Bu payız

 

Bu payız ruhuma necə yaxın,

Elə bil ömrümə bənzəyir bir az.

Budağından qopan yarpağa baxın

Açıb qanadını, bir an dayanmaz.

 

Ana qucağına can atır sanki,

Rəngində sevginin parıltılısı var.

Əbədi ünvana qovuşsun təki,

Torpaqla bir ömür pıçıltısı var.

 

Dönüb illərimə baxıram geri,

Bu qədər çarpışmaq, bəlkə hədərmiş.

Həyatda heç nəyin itmir dəyəri,

Ömürsə yarpağın ömrü qədərmiş.

 

Lerik

 

Müşfiq MƏMMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.20.