Bizi yaralayan mətnlər

 

Bir yazarın yaradıcılığını şərti olaraq, "tərsinə mühəndislik" gözüylə nəzərdən keçirməli olsaq, yaxud fəza həndəsəsi ölçüləriylə... nə alınar? Çox fərqli sualların meydana çıxması mümkündür. Nəyi nəzərdə tuturuq? Bir şairin mətnlərindəki döyüntülərin itdiyi, yaxud aşkara çıxdığı, bütün mətni əvəz elədiyi məqamların şahidi ola bilərik.  Bu əyri-üyrü xətlər, kardioqramma işarələri o mətnlərin müəllifinin adını gizlədib, onun yerinə danışır, yaxud dərdi, fərağı, həsrəti onun ürəyindən ovuclarına alıb məmləkətin üfüqlərinə səpələr.

Bu dünyada hər kəsi yaralayan mətn var, yalnız bir mətn, yalnız bir nəfər üçün yazılan mətn. Amma iş elə gətirir ki, bu mətni o bir nəfərdən başqa, hamı oxuyur.

Vaqif İbrahimoğlu bir kitablıq şeirdən tamaşa düzəldib, səhnələşdirməyi sevərdi, bir kitabın yaratdığı atmosferdə o bircə mətni oxumaq həsrətiylə, alınardımı, bilmirəm; Akademik Dram Teatrının ən yuxarı qatdakı otağında Adil Mirseyidin "Güzgüdəki adam" kitabının səhnə variantı: alma, güzgü, bir stəkanda dəryanın dibi, ləpələr, durnanın lələyinə yazılan yazılar... məkanın semiotikası sehr yaradıb, dərhal da onu pozmağa, yer üzündən silməyə hesablanmışdı.  Hər şey anidən baş verdi, çıxıb getdi, silinib getdi, havada uğultusu qaldı, bir də öz şeirlərinin tamaşasına yazıq-yazıq baxan Adil Mirseyid...

Şeirlər səs-səs, heca-heca bölünüb, o bircə mətnə yığılmaq həsrətiylə qıvrılırdılar. Rejissor bu tamaşayla göstərirdi ki, o sizi, məni, səni... yaralayan mətn, nə illah eləsən də, tapılan deyil, o mətn vəhşi quş kimi məqamını gözləyir, səni ən ağrıyan yerindən vurub, çəkilib gedir. Bəlkə bu variantı da Vaqif gözdən keçirirdi sətirlər arasında, hecaların "polyar qışında", sözlərin "ləpədöyənində": o bircə mətn hər kəsin öz içindədir, sən bir şeyə susayanda, onu hər şeyin fövqünə qoyanda, görünür, dərhal da çəkilib gedir. Hər şeiri o bircə mətnin misraları olan şairlər də var, məsələn, Məhəmməd Füzuli, yaxud Nazim Hikmət. Nazim Hikmət şeirlərində bütün hisslər var, Füzulidə bütün duyğuların qəlibləri var, sən, hətta o duyğuların o qəliblərə necə dolduğunu belə görürsən (Tufarqanlı Abbas: eynim yaşı qabdan-qaba süzüldü...) və həm də, heç şübhəsiz ki, Həsənoğluda. Bizim dildə yazılan mətnlər işində nə belə bir tərcümə var, nə də orijinal mətn, bütün məkan quş səsləriylə dolur, ancaq o səsin hardan gəldiyini seçə, tapa bilmirsən...

Vaqif İbrahimoğlu bir tamaşa qoymuşdu, Hüseyn Cavid haqqında. Özü tamaşada iki rol oynayırdı, plastika mükəmməl idi, sözlər hərəkət idi, hərəkətlər söz, bu ikisi birləşib möcüzə yaradırdı. Nazim Hikmətin bəzi şeirləri də şeirin tamaşasıdı, sözlə, nəfəslə hərəkətin birləşib baletə çevrildiyi məqam...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.7.