Qazax yazıçısı
Azərbaycan dilində
Kemel Tokayevin
“Gecə
açılan atəş” kitabı haqqında
Bu ilin sentyabr ayında
Azərbaycan Milli Kitabxanasında
qazax ədəbiyyatında
detektiv janrın banisi Kemel Tokayevin
"Gecə açılan
atəş" kitabı
azərbaycanlı oxuculara
təqdim edildi. Görkəmli qazax yazıçısının məhz
100 illik yubileyi ilə bağlılığı
həmin təqdimata, əlbəttə, xüsusi
məna, məzmun vermiş oldu. Həm qazax, həm də Azərbaycan ziyalıları,
ədəbiyyat xadimləri
çıxış edərək,
Kemel Tokayevin yaradıcılığını yüksək qiymətləndirdilər.
Təqdimat nə qədər
möhtəşəm olsa
da, əsas məsələ,
yazıçının üç
maraqlı əsərinin
- "Damğalı qızıl",
"Gecə açılan
atəş" və
"Sirli iz" povestlərinin (yeni terminologiya
ilə, əslində,
romanlarının) azərbaycanca
nəşri idi. Və məmnuniyyətlə
demək olar ki, tərcüməçi Nəriman
Əbdülrəhmanlı sözügedən
yaradıcılıq işini
uğurla yerinə yetirmiş, həm qazax koloritini, həm qazax dilinin ifadə imkanlarını, həm də yazıçının
özünəməxsus təhkiyə
tərzini Azərbaycan
türkcəsində də
qoruyub saxlamışdır.
Kitaba Azərbaycanın dünyaşöhrətli
detektiv yazıçısı
Çingiz Abdullayevin yazdığı Ön sözdə deyilir:
"Kemel Tokayevin taleyi məni sarsıtdı. Bu cür ssenariləri həyatın
özü yazır. Həm də həyat yer üzünün hər bir sakininə qarşı heç də, həmişə ədalətli və mərhəmətli olmur...
Uzun illərdən sonra, artıq səksəninci illərdə
min doqquz yüz iyirmi iki, iyirmi
üç, iyirmi dördüncü illərdə
dünyaya gəlmiş
nəsli "qəhrəmanlar
nəsli" adlandıracaqdılar.
Həmin nəslə mənsub adamların, az qala, hamısı
İkinci Dünya müharibəsinin döyüş
meydanlarında həlak
oldu, dəhşətli
statistikaya görə,
sağ qurtulanların
yalnız bir neçə faizi həyatda qaldı".
Kemel
Tokayev ata-anasını uşaq
yaşlarında itirmiş,
böyük qardaşı
ilə uşaq evində böyümüş,
Kasım cəbhəyə
gedib həlak olandan sonra, onu da ordu sıralarına
aparmışdılar. Müharibədən
ağır yaralanaraq qayıdan Kemel Tokayev həm ata-anasız uşaqlıq, həm də döyüş meydanlarında keçən
qanlı-qadalı gənclik
illərində qazandığı
möhkəm xarakteri ilə ali filoloji
təhsil alıb, jurnalistlik etməklə yanaşı, yazıçı
kimi də məşhurlaşır.
Kitabda yazıçının oğlu,
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin
"Atam haqqında söz"ü Kemel Tokayevin mühiti, həyatı, şəxsiyyəti
və yaradıcılığı
ilə daha dərindən tanış
olmaq üçün
son dərəcə mühüm
məlumat verir. Və bu məlumatlar
yüksək elmi-intellektual
səviyyədən başqa,
böyük səmimiyyətin
ifadəsidir. Atasının
uşaqlıq, yeniyetməlik,
eləcə də müharibə illərindən
bəhs etdikdən sonra müəllif, onun "ədəbiyyata gedən keşməkeşli
yol"una nəzər
salaraq yazır:
"Atamın doğma dili ömrünün axırınadək ana südü
ilə canına-ruhuna
hopmuş qazax dili idi. O, ana dilini sevir, haqlı
olaraq, bu dili həddən artıq zəngin dillərdən biri hesab edirdi. Onun
dediyinə, ailəmizdə
tez-tez təkrar etdiyinə görə, çoxobrazlılığı cəhətdən qazax dilinin dünya linqvistikasında oxşarı
yoxdur".
Kasım-Jomart Tokayev xatırlayır ki, atası rus dilini kifayət qədər yaxşı öyrənsə də,
"onun şifahi nitqi bu dilin
hər halda, onun doğma dili olmadığını
büruzə verir, bu nitqdə qazax ləhcəsi bir qədər hiss olunurdu".
"Atam haqqında söz"də Kemel Tokayevin ilk ədəbi yaradıcılıq təşəbbüsləri
barədə söhbət
açılır:
..."Ulduz yürüşü"
adlı ilk kitabını
Qazaxıstan pionerlərinə
həsr etdi. Bu, ədəbi sahədə
ilk qələm təcrübəsi
idi. Həmkarlarının
bəziləri onun özünü yazıçılığa
həsr etmək arzusunu bölüşmür,
bir sıra "tənqidçilər" də
yaradıcılıq həvəsini
öldürmək üçün
ilk kitabı ilə bağlı zəhərli
məqalələrlə çıxış
edirdilər".
İlk təşəbbüs nə
qədər "uğursuz"
sayılsa da, ikincisi o
qədər diqqəti
çəkir. Milis işçilərinin çətin
əməyinə həsr
olunmuş "Daşqın"
romanı "nəşr
olunanadək qazax dilində bu cür bədii əsər, demək olar, işıq üzü görməmiş,
atam yeni yönümdə
ilk addım atmışdı.
Janrın bu qədər uğurlu seçilməsi, mürəkkəb
mövzunun işıqlandırılmasına
peşəkarlıqla yanaşma,
bütövlükdə, nəinki
kitabın uğurunu, həm də atamın qazax ədəbiyyatında layiq
olduğu yeri tutmasını təmin etmişdi. O, birmənalı
olaraq ədəbiyyatımızda
detektiv janrın yaradıcısı kimi qəbul edildi".
Kasım-Jomart Tokayev atasının yaradıcılığı barədə
danışarkən, bu
yaradıcılığın sosial-mənəvi əsasları
haqqında deyir ki,
"Kemel Tokayev mülkiyyətçilik
psixologiyasından tamam-kamal
məhrum idi, daim cəmiyyətin və dövlətin maraqlarını hər şeydən uca tuturdu... Macəra janrını seçməsi
də, məncə, xasiyyətinin məhz bu cəhətilə izah olunur".
Fikrimizcə, həmin izah Kemel Tokayevin ideya-estetik məram və məqsədlərini
anlamaq üçün
strateji mahiyyət daşıyır. Və azərbaycandilli oxuculara təqdim olunan əsərlərdə də
bu cəhət, o mənada olduqca qabarıqdır ki, söhbət
sovet ideologiyasının
təbliğ etdiyi
"vətən" və
"vətəndaş"dan daha çox, ümumən (milli!), "vətən"
və "vətəndaş"dan
gedir.
Kasım-Jomart Tokayev atasının yaradıcılığının "istehsalat mövzusu" ilə heç bir bağlılığı
olmadığını, hətta
"sovet ədəbiyyatına
xas olan hüquq-mühafizə sistemi
ilə əlaqədar
stereotiplərdən uzaq"
olduğunu deməkdə
də tamamilə haqlıdır. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, detektiv dünya ədəbiyyatının
elə bir universal janrıdır ki, hər hansı siyasi-ideoloji stereotip üzərində
dayanmaq, hansısa
"ideal"a xidmət
etmək marağında
deyil. Əksinə, o,
insan maraqlarının
ən gümanedilməz
imkanlarını aşkarlamaqla
hər cür stereotiplərə qarşı
cəbhə açması
ilə seçilir.
Kasım-Jomart Tokayev yazır:
"...Məni bir məsələ
maraqlandırmaya bilməz:
təbiəti etibarilə
həddən artıq
yüksək şəfqət
hissinə malik olan Kemel Tokayev qəddar cinayətkarların həqiqətəuyğun
obrazlarını necə
yaradırdı? Məncə,
onun yaradıcılığının
bu cəhətini dərindən saf-çürük
etməyə ehtiyac
var. Atam bir çox cəhətlərinə
görə müəmmalı
adam idi. Onun təbiətində anlaşılmaz sirr duyulurdu - hər halda mənə, əsasən, belə gəlirdi".
Kifayət qədər dəqiq
olan bu müşahidələr,
ilk növbədə, yaradıcılıq
psixologiyası dediyimiz
fenomenlə əlaqədardır
ki, onun dövr-mühit,
aparıcı ideya-estetik
təmayüllər və
yazıçının şəxsiyyətindən
irəli gələn müxtəlif təzahürləri
vardır. Əsərlərindən
göründüyü kimi,
Kemel Tokayev içərisində
yaşadığı ictimai-
siyasi quruluşun dünyada yeganə humanist
quruluş olduğuna
o qədər də inanmadığına görə,
onu idealizə etməyə (bir çox sovet yazıçılarından fərqli
olaraq) cəhd göstərmir, o, daha çox İnsana, onun əxlaq-mənəviyyatca
nə dərəcədə
mükəmməl olub-olmamasına,
humanizminə, ləyaqətinə
güvənir. Elə
qəhrəmanları var ki, sovet məktəbini bitirib həyatda müəyyən mövqelər
tutsalar da, çox rahatlıqla xarici kəşfiyyatın əlində
oyuncağa çevrilirlər.
Və onun əsərlərində elə
epizodlara rast gəlmək də mümkündür ki, sovet
cəmiyyətində həmin
kəşfiyyatın rahat
"işləməsi" üçün müəyyən
şərait olduğunu
da göstərir.
"Atam haqqında söz" müəllifinin
belə bir mülahizəsi ilə razılaşmaq lazım gəlir ki, "sovet dövründə yaşayan
Kemel Tokayev quruluşun
ideyalarını kor- koranə həyata keçirən insan deyildi... Onun əsərlərində kommunist
ideologiyasının ünvanına
təriflərin olmadığını
artıq qeyd etmişəm. Atamın kitablarını təkrar-təkrar
oxuyanda əsərlərinin
baş qəhrəmanlarının
özlərinə məxsus
daxili aləmə, ruhi yaşantılara malik,
sevinən və kədərlənən insan
olduqlarını açıq-
aydın dərk edirəm".
Hər nə qədər uşaq evi, məktəb-internat səviyyəsində
himayəçilik etsə
də, özünün
"eksperimental" idarəçilik
üsulları ilə
onu ata-anasından məhrum eləmiş bir quruluş ədəbiyyata ictimai həyatın "alt qatları"ndan
gəlmiş Kemel Tokayevin tərənnüm
obyekti ola bilməzdi. Və Cəmiyyətdən
(quruluşdan) daha çox, Şəxsiyyətə
(ayrı-ayrı insanlara)
güvənməsi də,
görünür, illərlə
formalaşmış bu
"kompleks"in nəticəsi
idi.
Biz adət etmişik ki, sovet dövründə (və təbii ki, SSRİ məkanında) yazıb- yaratmış yazıçıların,
demək olar, hamısını "sovet
yazıçısı" adlandıraq. Bu baxımdan,
"Son zərbə", "Əsgər müharibəyə
getdi", "Yuvasından
bezən quş",
"Sirli iz",
"Damğalı qızıl",
"Gecə açılan
atəş" və
s. əsərlərin müəllifi
də, prinsip etibarilə, istisna təşkil eləmir. Ancaq nəzərə alsaq ki, bu əsərlər
sovet hakimiyyəti çökəndən sonra
da, öz populyarlığını,
nəinki itirmir, bəlkə, daha da artırmışdır, onda
gərək, sovet dövründə də əsl ədəbiyyatın
yarandığına (və
əsl yazıçıların
yaşadığına) şübhə
etməyək. Hər
bir yazıçıda
öz dövrünün,
zəmanəsinin mənəvi-ideoloji
xarakterindən az və ya çox
dərəcədə nə
isə var. Bununla belə, görünür,
sovet ideologiyası hər nə qədər marağında
olsa da, heç bir yazıçının
əlindən tutub,
50-ci, 60-cı, 70-ci illərdə ona "istehsalat romanı" yazdırmayıb.
Kemel Tokayevin əsərləri
sənədliliklə bədiiliyin
"dialoq"u və
ya harmoniyasından ibarətdir ki, fikrimizcə,
yazıçının üslub
özünəməxsusluğu, hər şeydən əvvəl, məhz burada təzahür edir. Belə ki, müəllif təhkiyəyə
oxucunun diqqətini hər hansı halda cəlb edəcək işıqlı-rəngli
təsvirlərlə başlayır;
məsələn:
"Gecə yağan yağış asfaltın
toz-torpağını yuyub
aparmışdı. Aprel
ayının səhər
günəşi saf, təzə-tər görkəmiylə
bərq vururdu. Parlaq Günəş şüaları adamın
gözlərini qamaşdırırdı.
Nəhəng qovaqların
yenicə cücərmiş
yarpaqları evlərin
divarlarını zərif
yaşıl rəngə
boyamışdı".
"Damğalı qızıl"ın
bu ilk cümlələri
təhtəlşüur duyumla
nümayiş etdirir
ki, hansısa, qaranlıq
işığa çıxacaq,
hansısa, böyük
bir sirrin üstü açılacaq.
Və əsərin süjeti nə qədər çoxşaxəli
olsa da, hadisələrin
hərəkəti, prinsip
etibarilə, biristiqamətlidir...
Ləşkərov (nədənsə,
tərcümədə rus
dili "aksent"i ilə Lyaşkerov getmişdir) soyadlı bir şəxs Dövlət Təhlükəsizlik
Komitəsinə zəng
vurub, məlumat çatdırır ki, tanımadığı
adam kimləsə səhv salaraq, ona maşın hissəsi əvəzinə,
qızıl külçəsi
vermişdir. Elektrik stansiyasında çilingər
işləyən həmin
şəxs onu da əlavə edir ki, külçənin üzərində
Çin heroqliflərini
xatırladan işarələr
var.
Təhlükəsizlik orqanının əməkdaşları, tamamilə
təbiidir ki, qızıl
külçəsinin hər
baxımdan şübhə
doğuran sahibini axtarmazdan əvvəl, Ləşkərovun özünü
sorğu-suala çəkirlər.
Və bu, adi "sovet adamı"nın ailəsində
mövcud olan iqtisadi, sosial-mənəvi
vəziyyət barədə
obyektiv təsəvvürün
ortaya çıxması
ilə nəticələnir...
Qızıl barədə
eşidən arvadı
Ləşkərovu dilə
tutur ki, qızılı
satıb özləri
üçün xərcləsinlər:
"Oy, Kanaycan, indi əməlli-başlı kef çəkəcəyik!
Sən narahat olma, müştərini özüm tapacağam.
Amma qiymətini öyrənmək
lazımdır... Ucuz satsaq belə, bir ətək pulumuz olacaq! Daha maaşacan günləri saymayacağıq".
Beləliklə, "hər cəhətdən
təmin olunmuş sovet ailəsi"nin əsl simasını təqdim edəndən sonra yazıçı detektiv roman üçün
səciyyəvi olan hadisələrin təsvirinə
keçir. DTK əməkdaşları
Kanay Ləşkərovun
təmiz adam olduğunu müəyyənləşdirdikdən
sonra ehtimal edirlər ki, qızıl külçəsi onun əlinə yalnız təsadüf nəticəsində
düşüb. Belə
ki, "şəhər böyüyür,
köhnə evləri
sökür, yeni binalar
tikirlər. Küçələrin
bir çoxunun adı dəyişib... Rabitəçi ünvanları
səhv salıb"...
Göründüyü kimi, yazıçı "sovet
ailəsi"nin kifayət
qədər acınacaqlı
taleyinə işarə
vurduqdan sonra sovet həyat tərzinə müəyyən
güzəştə gedir,
şəhərdə köhnə
evlərin əvəzində,
elə bir sürətlə yeni binalar
tikilir ki, "köhnə"
mənəvi-əxlaqi dünyanın
sakinləri yeni ünvanları
çaş-baş salırlar.
Bunun həqiqət, yoxsa,
ironiya olduğu üzərində düşünməyə,
daha doğrusu, baş sındırmağa,
bəlkə, o qədər
də ehtiyac yoxdur. Çünki hər ikisi var. Ona görə həqiqətdir
ki, bəşəriyyətin bir qisminin, həm
də müasir dünya sivilizasiyasından
geri qalmış hissəsinin həyatına
tətbiq olunan yeni ictimai-inzibati uklad eksperimentləri, doğrudan
da, məsələn, Qazaxıstan,
Özbəkistan, Azərbaycan
kimi ölkələrdə
çoxmərtəbəli binalar, zavodlar, fabriklər, yollar inşa elədi; eyni zamanda ona
görə ironiyadır
ki, mənəvi- əxlaqi
tərəqqi özünü
vəd olunan miqyasda (və keyfiyyətdə!) heç
cür göstərə
bilmədi.
Müxtəlif millətlərdən olan çekistlər (onu da əlavə edək ki, Kemel Tokayevin qəhrəmanları
- həm cinayətkarlar,
həm hüquq-mühafizə
orqanlarının işçiləri,
həm də sıradan insanlar müxtəlif millətlərə
mənsubdurlar ki, bu,
ilk növbədə, Qazaxıstan
cəmiyyətinin etnik
tərkibinin adekvat təsvirindən irəli gəlir) mövcud əlamətlər - istər-istəməz buraxılmış
"səhvlər" əsasında
cinayətkarların izinə
düşərək onları
bir-bir ifşa edirlər. Və məlum olur ki, onların başında
"sosialist inqilabı"ndan
sonra Rusiyadan Çinə qaçmağa
nail olmuş, orada daha da zənginləşmiş,
artıq ahıllaşdığı
üçün vətənə
qayıtmaq qərarına
gəlmiş Qureyev dayanır. Qureyev kimdir? Özünü ətrafdakılara Qriqori Matveyeviç Qureyev kimi sırımış bu adam Akmolada
doğulmuşdu. "İnqilab"dan
sonrakı hərc-mərclikdə
prikazçikini öldürüb,
soyadını mənimsəmiş
bu təcrübəli
işbazın əsl soyadı Qazarx olmuşdu. Var-dövlət
qazanmaq üçün
cilddən-cildə girmiş,
hər cür cinayətə əl atmış Qazarx özünə o qədər
əmindir ki, hətta
çekistlərin qarşısında
belə sovet hakimiyyətini dolamaqdan çəkinmir, "əvvəlki
müstəntiqə dönə-dönə
demişəm ki, möhtəkirliklə
məşğul olmuram.
Axtarış zamanı
olan-qalan hər şeyimi müsadirə elədilər. Sovetlərin
yaxşı qazancı
oldu", - deyir.
Romanda cinayət (və cinayətkarlar) aləmi detektiv ədəbiyyatın
tələblərinə cavab
verəcək bir səviyyədə kifayət
qədər maraqlı
epizodlarla təsvir olunmaqla yanaşı, çox da sxematizmə varılmamış, böyük
ədəbiyyatın ideya-estetik
prinsipləri gözlənilmişdir.
Həmin epizodlardan biri artıq normal həyat yolunu tapmış, ailə qurmuş gənc mühəndisin cinayətə
sürüklənməsidir... "Zaurum Şarf yaxşı qazanırdı...
Adama elə gəlirdi ki, həyatı
qaydasındadır. Amma axşam
məclislərinin birindən
qayıdandan sonra ürəyini arvadına açdı:
- Larisa, Qərbdə mənim qabiliyyətimlə var-dövlət
və şöhrət
sahibi olardıq. Səyahət eləyər,
dünyanı gəzərdik...
Artıq cana doymuşam, fasiləsiz yığıncaqlar, iclaslar,
həmkarlar ittifaqlarıyla
dolu olan bu boz həyat
məni bezdirib.
Arvadı
çaşqın halda
onu süzdü:
- Nə danışırsan,
axı? Bəyəm, pis yaşayırıq? Hər şeyimiz - televizorumuz, soyuducumuz, xalı-xalçamız, mebelimiz
var. Maşın almışıq.
Sənə daha nə lazımdı?
- Boş-boş danışma!
Burnunun ucundan uzağı görmürsən!
Sənin xoşbəxtliyin
dörd divar arasına sığışır".
Gənc
"sovet ailəsi"ndə
gedən bu söhbətdə də həqiqətlə ironiyanın
zərif əlaqəsini
görməmək mümkün
deyil. "Səyahət
eləmək, dünyanı
gəzmək"lə "xoşbəxtliyi dörd divar arasına sığışdırmaq" arasındakı kəskin ziddiyyət bir yana, sovet cəmiyyəti
üçün, doğrudan
da, səciyyəvi "fasiləsiz
yığıncaqlar, iclaslar,
həmkarlar ittifaqları
ilə dolu olan boz həyat"
gənclərdə xaricə
marağı artırmaya
bilməzdi. Və yazıçı tamamilə
haqlıdır ki, hakimiyyətin,
rejimin hesablaşmaq istəmədiyi həmin təbii (və qarşısıalınmaz!) maraq,
nəticə etibarilə,
cinayətkarların əlində
vasitəyə çevrilir.
"Gecə açılan atəş" də
"Damğalı qızıl"
kimi işıqlı-rəngli
təsvirlərlə başlayır,
ancaq birincidən fərqli olaraq, ikincidə həyəcan, ruhi-psixoloji gərginlik daha güclüdür:
"Qısamüddətli, xəyalı
xatırladan kövrək
işıq donub qalmış meşəni
bir anlığa nurlandırdı, sonra ağaclar yenə zülmətin qoynunda yoxa çıxdı. Yağış ağı
deyirdi..."
Belə
bir havada meşəbəyi paraşütlə
enən adamı görsə də, onun düşmən kəşfiyyatçısı olduğunu anşırtmır:
"Mirzaş əlində qoşalülə tüfəng
kandarda dayanmışdı.
O, diqqətlə gecənin
qoynuna baxır, onun pıçıltısını
dinləyirdi. Yağışın
şırıltısı qəlbinə dinclik gətirir, başqa bir yad səs eşidilmirdi. Bir daha ildırım çaxıb,
səmadan yerə enən adamın qara siluetini bir anlığa zülmətin qoynundan çıxardı. Həmin
adam yağışın
şırnaqları arasında
asta-asta yırğalanırdı".
Meşəbəyi bu naməlum, sirli adamın kim olduğunu aydınlaşdırmaq istərkən,
onunla qarşılaşır...
" - Tərpənmə! - Hökm dolu əmr eşidildi.
- Sən kimsən axı? Burada neyləyirsən? - Qoca tüfəngini qaldırıb
soruşdu.
Elə həmin anda da atəşin aydın gurultusu eşidildi. Sanki işıq şüası
qocanın sinəsinə
sancılıb bütün
bədənini yandırdı.
Meşə titrədi,
torpaq ayaqlarının
altından qaçdı.
Ağaclar fırlana-fırlana
yerə yıxılmağa
başladılar. Qoca meşəbəyi də ağaclarla birgə yerə sərildi".
Çox
keçmir ki, düşmən
təyyarəsinin SSRİ-nin
hava sərhədini pozduğu barədə məlumat verilir. Və əməliyyat qrupu yaralanmış meşəbəyini tapıb
xəstəxanaya yerləşdirir...
Bu "giriş"dən sonra
təxribatçının axtarışı başlanır.
Bugenbayev,
Lopatin və Altayevdən
ibarət qrup tezliklə Namatxanov soyadlı bir nəfəri həbs etsələr də, sonra aydınlaşdırılır
ki, o, əsl kəşfiyyatçı
deyil, iz azdırmaq üçün
göndərilib. Qoca meşəbəyini vuran əsl kəşfiyyatçı
isə özünə
münbit fəaliyyət
mühiti yaratmaqda idi.
Hadisələr olduqca maraqlı,
eyni zamanda son dərəcə təbii yolla cərəyan edir. Və bu
təbiiliyi təmin edən ədəbi priyomlardan ən mühümü, heç
şübhəsiz, Qazaxıstanın
etnoqrafik mənzərələrinin
zəngin, çoxçalarlı
fon olaraq böyük məharətlə
təqdim edilməsidir.
Oxucu, bir tərəfdən, təcrübəli
düşmən kəşfiyyatçısını
onun qarşısına
qoyulmuş vəzifələri
yerinə yetirmək üçün nələrdən
keçəcəyini, hansı
macəraların iştirakçısı
olacağını, nə
zaman ələ keçəcəyini
(əlbəttə, bu
sonuncu - sosializm realizminin yazıçıdan
tələb etdiyi əsas nəticə idi) səbirsizliklə izləyir, digər tərəfdən isə,
qazax həyatının,
qazaxların, eləcə
də az və ya çox
dərəcədə qazaxlaşmış
başqa xalqların nümayəndələrinin məişətinin
koloritli təsvirindən
zövq alır.
Əksəriyyəti həmyerlilərinin
Sosialist Əməyi Qəhrəmanı adı
alması münasibətilə
uzaq rayonda keçirilən təntənəli
tədbirdən evlərinə
qayıdan N. şəhəri
sakinlərindən ibarət
ümumi vaqonun sərnişinlərini səciyyələndirərkən,
müəllif yazır:
"Qapının lap ağzında,
aşağıdakı qatda
qazax qarı və cavan rus
qadın oturub. Onlar növbəylə barmaqlarını üçlitrlik
bankaya salır, xırda, turşməzə
xiyar çıxarır,
suyunu yerə silkələyib qara çörəklə yeyirlər.
Qonşu
kupedəsə, vəziyyət
başqa cürdü.
Ümumi vaqonda hər şey göz qabağında olsa da, gənc oğlanla qız özlərinə gün ağlamağı bacarıblar.
Onlar yuxarı yerlərdə başları
pəncərəyə doğru
uzanıb, dünyanı
tamam unudublar.
...Aşağıdakı yatağın
kənarında cavan qadın körpəsinə
süd verir. O, gənclərin söhbətini
eşitdi. Sanki yadına
sevinc dolu nəsə düşdü,
özünü saxlaya
bilməyib ucadan güldü..."
Elə bu zaman qonşu vaqonda kiminsə çamadanının oğurlanması
xəbəri yayılır.
Və mənzərə
dəyişilir:
"- Onların əlindən qatarda da rahatlığımız
yoxdur.
- Milis hardadı? O hara baxır?
- Eh, onlar ancaq akt
tərtib eləməyi
bacarırlar.
Rus qadın bu sözləri
eşitdi. O, şirin-şirin
mürgüləməyə macal tapmış qarının çiyinlərindən
tutub silkələməyə
başladı:
- Oy, apa! Apa! Vaqonda
oğrular var. Kisələrindən
göz-qulaq ol ki, əkişdirməsinlər.
- Nə danışırsan?
- Qarı qorxdu".
Doğrudur, sonra məlum olur ki, oğurluq işi əməliyyatçıların
qurmasıdır, ancaq
bu vəziyyətin səciyyəviliyinə, sovet
məişəti üçün
heç də yad olmadığına elə
bir şübhə yeri qalmır. Hər şeydən əvvəl, ona görə ki, müxtəlif
xarakterli, müxtəlif
millətlərdən olan
insanlardan ibarət vaqon oğurluğa ona görə eyni cür reaksiya
verir ki, bu, sovet cəmiyyətinə,
hər nə qədər əleyhinə
"mübarizə aparılsa"
da, xas bir xüsusiyyətdir.
Yazıçının ustalığı
ondadır ki, düşmən
kəşfiyyatçısını da həmin etnoqrafik vaqon-cəmiyyətin "üzvi
tərkib hissəsi"nə
çevirə bilir:
"Gecədir. Qatar hələ
də yol gedir. Səma ağarmağa başlayır.
Günçıxan tərəfdə
güclə sezilən
çəhrayımtıl işıq
peyda olur, dan yeri sökülür. Vaqonda hamı sakitləşib yatır. Təkcə Çernonosov
oyaqdı".
Bu həmin Çernonosovdur ki,
yağışlı-şimşəkli gecədə paraşütlə
meşəyə atılmış,
onu görən qoca meşəbəyini vurmuş, ölüb-ölmədiyini
bilmədən oradan uzaqlaşmışdı. Sonra, təsadüfən, meşəbəyinin
qarısı ilə rastlaşmış, onun yadında qalmaqla çox böyük səhvə yol vermişdi.
Kemel Tokayevin milli təəssübkeşliyi
bu məqamda, hətta detektiv janrın kosmopolit ifadə tərzində belə özünü bütün mükəmməlliyi
ilə nümayiş etdirir... Kəşfiyyatçı
Çernonosov qazax dilini öyrəndiyinə,
Orta Asiya üzrə mütəxəssis
olduğuna görə
peşmançılıq keçirir...
"Bütün bu hadisələr şef qəfildən məşğələyə
gələndə baş
verdi. O həmin məqamda dinləyicilərə
qazax adət-ənənələri,
onlarla qonşu müsəlman xalqları
- qırğızlar və
özbəklər - arasındakı
fərqli cəhətlərdən
danışırdı. Çernonosov
hiss elədi ki, şefi
Qazaxıstan daha çox maraqlandırır...
Şef soruşdu:
- Cənab Skotnikov (orada bu adla
qeydə alınmışdı)
Asiya xalqlarından hansının dilini bilirsiniz?
- Özbəklə bir-birimizi
başa düşərik,
qazaxla dil taparıq, - "mütəxəssis"
cavab verdi".
Skotnikovun
tərcümeyi-halını araşdırıb, onun anadangəlmə cəllad
olduğunu görürlər.
Skotnikov Çernonosova
çevrilir. Qatarda isə tanış olduğu qıza - Zinaida Ryabovaya özünü Svintsov kimi təqdim edir. Və beləliklə,
DTK cilddən-cildə girmiş
düşmən kəşfiyyatçısını
- Çernonosov-Skotnikov-Svintsovu axtarmaq məcburiyyəti altında qalır.
Həmin
axtarış prosesi gedə-gedə, bir tərəfdən, Çernonosov-Svintsovun
yeni- yeni cinayətləri ortaya
çıxırsa, digər
tərəfdən, Altınşaş
adlı tələbə
- gələcək psixiatrla
gənc DTK müstəntiqi
Talqat arasında son dərəcə səmimi
bir məhəbbət
romanı başlayır.
Və bu roman təxribatçı-cinayətkar axtarışının prozaik
təəssüratlarına qarşı dayanmaqla əsərin süjetinə
lirik bir hərarət gətirir.
Ən mühüm yenilik isə o olur ki, yağışlı-şimşəkli gecədə düşmən
kəşfiyyatçısının vurduğu qoca meşəbəyi Mirzaş
sağalıb öz işinə qayıdır.
Düşmən kəşfiyyatçısının
kimliyini müəyyənləşdirmək
üçün gələn
DTK işçisini Mirzaş
hansısa cinayətin
zərər görmüş
şahidi kimi yox, ev sahibi
kimi qarşılayır:
"İri qazanda ət bişirdi. Nasir ev sahibinin qoyun
kəsmək niyyətinə
etiraz elədi, amma Mirzaş razılaşmadı.
- Nə danışırsan,
oğlum! Qonaqsan, axı. Biz də hələ qonaq qəbul eləməyi yadırğamamışıq. Bu, dədə-babalarımızdan miras
qalıb, müqəddəs
adəti pozmaq bizə yaraşmaz. Qazaxlar qonaq qəbul eləmək üzündən müflis
olmayıblar.
Az sonra sürüdən qara qoyun gətirildi,
bütün zəruri
qayda-qanunla kəsildi,
ət artıq qazanda qaynayırdı".
"Gecə açılan atəş" müəllifi
məqamı düşən
kimi detektiv janrın tələbləri
fövqünə qalxaraq
qazax etnoqrafiyasının
rəngarəng çalarlarını
sonsuz maraq (və mənsub olduğu mədəni-mənəvi
dünyaya böyük
ehtiramla!) elə təsvir edir ki, romanın yalnız yazıçı deyil, həm də bir etnoqraf əlindən
çıxdığı təsəvvürü yaranır.
Çoxmillətli Qazaxıstanın özünəməxsus
dil-ünsiyyət mühitini
görkəmli söz
ustası mükəmməl
epizodlarla təqdim edir... Cinayətkarların
gizli əməllərindən
xəbəri olmayan sadəlövh qoca tatar qadın Rafida artıq Çernonosovun cənginə
keçmiş qonşu
Sidor Qlinovun alaqapısını döyür...
" - Salam, Sidor! Kefin
kökdü? Yakşı.
Ey, qonşu, sən tək-tənhasan. Bilirəm ki, gündüzlər
evdə olmursan. Bu gün evinə yad bir adam gəldi.
Özüm gördüm.
Başına belə çalma bağlamışdı.
Çox iriydi! - Rafida əliylə göstərdi. - Sən milisə get. O, oğurluğa
gəlmişdi. Mən
sənə deyir.
O, rus, tatar və
qazax sözlərini bir-birinə qarışdıra-qarışdıra
danışırdı. Amma qazax dilini bir
qədər bilən Qlinov qonşunu birtəhər başa düşdü.
- Yakşi, apa, raxmet. Çox yaxşı, - o da eyni cür, qarışıq tərzdə dillənib alaqapını örtməyə
cəhd elədi.
- Qonşuyuq, bir-birimizə yardım eləmək lazımdı. Yoxsa, sonra inciyəcəksən,
- qarı sakitləşmək
bilmirdi".
Kemel
Tokayev, hər nə qədər sovet dövründə yazıb-yaratsa
da, qazax xalqının
dini-mifoloji irsi barədə məlumat verməkdən də çəkinmir:
"Bax, o türbədə Jolbars Ata uyuyur. O, bütün cəlayirlər
üçün müqəddəs
şəxsdi. Xalqın
müflisləşdiyi, qıtlıq
olduğu ağır illərdə köç
zamanı vəfat eləyib. Ölüm ərəfəsində xalqına
deyib ki, nəşimi qara dəvənin belinə qoyub, başını buraxsınlar,
özləri də qara nərin dayandığı yerdə
yurd salsınlar. Öz qurtuluşlarını
həmin yerdə tapacaqlar. Dəvə bütün günü, o
təpəyə çatanacan
gedib. Həmin vaxt bura qumluq
səhraymış. Ağsaqqallar
yığışıb məşvərət
eləyib, o qədər
camaatın burda yaşaya biləcəyinə
inanmayıblar. Səhər
açılandasa yaxınlıqda
göz yaşı kimi, dumduru suyu
olan göl əmələ gəldiyini
görüblər".
Bəlkə də, elə görünə bilər
ki, bu cür təfərrüatlar qazax
ədəbiyyatında detektiv
janrın banisinin sözügedən janrın
poetexnoloji prinsiplərinə
riayət etməməyinin,
onun tələblərindən
sərf-nəzər eləməyinin
nəticəsidir, ancaq
bütün hallarda nəzərə almaq lazımdır ki, Kemel
Tokayev, ilk növbədə, qazax yazıçısıdır,
yalnız bundan sonra detektiv yazıçıdır. Və
heç şübhəsiz,
bunun təsiridir ki,
"Gecə açılan
atəş"in müəllifi
özünün detektiv
qəhrəmanı Çernonosovu
Jolbars Atanın türbəsini "ziyarət"ə
gətirir:
"Çernonosov - Aşrapov yaxına getdi. Türbə böyük deyildi, amma başdan-ayağacan
qırmızı və
mavi naxışlarla bəzədilmişdi. Rənglər
çox aydın, həm də uzunmüddətli idi. Minalarda səma da, göl də güzgüdəkitək əks
olunurdu. Qəbrin üstündə cilalanmış
ağ mərmərdən
sinədaşı vardı.
Çernonosov düşüncəli
halda, xeyli dayandı, qəfildən sinədaşının üstündə
öz əksini gördü, diksinib türbədən çıxdı".
Yazıçı demək istəyir
ki, onun Vətənini
düşmən məkrindən
yalnız DTK orqanları
deyil, həm də Ulu Babaların ruhu qoruyur.
Detektiv janrın ən mühüm tələblərindən
biri də gözlənilməzlik, qəhrəmanların
daim başsındırıcı
suallar qarşısında
qalmasıdır. Kifayət
qədər təcrübəli
DTK işçiləri, bəzən,
o dərəcədə təəccüblənməli
olurlar ki, öz hisslərini zorla cilovlayırlar. Cinayətkarı
yaxalamaq üçün
taksi sürücüsü,
yaxud yeməkxanada qabyuyan "işləyən",
yaxud da özünü
sərxoşluğa vuran
çekistlər hər
nə qədər peşəkar təsiri bağışlasalar da, bir
sıra hallarda gözlənilməz situasiyaların
güclü təzyiqlərinə
məruz qalırlar
ki, yazıçı özünü
həmin situasiyaların
mahir təsvirçisi
kimi göstərir.
İkinci
Dünya müharibəsi
dövründən bəhs
edən "Sirli iz"in "giriş"i,
yaxud "preambula"sı
bundan ibarətdir ki,
"gecə mövqelərimizə
artilleriya atəşi
zamanı kəşfiyyatçılar
qrupunun komandiri Süleymenov həlak olmuşdu. Onda düşmənin müdafiəsini
yarmağa çalışan
birləşmələrin atəş
fəaliyyətinin seçimi
olan məxfi hərbi xəritə vardı. Həmin xəritə Süleymenovun
planşetindən yoxa
çıxmışdı. Komandanlıq baş vermiş hadisə barədə dərhal cəbhə qərargahına
məlumat çatdırdı.
Əks-kəşfiyyat şöbəsi
təcili surətdə
əməkdaşı Rodinovun
əmrlə hadisəni
araşdırmaq üçün
göndərdi".
"Damğalı qızıl"
və "Gecə açılan atəş"dən
fərqli olaraq, "Sirli iz"də, demək olar ki, heç bir etnoqrafik rəngarənglik
yoxdur. Bu, bütün
detektiv səciyyəsi
ilə birlikdə müharibə romanıdır.
Qərargahın mühafizə rəisi,
leytenant Malyar baş verən hadisədən başını
itirmişdi... "Qardaşının
ölümü, xəritənin
sirli şəkildə
yoxa çıxması
onu tamamilə çaşdırmışdı... Hər cür məsuliyyət daşımağa
hazır idi". Ancaq əks-kəşfiyyatçı
mayor Rodinov üzdə
olan "dəlillər"lə
kifayətlənməyib, ciddi
təhqiqat apararaq, əvvəl yoxa çıxmış xəritəni
tapır, sonra isə əsl cinayətkarı müəyyənləşdirir.
Sübut edilir ki, o, Stalinqrad altındakı döyüşlərdə yüzlərlə
yaralını xilas etmiş, iki "Qırmızı Bayraq"
ordeni almış Belovanı qətlə yetirərək, onun sənədlərini, adını,
soyadını mənimsəyən
məşhur peşəkar
casus Qış Qaranquşu
və ya Leydir. Rodinov onu təkzibolunmaz dəlillər qarşısında
qoyanda Ley öz casusluq tərcümeyi-halını
etiraf etməyə məcbur olur. Və beləliklə, haqsız şübhələr
aradan qalxır.
Əvvəlki romanlarındakı kimi,
burada da müəllifin
peyzajları misilsizdir:
"Hava aydın, sakit, mülayim idi. Günəş meşənin üzərində
bərq vururdu, yaraşıqlı şam
ağaclarının zirvələri
qızılı rəngə
boyanmışdı. Burada
müharibəni xatırladan
heç nə gözə dəymirdi. Hətta ağac budaqlarıyla örtülmüş
səngərlər, blindajlar
belə, meşənin
təbii görkəminə
xələl gətirmirdi".
Kemel
Tokayev kimi görkəmli
yazıçıların əsərləri
azərbaycancaya nə
qədər çox çevrilib nəşr edilərsə, Azərbaycanda
müasir qazax ədəbiyyatı, ictimai-siyasi
həyatı və mənəviyyatı barədəki
təsəvvürlər də,
heç şübhəsiz,
bir o qədər zəngin olacaqdır.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.10-12.