Adilə Nəzərovanın
"Aşıq Ələsgər
yaradıcılığında sufizm" kitabı haqda
Elmi araşdırma
Adilə Nəzərovanın "Aşıq Ələsgər yaradıcılığında sufizm" kitabı çox böyük zəhmət bahasına başa gəlmişdir. Müəllif təkcə bir yöndən yanaşaraq Aşıq Ələsgərin yaradıcılığında sufizm ideyalarını tədqiq etməklə qalmayıb, müxtəlif dini-elmi mənbələrdən, "Qurani-Kərim"dən, sufi şair və təriqətçilərdən misallar gətirməklə əhatəli, mükəmməl bir əsər ortaya çıxarmışdır. Həmçinin Aşıq Ələsgər haqqında danışılan maraqlı rəvayət və əhvalatları, aşığın on şeirini yeni redaktə ilə əlavə edərək oxuculara mükəmməl bir kitab təqdim etmişdir. Oxuduqca müəllifin kitabı necə böyük ürəklə, həmçinin əsl alim-tədqiqatçı baxışı ilə yazdığının şahidi olursan.
Müəllifin yazdığına görə mövzunu sazın 9 siminin rəmzi kimi 9 məqalədə tədqiq etmişdir: 1. Aşıq Ələsgər yaradıcılığında "vəhdəti-vücud" anlayışı. 2. Aşıq Ələsgər şeirində "Ələstü birəbbikum qalu bəla". 3. Aşıq Ələsgər şeirində kamil insan düşüncəsi. 4. Xalq şeiri ilə qəzəlin qarşılıqlı əlaqəsi. 5. Aşıq Ələsgər yaradıcılığında irfan məqamları və Hz. Əli qüdrəti. 6. Aşıq Ələsgər şeirində ilahiləşdirilmiş insan obrazı - Hz. Əli. 7. Aşıq Ələsgər şeirində ariflik - "Haqq səni sərraf yaradıb". 8. Aşıq Ələsgər şeirində hərflərin və sözlərin dili. 9. Folklor, din və mifologiya (Aşıq Ələsgərin şeirləri və özü haqqında rəvayətlər əsasında).
Tədqiqatçı-alim hər məqalədə geniş təhlil və müqayisələr aparmaqla Aşıq Ələsgərin qoşma, gəraylı, müxəmməs və qəzəllərində mətnaltı mənalarda gizli qalmış sufi-irfani, həmçinin islam dininin ideyaları ilə oxucunu tanış edir, indiyədək mənasını anlamadığımız söz və ifadələrə aydınlıq gətirir: "Aşıq Ələsgər şeirlərindəki "vəhdəti-vücud" Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bektaşi Vəli, Şah İsmayıl Xətayi, Aşıq Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Ağ Aşıq, Aşıq Alı kimi böyük sənətkarların ideyaları ilə eynidir. Bu mövzuda ustadın şeirləri arasında xarakterik olan "Aparır" rədifli müxəmməsidir:
...Ölmək var, dirilmək
var, qail ol miyata, gedən!
Qəlbində şeytan mətahın
alıb sata-sata gedən!
Sirat-əl müstəqimdə tapar
səni xata, gedən!
Zülm
ilə, sələm ilə yığıb ziyarata gedən!
Ziyarata getmək deyil, urusa sursat aparır!"
Müəllifin qeyd etdiyi kimi, Aşıq Ələsgər bütün
varlığı ilə
islama biət gətirsə də, həm də təsəvvüfün dörd
mərhələsinin - şəriət,
təriqət, mərifət
və həqiqət pillələrinin də mahiyyətini dərindən
dərk etmiş, mənasını mənimsəmişdir.
Həqiqətdən dərs almışam, təriqətdə
söz qanam.
Şahi-Mərdan sayəsində elm içində
ümmanam.
Dəryaların qaydasıdır, ümmana
baş endirir.
Kitabın müəllifi Aşıq
Ələsgər şeirlərindəki
sufilik və islam ideyalarını paralel, həm də əlaqəli şəkildə məharətlə,
əsl alim-tədqiqatçı
bacarığı ilə
müqayisə etmişdir.
"Göründüyü kimi, təsəvvüf dünyagörüşü islama
müxalif deyil, əksinə, onun təməl prinsiplərinə
bağlıdır" - deyən
müəllif haqlı
olaraq hər iki ideologiyanın bağlılığını təsdiq edir, aşığın "Gərəkdi"
qoşmasında təriqət,
şəriət, mərifət,
həqiqət kateqoriyalarını
çox ustalıqla açıqlayır.
"Vəhdət məqamını
dərk edən haqq aşığı üçün sən-mən
ayırımı yoxdur.
Çünki Allahın
sirrinə vaqif olmaq yolunda vəhdət
şüurunda ikilik və müxaliflik düşüncəsi olmur.
Haqq aşığı Aşıq
Ələsgər insanın
kamil olmaq yolunda ayrı-seçkilikdən
keçməli, şöhrətpərəstlik,
karyera, qısqanclıq,
kin, nifrət, özünügöstərmə
kimi aldadıcı hisslərdən və vəziyyətlərdən uzaq
durmalı, ədəb-ərkan
bilməli olduğunu tövsiyə edir". Bu mənada tədqiqatçı-alim
aşığın "Biləsən"
rədifli qoşmasından
misal gətirməklə
onun özünü əsərdə övliya
kimi təqdim etməsini qeyd edir:
Təriqətdə mərifətə qulaq
ver,
Şəriətdə yol-ərkanı
biləsən.
Həqiqətdə nədən xəlq
eylədi Haqq
Ərşi, kürşü, asimanı
biləsən.
A.Nəzərova hər səhifədə oxucunu irfani ideyaların dərinliyinə aparır,
bu sahənin mütəxəssisi, bilicisi
kimi diqqəti cəlb edir: "Yaranan 10-u şəriət,
10-u təriqət, 10-u mərifət,
10-u həqiqət olmaqla,
40 məqamdan keçəndən
sonra Yaradanla "vəhdəti-vücud" olur.
Bu müqəddəs çətin
yolu bilmək də getmək qədər çətin
və önəmlidir.
Ustad bir bənddə bu müqəddəsliyi bəyan
edir, amma açmır, çünki
"Həqiqəti tam açmağa
dəyməz". Müəllif
qeyd edir ki, "Eylə" qoşmasında
gecə-gündüz "ya
Hu", "ya Hu!" deyib
"İbadət eylə"
- deyə qəm xirqəsini geyən aşıq arzulanan imici ilə "vəhdəti-vücud" əlaqəsinə
və fənafillahda təsəlli dərkinə
işarə edir:
Qəddim
əyib qəm xirqəsin geyirəm,
Məhəbbət odundan təam yeyirəm.
Leylü-nəhar "ya Hu", "ya
Hu!" deyirəm
Çıxıbdı qəlbimdən
"İbadət eylə".
Sufilər hesab edirdilər
ki, mənəviyyat yolçuları
dözümlülük, sülhsevərlik,
yüksək əxlaqi
keyfiyyətləri əldə
edərək lovğalıq,
xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula
bilərlər. Sufilərə
görə mənəvi
inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə də problemlərin yalnız zahiri tərəfini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, Allaha içdən
gələn sevgi duyğularını ona aşılayır. Bu təlimdə
əsas örnək Məhəmməd peyğəmbər,
onun səhabələri,
əhli-beytidir. Sufiliyin
qaynağı isə
"Quran" və hədislərdir.
Müəllif bu baxımdan Aşıq Ələsgərin əsərlərindəki
sufi və islami təlimlərin qaynağını çox
mükəmməl şəkildə
aydınlaşdırır, oxucu aşığın şeirlərindəki bu mənaları anlaya bilir. Həmçinin A.Nəzərova bir alim fəhmi ilə haqlı olaraq qeyd edir
ki, Aşıq Ələsgər
xalq içərisindən
çxmış bir el aşığıdır,
ozandır. Onun yaradıcılığına sırf
sufi-irfani nəzəri
ilə baxmaq birtərəfli yanaşma
olardı. Aşıq
Ələsgər özündən
əvvəlki aşıq
ədəbiyyatının təsiri
ilə xalq ruhunda gözəl əsərlər yaratmış,
dini-mistik ideyalardan xali sırf real həyat lövhələrini
də yaradıcılığının
meyarına çevirmişdir:
"Aşıq Ələsgər
yaradıcılığını ümumilikdə qətiyyən
təriqət ənənəsinə
bağlamaq olmaz. Çünki aşıq ədəbiyyatı özündən
əvvəlki və formalaşdığı dövrlərdəki
bütün ədəbiyyatlardan
qidalanan müstəqil
janrdır. Aşıq
ədəbiyyatı və
saz ənənəsi qeyri-dini xarakter daşıyır. Bunun səbəbi
isə mədrəsə
ənənəsinə zidd
olaraq həm də əyləncə məqsədli bir sahə olmuşdur ki, Aşıq Ələsgər
də həyat və yaradıcılığını
bu yöndə qurmuşdur. Xalqın mədəniyyətinə, davranışına
təsir edən iki fərqli tərzin ortaya çıxması nəticəsində
mədəniyyət dairəsinin
üst təbəqəsini
təmsil edən ziyalıların aşıqlara
xor baxdığı dövrlər də olmuşdur. Bu səbəbdən
cəmiyyətin rəğbətini
qazanmaq üçün
aşıqlar irfani şeirlərində ancaq nəsihət ənənəsini
qoruyub saxlamaqla həm dini qaydaları
yaymağa, həm də ümumi vəziyyəti tənzimləməyə
başlamış və
bunu bacarmışlar".
Kitabın ikinci məqaləsində
müəllif əsasən
"Quran"dan müxtəlif
surə və ayələrdən misallar
gətirməklə Aşıq
Ələsgərin əsərlərində
"Quran"a işarə
edilən söz və ifadələrin izahını mükəmməl
verə bilmişdir. Aşıq Ələsgərin
"Olmuşam" rədifli
qoşmasında bir ifadənin ("Ələstü
birəbbikum qalu bəla") izahını
"Əl-Əraf" surəsinin
172-ci ayəsi ilə bağlı izahı çox maraqlıdır.
Ələstü birəbbikum qalu
bəladan
Mərdin
mövlasına nökər
olmuşam.
Sürtmüşəm üzümü
xaki-payinə,
Elm tapıb, sinədəftər
olmuşam.
23 il ərzində nazil olan "Qurani-Kərim"in
ayələri yarandığı
dövrün tarixi hadisələrilə əlaqəli,
bağlıdır. Müəllifin
sözlərinə görə,
tədqiqatçılar müəyyən
etmişlər ki, müqəddəs
kitabda yanlış beş yüzə yaxın ayənin nazil olması üçün konkret səbəblər vardır.
Müəllif VII əsr
ərəb tarixindən,
"Quran" təfsirçilərinin yazdıqlarından misallar
gətirməklə ayənin
və qoşmadakı
"Quran"la bağlı
sözlərin izahını
ustalıqla əlaqələndirmişdir:
"İrfan fəlsəfəsinə görə hər kəs dünyaya gəlməmiş Allahın
hüzurunda ruh şəklində mövcud
olub. Həmin vaxt hər kəsdən
öz rəbbini tanıması və bu təqdirdə Rəbbin buyruqlarına tabe olması haqqında sual edilib: bütün ruhlar buna razılıq edərək "bəli"
cavabını iqrar etmişlər. Məhz bu "bəli"nin əsasında Allahla hər kəs arasında əhd-peyman bağlanıb:
Ələstüdə bəli deyən, sübhana baş endirir,
Məhəmmədə nazil olan "Quran"a baş endirir.
Özü birdir, adı minbir, vəhdəhüəl-la-şərik
Əhli-mömin görə bilməz,
pünhana baş endirir".
Adilə
Nəzərova "Quran" ayələri ilə hədis və qissələri müqayisə
edərək məntiqi
cəhətdən düzgün
nəticəyə gəlmişdir.
Kitabda yeri gəldikcə müxtəlif
səmavi kitablardan da misallar gətirməklə
"Qurani-Kərim"in mükəmməlliyindən
söhbət açmışdır.
Həmçinin "qəlb
şairi" M.Füzulinin qəzəlləri
ilə Aşıq Ələsgər yaradıcılığına
aid əsərlərin məna
yaxınlığının izahı xüsusən maraqlıdır.
Həcər PAŞAYEVA
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.22.