Azadəlik
carçısı
Azadə Rüstəmova haqqında
AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi, Orta əsrlər Azərbaycan ədəbiyyatının korifey
tədqiqatçılarından olan Azadə Rüstəmovanın 90 illik
yubileyi münasibətilə
nəşr olunmuş
məqalələr toplusu
(B., 2023) ədəbiyyatşünaslıq
elmimizin bugünkü
çağında əhəmiyyətli
bir hadisədir. Kitabda beynəlxalq nüfuzlu nizamişünas
alimin yaradıcılığı
haqqında yarım əsrdən bəri yazılmış məqalələrdə
onun çoxşaxəli
ədəbi elmi irsi, fenomenal alimlik missiyası barədə zəngin məlumat verilmiş, xatirələrdə yaşayan
zərif və kübar şəxsiyyəti
təqdim edilmişdir.
Kitabın tərtibçisi
və elmi redaktoru filologiya elmləri doktoru Fəridə Əzizova
professor Azadə Rüstəmovaya
həsr olunmuş yüzədək məqalə,
müsahibə, esse, şeir və görkəmli elm xadimlərinin
alim haqqında fikirlərindən
seçmələri böyük
zəhmət və qədirbilənliklə ilk çap
mənbələrindən toplayıb
xronoloji ardıcıllıqla
sıralamaqla orijinal bir ideyasını gerçəkləşdirib. Belə
ki, kitabda Azadə xanımı yaxından tanıyan insanların düşüncələri vasitəsilə
onun həyatı və yaradıcılıq
yolu, şəxsiyyəti
və alimliyi haqqında bütöv bir monoqrafik biliklər əldə olunur. Bu prinsip alimin yaradıcılıq
inkişafını izləməklə
yanaşı, eləcə
də orta əsrlər klassik Azərbaycan ədəbiyyatının
yeni elmi-nəzəri araşdırmalar
mərhələsinin öyrənilməsi,
üslubi novatorluq və beynəlxalq şərqşünaslıqda qərəzli
polemik məsələlərin
cavablandırılması sahəsində
də məlumatlılıq
imkanı yaradır.
Haqqında bəhs edəcəyimiz
kitab "Azadəlik carçısı"
adlanır. Bu sözün
yaranma tarixçəsi
fil.e.d. Fəridə Əzizovanın məqaləsində
belə şərh olunur: "Məşhur
alim, istedadlı linqvist,
professor Cahangir Qəhrəmanov
onun ismi kimi səslənən sözün məğzindən
istifadə edərək
xarakterinin mənalı
şərhini vermişdir.
O, xüsusi isim olan "Azadə" sözünə "lik"
şəkilçisi artırmaqla
özlüyündə bir
növ neologizm olan, bu şəxsiyyətin
malik olduğu bütün
ən yaxşı insani keyfiyyətləri ehtiva edən "azadəlik" ümumi ismini yaratmışdır.
Cahangir Qəhrəmanovun
anlayışına görə
"azadəlik" - həm
alicənablığın, həm ziyalılığın,
qəlbin xeyirxahlıq
və comərdliyinin,
istedadın, ədalətin,
mühakimə sərbəstliyinin
- bir sözlə, insanda təcəssüm edə bilən ən yaxşı keyfiyyətlərin göstəricisidir".
(24) Biz bu şərhə
onu əlavə edək ki, öz alim etikası, alicənablığı,
işgüzarlığı və milli dəyərə
çevrilmiş klassik
irsin lazimi məqamlarda cəsarətlə
müdafiəsinə qalxmaqla
Azadə Rüstəmova
elmi həqiqətə
sadiq Azadəlik mərtəbəsi yarada bilmişdir. Azadə xanımın obrazı onu tanıyanların yaddaşında məhz bu keyfiyyətləri ilə qalmışdır.
"Ön söz"ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli öz giriş yazısını
"Azərbaycan Nizamişünaslığının
Azadə Rüstəmova
mərhələsi" adlandırır
və göstərir
ki, "Nizami Gəncəvi,
Əfzələddin Xaqani,
Qətran Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli,
Mövlana Cəlaləddin
Rumi və başqaları
kimi görkəmli sənətkarların həyatı
və yaradıcılığına
həsr edilmiş əhəmiyyətli tədqiqatları
olan Azadə Rüstəmova İntibah dövrü və orta əsrlər Azərbaycan ədəbiyyatının
tədqiqi sahəsində
mühüm bir elmi mərhələ yaratmışdır. O, ədəbiyyatşünaslıqdakı
böyük sələflərinin
təqdimatını yeni əlavələrlə
zənginləşdirərək, ilk növbədə boş qalmış xanaları doldurmaq sahəsində ciddi tədqiqatçılıq
işi aparmışdır..."
Qeyd edək ki, Azadə Rüstəmova 1953-56-cı illərdə
keçmiş SSRİ Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda təhsil
almış və
"M.Füzulinin
"Leyli və Məcnun" poeması"
mövzusunda namizədlik
dissertasiyasını müdafiə
etmişdir. Elmi rəhbəri görkəmli
şərqşünas alim Y.E.Bertelsin işə
yazdığı rəydə
belə bir qeyd var: "Əvvəlindən
sonuna kimi hamısı çox xoşuma gəldi. Ancaq Nizamidən bəhs olunan səhifələr almaz içərisinə səpələnmiş
brilyantlardır..." Sonralar
Azadə xanımın
dahi Nizami Gəncəvi haqqında olan tədqiqatları, doğrudan da, Nizamişünaslığı
zinətləndirmişdir. Görünür
ki, Bertels bu zinətin ilk rüşeymlərini
həssaslıqla duymuş
və zamanında yüksək qiymət
vermis, tələbəsinə gələcək tədqiqatlar
üçün stimul
vermişdir.
A.Rüstəmovanın "Azərbaycan
epik şeirinin inkişaf yolları" adlı doktorluq işi də elm xadimləri tərəfindən
ətraflı təhlil
olunmuş, onun orta əsrlər ədəbiyyatının hərtərəfli
tədqiqi və təhlilində yeni nəzəri
aspektlərinə dəyər
verilmişdir. Akademik Mirzə İbrahimov qeyd edirdi ki, "əsər materialın çoxluğu,
tədqiqat mənbələrinin
genişliyi, istifadə
olunmuş ədəbiyyatın
zənginliyi, söylənilən
fikirlərin, çıxarılan
nəticələrin yetkinliyi
və dərinliyi ilə qiymətlidir..."
(35) Tədqiqatçı böyük
zəhmət və səy nəticəsində
təqribən 500 illik
bir dövrdə yazıb yaratmış çoxlu şairlərin epik əsərlərini müəyyən prinsiplərlə
gözdən keçirərək
qiymətli elmi nəticələr çıxara
bilmişdir. Bütün
əsər boyu orta əsrlər Azərbaycan poeziyasının
mütərəqqi estetik
keyfiyyətləri, yaradıcılıq
xüsusiyyətləri, realizm
və romantizm məsələləri tədqiq
olunur". (40)
Nəzəriyyəçi alim, AMEA-nın həqiqi üzvü Məmməd Cəfər Cəfərov A.Rüstəmovanın
bu mükəmməl əsərdəki tədqiqatçılıq
prinsiplərini açıqlayaraq
dünya epik şeirinin inkişaf yolları, milli folklor bağları, əsatir, nağıl və dastanların, Şərq xalqlarının poeziyası
ilə çoxcəhətli
bədii, estetik əlaqələrinə diqqət
yetirilməsini təqdir
edir. Alim epik şeirin yaradıcılıq
metodu, forma, üslub məsələləri, janr
növləri, eləcə
də Nizami yaradıcılığında həyat fəlsəfəsi,
demokratik ideyalar, adil hökmdar, ictimai bərabərlik və s. kimi məsələlərin ardıcıl
və əhatəli tədqiq olunduğunu vurğulamaqla bərabər
xüsusi qeyd edir ki, həmçinin yüksək mənada polemik ruh əsərin
yaxşı cəhətlərindəndir.
Bir vaxt Qərbdə Baxer, Rizzi, Horn, Ethe kimi tədqiqatçılar
Nizamini tərki-dünya
bir şair kimi qiymətləndirirdilər.
Son illərdə sovet
tədqiqatlarında da Nizami
irsinə münasibətdə
bir sıra qeyri-dəqiq fikirlərə
rast gəlmək mümkündür. Müəllif
elmi dəlillərə
istinad edərək bu müddəa və fikirlərin kökündən yanlış
olduğunu sübut edir. Bu baxımdan Ş.Nutsubidze, A.Bertels kimi müəlliflərə də
R.Azadənin cavabları
oxucunu tamamilə qane edir (53). Məqalənin sonunda akademikin ümumiləşdirdiyi
nəticə əsərin
ədəbiyyatşünaslığımızdakı
həmişəyaşar əhəmiyyətliliyini
bir daha təsdiqləməkdədir. O yazırdı:
"R.Azadənin Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)"
əsəri nəinki
orta əsrlər epik şeirinin, ümumiyyətlə, bu əsrlər Azərbaycan ədəbiyyatının tarixi
inkişaf yolunun ideya-bədii, estetik xüsusiyətlərinin, fəlsəfi
fikir axarının düzgün dərkinə
kömək edən,
yeni ədəbi faktlar,
yeni fikirlər, yeni problemlərlə
zəngin qiymətli tədqiqat əsəridir
(56).
Azadə
Rüstəmovanın orta
əsrlər Azərbaycan
ədəbiyyatı sahəsində
çox bilikli, məsuliyyətli, orijinal üslublu, tədqiqat obyektini hərtərəfli
öyrənib, düzgün
elmi nəticələr
çıxarmaq bacarığını
istisnasız olaraq hər kəs etiraf etmişdir. Onun "Nizami Gəncəvi. Həyatı
və sənəti"
(1979), "Klassik Azərbaycan
poeziyasında qəzəl
janrının tarixi və poetikası"
(1990), "Nizami və
onun poeziya sələfləri" (2001) və
s. əsərlərindən bəhs olunan məqalələrdə də
alimin fərdi üslubuna və qədirşünaslığına dəfələrlə diqqət
yetirilir. AMEA-nın müxbir üzvü Nüşabə Araslı,
fil.f.d. Çingiz Sasani, fil.f.d. Vəcihə Feyzullayeva, fil.f.d. Roza Eyvazovanın
məqalələrində, eləcə də görkəmli alimin yaradıcılığına həsr
olunmuş üç
beynəlxalq elmi konfransın materiallarında
(2013, 2014, 2017) orta əsrlər
ədəbiyyatşünaslığının
bu sanballı, səlahiyyətli təmsilçisinə
dair məruzə və çıxışlarda
da onun elmi fəaliyyətinin novatorluq
mahiyyətinə nəzər
salınır, öyrəniləsi,
təqdir olunası cəhətlər diqqətə
çatdırılır. İstedadlı
nəzəriyyəçi alim fil.e.d. Gülrux Əlibəyovanın fikrincə:
"...onun elminin başqa bir xüsusiyyəti, özünəməxsusluğu
da var ki, bu da onun xüsusi emosiyalarla, ilhamla, psixoloji faktorlarla yoğrulmasıdır.
Bu xüsusiyyət, məncə,
təkrarsız və
cazibədar elmi ifadə tərzi yaradıb, elmimizə Azadə elmi üslubu gətirib".
"Azadəlik carçısı"
kitabında dərc olunan yazılarda görkəmli alimin fədakarcasına işini
sevən, daim arayıb araşdıran,
alim şəxsiyyətindən dərin rəğbətlə
danışılır. Azadə
xanım haqqında qələmə alınan
elmi, publisist, bədii yazıların hər birində ümumi bir üslubi nüans müşahidə olunur: Onun mənəvi-əxlaqi
gözəlliyinə, insani
mükəmməlliyinə heyranlıq, vurğunluq, emosional nidaların bolluğu. İstər onilliklərlə bir söbədə işlədiyi
həmkarları olsun,
istər elmi rəhbəri və məsləhətçisi olduğu
aspirantlar, dissertantlar,
istərsə də ölkənin bu beynəlxalq nüfuzlu alim
xanımından verilişlər
hazırlayan, müsahibələr
alan, məqalə yazan jurnalistlər, yaxud öz duyğularını
klassik şeir vəznində, şəklində
məcazlandıran bir
qisim pərəstişkarları
olsun, - hər birinin yazısında səmimiyyət və ehtiram duyulmaqdadır. Onu "alicənablığın
və xanımlığın
simvolu", "Azərbaycan
nizamişünaslığının birinci ledisi", "nuranə xanım",
"elmimizin təəssübkeşi",
"gözəllik və
idrakın nadir və kamil təcəssümü"
kimi ibarələrlə
xarakterizə edirlər.
Bəzi məqalələrin
isə artıq sərlövhələrindən mətnin məzmununun aurasına nəfəslik açılır: "Azadəlik
sevgisinin sirri" (Fəridə Əzizova),
"Poeziyada keçən
ömür" (Arif Məmmədov), "Kölgədə
bəslənmiş quzey
qarı" (Şirindil
Alışanlı), "Azadələrin
yeri ədəmdir"
(Teymur Kərimli),
"Azad ruhlu, ağ işıqlı alim" (Firudin
Qurbansoy), "Şair
dühası və
alim əməyinin gülçin
dühası" (Aslan Bayramoğlu),
"Alimlik və xanımlıq vəhdəti"
(Aida Qasımova), "Poetik
göy qübbəsində
sönməyən ulduzun
işığı" (Sara Osmanova), "Alimin dünya şöhrəti"
(Firudin Qurbansoy), "Nəcibliyin, xeyirxahlığın
və zəkanın canlı mücəssəməsi"
(Qürbət Mirzəzadə)
və s... "Onu sevənlər, ondan heyranlıqla danışanlar
arasında elələri
də olurdu ki, onunla ünsiyyətdə olarkən sakitcə bu zərif qadının
adi insanlara bənzəməyən daxili
mahiyyətinə varır
və yalnız bir səbəbdən onun qarşısında olduqları kimi görünməkdən ehtiyat
edirdilər, çünki
bu heyrətamiz şəxsiyyət insanın
ən yaxşı cəhətlərini hiss edib,
ona məhz həmin yöndən yanaşmaq kimi inanılmaz bir qabiliyyətə malik idi. Bəlkə, buna görə
də hər kəs onunla görüşəndən sonra
özünə onun gözləri ilə baxmağa çalışır,
daha başqa cür görünmək istəmirdi. Onu hamı sevirdi ... O saf insanın təbii aqilanə təsiri ünsiyyət zamanı insanda bütün gərəksiz,
onun yaxşı olmasına əngəl törədən nə varsa, onlardan aralanıb qopmağa və özünün hələ gizli, aşkar etmədiyi, ancaq bundan sonra
xasiyyətinin əsas
dominant cəhətinə çevrilə
biləcək bu potensial imkanlarına doğru meyilləndirmək
qabiliyyətinə malik idi".
(Fəridə Əzizova).
Professor Şirindil Alışanlının
da səmimiyyətlə yazılmış
məqaləsində Azadə
xanımın xarakterindəki
saflığın onunla
ünsiyyətdə olan
hər kəsə sirayət etdiyi deyilir: "Böyük söz ustadı Qurbaninin XVI əsrdə poeziya tariximizə bəxş etdiyi "kölgədə bəslənmiş
quzey qarısan" misrası zərifliyin, gözəlliyin, poeziya tarixində heç kimə nəsib olmayan təbiətdəki
bənzərini əks
etdirir. Böyük ehtiram bəslədiyim Azadə xanımın obrazı mənim yaddaşımda Qurbaninin poetik təsvirindəki nəcibliyi, zərifliyi xatırladır. Mənə
elə gəlirdi ki, Azadə xanım, kölgədəki quzey qarıdır. Onunla ünsiyyətdə olanlar
özləri də bilmədən bu zərifliyin aurası qarşısında mənən
təmizlənirdilər".
Jurnalist
Mətanət Əzimova
Orta əsrlər Azərbaycan ədəbiyyatının
bu görkəmli tədqiqatçısı ilə
müsahibəsindən aldığı
təəssüratını belə ifadə edir: "Azadə xanımın saf, ülvi hisslərinin qanadlarında Nizami, Füzuli dünyasının
ucalığına pərvazlanırsan.
Sözünü, söhbətini
elə kökləyib
nizamlayır ki, sanki titrək tellərin üstündə həzin
bir nəğmə ötür" (92). Həmkarı,
onu yaxından tanıyan Gülrux Əlibəyova isə yazır: "Təvazökar
insan, həmişə
özünü kölgədə
saxlamağa cəhd edən, amma daim ictimaiyyətin diqqət mərkəzində
işıqlanan, nəhəng
işlər görən,
misilsiz işgüzarlığı
ilə hamımızdan
seçilən, lirik təbiətli, göyçək
simalı, baxışı
mənalı, təbəssümü
sirli R.Azadə
xanım respublikamızın
ən parlaq şəxsiyyətlərindəndir".
Azadə
xanımdan tələbələri,
yetirmələri də
eyni səmimiyyətlə
söz açır, onun xeyirxahlıq və təəssübkeşliyindən
ürəkdolusu danışırlar:
"Azadə xanım
sözün əsl mənasında elm fədaisi
idi; ömrünü,
gözlərinin nurunu
elm yolunda qoymuşdu. Bütün varlığı
ilə elmə bağlı idi; ürəyi elmlə döyünürdü. Azadə
Rüstəmova klassik
irsimizin Leylisi, ədəbiyyatşünaslıq elmimizin yorulmaq bilmədən çalışan
fədakar, zəhmətkeş
bir xanımı idi". (Ataəmi Mirzəyev) "Azadə xanım gənc alimlərin ən adi uğurlarından vəcdlə danışıb,
onları elmi axtarışa həvəsləndirən,
gözə nur verən alimdir. Xeyirxahlığı, xanım
davranışı, mehribanlığı
ilə hamıya numunədir. Elmin yolunda kövrək qədəmləri ilə
ilk addımlar atmaq istəyənlərin ana nəvazişi
ilə qolundan tutur, onlara qol-qanad
verib pərvazlandırır".
(Firudin Qurbansoy)
Azadə
Rüstəmovanın hər
hansı tədqiqat əsərinə müraciət
edilərsə, orada insan xisləti, insan taleyi və
insanı səadətdən
məhrum edən problemlərə geniş yer verilir. Nəcib
təbiətli humanist alimin
qədim və orta əsrlərə aid zəngin bədii irsimizin tədqiqində
"düzlük və
həqiqət hökm
sürən" eynihüquqlu,
bərabər vətəndaşlardan
ibarət ali insan cəmiyyəti dəfələrlə vurğuladığı
problemlərdən idi.
Elmi fəaliyyəti ilə süsləndirdiyi iç dünyasında o,
özünün kiçicik
ideal cəmiyyətini quraraq,
ətrafındakı böyüklü-kiçikli
insanlara doğma, səmimi münasibət bəsləyir, qarşılıq
görməsə belə,
onları da yetkin mənəviyyatlı insanlar
kimi qəbul edirdi. Böyük Nizaminin yüzilliklər öncə xəyalən yaratdığı ideal cəmiyyətin
nəhayətdə reallaşacağına
qəlbən inanırdı...
Onun büllur dünyasında mənəvi
saflıq, duyğusallıq,
insansevərlik atmosferində
anlaşma, qayğı,
sevgi, ab-havası həyatın əvvəl-axır
yaxşılığa doğru
dəyişəcəyinə böyük inam yaradırdı. Insan kimi nə qədər
zərif, həssas, nəcabətli, gözəl
xanım olsa da, bir o qədər dərin bilikli, zəngin, məlumatlı,
bənzərsiz elmi üslubu olan həqiqi alim idi. O, öz qənirsiz xanım mənəviyyatı
və misilsiz elmi varisliyi ilə xalqımızın
tarixində əbədi
məskən salmışdır.
90 illik yubileyini qeyd etdiyimiz, bütün gözəl təşbeh və təyinlərin yaraşdığı,
ömrünün 50 ilini
Ədəbiyyat İnstitutunda
keçirən, onun inkişafına xidmət edən, dəyərli tədqiqatları ilə ədəbiyyatşünaslığımızı
zənginləşdirən Azadə xanım haqqındakı bu kitabda təqdim olunan məqalələr onun işıqlı şəxsiyyətini həyatda
görməyən həm
bugünkü nəslə,
həm gələcəyin
tədqiqatçılarına bütün yönləri
ilə tanıda biləcək. Azadə xanımla canlı ünsiyyətdə olan
biz nəsil isə: nə yaxşı ki, Ədəbiyyat İnstitutunun,
ədəbiyyatşünaslığımızın
rəngli tablosunda
"Azadəlik" rəngində
bir naxış var, deyirik! Şöləsi hələ neçə nəsillərə bəs
edəcək naxış!
Safurə Quliyeva
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Aygün Bağırlı
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.6-7.