dərslik, dərs vəsaiti, proqram
və metodiki göstərişləri də təhsil və
maarif işçiləri üçün böyük
pedaqoji-tədris əhəmiyyətinə malikdir.
İsa Həbibbəylinin əsərləri
Azərbaycan dilindən başqa, bir
çox xarici dillərə - ingilis, rus, fransız, polyak, urdu,
ərəb, türk, bolqar, litva, macar, gürcü və s. - tərcümə
edilərək çap olunmuşdur. İsa müəllimin
ABŞ, Qırğızıstan, İngiltərə,
Çin, Fransa, Qazaxıstan, Türkmənistan, Almaniya,
İran, Rusiya, Türkiyə, Cənubi Koreya, Misir, İspaniya,
Bolqarıstan, Monqolustan, İraq və digər ölkələrdə
keçirilən beynəlxalq simpozium, qurultay və konfranslarda
etdiyi elmi məruzələr onun beynəlxalq aləmdə,
xüsusən də İran, Türkiyə, Rusiya, Orta Asiya
ölkələrində şöhrət qazanmasına zəmin
yaratmışdır.
İsa Həbibbəylinin ilk gənclik
dövründən şeir yazması da məlumdur. Onun hətta
bir sıra şeirlərinə musiqi də bəstələnmiş,
sözləri ona məxsus olan "Naxçıvan
marşı" (musiqisi Aqşin Əlizadə) və
"Akademiya marşı" (musiqisi Vaqif Gərayzadə)
yüksək səviyyədə respublika ictimaiyyətinə təqdim
olunmuşdur. İsa müəllim həm də ssenarilər
müəllifidir, bir sıra teatr tamaşalarında və
filmlərdə ədəbi məsləhətçi kimi
iştirak etmişdir.
Akademik
İsa Həbibbəyli ölkənin
ictimai-siyasi həyatında da fəal iştirak edir. O,
1998-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, 2005-ci ildən bu günə qədər
isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı
kimi fəaliyyətini davam etdirməkdədir. Deputat İsa Həbibbəyli
2015-ci ildən etibarən Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədridir.
Akademik
İsa Həbibbəylinin əsərlərinin
biblioqrafiyası bir neçə dəfə çap
edilmişdir. 2018-ci ildə "Azərbaycanın görkəmli
şəxsiyyətləri" seriyasından üç dildə
- Azərbaycan, ingilis və rus dillərində nəşr
olunmuş "Akademik İsa Həbibbəyli. Biblioqrafiya"
sanballı kitabı respublika ictimaiyyətinin ürəyincə
oldu. "Biblioqrafiya"dakı "Böyük ömrün
illəri və əsərləri" adlı "Ön
söz"ün müəllifləri - AMEA-nın müxbir
üzvü Kamran Əliyev və professor Məmməd
Əliyev yazırlar: "Akademik İsa Əkbər oğlu Həbibbəyli
Azərbaycan ədəbiyyatşünaslığının və
ictimai fikrin inkişafında xüsusi yeri olan,
özünün orijinal axtarışları ilə elmimizə
sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir.
Böyük ədəbiyyatşünas alimin,
tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin
elmi araşdırmaları Azərbaycanda ədəbiyyat
haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai
fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə
uğurla xidmət edir".
Burada
İsa Həbibbəylinin kitabları,
dövri mətbuatda, məcmuələrdə çap
olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri,
rus və başqa dillərdə çap olunmuş əsərləri,
tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi,
elmi rəhbəri və opponenti olduğu elmi işlər,
habelə görkəmli alimin həyat və
yaradıcılığı haqqında materiallar öz əksini
tapmışdır.
Akademik
İsa Həbibbəylinin göstərdiyi
geniş elmi, ictimai-siyasi fəaliyyət dövlətimiz və
respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilmişdir. O, "Şöhrət",
"Şərəf" və anadan olmasının 70 illiyi
münasibətilə "Birinci dərəcəli Vətənə
xidmət" ordenləri ilə təltif olunmuşdur.
2022-ci ilin dekabrında akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti
seçilməsi də böyük alimə olan sonsuz hörmət
və etimadın əsl göstəricisidir.
İsa müəllim haqqında bir neçə kitab və monoqrafiya
yazılıb nəşr edilmişdir. Onun barəsində
akademik Teymur Kərimlinin "Şərqin qapısından
dünyaya" və filologiya elmləri doktoru, professor Yusif
Seyidovun "Akademik İsa Həbibbəyli" kitabları
xüsusilə diqqətəlayiqdir.
Akademik
İsa Həbibbəyliyə həsr etdiyim bu kiçik yazını akademik
Teymur Kərimlinin aşağıdakı fikirləri ilə
tamamlamaq istəyirəm: "İsa Həbibbəylinin müəllimliyi
ilə alimliyi bir-birini tamamlayan və biri-digərinin
inkişafına stimul verən, bir-birindən ilham alan iki fərdi
keyfiyyət, iki ayrılmaz əlamət kimi onun həyat və
zəhmət, yaradıcılıq və fəaliyyət
yollarında qoşa addımlamaqdadır".
Lyudmila
SƏMƏDOVA
Filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.12-13.