Sual altında

 

əcəb bilmirik bu günümüzdə,

Nələr var çəkilən sığal altında.

Göz görə-görə dəfn olunur,

Yetim ümidləri qoğal altında.

 

Ölənə bəs qədər ağlayıblarmı?

Qalanı yerində yoxlayıblarmı?

Əl çəkmir ki çəkmir, bağlayıblarmı

İtin balasını motal altında?

 

Haqqı gördüsə göz, danışmadın,

Heç zaman özündən söz danışmadı.

Əyri oturub, düz danışmadın,

Haram at oynadır halal altında.

 

And içər imana, and içər dinə,

Zərrəcə yazığı gəlməz ki sənə.

Hamını aldatmaq dayanır yenə,

Əlli cür məsələ-misal altında.

 

Enmədin həyatın dərinliyinə,

Sevinmə payızın sərinliyinə.

Aldanma keçici şirinliyinə,

Ayrılıq gizlənib vüsal altında.

 

Dəmiri isti döy, dəmirçi adam,

Düzəlt bu dünyanı, təmirçi adam.

Ay ömrünü sürən - ömürçü adam,

Cavab gizlədirsən sual altında.

 

Ziya Dilsuz

 

Lənkəran

 

Ədəbiyyat qəzeti.- 2023.- 14 oktyabr, ¹39.- S.21.