Kamasin dili
Hekayə
Kamasin dilinin son daşıyıcısı
Klavdiya Anciqatovanın ruhuna sayğı ilə
Xəstəlik
onu birdən-birə, payızın sonlarına doğru
yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından
qalxmaq istəyəndə huşunu itirərək
üzüqoylu düşdü və özünə gələndə
xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda
keçirdiyi günlərdə yaşadığı
ömrün pərakəndə lövhələri sanki hər
şey dünən olubmuş kimi, yaddaşında
çevrildikcə zehni ayazıyırdı...
Abalakovo
ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər
iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək
o qədər də asan deyildi. Minik olmadığından səhərin
gözü açılmamış qalxıb yola çıxır,
öylədən bir az keçmiş rayon mərkəzinə
yetişincə poçtda işləyən
bacılığını arayıb tapır, gecəni onlarda
keçirir, o biri gün bazarlıq edib geri dönürdü.
Çoxlarına yorucu görünsə
də, meşələrin, göllərin
səssizliyinə bürünmüş bu yol onu özündən
alıb aparır, mənzil başına çatana qədər
zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək
bircə dəfə də olsun hər daşını, kəsəyini
tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki
ömrü bu yollara dağılmışdı, keçib
getdikcə yaşanmış illərin
qırışığı açılır,
tökdüklərini yığırdı.
Yolboyu özü ilə ucadan, qışqıra-qışqıra
danışır, bəzən kiminləsə bəhsə girərək
söz güləşdirir, bəzənsə sanki qeybdən,
görünməzlikdən ona ünvanlanmış hansısa
sualı yerli-yataqlı cavablandırır, hərdənsə
uşaqkən anasından eşitdiyi həzin mahnıları
oxuyurdu. Ona elə gəlirdi ki, çiçəklər,
yarpaqlar, quşlar, hətta daşlar, kəsəklər belə
onu dinləyir, dilini, sözlərini, söylədiklərini
anlayır.
Hər dəfə rayon mərkəzindən
dönəndə, illah da qaranlığa düşən zaman
qurdların hücumu ilə üzləşə biləcəyini
düşünsə də, uşaqkən anasının
anlatdığı gökbörü əfsanəsini
xatırlayaraq ürəklənir, qorxuları yox olur, ulaş
səsləri tənhalığını unutdurur,
qaranlıqda işıldayan gözlərə heyranlıqla
baxırdı. Onun ürəkliliyi aulda yeni binə
salmış sakinlərə də keçmişdi.
Ulu əcdadları Mana və
Kan çayları arasındakı geniş vadidə məskən
salmışdı. Doğulub boya-başa
çatdığı Abalakovo ulusu isə İlbin
çayının seyrək yaşıllıqlarla
örtülü, mənzərəli yaxasında yerləşirdi.
Uşaq
ikən ulusun əhalisi bütünlüklə onun soyundan -
kamasinlərdən ibarətdi. Dillərinə "kalmaji",
"kanqmaci" deyilən, ağ banlı çadırlarda
bir ailə kimi yaşayan ulus yayda ellikcə sürülərini
qabağına qatıb Sayan dağlarının səfalı
yaylaqlarına köçər, payızın nəfəsi
duyular-duyulmaz yenidən Abalakovoya dönərdi. Hər tərəfin
bəmbəyaz qarla örtüldüyü, iş-gücün
səngidiyi şaxtalı qış aylarında qohum-qonşu
bir araya gələrək xatirələrin istisinə
sığınar, uzun gecələrin ömrünü
qısaltmağa çalışardılar.
Ruslar bu yerlərə ayaq basınca el-obanın əski düzəni
pozuldu, tədricən hər şey özgə, yabançı
örtüyə büründü və çadırlara bənzəməyən
ağac evlərin tikilməsi ilə ulusun mənzərəsinin
dəyişib tanınmaz hala düşməsi bir yana
qalsın, gəlmələrin onları tayqa tatarları
çağırması üzündən yavaş-yavaş
adlarının da unutdurulmasına başlanıldı. Ulusda
rusların açdığı məktəbin birinci sinfinə
gedəndə nə üçün anasının
danışdığı dildə oxumadığını,
nədən əlifbalarının olmadığını
düşünsə də, uşaq ağlıyla bunun səbəblərini
anlaya bilmirdi. Çox keçmədən içki
düşkünlüyü, sərxoşluq, əyyaşlıq
el-obaya yoluxdu, ən dəhşətlisi isə kilsənin
tikilməsi ilə dini inancları
sıxışdırılmağa, ulusun şamanları dilləri
çəkilib çıxarılaraq gizli şəkildə
aradan götürülməyə başlanıldı.
Sonra keyiklər arasında vəba xəstəliyi yayılınca ulusun
onsuz da qara olan günlərinə daha bir dərd bulaşdı.
Anası danışırdı ki, keyiklərin bilinməyən
bir azardan milçək kimi qırılmasının
ardınca o çağacan görünməmiş aclıq,
qıtlıq başladı. Sibirin sərt, acımasız
iqlimi qarşısında duruş gətirmək o qədər
də asan deyildi. Bir neçə il sürən
aclığın çarəsizləşdirdiyi xalqın
dolanışıq üzündən doğulduğu yurdu tərk
edərək qonşu bölgələrə üz tutması
isə kamasinlərin bir toplum kimi tifaqının
dağılmasına, yad diyarlara səpələnməsinə,
el-obanın pərən-pərən düşməsinə səbəb
oldu.
Yaddaşı ayazıyanda fin dilçi-etimoloqu
Kay Donnerin 1914-cü ildə Abalakovoya gəlişini dumanlı
şəkildə xatırlayırdı. O zaman hələ
çox gəncdi, on doqquz yaşın içərisində
idi. Uzun yol keçib gəlmiş, rəsmi dövlət məmurunun
himayə etdiyi qonağı dillə yanaşı ağız ədəbiyyatı,
nağıllar, əfsanələr, kamasin xalqına məxsus
hər şey maraqlandırırdı. O zamanlar el-oba yerində-yatağında
olduğundan elə bir çətinlik duyulmurdu, hələ
xalqı gözləyən fəlakət qapını kəsdirməmişdi.
İndiyədək kiminsə gəlib kamasinlərin dili,
yaşam tərzi ilə bunca yaxından ilgiləndiyini görmədiyindən
ürəyində qonağa qarşı səbəbini
anlamadığı, özünə də bəlli olmayan
gizli bir sevgi cücərmişdi. Ancaq qonaqdan kamasin dilində
danışanların vur-tut iki yüz nəfər civarında
olduğunu öyrənincə onu heyrət
bürümüşdü. İki ay sonra ulusdan ayrılan zaman
qonaq xatirə olaraq anasına məxmərə
bükülü bir şey bağışlamışdı.
Anasının ölüncəyə qədər hamıdan
gizlədiyi, qorxa-qorxa əzizlədiyi o hədiyyənin nə
olduğunu bilmədi.
- Biz soyumuzdan ayrı düşdük, ona görə bu
günlərə qaldıq, - bir dəfə anasının
kiminləsə dərdləşəndə dediyi sözlər
indiyəcən qulaqlarından çəkilib getməmişdi.
Qadın türk soyundan ayrı düşən xalqını
tanrının cəzalandırdığını
anladırdı.
Nə qədər ki, anası
Afanasiya sağ idi, qəlbinin dərinliyində bir gün nələrinsə
dəyişəcəyinə, başqa cür ola biləcəyinə
inanırdı, ancaq onun qəfil ölümü son ümidlərini
də söndürmüşdü. Dəfn törəni bitəndən
sonra vaxtının çoxunu ulusun yuxarı səmtindəki
qəbiristanlıqda keçirir, qadının məzarı
başında oturub yalın xəyallara dalırdı.
Ölümündən sonra ara-sıra anasının
kölgələrin arasından boylanan ruhu gözlərinə
görünür, yuxularını qaçırırdı. Hərdən
onun əşyaları içərisindən
tapdığı meşin cildli köhnə dəftəri vərəqləyərkən
içərisini həzin duyğular bürüyürdü. Dəftərdə
hazırda həyatda olan kamasinlərin adları
yazılmış, ölənlərin üzərindən qara
qələmlə xətt çəkilmişdi.
Anasını itirəndən sonra
özü də duymadan mehrini xalası
Matrenaya salmağa başladı və bu ona bir qədər təskinlik
gətirmiş oldu. Xalası kamasincə gözəl
danışdığı üçün anasının ətrini
ondan alırdı. Ancaq xalası dünyasını dəyişəndən
sonra doğma dilində danışmağa bir kimsə
qalmadığını anlayınca ömrünə
qaranlıq çökdü.
Uşaq
doğura bilsəydi, bəlkə, dünyaya gətirəcəyi
övladları ilə bir qədər təsəlli tapar, bunca
ümidsizliyə qapılmazdı, ancaq nə yazıqlar ki,
taleyinə analıq yazılmamışdı, sanki tanrı
onun soyunu, elini, ulusunu, gələcəyini
qarğımışdı.
Çox-çox sonralar, 1963-cü ildə
rus-sovet alimi, fin-uqor dillərinin araşdırıcısı
Aleksandr Matveyevin ekspedisiyası gələndə isə ulusda
ondan savayı kamasincə danışan bir kimsə
qalmamışdı. İyirmi ildən artıq idi ki, bu dili
işlətmədiyindən çox əziyyət çəkirdi.
Dillə yanaşı yerli toponimlərə maraq göstərən
heyət üzvləri kamasinlərlə bağlı durumu
anlayınca çox üzülmüşdülər. Nə qədər
ki, qonaqlar ulusdaydı, adamlar arasında bir canlanma duyulur,
kamasincə danışa bilməyənlər belə vicdan əzabı
içərisində gələnlərə dəstək
olmağa çalışırdı.
Bundan təxminən
bir il sonra eston dilçisi Aqo Künnapın bölgəyə
səfəri zamanı uşaqkən anasından eşitdiyi, yadında
qalan mahnılar, nəğmələr, laylalar lentə
yazılmışdı. Aqo Künnap on ilə yaxın gəlib
getmiş, onun yardımı ilə kamasincə min beş
yüzdən artıq söz yazıya alınmışdı
və nə qədər kədərli olsa da, xalqından
yalnız bunlar qalacaqdı. Aqo Künnap növbəti səfərini
bitirib ulusdan ayrılanda bunun son gediş olduğu ürəyinə
damıbmış kimi yalvararaq:
- Nə olar, getməyin,
qalın bizimlə. Siz getsəniz, biz yox olacağıq, -
demiş və hönkür-hönkür
ağlamışdı.
Aradan illər keçsə də, Aqo Künnapa xalqının xilaskarı
kimi baxdığı, onun sehrli inadla kamasin dilini ölməyə
qoymayacağına inandığı günləri heç
bir zaman xatirindən çıxarmamışdı...
Daha sonra bu yerlərə
ayaq basan olmadı və kamasinlərlə bağlı hər
şey yavaş-yavaş unutqanlığa sürükləndi.
***
Özünü
anlayandan yaddaşının özəyində heç
cür qurtula bilmədiyi bir dərd yuvalanmışdı və
illər ötdükcə bu dərd şaxələnərək
sızıltılı ağrıya, sonra da sağalmaz yaraya
çevrilmiş, ruhunu büsbütün soldurmuşdu.
İndi soluxan ruhu ilə yalnız özünün deyil,
bütövlükdə xalqının bitdiyini, tükəndiyini,
yox olduğunu xəyal etdikcə hayqırmaq, qurd kimi ulamaq istəyirdi.
Hərdən hafizəsinin uzaq
toranlıqlarında körpə ikən
anasının çaldığı laylaların tək-tək
sözləri sayrışırdı, ancaq sözlərin mənasını
anlaya bilmirdi - hər şey yaddaşına səs kimi hopmuşdu.
Bəzən səslər onu elə inadla
çağırırdı ki, özünü
saxlayammırdı, ancaq səsin arxasınca atdığı
addımla boşluğa yuvarlandığını duyunca bunun
yuxudamı, oyaqlıqdamı olduğunu kəsdirə bilmirdi.
Bütün günü havalı
kimi danışır, bəzənsə
özünü ovudurmuş kimi anasından eşitdiyi, hafizəsində
yuvalanan laylaları dodaqlarının altında zümzümə
edirdi. Ulusun sonuncu nəfəri olmaq o qədər dəhşətli
idi ki, günlər çoxluqdan azlığa sarı
axdıqca əsəbləri gərilir, ölümünün
təkcə özünün deyil, dilinin ölümü
olacağını düşündükcə yerə-göyə
sığmırdı.
Bir tərəfdən də yaddaşı korşalmışdı - istər-istəməz
yaş özünü göstərirdi. Bəzən dilinin
ucundaymış kimi hansısa bir sözü yadına salmaq
istəyir, ancaq nə illah eləyirdisə, xatırlaya
bilmirdi. Belədə səhərə qədər uyuya bilmir,
yadına salmaq istədiyi o söz yuxularını
qaçırırdı.
Hərdən yay aylarında gecələr
oyanıb qalxır, çiyninə yüngül bir
bürüncək ataraq həyətə enir, zamanın
kirimişliyində sayrışan ulduzları seyr edirdi. Hərdən
də soyuq qış aylarında bəmbəyaz qarla
örtülü gecələrdə pəncərənin
önündə dayanıb keçmişindən qovulmuş nələrisə
arayıb-axtarırmış kimi dibsiz qaranlıqları izləyirdi.
Bir zamanlar onun soyunun məskəni olan bu meşələr,
göllər, çaylar, göz işlədikcə uzanıb
gedən bozkırlar kimlərə qalacaqdı? Nədən
bütün başqa millətlər, toplumlar
yaşayacağı halda, onun xalqı səssiz-izsiz yox olub gedəcək,
yer üzündən, tarix səhnəsindən silinəcəkdi?
Qu quşu son nəğməsini
ötən kimi, o da yaşayıb sonuna vardığı
ömürlə birgə soyunu bitirəcəkdi. Ondan sonra bu
ucsuz-bucaqsız bozkırlarda yenə qurdlar ulayacaq, ancaq mənsub
olduğu eli, ulusu bu ulartı səsini bir daha duymayacaqdı.
Qurdlar eləcə heçliyə, yoxluğa, kimsəsizliyə
ulayacaqdı...
...Günlər biri-birini yeyib bitirdikcə xəstəliyi
yüngülləşmək əvəzinə get-gedə
ağırlaşdığından sağalacağına
ümidi azalır, ömrünün sonuna sanılı
günlər qaldığını hiss edirdi. Ara-sıra
qonşulardan hansısa gəlib yoluxur, ağızucu bir
şeyə ehtiyacı olub-olmadığını sorur, sonra
yenə özüylə baş-başa qalırdı. Ancaq
vaxt ötdükcə gediş-gəliş seyrəlir, günlərlə
itirib axtaran olmur, unudulurdu.
***
Gecənin
bir vədəsi qəfildən ürəyinin
sıxıldığını hiss etdi - sanki ruhu bədənindən
sıyrılıb çıxmaq istəyirdi. Yatağından
qalxıb birtəhər pəncərəyə
yaxınlaşdı, pərdəni çəkərək gecənin
ayazında göy üzünə səpələnmiş
ulduzları, küləyin sığal çəkdiyi bəyaz
qar yatağını seyr etdi.
Qışın oğlan çağı
olsa da, hansı tanrısal bir qüvvəsə
yatağından qoparıb bayıra sürükləyir, nə
illah eləyirdisə, onu çəkib aparan bu qüvvənin
cazibəsindən qurtula bilmirdi. Get-gedə böyüyən,
içinə sığmayan bu cazibənin təpkisi ilə
özü də duymadan qapını itələyib
açaraq həyətə endi, yalın ayaqlarla qarı
yara-yara küçəyə çıxdı və qəfildən
var gücü ilə hayqırmağa başladı. Onun
hayqırışına küləyin
vıyıltısı, itlərin hürüş,
qurdların ulaş səsləri qarışınca sanki
yer-göy titrəməyə başladı.
Bu hayqırışdan səksənib
küçəyə tökülən
qonşular ayın aydınlığında ayaqyalın, nazik
geyimdə qarın içində dayanıb tanrıya üsyan
edən qadını gecənin bağrından qoparıb evinə
- ölüm yatağına qaytarmaq istədilər. Ancaq
elinin, ulusunun yox oluşunu tanrıya duyurmaq istəyirmiş
kimi kainatı haraya çağıran səs o qədər
güclüydü ki, gələnlərin yerişini durdurur,
yaxınlaşmağa qoymurdu.
Qadın
qollarını geniş
açaraq hayqıra-hayqıra
özündən savayı kimsənin anlamadığı dildə
nə isə söyləyir, sonra cavab gözləyirmiş
kimi bir anlığa susub dayanır, cavab gəlməyincə səsini
daha da qaldırır, sanki göyüzünü
tanrıqarışıq qoparıb yerə tökmək istəyirdi.
Hiss olunurdu ki, qadın
yaşına, cüssəsinə uyuşmayan dəli bir
ehtirasla içindən fışqıran səsə
sarılmaq istəyir, ancaq bunu bacarmadığından səma
rəqsi sayağı havada əl-qol atırdı. Sonra
qadının ayaqları yerdən üzüldü, vücudu əriyib
dalğa-dalğa səsə çevrilərək göy
üzünə dağıldı, mavi sonsuzluqda yox oldu.
İyul
2019-iyun 2023,
Kızıl-Abakan-Bakı
Vaqif Sultanlı
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.18-19.