Tənbeh...

 

Musa kişi işini bitirib evin önündəki üstü xalçayla döşənmiş ləmin üzərində, dirsəyinin altına mütəkkə qoyaraq böyürləmə uzandı. Pıqqapıqla qaynayan somavardan arvadı Səlminazın dəmlədiyi mixəkli çaydan içə-içə dedi:

- Ay gəlin, mənim o ciyərparəmin ayaqqabılarını geyindir, həyətdə oynasın.

Musa kişi nəvəsi Məhəmmədi "babasının ciyərparəsi" çağırırdı.

Məryəm oğlunun qotazlı ayaqqabılarını geyindirib həyətə gətirdi. Musa kişi nəvəsini görcək uzandığı yerdəcə qollarını açaraq, - babasının ciyərparəsini gəl-e-gəl qucuma, - dedi. Məhəmməd babasının səsini eşidər-eşidməz, tıpır-tıpır addımlamağa başladı. Sanki uşaq qanad açıb uçmaq istəyirdi. Məhəmmədin gülümsəyən çöhrəsi, sevincdən parlayan gözləri babasının babalıq ruhuna ruh qataraq onun ayağa durmasına səbəb oldu. Musa kişi nəvəsini bağrına basaraq qucağında oturtdu. Nəvəsi danışdıqca Musa kişi deyirdi:

- Can, qadalarını alsın baba, başına dönsün baba, babasının igidi. Ha, balam, haa...

Ərinin nəvəsi ilə şirin-şirin danışıb-gülməyini görən Səlminaz da Məhəmmədi o ki, var oynatdı.

Kənddə hamı özünəməxsus  həyətyanı sahəsini məftildən toxunmuş dəmir torla hasara almışdı. Qonşu olanlar hərəsi öz həyətyanı sahəsinin uzununa bir-iki metr torpaq sahəsi saxlayaraq, həyət-bacaya ot-ələf gətirmək, mal-qaranın örüşə çıxması üçün yol saxlayardılar. Öz aralarında buna yolaq deyərdilər.

Məryəm oğlunu səsləyərək;

- Məhəmməd, ay Məhəmməd, atan gəlir, - dedi:

Musa kişi Səlminaz arvad yolağa tərəf boylandılar, Məhəmməd babası ilə nənəsinin boylandığı səmtə baxdı.

- Atam gəydi, atam gəydi, ot gətiydi, - deyə-deyə yolaqla at arabanın qabağına qaçmağa başladı. İsa oğlunun ona tərəf qaçdığını görcək arabanı dayandırıb yerə hoppandı. Məhəmmədin üzündən öpüb, qucağına aldı. Sonra arabaya oturdub, atın cilovunu oğluna verdi:

- , atasının balası, sür görək.

Məhəmmədin şən səsi eşidildi:

- Biya, hi-hi..., qaç-qaç. Baxın, at ayabanı mən süyüyəm. Həə...

İsa arabanı həyətə döndərmək üçün yedəyindən titub, otu boşaldacağı yerdə dayandırdı. O, atı arabadan açan kimi, at fınxırıb-kişnəməyə başladı. Musa kişi elə uzandığı yerdəcə oğluna səsləndi.

- İsa, bala, dayça tövlədədi, tövlənin qapısını , qoy anasını əmsin, heyvandır, yazıqdır.

İsa tövlənin qapısını açar-açmaz qəhvəyi rəngdə, alnında da qaşqası, yalının təzə-təzə uzanan tükləri, Şanapipiyin tükləri kimi şax qalan bir dayça özünü bayıra atdı. Həyətdə dördnala oyan-buyana qaçmağa başladı. At öz balasını görcək başını quyruğunu bullaya -bullaya onun dalısıyca gedirdi. Dayça həyətdə ora-bura qaçdıqdan sonra anasını əmməyə başladı. Məryəm əlindəki ayran dolu kasanı ərinə uzadaraq dedi:

- İç sərinlən, yorğunluğun çıxsın. Yaman tərləmisən.

İsa ayran dolu kasanı həyat yoldaşından alıb, onun gözlərinin içinə sevgi dolu nəzərlərlə baxmağa başladı.:

Bu an Məhəmmədin səsi gəldi.

- Ata, ana məni düşüydün, mən yeydə oynamax isteyyəm.

İsa əlindəki, ayran dolu kasanı birnəfəsə içib oğlunu arabadan düşürdü. Yabanı götürüb arabanı boşaltmağa başladı. Araba boşaldıqca təzə biçilmiş çiçəkli otların adamı bihuş edəcək qoxusu ətrafa yayılırdı. Dayça anasını əmib qarnını doyuzdurduqdan sonra həyətdə oynaqlamağa başladı. Məhəmməd dayçanın dalınca o yan-bu yana qaçıb oynayırdı. Birdən dayça düz balaca Məhəmmədin qarşısında dayanıb onu qoxlamağa başladı.

Məhəmməd balaca əlləri ilə dayçanın sinəsini başını sığallayıb tumarlayırdı ki, dayça onun sinəsindən qabaq dizi ilə itələyib yıxdı. Məhəmməd ağlamağa başladı. Dayça tutduğu əmələ görə, elə bil daha da qürurlanaraq arxası üstə yerə yıxılan Məhəmmədin çevrəsində qabaq dırnaqları ilə torpağı eşə-eşə fırlanırdı.

Musa kişi bu mənzərəni görüb uzandığı yerdən cəld ayağa qalxa-qalxa səsləndi:

- Adə, qoyma uşağı şikəst elədi.

Dayçanın anası boşalmış otlardan yeyirdi. Musa kişinin səsini eşidən kimi cəld başını qaldırıb balasına baxdı. At balasının hərəkətlərini görüb onlara yaxınlaşdı. Musa kişinin sanki dili ağzında tutuldu. Bir anlığa fikirləşdi ki, at uşağı tapdalayacaqdır. Ancaq gördükləri onu sakitləşdirdi.

At öz balasını başı ilə Məhəmməddən uzaqlaşdırırdı. Dayça da anasının qıçlarının arasından keçmək istəyərkən, anası qabaq dizi ilə onu kənara itələyib cəzalandırırdı.

Dayça balaca Məhəmmədi yıxdığına görə anasının ona küsdüyünü hiss edib sanki utandı. Elə bil ki, öz dillərində dayça anasına: - Ana, səhv etmişəm, bir belə səhvlər etmərəm. Məni bağışla! - deyirdi.

Musa kişi bu mənzərəni seyr etdikdən sonra öz-özünə dedi:

Heyvanlar da balalarının başqalarına ziyan vurmasına, incitməyinə razı olmur, onların qarşısını kəsirlər. Bəzi atalar, analar da övladları səhv edəndə onları tənbeh edib doğru yola çəkə bilsəydilər, bəlkə , sonrakı peşmançılıqlar olmazdı...

 

Qurban ƏHMƏD

 

Cəlilabad

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, №39.- S.21.