Payız qadın

 

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın...

 

Daşdan, kəsəkdən keçən

Qismət düşdü payına.

Tənhalığa tay oldu,

Tay olmadı tayına.

 

Yerdən, göydən qovuldu,

Suda batdı qisməti.

Min yerindən ovuldu,

Öz bəxtindən küsmədi.

 

Vurdular dağa, daşa,

İsmətini qorudu.

Şükür deyib Tanrıya

Qismətini qorudu.

 

Qəlbini qıfılladı,

Bağlandı ev-eşiyə.

Nökər oldu, qul oldu

Ər bildiyi kişiyə.

 

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın...

 

Yolun ağı

 

Düşəsən yolun ağına,

Gedəsən özünə sarı.

Əyri-üyrü yol tutasan,

Gedəsən düzünə sarı.

 

Yorulub, dincin alasan,

Sonra təzədən gedəsən.

Bezəsən daşdan, kəsəkdən,

Yenə dözəsən, gedəsən.

 

Dırmaşasan, sürüşəsən,

Əlindən ətəyin tuta.

Çırpasan tozun-torpağın,

Burda da ölməyin tuta...

 

Yuxu

 

Yuxu yol gedir gözümdə,

Gedir yuxulu-yuxulu.

Küçələri, döngələri

Ötür yuxulu-yuxulu.

 

Hələ gecə təzə düşüb,

Hələ ki səhərə çox var.

Hələ bizim küçədəyəm,

O qamış çəpərə çox var.

 

Yuxu tökülür gözümdən,

Əl atıb tuta bilmirəm.

Tutub gecənin əlindən,

Səhərə çata bilmirəm.

 

Bu yuxu hələ dəyməyib,

Neynirəm bu kal yuxunu.

Göylərdən nağıl gözləyir,

Almanı ver, al yuxunu.

 

Ömrümdən yarımadım

 

Sürə-sürə bu ömrü

Gəlib çıxdım yarıya.

verdim ki, ömrümə

Ömrüm məndən yarıya?

 

Daşdan-kəsəkdən keçdim,

Bərdən-bəzəkdən keçdim;

Min yol ələkdən keçdim

Bəxt araya-araya.

 

Doğradılar, kəsdilər,

Çeynədilər, əzdilər;

Barışdılar, küsdülər,

Kimlər girdi araya.

 

Bu savaş dən üstədi,

Bir verdim, min istədi;

Allahdan gün istədim

Döz zarıya-zarıya...

 

Sən bilməzsən...

 

Sən bilməzsən qış boranı necədi,

Sazaqlarda üşüməyin dadını -

Qar üstündə topal-topal iz qoyub,

Addım-addım tövşüməyin dadını.

 

Sən bilməzsən yorğan altda titrəyib

Xəyalların qollarını sarmağı -

Gecələrdən səhərlərə ip atıb,

Arzuları qovub, qovub yormağı.

 

Necə alım payızını bu qışa,

Heç olmasa, qış ümidin var hələ -

Küləklərim ümidini uçurar,

Bir fəsillik boş ümidin var hələ...

 

***

 

Bir əl də tapılmadı

Saçını sığallaya.

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

 

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

 

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

 

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş-ayaq oldu.

 

Təranə DƏMİR

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.12.