Üç güllə yarası

 

Ana 44 günlük Vətən müharibəsində Şəhadətə yüksəlmiş oğlunun cənazəsi önündə diz çöküb oğlunu gətirən zabitlərə səsləndi:

- Tabutu açın, mən oğlumu görmək istəyirəm!

Zabit etirazını bildirdikdə ana hönkürə-hönkürə dəli kimi bağırdı:

- Açın deyirəm! Bir dəfə, heç olmasa, bircə dəfə oğlumun üzünü görüm, saçlarını tumarlayım. Açmasanız, bu saat özümü öldürəcəm!

Zabitlərdən biri irəli gəlib tabutun baş tərəfini açdı. Bayaqdan vay-şivəni dağ-daşları əridən ana indi lal-dinməz, heykəl kimi dayanaraq tabutda yatan oğluna baxırdı. Ana gözlərini oğlunun üz-gözünə, boy-buxununa zilləyib qalmışdı. Oğlu nur içində elə şirin-şirin uyumuşdu ki, ananın ürəyi gəlmədi səsləyib onu yuxusundan oyatsın. "Balam çox yorulub, qoy yatıb dincəlsin", - deyə ürəyində öz-özü ilə danışdı.

 

***

 

...Şəhid balasını torpağa tapşırdıqdan sonra da dərdli ananın göz yaşları dayanmadan sel kimi axırdı. Oğul dərdi odsuz-alovsuz yandırıb yaxırdı ana ürəyini.

Bu müdhiş gecədə ağı deyib ağlamaqdan heydən düşən ananı oturduğu yerdə yuxu aparmışdı. Yuxu ananın gözlərinə çökən kimi oğlunu gördü. Oğlu onun qarşısında dayanıb dedi:

- Niyə yaralarımı oxşamadın, ana?! Oxşasaydın, bəlkə şəfalı ana əllərin məlhəm olardı yaralarıma.

Ana əl atıb sir-sifətini cırmaq-cırmaq etdi:

- Can bala! Anan ölsün, oğul! Sənin o təhər şirin-şirin yatdığını gördüyüm anda birdən-birə lal oldum elə bil, əlim-qolum bağlandı. Oyatmaq istəmədim səni o rahat yuxudan. Sənin elə rahat-rahat yatdığını heç vaxt görməmişdim axı. Atasız olduğun üçün uşaqlıqdan səni əzab-əziyyətlə tək böyütdüm. Ana-bala yarı ac, yarı tox çətin günlər yaşadıq. Hələ altı-yeddi yaşlarında ikən oyuncaq avtomatlarla oynamağı sevərdin. Sənə oyuncaq almağa pulum olmazdı. Buna görə məndən küsər, çox vaxt qaş-qabağını sallayardın. Gözünün qurdunu öldürəsən deyə, qonşu uşaqlarının oyuncaqları ilə oynayardın. Uşaq vaxtından səhərlər səni özümlə işə apardığım üçün doyunca yata bilməzdin.

- Mən bayaq da yatmamışdım anacan, səni eşidirdim, duyurdum; ancaq cavab verə bilmirdim. Çünki düşmənin vurduğu güllə yaraları dərin idi, ana, məni çox ağrıdırdı.

- Ağrıyan yarana yanan canım qurban oğul, gözüm qurban, ay oğul!

- Mənim yaram bir dənə deyil, ana. Son döyüşdə üç güllə yarası almışam. Toxunsaydın bilərdin qanı axan yaralarımın yerini...

Bu zaman ananın sinəsindən elə bir nalə, elə bir fəryad qopdu ki, fəryadına buludlar da ağladı.

 

***

 

Səhərisi oğlunun komandirinə zəng vuran anaya bildirdilər ki, onun oğlu Şəhidlik zirvəsinə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşarkən aldığı üç güllə yarası ilə ucalmışdır.

 

Ruhiyyə ABBASZADƏ

 

Cəlilabad

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.20.