Yaddaşın Məmməd Arazı

Məmməd Arazın yaddaşı  

 

Məmməd Arazın "Məndən ötdü, qardaşıma dəydi" şeiri Azərbaycanın Rusiyaya birləşdirilməsinin 140-cı ildönümünün bayram edildiyi günlərdə dövriyyəyə qatılıb. Məmməd Araz bunu necə edib? Senzor buna necə göz yumub? - məsələnin ilginc tərəfi budur. Xalq hakim ideologiya baxımından, Rusiya ilə birləşməyi "bayram" edir, şair isə bu birləşməyə aparan yolu milli fəlakət olaraq dəyərləndirir. Əslində, bu şeir Məmməd Arazın yaradıcılıq manifesti hesab oluna bilər. Məmməd Araz birbaşa yaddaşa müraciət edir: "Ey daşlaşan, torpaqlaşan /ulu babam!/ Bu günümdən dünənimə uzaqlaşan /ulu babam!/ Küləkləşən, dumanlaşan ruhunla sən /Ayağa dur, səninləyəm!/ Səs getməyən, /əl yetməyən/ Qədim tarix dərəsindən /Səs ver, mənim səsimə sən".

Şeir ilk dəfə Məmməd Arazın 1969-cu ildə "Gənclik" nəşriyyatında çıxan xırda formatlı "İllərdən biri" kitabında nəşr olunub. Kitabın redaktoru Fikrət Sadıqdır. İlk səhifəsi "Azəri nəğməsi" şeiri ilə açılan "İllərdən biri", təkcə Məmməd Arazın yaradıcılığı, yaxud ədəbiyyat tariximiz baxımından deyil, həm , yazıldığı dövrün ictimai-siyasi-ideoloji mahiyyəti baxımından ayrıca tədqiq olunmalıdır. Ən əsası, ona görə ki, dediyim kimi, "Məndən ötdü, qardaşıma dəydi" şeiri ilk dəfə bu kitabda təqdim edilib.

Şeir Bəxtiyar Vahabzadəyə ithaf olunub. Bunu belə təfsir etmək olar: şeir "Gülüstan"ın müəllifi Bəxtiyar Vahabzadəyə ithaf olunub.

Atamın şəxsi kitabxanasında "İllərdən biri" kitabının avtoqraflı bir nüsxəsi var. "Ədəbiyyatımızın zəhmətkeşlərindən biri, şairanə məqalələr müəllifi İmamverdi müəllimə onun xətrini çox istəyən müəllifdən. Məmməd İbrahim. 25 dekabr 1969"

O zaman Məmməd Araz hələ ki, Məmməd İbrahim idi, 36 yaşı vardı bu çox balaca əziz kitabda dediyim kimi, nəinki Məmməd Arazın, ümumən, XX yüzil Azərbaycan poeziyasının nadir örnəklərindən biri olan 1967-ci ildə, yəni 34 yaşında qələmə aldığı "Məndən ötdü, qardaşıma dəydi" şeiri dərc olunub (kitabdakı "Günəşi ittiham edənlər" şeirindən hiss olunur ki, Məmməd Araz xislət baxımından heç vaxt dəyişməyən bu ədəbi cameədə Allahın ona verdiyi böyük istedadın bədəlini artıq ödəməyə başlayıb. Hətta bir il əvvəl, yəni 1968-ci ilin martında "Ədəbiyyat incəsənət" qəzetində Məmməd Arazın şeirləri barədə "Qəribə mülahizələr" adlı məqalə dərc olunmuş şairin, tutaq ki, "Səməd Vurğunla söhbət" şeirindəki:

 

Səndən sonra

Görüşlərin hərarəti sənsizləşib

Kürsülərin cəsarəti sənsizləşib

Ağsaqqallar səxavəti sənsizləşib

 

- misraları kəskin tənqid olunmuş, gənc şairə həddini bildirmişdilər: "Biz Səməd Vurğunun xatirəsinə, onun böyük poeziyasına hörmət hissilə yanaşırıq, lakin bu hörmət hissi bizə haqq vermir ki, Məmməd İbrahimin bu misraları ilə razılaşaq").

Bu məqalə yazılanda hələ "İllərdən biri" kitabı nəşr olunmamışdı, Məmməd Araz cəmi 11 ay işləsə , onu bir ömürlük dərdə salan "Ədəbiyyat incəsənət" qəzetinə hələ 1971-ci ilin avqustunda baş redaktor müavini təyin olunacaqdı.

1970-ci ildə "Kommunist" qəzeti İmamverdi Əbilovun Məmməd Arazın ona avtoqrafla bağışladığı "İllərdən biri..." kitabı barədə resenziyasını dərc edib. Görünür, İ. Əbilov  "Kommunist" qəzetinə göndərdiyi məqaləsinin çapı yubandığından, Məmməd Arazın özünə bu barədə nəsə bildirib ki, indi onun arxivində M. Arazın bu məzmunda yazdığı bir məktubu qalır. Şairin bioqrafiyası baxımından maraqlı olacağını nəzərə alıb, həmin məktubu bütövlükdə təqdim edirəm: "Əziz hörmətli İmamverdi müəllim! Səmimi qardaş salamımı qəbul edin. Qəlbən minnətdarlığımı bildirirəm ki, kitabımı oxumusunuz. Doğrudan da, az-çox zəhmət məhsulu olsa da, o yazılar daha keçilmiş etapdırlar, onları daha sevə bilmirəm. Əslində, elə bir sevib oxşamalı, qürurlanmalı övladlar da deyil.

Adama elə gəlir ki, zamansa, onun arzu elədiyi bir yaradıcılıq mühitinə düşəcək bu mühit ilhamın bar məhsulunu başından töküb, qələm sahibini aləmi-məşhur edəcək. Əslində, elə bir mühit olmayacaq inanıram ki, mən, şəxsən, arzumca, istəyimcə heç bir yazı yaza bilməyəcəyəm. Arzum, istəyim, tələbim səviyyəsində duracaq qabiliyyətim yoxdur. Mən elə bilirəm ki, ədəbiyyatın, xüsusən, poeziya sənətinin çox məchul, kəşf olunmamış sehrli torpaqları var. isə, onu tapmağa qeyri-adi bir istedad gərəkdir. Bu aləmin ucundan-bucağından bir şey qoparmağa oğul hünəri lazımdır. oranın çox dəhşətli səyyahı Nizami yoldaş: "Şeirdən ucalıq umma dünyada. Çünki Nizamiylə qurtardı o da!" - deyib elə bir vahimə yaradıb ki, ondan sonra təzə söz deməyə girişənin qarşısına çox ilğım gölləri çıxa bilər onu səhrayi-kəbirdə əbədi qərq eləməyə çəkib aparar.

İmamverdi müəllim! Sizin kimi "mərkəzdən uzaq" zövqlü bir ədəbiyyatşünasın qeydi mənim üçün çox "adlı-sanlıların" rəyindən qiymətlidir. Siz torpağa, insanlara  daha çox yaxınsınız. Necə deyərlər, insan bir qədər uzaqda olanda münasibətlərin cazibə qüvvəsinin süni dartışmaları azalır. Əsl insani keyfiyyətlər üzə çıxır.

Mənim kitabım haqqında yazılıb-yazılmayacaq, bilmirəm, maraqlanmıram da... "Kommunist"in mənə obyektiv münasibətinə ümidim yoxdur. Doğrudur, bu yaxınlarda (məktubdan sonra) Əfqan dedi ki, məqalə bu həftə getməlidir, Əsgərə demişəm, hazırlayıb versin. Əfqanın mənə xeyirxah  münasibətinə inanıram. Yaxşı oğlandır. Ancaq mənə elə gəlir ki, o redaksiyada mənə "xüsusi münasibətləri" olanlar var. Dəfələrlə mənim materialımı çox qəşəngcə, gülə-gülə yoxa çıxarıblar. yəqin ki, məni təkrar-təkrar xahişə, qulluğa getməyə aparmaq istəyiblər. Mən daha ora getmirəm. Onlar mənsiz, mən onlarsız yaşaya bilərik. Ancaq dəfələrlə Əfqangil mənim könlümü almağa çalışıblar. Hələlik, bir şey yoxdur. Bütün bunlar bir yana. Məsələnin o tərəfi mənim üçün maraqlıdır ki, Siz zəhmət çəkmisiniz. Zəhmətinizin nəticəsi olsa, pis deyil. Olmasa da, mən onun bir surətini  alıb, öz müqəddəs arxiv yazılarıma rəfiq elərəm.

Fransa səfərimiz pis keçmədi. Fransa maraqlı ölkədir. Görmək lazımdır. Bu barədə qeydlərimi yazmışam. Yəqin ki, jurnalların biri çap elər. Bəzi başqa cızma-qara şeirlərim var. Daha ətraflı, görüşəndə söhbət elərik.

Əslinə qalsa, mən özümü heç kimə lazım olmayan, dünyaya gəlib-getməyinin mənası heç vaxt bilinməyəcək bir qələm fəhləsi hesab edirəm. Bütün bunlara görə çox vaxt qəlbim dolur, dərdimi kağız-qələmlə bölürəm. Bunlar hamısı, ağlaya bilmədiyim üçün, ağlamağımın ədəbi formasıdır. Bəlkə ölümünə az qalmış bir adama verilən təsəlli kimi bir şeydir. Hər halda, insan gözünü yumana qədər ona təsəlli lazımdır. Təsəlli ümidsizliyin son dayaq nöqtəsidir. Özümə təsəlli verirəm ki, qorxma, dünyada yaşayırsan, yazırsan.

 

isə. Bu uzun məktub üçün bağışlayın.

Dostlara salam deyin.

Hörmətlə: Məmməd İbrahim.

10 mart 1970-ci il".

 

Məktubda Məmməd Araz "Fransa səfərimiz pis keçmədi... Daha ətraflı, görüşəndə söhbət elərik" - yazır. 1970-ci ildə Fransaya turist kimi səfər edən Məmməd Araz orda Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbərlə, Əli bəy Hüseynzadənin oğlu, Məmməd Arazın təbirincə, "Danışıb-gülmək əvəzinə dodaqaltı gülümsünən" Səlim Turanla hətta legioner Qədir Süleymanoğlu ilə görüşmüşdü. 1970-ci ildə gənc bir Azərbaycan şairinin Parisdə bu adamlarla görüşməsi sıradan bir hadisə, yaxud adi görüş hesab oluna bilməzdi... heç şübhəsiz, bu, hər şeyi zərrəbinlə seyr edən sovet xüsusi xidmət orqanlarının diqqətindən yayınmazdı. Parisə gedib Azərbaycan istiqlalının qurucularının övladları ilə söhbətləşmək, hətta Əlimərdan bəyin oğlunun istəyi üzərinə gecəykən:

 

Qohum da soyuyur, dost da soyuyur -

Gedən unudulur, gedən unutmur.

Qərib ürəyində bir səs uyuyur;

Vətən unudulmur, Vətən unutmur -

 

- misralarını yazıb, səhər onu öz xətti ilə Topçubaşovun oğluna bağışlamaq dövr baxımından, necə deyərlər, xatalı bir addım idi. Amma hər şeyə rəğmən bu, Məmməd Arazın bir şəxsiyyət olaraq məfkurəvi istiqamətidir. Hələ üstəlik, bütün yaradıcılığının ana xəttini Bütöv Azərbaycan - Azərbaycançılıq məfkurəsi təşkil edən, fikir həyatımızda Araz modelini quran, Azərbaycan türklərinin ictimai şüurunda cənub xəttini dərinləşdirən, "Azərbaycan - dünyam mənim" kimi orkestral işıq dolu şeirlər yaradan Məmməd Araz qəlbən türkçüydü.

Yenə yuxarıdakı məktuba qayıdıram. Anlaşılır ki, "Kommunist" qəzetinin redaksiyasında da M. Araza "xüsusi münasibətləri" olanlar var. Dəfələrlə materiallarını, yazılarını, hətta görünür, haqqında yazılmış məqalələri , özü demişkən, çox qəşəngcə, gülə-gülə yoxa çıxarıblar. Unutmayaq ki, məktubun yazılması da, "Kommunist"in ona münasibəti Fransa səfərindən sonraya təsadüf edir. Həm bu, həm əvvəldə xatırlatdığım kimi, "Günəşi ittiham edənlər" şeirindən hiss olunduğu kimi, Allahın ona verdiyi böyük istedadın gözügötürməyənləri artıq hərəkətə keçmişdilər. Yəqin elə bu səbəbdən imiş ki, İmamverdi Əbilovun məqaləsi Məmməd Araza vəd olunduğu kimi, bir həftə sonra deyil, təxminən 5 ay sonra "Kommunist"in 31 iyul sayında dərc olunur. Bunu yazarkən, mən atamın həmin məqaləsini nəzərdən keçirdim gördüm ki, sən demə, məqalədə "Məndən ötdü, qardaşıma dəydi" şeiri barədə söhbət gedir. Özü necə? "Laqeydlik kütləvi hal alanda ictimai bəlaya, müsibətə aparan axına çevrilir. "Məndən ötdü, qardaşıma dəydi..." şeirində şair məhz həmin məsələyə toxunmuşdur. Şeirdəki səmimiyyət, güclü məntiq bizi inandırır ki, hər parıldayan qızıl olmadığı kimi, hər məsəl, hər qədim ifadə atalar sözü deyildir... Vətənpərvərlik mövzusu M.İbrahimin poeziyasında ana xətdir. Onun məhəbbəti , nifrəti bu mərkəzi xəttin işığında aydınlaşır. Vətən eşqini ifadə etmək üçün şair orijinal priyomlar, təzə təşbehlər axtarır, tapır... Məmməd İbrahimin bir şair kimi xoşbəxtliyidir ki, o, ritorikadan qaçır, hadisələrin hər hansı təzahür formasını özünəməxsus mənalandırmağa, mümkün qədər orijinal bədii ifadələr işlətməyə çalışır. M.İbrahim fərdi simaya malik şairdir".

gizlədim, bu sətirləri oxuduqca qürur hissi keçirdim. "Məndən ötdü, qardaşıma dəydi" şeiri barədə ilk elmi rəy 55 il bundan qabaq mənim indi bu qeydləri etdiyim yazı masasının arxasında qələmə alınıb.

1973-cü ildə Məmməd Araz qələm dostları - Söhrab Tahir, Cabir Novruz, Rüfət Zəbioğlu ilə birgə ilk dəfə bu evdə atamın qonağı olmuşdu. İmamverdi müəllim, adəti üzrə, evində müsafir olan söz-sənət adamlarının səslərini maqnitofona qeyd edər, onlar da ayrılarkən, bir qayda olaraq, xatirə dəftərinə ürək sözlərini yazardılar. Dəftəri vərəqləyirəm: "İmamverdi müəllim xalqımızın işıq oğullarından biri, ədəbiyyatımızın işığını xalqımıza çatdıran alimlərin ən qeyrətlilərindəndir. Bu ürəyin, bu ocağın sənət işığı, qeyrət işığı, ailə işığı var olsun, şaxələnib övladlar üçün ən gözəl yadigar olsun! Məmməd Araz. 30 may 1973-cü il".

Məmməd Araz bizə bir 20 il sonra həyat yoldaşı Gülxanım Fətəliqızı ilə bir yerdə gəldi, 1973-cü ildə maqnitofona yazılmış səsini dinlədi, yenə həmin ağüzlü xatirə dəftərinə ürək sözlərini yazdı: "Əziz İmamverdi müəllim! Sağ ol ki, məni bu gün 20 ildən sonra 20 il əvvəllə görüşdürdün. Mən bu gün Sizi , özümü kəşf elədim. Məmməd Araz, 5 noyabr 1992-ci il".

Sonralar bu son səfər barədə Gülxanım Fətəliqızı "Azərbaycan" jurnalında dərc olunmuş "Ömürdən yarpaqlar" xatirə qeydlərində belə yazacaqdı: "1992-ci il. 5 noyabr. Çoxdandır ki, Neftçalaya getməyə hazırlaşırdıq, lakin imkan düşmürdü. Neftçaladan bildirirdilər ki, pambıq planını dolduraq, sonra şairlə görüş keçirərik. Hər iki bayramımız bir yerdə olar. Bizi isə Salyanda gözləyirdilər. Getməyi qərara aldıq, çünki Məmməd kimisə gözlətməyi xoşlamazdı. Yola düşdük. Yola əlavə benzin lazım oldu. Həmin vaxtlar ölkədə benzin qıtlığıydı. Neft ölkəsində benzin tapılmırdı. Əvvəl vermədilər, sonra Məmmədi görüb:

- Məmməd Araza hər şey qurbandır, - dedilər. Salyanda bizi Xəlil Rzanın qardaşı gözləyirdi. Söhbətlər, sağlıqlar, təriflər...

Axşam İmamverdi Əbilovun qonağı olduq. Heç demə, İmamverdi müəllim Məmmədin cavanlıqda oxuduğu şeirləri maqnitofona yazıbmış, üzünü köçürüb bizə verdi, ancaq sonralar kaset qarışıq düşüb itdi"   ("Azərbaycan" jurnalı. ¹ 1, 2010). Bu, Azərbaycanın 1992-ci ildəki reallığıdır. Böyük şairlə   Salyanda, Neftçalada görüş keçirilir. O, Salyanda dostu Xəlil Rzanın ata yurdunda, bir Neftçalada dostu İmamverdi Əbilovun evində qonaq olur.

Onu bu adamlara, bu ocaqlara bağlayan səbəblər var idi. Yeri gəlmişkən, burda bir haşiyə çıxıram. Məmməd Arazın 1959-cu ildə nəşr olunmuş ilk kitabı olan "Sevgi günü" barədə ilk məqaləni elə həmin ilin dekabrında "Azərbaycan gəncləri" qəzetində Xəlil Rza, 1961-ci ildə çapdan çıxmış ikinci kitabı "Bir ananın üç oğlu" barədə ilk məqaləni isə 1962-ci ilin iyununda "Azərbaycan" jurnalında İmamverdi Əbilov yazıb.

Gülxanım Fətəli qızı səs yazısının surətini çıxarıb şairə verdiyimizi, sonra həmin kasetin itdiyini deyir. İndi bu sətirləri yazdıqca Məmməd Arazın major ladında, şairanə həyat dolu səsi gecəyə dağılır. "Bir gün neçə ünvan düşdü yadıma /Neçə itik güman düşdü yadıma..."  

 

***

 

Məmməd Araz tarixi dindirmək üçün daşlara səslənən, tarixin mübhəm suallarına lal daşlardan cavab istəyən ilk Azərbaycan şairidir. Daşları danışdıran, daş şahidlərin araçılığı, daş semiotikası ilə tarixi bərpa edən şairdir. Söhbət vətən daşlarından, Şuşa qayalarından gedir. "İnsan qayalar" şeirində belədir, "Ərim gəldi qayası" şeirində . Qəribədir, hər iki şeir Şuşada 1970-ci ildə yazılıb. heç şübhəsiz, hər bir azərbaycanlının, o cümlədən, millətimizə Qarabağ zəfərini yaşadan bütün şəhid qazilərin dilinin əzbəri "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misralarını da Məmməd Araz uzun illər bundan əvvəl məhz Şuşada yazmışdı. Hətta 1970-ci ildə yaratdığı bu misralar da, Şuşada yazdıqlarının cazibəsində çevrəsindədir: "Vətən mənə oğul desə, dərdim, / Mamır olub qayasında bitərdim." Qarabağ zəfərinin qazanılmasında Şuşada, yaxud Şuşanın aurasında yazılmış bu misraların rolunu kim dana bilər... Amma indi mənim  xatirimə 1980-ci illərin sonlarında şahidi olduğum bir epizod düşür bu məqamda onu söyləmədən keçinə bilmirəm. Qonaqlarımız var idi. Söhbət  Məmməd Arazdan düşdü. Xəlil Rza Ulutürk qələm dostunu elə ilahi məhəbbətlə yad etdi ki, başqa bir şair Xəlil bəyə, "Bəsdi, sən Allah, Məmməd Arazı Ətağaya döndərdin", - dedi. Xəlil bəy isə dostunun bu replikasına "Məmməd Arazın kəramətinə şübhən olmasın" - sözləriylə cavab verdi. Xəlil Rza haqlıydı. Artur Rembonun dediyi kimi, "Şairlik kahinlikdir..." Vətən dara düşəndə silaha sarılıb Şuşa bürcünə ay-ulduzlu bayrağı sancan nəsil Məmməd Arazın poetik təlqinləriylə yetişən nəsil olmadımı?    

 

***

 

Yuxarıda xatırlatmışdım. 27 yaşlı gənc şair Məmməd İbrahimin "Bir ananın üç oğlu" kitabındakı "Köçəri quşlar" şeirini o zaman 35 yaşında olan atam "Azərbaycan" jurnalında yazdığı məqalədə Səttar Bəhlulzadənin "Doğma yurd" tablosu ilə qiyaslandırır, "Hər misrasında Azərbaycan torpağının gözəllikləri canlanan bu şeir yüksək vətənpərvərlik hissi ilə yazılmışdır. "Köçəri quşlar" göstərir ki, şair yaradıcılıq aləminə dolğun təəssüratla gəlməkdədir. Burada Vətən məhəbbəti ilə əlaqədar olan ülvi hisslər sözçülükdən, yalançı pafosdan uzaq, konkret şəkildə tərənnüm olunmuşdur. Yüksək mənəvi keyfiyyətlər ictimai münasibətlər fonunda açılır" - deyirdi. Tənqidçi haqlıydı. Həqiqətən "Köçəri quşlar" şeirində bütün misralar, bütün obrazlar sistemi ellikcə yenidir. Şeirin dili yaddaşlı dildir: "Dillən, danış, Xəzərim, / Söylə, bu axındır? / Bəlkə xəzrinin dili / Quş dilinə yaxındır?"

Yuxarıda Məmməd Arazın 1970-ci ildə Şuşada yazdığı şeirlərdən bəhs etmişdim. O, Şuşada, həm "Şuşada bir gecə" şeirini yazıb. İmpressionist ovqatlı bu şeir Şuşa estetikasındadır. Fəzadan asılıb qalan bir Şuşa  mənzərəsidir. Poetik rənglər axını şairi Əhməd Haşim misali misradan-misraya rəssama çevirir. Haşimdən fərqi odur ki, onun sözlə təsvir etdiyi rəng sayrışmaları kolorit baxımından Azərbaycan əsillidir, naxçıvanlıdır, muğanlıdır, qarabağlıdır, şuşalıdır... Məmməd Araz başqa heç yerin təbiətinin şairi ola bilmir. "Bu gecə gecənin son qatındayam, / Bu gecə bir qəndil qanadındayam. /Sağımda bir dərə - qara hörükdür, / Solumda bir dərə - qara hörükdür. / Dövrəmdə buludlar bölük-bölükdür… / Gecə yağışda durulanıbdı, / Gecə dağ mehində qurulanıbdı... / Gecənin qoynunda yanır dağ şəhər, / Fəzadan asılı, çilçıraq şəhər / Bu gecə kəşf etdim bir Şuşa bürcü / Bir Şuşa bürcü, tamaşa bürcü..." 27 yaşlı Məmməd Arazın Şuşaya həsr olunmuş klassik misraları...

 

***

 

Oktyabrın 2-də Naxçıvandaydım - Məmməd Arazın böyüyüb boya-başa çatdığı Şahbuzun Nurs kəndində. Hiss elədim ki, orda tənha qalmış bir ruh var... Darvazanın qarşısından sol tərəfdə Tuğluqaya dağı görünür. Deyirlər, Məmməd Araz Tuğluqaya dağını çox sevirmiş (xalq arasında "Toğluqaya" adı ilə tanınan dağa Məmməd Araz Tuğlu (bayraqlı) qaya deyirmiş. Uşaqlığı bu dağda keçib...).

İndi oktyabrın 14-dür. Burdayam, Neftçalada. Son səfərində, 1992-ci ilin noyabrında yağışlı bir havada onunla Kürlə Xəzərin qovuşduğu yerə getdik. Məmməd Araz dəniz mənzərəsinə deyil, yağışdan islanmış şoran torpaqlara baxıb: "Xəzər yerindədir, amma Vaqifin vəsf etdiyi Tuğay meşələri gözümə dəymir", - dedi...

Tuğay meşələrini axtaran Məmməd  Arazın yaddaşıydı...

 

15 oktyabr 2023

 

Neftçala

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.4-5.