1000 ilin Arazı
Elmi
araşdırma
Məmməd Araz mənim ən sevdiyim şairlərdəndir. Hər
il oktyabrın 14-ü gələndə
ikiqat həyəcanlanıram,
axı mən - Turan Uğur da nəhəng şairimizin anadan olmasından düz 50 il sonra -
1983-cü ilin bu günü doğulmuşam.
Eyni gündə doğulmağın şərafətini
paylaşmaq, görünür,
həm də poeziyanın təravətini
mərhum şairimizlə
eyni dərəcədə
dadmaq duyğusunu bəndənizdə yaşadır.
Nə bilim, Məmməd Araz poeziyasına könül vermək üçün
çeşidli səbəblərim
var. Bu səbəblərdən biri isə onun
şeirlərindəki söz
oyunlarına rast gəlməyim, sözün
müsbət çalarında
janqlyorluğunun fərqinə
varmağım, şairin
hər misrasında
ana dilimizin şəhdi-şirəsini
sezməyimdir.Unudulmuş,
arxaik, üstünü
toz basmış, kif atmış sözlərə
yenidən həyat vəsiqəsi vermək, çoxmərtəbəli misralar
yaratmaq məsələlərində
Məmməd Araz mahir sənətkar idi. Bütün bu məqamlar məni sevimli şairim haqqında yazmağa sövq edir və yazdığım
esseyə mərhum şairin öz gedişləri, öz priyomları ilə yanaşmağa başlayıram.Yəni,
lətif, kövrək,
zəngin ana dilimiz haqqında ürək sözlərimlə "Bismillah" eləyirəm ki, yazımda
"əlhəmdülillah" da urvatlı alınsın. Beləliklə, Məmməd
Arazın 90-cı doğum
günündə azman
şairimizə ithaf etdiyim "1000 İlin Arazı" adlı esseni "Ədəbiyyat qəzeti"nə böyük
məmnuniyyətlə təqdim
edirəm.
1000 ilin Arazı
Gələcəkdə axar sulara min nəğmə qoşacaq Məmmədin doğuluşuna tanıqlığı
bütün Naxçıvan
elinin mübarək yerləri edib: Gurbulaq şəlaləsi,
Batabat gölü, Əshabi-Kəhf ziyarətgahı.
Sənətkar kimi gələcəkdə tanınmasına
qol qoyub, imza atanlar arasında
Küküdağ silsiləsi,
Biçənək aşırımı,
Salvartı, Ağdaban
zirvələri də
vardı. Hər kəs, hər şey məmnun görünürdü gələcək
şairin dünyaya gəlişindən. Ən
çox sevinənlərdən
biri isə böyük qardaşı
İbrahim olmuşdu. "Daha
oynamağa qardaşım
da olub", - deyə çox sevinmişdi Məmmədin ağabəyi.
Bizlərdə böyük
qardaşa "ağabəy",
yaxud "dadaş"
deyirlər, Məmmədin
ailəsində necəydi,
bilmirəm. Bildiyim odur ki, cılız, sısqa uşaq idi balacalığında,
amma çevikliyinə,
bacarığına söz
ola bilməzdi. Məktəb
müəllimi Kamran Hüseynov
deyərdi ki, Məmmədin
fərasətli biri olacağı hələ şagird vaxtından bəlli idi. Atası İnfil kişi də:
"Bu uşaqdan bir şey çıxacaq"
- deyə qətiyyən
narahatlıq keçirməzdi.
Sinə-dəftər anası Cahan xanımın da balaca Məmmədin yetişməsində böyük
təsiri olub.Təhsilsiz
qadın olsa da, Cahan ananın bildiyi cahan siqlətli
şeirləri, gəraylıları,
bayatıları şairin
həyatında böyük
iz buraxıb ömrü boyu....
Çox
sevilən yazıçı
Qabriel Qarsia Markes deyirdi: "Ədəbiyyat olmasa, dünyanın düzəni
zərrə qədər
də olsun, dəyişməzdi." Rüsxət
verin, sevilən yazıçıyla bu dəfə razılaşmayım.
Dünyanın mənzərəsini
necə təyin edəcəyimiz ədəbiyyatdan
birbaşa asılıdır.
Bizə bu seçimdə Məmməd
Araz poeziyası daim yardımda bulunur. Ömrüboyu tufan
əyən, su yaran, Xətai qılıncını suvarmağa
iddialı olan Məmməd Araz əlləri öz ömrünü şum eləməyə də vaxt tapardı. Gündoğandan-günbatana kimi
hər yeri mənzil bilib, "bu da belə bir ömürdür",
- deyib yaşamağa xəfif bir zövq, xəfif bir eşq kimi
deyil, həyati borc kimi baxırdı.
Ona görə üstünə
balta qıcıyanlarla,
duz-çörəyi tapdayan,
təhnəsi boş adamlarla mübarizədən
və mücadilədən
zərrə qədər
də olsa, geri çəkilmirdi.
Oğul
bilsə, Vətən
üçün gedib
qayasında mamır kimi bitməyə də hazır idin. Ancaq sən
mamır yox, bu Vətənin sevilən şairi oldun, Məmməd Araz....Ən əsası odur ki, heç zaman ölə-ölə
yazmadın, əksinə,
yaza-yaza öldün.
Lakin hələ o ölümə
çox var axı...
Lap əvvəldən - kənddən
təzəcə çıxdığın
o illərdən başlayaq.
"Yanın, işıqlarım"
adlı həmin ilk şeirindən çıxırıq
yola.Yolağasız yollar sənə necə də tanışdır. Deyilmi?
1952-ci ildən söhbət
gedir. O zaman "Vətən
torpağı"," "Şeirə gətir","Necə unudum səni?" şeirlərini
Məmməd İbrahim imzasıyla
nəşr etdirmişdin.
Amma Məmməd İbrahimin
Məmməd Araza çevrilişinin bəşarətçiləri
də məhz bu misralar idi...
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı.
Məmməd Arazın bu misraları artıq poetik zərb-məsələ
çevrilib. Olmaz olsun o ölkə vətəndaşını ki, özünü vətən
daşı hiss edə
bilmir. Məmməd Araz üçün vətən daşı olmaq bir daş
kimi küncdə-bucaqda
qaxılıb dayanmaq deyildi. Vətəndaşlıq
şair üçün
bu məmləkətin
daşına, torpağına
sahib çıxmaq, dilinə,
dininə etina göstərmək, xeyirinə
sevinmək, şərinə
üzülmək idi.
Camaat kimi, səhər dan söküləndə
işə getmək, axşam qaş qaralanda işdən dönməkdir Məmməd
Araz yurddaşlığı.
Atadan, anadan başlayırdı yurd sevgisi Məmməd
üçün. "A" hərfindən başlayırdı
hər şey. Ona görə də İnfil kişinin ocağını doğma
bilərdi, kəndə
yolu-güzarı sıx-sıx
düşərdi bu üzdən, haqlı idi. Təbiətdən ayrılmaz ki insan övladı. Sənə də, mənə də məsləhət görərdi təbiətin
vəfalı sakini olmağı. Ata yurduna baş çəkməsən,
itlə qurdu, boz qoduqla ceyranı
necə ayırar övladlarınız?!
Bağırsaq dərələri dar
bilib, böyük şəhərlərə yüyürən,
onun-bunun kölgəsində
baş girləyənləri
qətiyyən anlamırdı.
Məlhəmi təbiətdə
görürdü şair.
"Atamın kitabı"
poemasını bu səbəbdən yazmışdı
vaxtilə, atalar üçün yazmamışdı
ki, biz övladlar üçün
yazmışdı... Elə
təbiət vurğunu
olan Məmməd Arazın 1974-cü ildən
ömrünün sonuna
qədər "Azərbaycan
təbiəti" jurnalında
Baş redaktor kimi işləməyi də təbiət hadisəsi yox, Məmməd Araz hadisəsi idi. Atalar demiş:
"Çörəyi ver çörəkçiyə, birini
də üstəlik".
Məmməd Araz şeiriyyatı
o qədər əlvan
və rəngarəng
idi ki, insan heyrət eləyir, sadəcə. Bu qədər
mənaca, məzmunca sanbalı olan şeirlərin üslubu, texnikası necə spesifik ola bilərmiş? Ən sıravi misralarından cinas qafiyəli bəndlərinə
kimi...
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır
səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.
Bu şeirlərlə tanış
olandan sonra dilimizin kasadlığından
şikayət edənlərə
əməlli-başlı diş
qıcamalı olursan.
Bu şeirlərə könül
verən hər bir kəs yalnız
heyrət edə bilər ki, Azərbaycan türkcəsində bu qədər gözəl yazmaq və danışmaq mümkünmüş.
Ən nəhayət, Məmməd Araz poeziyası bizə
"aha, belə bir söz də varmış dilimizdə, nəcəb ağlımın
ucundan keçməmiş
indiyə kimi", - deyibən, sadəcə, çaşqınlıq içində
dayana bilərsən. Fəqət, dayanmayan, yerində durmayan bir məfhum var: Zaman!
Vaxt keçdikcə, mazimizdən
istiqbalımıza yön
aldıqca Məmməd
Araz şəxsiyyəti
daha da ucaboylu görünür. Görünür
və yaşayır. Onu sevən pərəstişkarlarının sözündə-söhbətində yaşayır Məmməd
Araz. O söhbətlər
içərisindən bir
fraza aydın şəkildə qulağımı
batırır:
"Bu
dünyadan Məmməd Araz
keçdi, nə yaxşı ki də keçdi, dostlar!"...
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü - məhəbbət olar,
-
Müharibə olmasa!
Düz deyirdi, Məmməd bəy. Müharibə olmasaydı, çox şey başqa cür olardı. Məsələn, üç
oğlunu davaya göndərən Gülsənəm
ananın ömrü iztirabdan 5 km uzaq olardı. Üç gün vüsal görüb, on üç
il hicranla boğuşmazdı
ərsiz qadınlar. Məmləkətin tifilləri
yetim qalmazdı, bir şair kimi
Məmməd Araz
"müharibə olmasa!"
ifadəsini əslində,
"müharibə olmasın!"
nidasından yoğurmuşdu.
Şair idi axı. Hərblərin, döyüşlərin olmasını
istəyən ən sonuncu insan yer
üzündə məhz
şairlər olur. Savaşın yox, barışın tərəfdarıydı
Məmməd Araz. Bir də inanmışdı
lap məsum çocuq
kimi, müharibələrin
olmadığı bir
yerdə alimin göydən ay-ulduzu dartıb yerə sala biləcəyinə də iman gətirmişdi.
Daha doğrusu, inanmaq istəmişdi buna.
Əridib
silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə
Mars arasında, -
Müharibə olmasa!
M.Araz
44 günlük Zəfər savaşından, doğma Qarabağımız öz
hürriyyətinə qovuşandan
sonra Məmməd Arazın da murazı könlündə qalmayıb.
Sevinir şair. Hayqırtılı, alovlu,
hərarətli Vətən
şeirlərindəki ağrılarına
ilac tapılıb artıq. Bilirsiniz, hardan bilirəm?!
Yağı caynağından qurtulan,
dübarə, hürriyyətini
yaşamağa başlayan
torpaqlarımızın bəxtəvər
görünüşündən bilirəm. Ona görə Vətən indi hamımıza oğul deyir, bizim hamımıza:
Biz - müəllimlərə
biz - jurnalistlərə
biz - fəhlələrə
biz - fermerlərə
biz - həkimlərə
biz - hakimlərə
biz - şairlərə
biz - kəndlilərə
biz - şəhərlilərə
Biz - mühasiblərə
biz - müşavirlərə
biz - dənizçilərə
biz - duluzçulara
biz - dülgərlərə
biz - misgərlərə
biz- zərgərlərə
biz - bərbərlərə
biz - tacirlərə
- bizim hamımıza.
Hə, az qalsın, unutmuşdum, şairim, biri var, min illərdir axan Araz çayı,
biri də var, şeiriyyatımızın Arazı.
Əslində eynidir:
90 ilin Məmməd Arazı min illərin
Araz çayından rişələnibsə, deməli,
bu Arazlar gedib hansısa nöqtədə, hansısa
məqamda çulğalaşır.
O zaman baxın görün,
bu ürək sözlərimi deməyin yeri varmı?
"1000 İlin Arazı" - Məmməd Araz, nə yaxşı ki, varsınız, varımızsınız!
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.8.