Cibindən üşüyən şair
Əlisəmid Kür haqqında
İlin fəsilləri içində ən çox sevdiyim ay Sentyabr ayıdır. Bu ayda keçən bürkülü yay öz yerini payıza təhvil verməyə hazırlaşır...
Gecənin sakitliyində təbiət xumar-xumar uyuyur, arada sərin-sərin meh əsir, ağaclar, quşlar hərəkətə gəlir.
Hardasa, uzaqda uşaq ağlayır, qəfil də səs kəsilir. Sakitliyin içində qanadlanan xəyallar məni çəkib gözəl Qarabağa - Şuşaya - Vaqif poeziya günlərinə qaytarır. Şuşa təbiəti - flora və faunası, tarixi abidələri ilə bizim canlı Qalereyamızdır. O qalereya ki, təbii rənglərin ötürdüyü enerji bizi həmişə arzuladığımız, həsrətində olduğumuz "dünyalar"a aparır...
Düşdüyümüz emosional vəziyyətdən asılı olaraq, bizi haldan-hala salan sözlər də elə rənglər kimidir.
"Bibliya"da Söz Allahdır! Dünyamız da bir "Ol" sözündən yaranıb! Təməl kitabımız Quranın nazil olmuş ilk ayəsi (Ələq surəsi,1) " Oxu! Yaradanın adı ilə oxu!" - sözü ilə başlayır...
Mənə bu yazını yazdıran, Əlisəmidin "Ədəbiyyat" qəzetində (9 sentyabr) gedən şeirləridir. Yaradanın əmanəti kimi müqəddəs sözü urvatdan düşməyə qoymayan (hər şeyin və hər kəsin gözdən salındığı günümüzdə) Əlisəmidin bu yöndə çabaları təqdirəlayiqdir.
Bu arada zəruri bir haşiyə də çıxmaq istəyirəm: hərdən şahidi olduğumuz, gündəlik həyatımızda baş verən hadisələri, olayları, yaşadığımız duyğuları sözə çevirmək müşkülə-məşəqqətə dönür; günlərlə, aylarla anlatmağın əzabını yaşayırıq. Ürəyimizin dərinliyində gizlənən o obraz, detal və s. nədirsə, bizə dinclik vermir. Axı, sən danışmalısan, ürəyini boşaltmalısan. Bu halda da, qarşında səni dinləyəcək dosta, sirdaşa ehtiyac duyursan. Təki səni cidd-cəhdlə dinləyən o "dost" sonda öz "keçisini" fikirləşməyə. Yəni mətn "hər cümlə üzərində düşünməyə, bir qədər əvvəl oxuduğu məqamlara dönə-dönə qayıtmağa (K.Abdulla)" oxucunu vadar edirsə, nə xoş müəllifin halına...
Poeziya bir yaradıcı bəy əfəndi olaraq Əlisəmid üçün uzun bir yolçuluqdu. Qoşulub getdiyi karvanın əbədi zəvvarı - dərvişi kimi o yaxşı bilir:
Hara getsəm, məni tapar
Qəm karvanı, ayrılıqlar.
Harda olsam, yolum üstə
Ağ gülün qara ləçəyi
açılır üzü qibləyə.
...Köç elə
sevdiyin kafir şəhərdi.
Burda bilinmədi xeyirdi,
şərdi.
Çək, dərviş,
qırx dəvə yükü dərdi
çək apar, üzü qibləyə.
Əlisəmidin "dünyası"nda ağaclar içindən oyulur, içindən sıyrılır, içindən can verir. Adamlar cibindən üşüyür, canından çürüyür...
Kasıb qəribdi Vətəndə,
Qalıb yollarda tövşüyər.
Ağac
içindən can verər,
Adam cibindən üşüyər.
Şeirlərin yaranma - doğulma
anı şair üçün poetik
meditasiyadır - misraların
arasında lunatiklər
kimi yuxulu-yuxulu, divanə-divanə hərlənsə
də, başına gələcəklər artıq
ona agahdır:
Ola bilər, biz görmədik
Şuşanı...
Biz qocaldıq, "Şuşa"
deyə-deyə
Şüşəyə, Şuşaya oxşayan Könül Arif!
Ürəyimə damıb,
Sən şeir deyəcəksən
Cıdır düzündə,
Boynunu bükməzsən bənövşə
kimi,
Sən şeir deyəndə Cıdır düzündə.
Müharibələr insan taleyini masaya qoyan oyundur, dəyərlərin itdiyi yerdir. "Qalib heç nə qazanmır (E. Heminquey)"...
Minarələr dağılıb,
Şuşa öz yerindədir.
Sözü oxşayan balam,
Ürəyimə damıb,
Sən şeir deyəcəksən
Cıdır düzündə,
Baban Həsənqulu kişinin
dağılmış darvazasına baxa-baxa...
Rüstəm Kamal V.Səmədoğlu
haqqında yazır: -
"O, iki dünyanın
sınırında yaşayırdı:
nə orda idi, nə də
burda." Əlisəmid
o sınırları çoxdan
adlayıb. Yaradan əlçatmaz üfüqlərin
maviliklərini onun qarşısında elə
səxavətlə sərgiləyib
ki:
Çirklənməz tirmə köynəyim
qaldı
fələk boxçasında.
Sədəf düymə ağ
ləkəymiş
bəyaz
köynək yaxasında.
...Əynimdədi söz kəfənim
sirli qalıb qıfılbəndim.
Yatır
yeddi qıfılbəndim
yeddi qıfıl arxasında.
Əlisəmid şeirlərinin rəng
çalarları o qədər
zəngindir ki, təkrar
oxuduqlarının üstünə
qayıtmaqla (yaddaşı
diri saxlamaq üçün) birdən-birə
yaradıcı təxəyyülün
qaydasız oyun kombinasiyaları ilə üz-üzə qalırsan.
Sanki qəfil küləyin
qalxması ilə rənglər bir-birinə
qarışır. Və
nə yaxşı ki,
bütün bunların
yerində müəllifin
obrazları - çayın,
daşın, xarı bülbülün, ağacların
səsi qalır. Bunlar dünyadan vaxtsız köçənlərin:
- nənə-babaların, şəhidlərin
ruhudur. O ruhlar yaxınlıqdadır, bizim
aramızdadır. Əlisəmid
ruhlarla insanlar arasında (mediumdur) sərgərdan ömür
sürə-sürə, o qaibanə-payız
küləyinə qoşulub
dolaşan səsləri
bizə çatdırır:
- O kətil,
O da kəndir,
Qalx, boyundan yuxarı!
- O tonqal,
O da təndir...
Yandı
ruhum, buxarı!
...Gülüb, mənə göz vuran,
bəs niyə əl saxladın?
Kölgəmi baltalayan,
ölüm-ölüm oynayan,
qara gözlü cəlladım?!
Əlisəmid hadisələrə ağaca,
daşa, çiçəyə
toxunduğu kimi toxunur. Qədim şamanlar kimi ağacla daxili dialoqa - rabitəyə girən şair dostumuz, əslində gənc yaşında həyatına son qoyan Mövludla "dərdləşir."
Mövlud
Mövludun intihar xəbərinə
min şeir yazıldı,
min birincisini yazmadım.
"Min bir gecə" nağılı açmadım.
adına
bir ağac əkdim həyətimdə.
Buraların havası yaman,
soyuğu
Sibir, istisi Yəmən,
ya sən, ya mən
- fərqi yox,
Sən güllər Şahzadəsisən,
Yasəmən!
Ətrindən, hənirindən
bu ağac dirilər,
hökmündən bu ağac çiçəkləyər
bağımda, bağrımda
Mövlud
ağacı - Yasəmən.
Yazdığım qeydlərə göz
gəzdirirəm - yaddan
çıxıb, unudulan
nəsə varmı, qalıbmı? Uzun illərin ötəsində
Əlisəmidin ilk kitabına
("Rəngli kölgələr"
1989), müəllifi olduğu Ön sözdə unudulmaz şair Nüsrət Kəsəmənli
yazırdı: - "Əlisəmidin
şeirlərini oxuya-oxuya
birdən hiss etdim ki,
o yazmaya bilməz. Çünki Əlisəmid
əsl ömrünü
yazılarında yaşayır.
Həyatda isə elə-belə, bizim birimiz kimi gülərüz,
bir az da aciz görünən bir adamdır. Əlisəmid yaxşılıq
önündə acizdir.
Belə olmasaydı o,
şeir də yaza bilməzdi.
Yaxşı ki, şeir var, yaxşı
ki, şeiri duyub, anlayan var, yaxşı ki, şeirimizin Əlisəmid
kimi davamçıları
var. Belə olmasaydı,
dünya dərd içində irişə-irişə
qalardı..."
21 sentyabr 2023
Fəxrəddin Əsəd
Ədəbiyyat
qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.9.