Şeirində zamanın nəbzi döyünən
şair – Xəlil Rza Ulutürk
21 oktyabr - Xalq
şairi Xəlil Rza Ulutürkün doğum günüdür
İtib-batmaq üçün yaranmamışam:
Dünənəm!
Bu günəm!
Gələcəyəm mən!
Bir gün bu dünyadan
getsəm də, nə qəm,
Dünyaya təzədən gələcəyəm
mən!
Xəlil
Rza Ulutürk əqidəsi, məsləyi
ilə imzasına, özünə əbədiyyət
qazandıranlardandır. "Lapdan ümman ləngərini hiss edəndə
öz sinəmdə, inandım ki, əbədiyəm",
- deyən şairin bu sözləri zəminsiz qənaətlər
deyil; xalqın sevgisini duyduqca, bu sevgiyə, həqiqətən, layiq olduğunu hiss etdikcə yaddaşlara həmişəlik
həkk olunacağına
inamın ifadəsidir.
Xəyalındakını sənətinə
yansıtmağı çoxları
bacarar, yaratdığına
bənzəməyə isə
olduqca az adamın gücü yetər. Xüsusən poeziyadakı çılğın
duyğu və düşüncələr, çağırışlar,
sərhədsiz azadlıq
hissi əksər hallarda müəllifin şəxsiyyətində ifadəsini
tapmır. Məhz bu uyğunsuzluq səbəbindən oxucu çox vaxt yazıçının, şairin
çağırışlarına məhəl qoymur, onun tribunalardan vətənlə, xalqla, vətəndaşlıq və
fədakarlıqla bağlı
təəssübkeşliyini boş hay-küy hesab edir.
Xəlil
Rza Ulutürk çoxlarından fərqli
olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində
isə ədəbiyyatdakı
amallarını gerçəkləşdirmiş
şairlərdəndir. Ədəbi
azadlıq və cəsarətin meydanının
dar olduğu durğunluq illərində
belə, bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla
fikrini oxucusuna çatdırmaqdan çəkinməyən,
ədəbiyyatımızda türkçülük, azərbaycançılıq
və istiqlalçılıq
ideologiyasının ən
yaxşı davamçılarından
olan Xəlil Rza Ulutürk həm də ictimai-siyasi xadim idi. Vətən sevgisi onun bənzərsiz
şair taleyi yaşamasına səbəb
olub; Azərbaycana məhəbbət, milli ənənəyə,
kökə bağlılıq
üzündən başı
çox bəlalar çəkib. Həyat yolunu izləyərkən isə heç bir qadağa və məhrumiyyətin onu qorxutmadığının,
ideallarından çəkindirə
bilmədiyinin, əksinə,
daim öz həqiqətləri uğrunda
mübarizə apardığının
şahidi oluruq.
Gənc sovet şairi kimi fəaliyyətə başlamış, təxminən 45 il davam edən sənətkar ömründə son nəfəsədək yorulmaq bilmədən yazıb-yaratmış Xəlil Rzanın ilk şeirləri o vaxt ərsəyə gələn əsərlərdən məzmun və formaca bir o qədər də fərqlənmirdi. O da bir müddət kommunist ideyalarının tərənnümçüsü olmuşdu. Bu da təbiidir, axı "insanlar ata-analarından çox zəmanələrinin övladlarıdır." Şairin göz açıb gördüyü, böyüdüyü mühit, cəmiyyət bunu təlqin edirdi. O vaxtlar hələ "Xəlil Xəlilov" imzası ilə yazan şairin "Bahar gəlir" (1957) adlı ilk şeirlər kitabı altı siyasi-lirik şeirdən və "İyirmi altılar" poemasından ibarət idi. İyirmi altılar, oktyabr, Lenin təkcə Azərbaycanda yox, o zamanlar sovetlər ölkəsində tanınmış qələm sahiblərinin ən çox müraciət etdiyi mövzular idi. Kommunist ideologiyasını tərənnüm edən əsərlərində Xəlil Rza səmimi olaraq düşünüb hiss etdiklərini yazsa da, illər sonra o özünü buna görə çox qınayırdı. Lefortovo zindanında o vaxta qədər olub-keçənləri, yaşayıb-yaratdıqlarını götür-qoy edən şair yazırdı: "Universitet illərinə (1949-54) düşən gəncliyimdə, hələ xeyli sonralar da gör nə qədər qafil, kal və nadan olmuşam ki, "İyirmi altılar" poeması tipində əsərlər yazmışam, 1918-ci il mart döyüşlərində Bakı türklərini qanına bələyən Şaumyanı tərənnüm etmişəm. Ar olsun, Xəlil, səni dama nahaq basmayıblar."
İllər keçdikcə Xəlil Rzanın şeirləri cilalanır, milli ideoloji əhəmiyyət kəsb edərək istiqlaliyyətə çağırış motivləri üzərində qurulur. Lakin onun yaradıcılığında bu cilalanma birdən-birə, mərhələdən-mərhələyə kəskin keçidlərlə baş verməyib. Hələ 1960-cı ildə "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram", - deyə hayqıran şairin 1982-ci ildə nəşr etdirdiyi "Ömürdən uzun gecələr" kitabında "Üzvü olduğum kommunist ittifaqı partiyasına" epiqrafı iə verilmiş "Mən sənə bənzəyirəm" şeiri ənənəvi mövzuları davam etdirirdi. Lakin azadlıq, milli-istiqlaliyyət, ikiyə parçalanmış böyük Azərbaycanın birliyi ideyası şairi daim narahat etmiş, poeziyasının ana xəttini təşkil etmişdir. Bu baxımdan onun kiçik həcmli "Afrikanın səsi" şeiri ilk addım hesab oluna bilər.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram;
Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
İstəyirəm günəş kimi! Səma kimi!! Cahan kimi!!!
Çəkil! Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur
səsiyəm!
Gərək deyil sısqa bulaq!
Mən ümmanlar təşnəsiyəm!
Zahirən müstəmləkə altında olan Afrika ölkələrinin protesti
kimi təqdim olunan bu şeir,
əslində, vətənpərvər
şairin sovet imperiyasına qarşı
etirazının səsi
idi. Odur ki, bu şeirə sonrakı illərdə kitablarında başqa adlarla - "Şairin səsi", "Azərbaycanın
səsi", "Xalqımın
səsi" , "Mənim səsim" başlıqları ilə
yer verirdi.
Ötən əsrin son iyirmi
ilində yaradıcılığında
türkçülük ideyalarının
əks olunduğu sənətkarlardan biri, bəlkə də, birincisi Xəlil Rza idi. Həbs
edilib təcridxanaya atıldığı gün
özünə "Ulutürk"
təxəllüsünü götürməsi də bu sevgisindən qaynaqlanırdı. Ulutürk
poeziyasının özülünü
milli dəyərlərə məhəbbət, hörmət
və onların müdafiəsi, qorunması
uğrunda mübarizə
təşkil edir.
Dil xalqın yaddaşını
və tarixini özündə birləşdirən
ən qiymətli xəzinədir, milli varlığın
daşıyıcısı, xalqın mövcudluğunun
mənəvi pasportudur.
Şeirlərində türklüyümüzə
yüksək qiymət
verdiyi kimi, dilimizi də daim əziz tutmuş, ana dilinin saflığı, təmizliyi
uğrunda yorulmadan mübarizə aparmış
şairin yaradıcılığından
bu mövzu qırmızı xətt kimi keçir. X.Rza ana dilimizin mümkün qədər alınma sözlərdən
təmizlənməsinə çalışmış və
onların qarşılığı
olaraq yeni sözlər
işlətməyi təklif
etmişdir. Onun hələ 1965-ci ildə qələmə aldığı
"Adımız, soyadımız"
poeması başdan-başa
ana dilimizin başqa dillərin çox güclü təsiri altında olması məsələsinə həsr
olunmuşdur. Şair bu əsərində şikayətlənir ki, şəxs
adlarımızın böyük
bir qismi, o cümlədən elə onun öz adı
da ərəb dilindən
gəlmədir. Müəllif
poemada sırf öz dilimizə məxsus şəxs adları yaradan Cəfər Cabbarlını
təqdir edir, millətin dilinin qeydinə qalan bu qiymətli sənətkarı təkcə
elə bu xüsusiyyətinə görə
dahi hesab etməyi doğru bilir və onun
ruhu qarşısında
baş əyir. Poemada müəllif özü də saysız-hesabsız türk
mənşəli şəxs
adları çəkir
və övladlarımıza
bu adlardan verməyi tövsiyə edir. Bundan əlavə,
şairin "Laylam mənim, nərəm mənim", "Azərbaycan
türkçəsi", "Xiyabani yurdunda" kimi şeirləri ana dilimizə qayğıkeş
münasibətin parlaq
təzahürünə çevrilmiş
nümunələrdir.
Vətənimizin taleyi mövzusu
Xəlil Rza yaradıcılığında bir mərhələ və ya dövr
deyil, onun bütün ədəbi fəaliyyəti boyu davam etmiş aparıcı mövzudur.
1989-cu ildə yazdığı
"Davam edir
37..." adlı şeirinə
görə X.R.Ulutürk M.F.Axundzadə
mükafatına layiq görülmüşdür. Bu şeir postsovet məkanında azadlıq hərəkatının qızğın
vaxtlarında qələmə
alınıb. Şair
xalqın tarixi yaddaşına nüfuz edərək çox da uzaq olmayan qaranlıq
keçmişə işıq
tutur, korşalmış
yaddaşları silkələyib
oyatmağa çalışır,
"unuda bilmərik",
- deyə hayqırır.
Xəlil Rza sosial-siyasi hadisə və faktlara fərdi münasibət bildirərək Vətənin
taleyini və xalqımıza dəyən
maddi və mənəvi zərbələri
ümumiləşdirir; milli sərvətimiz olan muğam, papaq və saza "daloy" deyərək rədd edənləri lənətləyir, bütün
bu cinayətlərə
zirvələrdən baxan
saf, təmiz əqidə qulu olan repressiya qurbanlarını təqdir
edir. Bunun dalınca xalqın şairi haray qoparır, milləti ayıltmağa çalışır ki, o qansızlar
hələ də var,
o əzab-əziyyətlər hələ də davam edir və
xalqımızı bu
haqsızlıqlara boyun
əyməməyə, siyasi-ideoloji
cəbhədə birliyə,
əzmli və mübariz olmağa çağırır.
Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər
var,
Nə qədər ki, rütbə
üçün, şöhrət
üçün ölənlər
var,
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə
təpənlər var,
Tiranların yambızını bir
az altdan öpənlər var,
Nə qədər ki, istedadı
addım-addım pusanlar
var,
Xalq dərdini hayqırmağın
əvəzinə,
əqrəb
kimi susanlar var.
...Nə qədər ki, cəzasızdır
"Mən bu əsrin
gur səsiyəm!.."
Xankəndində evlər yıxan,
ürək yıxan yırtıcılar,
Davam edir 37 -
Daha kəskin, daha ciddi!
X.R.Ulutürkün proqram şeirlərindən olan
"Davam edir
37..."nin ən böyük uğuru Stalin rejiminin xalqımızı məruz
qoyduğu repressiyanı
zamanın fövqünə
qaldıraraq ümumbəşəri
miqyasda mənalandırmasıdır.
Şeirin poetik nailiyyəti göz önündədir və əsər öz qüvvəsini millətin
sarsılmaz iradəsindən
almışdır. Şairin
təkcə "Davam
edir 37..." şeiri
yox, bu ad altında toplanaraq 1992-ci ildə geniş oxucu auditoriyasına təqdim olunan kitabındakı şeirlərin
əksəriyyəti ədəbiyyatımızda
siyasi lirikanın mükəmməl nümunələri
hesab oluna bilər.
Azadlıq carçısı X.R.Ulutürk Qara Yanvar faciəsinə qədər və ondan sonra təşkil
edilmiş mitinqlərdəki
odlu çıxışlarına,
müqəssirlərin cəzalanması
və Vətənimizin
düşmən qüvvələrdən
təmizlənməsini tələb
etdiyinə görə
1990-cı ilin 26 yanvar
tarixində həbs olunmuşdu. Lakin düz 8
ay 13 gün Lefortovonun
izolyatorunda saxlanılan
şairin mübariz ruhu sarsılmamış, düşmənə qarşı
daha kəskin və barışmaz mövqe tutmuşdur. Böyük şair hələ bir il öncə "Qorx ki, bir gün Vətən
deyə: "Xəlil
balam qurban getdi" - deyəndə də, ondan çox-çox əvvəllər
də milli ideallar uğrunda mübarizəsinin
onu zindana doğru apardığını
hiss edirdi, amma bu yol onu
əsla qorxutmur, öz mübarizəsindən
çəkindirmirdi.
Ulutürkün zindan şeirləri
Azərbaycan ədəbiyyatında
"Həbsiyyə" adı
ilə tanınmış
Xaqani şeir ənənəsinin müasir
ədəbiyyatda davamıdır.
X.Rza həbsdə olarkən 2000 səhifədən
artıq əsər yazmış, azadlığa
çıxdıqdan sonra
197 şeirini çap
etdirmişdir. Böyük
şairin ağır məhbəs həyatının
ən böyük fərəhi, sevinci qəlbini göynədən
fikirləri ağ vərəqlər üzərinə
köçürmək idi.
Onun məhbəsdə
belə, susmaq bilməyən ilhamının
mənbəyi şairin
ləyaqətindən, məhəbbətindən
və dünyaya
humanist münasibətindən qaynaqlanırdı. "Özüm
kamerada, yarı canımsa bəşərin
uğrunda mübarizədə",
- deyən şairin zindan şeirlərinin mərkəzində hər
zaman Azərbaycan obrazı
dayanır, ruhunun sarsılmamasına Vətən
məhəbbəti səbəb
olur.
Ulutürkün yaradıcılığı təkcə ictimai lirika ilə məhdudlaşmır, sevgi mövzusunda da gözəl şeirləri var. Onun poeziyasının başlıca məziyyəti humanizm, insansevərlik, həyat uğrunda mübarizədir. Hər misrasını oxuduqca belə bir qənaətə gəlmək olar ki, bu şair bütün yaradıcılığı ilə daim döyüşmüş, inandığı yüksək ideallar uğrunda mübarizə aparmışdır. X.Rzanın lirik düşüncələrini əks etdirən fəlsəfi tutumlu şeirlərində lirik-psixoloji vüsət, mənalı fikirlər axını orijinal intonasiya çalarları ilə əyaniləşir.
Xəlil Rzanın lirikası xalqın iradəsinin tərcümanı səviyyəsinə yüksəlir. Şairin mənəvi gücü də ondadır ki, əsərlərindəki lirik "mən" tarixlə qırılmaz əlaqədədir və həyatda baş verən yeniliklər, sosial-ictimai dəyişikliklər qəhrəmanın daxilindəki keyfiyyət dəyişikliklərini şərtləndirir. Onun poeziyası hər bir xalqın istiqlaliyyət uğrunda mübarizəsi üçün nümunə ola bilər. Xəlil Rza Ulutürkün yaradıcılığı yalnız Azərbaycan xalqının istiqlal məfkurəsi baxımından əhəmiyyətli deyil, ümumbəşəri xarakterlidir.
Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.13.