Öldürə bilmir
Adam var, oxşamır özü özünə,
Adam var, oxşamır gözü gözünə.
Adam var, oxşamır üzü üzünə,
Gəvə bir üzüdü,
kilim bir üzü.
Dünya
dumanlanır göz qaralanda,
Heç
nəylə ağarmır
üz qaralanda.
Ocaq səngiyəndə,
Köz qaralanda,
Bağrında gizlədib külüm
bir közü.
Sağı var, solu var üz
yaranandan,
Əyri
yanındadı düz
yaranandan.
Ölüm yaranandan,
Söz yaranandan
Öldürə bilməyib ölüm
bir sözü.
Qurumaz
Mən elə bir dağam,
yaşım min ildi,
Buluddan nəm çəkir başım min ildi.
Su süzür torpağım,
daşım min ildi,
Bircə
bulağımın gözü
qurumaz.
Adam düşər elə dərdə, quruyar,
Bir yol quruyan can bir də quruyar.
Araz da quruyar, Kür də quruyar,
Ancaq dodağımın sözü
qurumaz.
Qələmin içdiyi işıqdı,
nurdu,
Qələmin işığı içimə
vurdu.
Bir ocaq çatmışam, odunu gurdu,
Min il ocağımın közü
qurumaz.
Göyün üzü dolub,
yenə buluddu,
O qara buludlar günəşi
uddu.
Ürəyim sinəmdə elə
bir oddu,
Min yaşı qurudar, özü qurumaz.
Kəsirlər
İpə-sapa yatmıır elə
ki, adam,
Deyir özüm boyda alovam, odam.
Yola gəlməyəndə, onun
da, qadam,
Yolunu
min cürə yolla kəsirlər.
Aşı qabağına bol
qoydururlar,
Aradan çıxmağa yol qoydururlar.
Bir saxta kağıza qol qoydururlar,
Dilini bir saxta qolla
kəsirlər.
Aclar sıra-sıra, lap qoşun-qoşun,
Niyə
səsi çıxmır
bir halı xoşun?!
Doldurub cibini bir cibi
boşun,
Onun da səsini pulla kəsirlər.
Söz güldən çəkilir,
lələ, bal kimi,
Ürəkdən süzülür hələ
bal kimi.
İnsan
danışanda elə
bal kimi,
Onun da sözünü balla kəsirlər.
Nə qalıbsa qandan
bizə
Bir az işıq ola-ola,
Bir az yaşa dola-dola,
Bir ili də saldıq
yola,
Nələr qaldı ondan bizə.
Düşdük dərdə, qəmə , yandıq,
Qoyulmamış dəmə, yandıq.
Axı candan kimə yandıq,
Kim yandı ki, candan bizə.
Neçə adam gözü
yaşlı,
Neçə adam başı
daşlı.
Alabaşlı, qarabaşlı
Azmı
hürdü yandan bizə.
Haqqı
duyaq, olmadı ha,
Yeyib doyaq, olmadı ha.
Arxa-dayaq
olmadı ha
Bəydən bizə, xandan bizə.
Odunumuz hələ odu,
Ocağımız, lələ, odu.
Olanımız elə odu,
Nə qalıbsa qandan bizə.
Ağartmışam
Qara damı sökə-sökə,
Bir ağ saray tikə-tikə...
Ağ sözümə bükə-bükə
Qara sözü ağartmışam.
Acımışam acıyana,
Qıymamışam tacı yana.
Üstümə diş qıcayana
Qara gözü ağartmışam.
Qara dərdə olub buta,
Ağ dərdimə qata-qata...
Ağ öpüşə tuta-tuta,
Qara
üzü ağartmışam.
Bir az şirin dilə
tutub,
Götürmüşəm ələ, tutub.
Yelpiyimlə yelə tutub,
Qara közü ağartmışam.
Oxuyuram
Elçi
gəlir, elçi gülür,
Gül gətirir gülçü
gülür.
Bir adamın içi gülür,
Gözlərindən oxuyuram.
Əvvəl elə bildim laldı,
Salam verdim, salam aldı.
Bu adamın dili baldı,
Sözlərindən oxuyuram.
Bu adamın qucağı nur,
Hər küncü nur, bucağı nur.
Odunu bol, ocağı gur,
Közlərindən oxuyuram.
Kimin kimlə bir öcü var,
Hər öcün də sonucu var.
Bu adamda kəl gücü var,
Dizlərindən oxuyuram.
Səndən kim nə gördü
Bu yer də, bu
göy də məndən əzəldi,
Mən əyri gördüyüm
haçan düzəldi?!
Günəşin doğmağı necə
gözəldi,
Gərək gün əyilə,
gün dönə, görəm?!
Axı düşməmişəm hələ
odumdan,
Başqası danışa, dinə
adımdan.
Birinci gördüyüm çıxmaz
yadımdan,
Sonra lap yüz dənə, min dənə görəm.
Aman ver, sinəmə saz alım, dünya,
Sazımla dünyaya səs
salım, dünya.
Zalımlıqdan başqa, a zalım
dünya,
Səndən kim nə gördü, mən də nə görəm?!
Qıymağa dəyməz
Çöldən boş xortumla arı bircə yol,
Dönməz üzü evə
sarı bircə yol.
Səni
ömrün boyu barı bircə yol
Duymayan dünyanı duymağa dəyməz.
Qışına calayar kəsib yayını,
Paysızlara verər sevinc payını.
Sayılmaz saylara qatıb sayını,
Saymayan dünyanı saymağa dəyməz.
Zillənər, ayrılmaz gözü
gözündən,
Od alıb alışar közü közündən.
Bu neçə min ildə özü özündən
Doymayan dünyadan doymağa dəyməz.
Baxmaz qovulana, baxmaz qovana,
Qarğa-quzğun dolar gəlib yuvana.
Nə çalırsansa, çal,
sənin havana
Uymayan dünyaya uymağa dəyməz.
Bir barmağına tut burda hər şamı,
Necə
yandıracaq onlar gör şamı.
O boyda Günəşi-sənə
bir şamı
Qıymayan dünyaya qıymağa
dəyməz.
İslam
SADIQ
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.26.