Olqa Tokarçuk
(Polşa)
Polşada doğulub;
o, Varşava Universitetinin psixologiya fakültəsini bitirib. Bir müddət psixoterapevt işləyəndən sonra yazıçılığa başlayıb. Hazırda Vrotslavda yaşayır. "Siyasi tənqid"
adlı
sol liberal jurnalın redaksiya heyətinin
üzvüdür. Ona şöhrət gətirən "Uçuşlar" (2007) adlı
romanı olub,
Olqa məhz bu romana görə nüfuzlu
"Buker"
mükafatına layiq görülüb. 2018-ci ildə
isə ona
Ədəbiyyat
üzrə
"Nobel"
mükafatı
verilib.
Tokarçuk polyak ədəbiyyatının ən yaxşı
yazıçılarından biri hesab olunur, tənqidçilər və oxucular onun haqqında müsbət rəylər söyləyiblər: onun yazıçı zövqü yaxşıdır, savadı, dünyagörüşü,
dərin fəlsəfi biliyi və
hekayəçilik məharəti danılmazdır. O, filosof yazıçıdır, ezoterikanın bilicisi kimi tanınıb. Olqaya görə insan eyni yerdə
batıb qalsa,
daim
Şərin hücumuyla qarşılaşar, lakin daimi yerdəyişmə ona azad və təhlükəsiz yaşamaq üçün motivasiya verə bilər. Aşağıda Olqanın bir hekayəsini Kamran Nəzirlinin tərcüməsində
oxuculara təqdim edirik.
Dünyanın ən eybəcər qadını
Hekayə
O dünyanın ən eybəcər qadınıyla evlənmişdi. Vyanaya da məhz o qadının dalınca getmişdi. Heç bir niyyəti-filanı yox idi; lakin ağlına belə gətirməzdi ki, bu çirkin qadını özünə arvad edəcək. İlk dəfə qadını görən kimi şoka düşdü, gözünü ondan çəkə bilmədi. Qadının yekə başında şişlər vardı, qoturluydu. Xırda və daim nəmli gözləri qırışlı alnının altındakı dərin uçuqlarda yerləşmişdi, uzaqdan yarıq təsiri bağışlayırdılar. Elə bil burnu da bir neçə yerdən sınmışdı; burnunun ucunu isə çox qəribə tük basmışdı. İri əyri dodaqları aralı qalırdı, suluydu və onların arasından iti dişləri görünürdü. Bundan əlavə (sanki bütün bunlar kifayət deyilmiş kimi!) qadının sifətində nadir yumşaq tüklər əmələ gəlmişdi.
Qadın tamaşaçılara özünü göstərmək üçün səyyar sirkin karton dekorları dalından çıxdı və o da elə ilk dəfə qadını bu zaman gördü. Onun heyrət və təəccüb dolu nidaları tamaşaçıların başı üzərindən uçub manejə yayıldı. Qadın elə bil gülümsədi, lakin bu təbəssüm yalançı və darıxdırıcı kimi göründü. Qadın tərpənmirdi, hərəkətsiz halda durmuşdu, yəqin başa düşürdü ki, ona onlarla göz baxır; yəqin o hər bir xırda detalı acgözlüklə yadda saxlamaq istəyirdi ki, sonradan onları tanışlarına, qonşularına və ya uşaqlarına təsvir etsin, sonra da bütün bunları güzgüdə öz həqiqi əksiylə müqayisə edə bilsin. Və yəqin ki, daha sonra da rahat nəfəs alacaqdı. Qadın çox təmkinlə durmuşdu; o, elə bil başqalarından öz üstünlüyünü hiss edirdi, adamların başları üstündən yuxarıya, evlərin damlarına baxırdı.
Nəhayət, kimsə bu şok vəziyyətdən qurtulub sükutu pozdu və:
- Hə, bir söz
de də! - qışqırdı.
Qadın
səs gələn tərəfə baxdı, səs sahibini
görməyə çalışdı, amma bu vaxt karton pərdə
arxasından gombul bir aparıcı çıxıb
Dünyanın Ən Eybəcər Qadınının əvəzinə
cavab verdi:
- O danışmır.
- Onda sən danış
onun tarixçəsini, - həmin səs tələb elədi.
Gombul aparıcı bir qədər öskürdü, sonra
başladı danışmağa.
Sonralar oğlan tanınmış
sirk impresariosu olanda qadınla birlikdə
sirk furqonunda qızdırıcı dəmir peçin
yanında çay içərdi. Ona elə gəlirdi ki,
qadın pis deyil, axmaq da deyil, təbii ki, danışır,
özü də ağıllı söhbətlər edir.
Qadına sınayıcı maraqla baxır, təbiətin bu
"şedevr" möcüzəsinə
heyranlığını boğmaq üçün içiylə
qeyri-ixtiyari savaşa çalışırdı. Qadın
bunu anlamışdı, demişdi:
- Sən elə bilirdin mənim sözlərim də sifətim
kimi çirkin və qəribə olacaq, hə?
O isə susmuşdu.
Ən Eybəcər Qadın russayağı qulpsuz parça samovardan
çay süzüb qəndlə içərdi.
Oğlan
tez bir zamanda
anladı ki, qadın bir neçə dildə
danışır, amma görünür, heç birini
yaxşı bilmir, çünki söhbət zamanı tez-tez
bir dildən o biri dilə keçirdi. Burda təəccüblü
bir şey də yox idi: qadın hər cür əcaib tiplər
olan sirkdə, beynəlxalq truppa arasında
böyümüşdü, heç vaxt bir şəhərdə
iki dəfə olmamışdı.
- Bilirəm nə düşünürsüz, - deyə qadın
şişkin xırda heyvani gözlərini oğlana dikdi, bir
anlıq susub əlavə elədi: - Anasını
tanımayanın ana dili olmaz. Mən bir neçə dildə
danışıram, lakin bu dillərin heç biri mənimki
deyil.
Oğlan
bilmədi nə cavab versin. Qadın qəflətən onu
qıcıqlandırmışdı, səbəbini də bilmədi.
Qadın ağıllı və hazırlıqlıydı, hətta
işgüzar görünürdü, oğlan isə
qadından tamam başqa şey gözləyirdi. Sonra o
xudahafizləşdi, təəccüblü də olsa,
qadın ona qadın kimi əl verdi, yəni xanımların
jesti kimi əlini qabağa uzatdı. Çox gözəl əl
idi; oğlan da əyildi, lakin dodaqlarını qadının əlinə
toxundurmadı.
Oğlan
çarpayıda uzanıb
gözlərini rütubətli və
havasız hotel otağının qaranlığına zilləmişdi,
qadın barədə düşünürdü. Qaranlıq
onun xəyallarına qanad verirdi, fikirləri,
qarmaqarışıq düşüncələri onu rahat
buraxmırdı: necə ola bilər axı bu? Belə bir
qadın necə ola bilər ki?! Görəsən bunu
içində necə hiss edərsən? Donuz gözlərinə
bənzəyən o gözlər görəsən
dünyanı necə görür? Görəsən o eybəcər
burundan necə nəfəs alır? Qoxuları necə duyur?
Yuyunanda öz bədəninə necə toxunur?
Saçlarını necə darayır? Bütün bu ən
xırda və adi hərəkətləri necə yerinə
yetirir axı?
Lakin oğlanda Ən Eybəcər Qadına heç vaxt mərhəmət
hissi oyanmamışdı; əgər qadına
yazığı gəlsəydi, onu özünə arvad edəcəyini
ağlına gətirməzdi.
Sonradan bəziləri bu tarixçədən danışacaqdılar,
onu "bədbəxt sevgi tarixçəsi" kimi nəql edəcəkdilər:
guya oğlan qadına bütün qəlbiylə
bağlanmış, bu balaca eybəcər sifətli mələyi
sevirmiş. Belə bir şey görünməyib heç
vaxt! Onunla görüşdən sonrakı ilk gecədə oğlan
heç cür təsəvvür edə bilmirdi: bu əcaib
varlıqla necə yatağa girib sevişəcək? Onunla necə
öpüşəcək? Paltarını necə soyunduracaq?
O, sirkin ətrafında bir neçə həftə gəzib-dolaşandan
sonra çıxıb getdi, lakin yenə qayıtdı. Sirkin
direktoruyla tanış oldu, onun etibarını qazandı.
Brnoda sirk üçün müqavilə təşkil elədi,
onlarla birlikdə ora getdi və beləliklə, sirkin yaxın
adamı oldu. Ona bilet satmağa icazə verdilər, sonra da o, həmin
gombul aparıcını əvəz elədi, özü də
yaxşı əvəz elədi, sirkin yöndəmsiz pərdəsi
açılmamış tamaşaçıları
qızışdıra bildi.
- Yumun gözlərinizi, -
deyə oğlan qışqırırdı, - məxsusən
qadınlara və uşaqlara aiddir, çünki onların
gözləri belə eybəcər qadına baxıb tab gətirə
bilməzlər! Təbiətin bu qəribə möcüzəsini
görən adam rahat yata bilməz, onu dəhşət
bürüyər. Və bəlkə o, Yaradana da şübhə
ilə baxacaq...
Və belə anlarda o, bir qədər
susurdu; cümlə yarımçıq kimi
görünürdü, əslində isə sadəcə
bilmirdi daha nə desin. Ona elə gəlirdi ki, "Yaradan"
sözünün özü hər şeyi yoluna qoyur, hər
şeyə lazımi işıq salır. Axı oğlan
düşünürdü ki, başqalarının
şübhə ilə baxdığı bu Yaradan əslində
elə onun özünü seçib, ona çox nadir bir
şans verib. Dünyanın Ən Eybəcər
Qadınını! Ağılsız kişilər ən
gözəl qadınlardan ötrü özlərini
öldürüblər, duellərdə bir-birlərini
güllələyiblər; bu sarsaqlar qadın
şıltaqlıqlarından ötrü öz sərvətlərini
belə dağıdıb israf ediblər. O isə tam əksinə
- Ən Eybəcər Qadın əhliləşdirilmiş kədərli
heyvan kimi onun qəlbinə girib. Bu qadın hamı kimi deyil.
Bu qadın həm də ona qazanc imkanı verib. Əgər o,
bu qadını özünə arvad eləsə, əlbəttə,
kütlədən seçilərdi, başqalarında olmayan
şey onda olardı.
Oğlan
qadına çiçəklər
alırdı; buketlər çox da
gözəl deyildi, sadə və ucuz gül dəstələri
kağız lentlərlə bağlanıb zərli folqaya
bükülmüşdü. Oğlan qadına çit
yaylıq alırdı, şokolad və kökə qutusu,
işıldayan bant alırdı. Sonra yerindəcə donub
sakitcə seyr edirdi; görürdü ki, qadın həmin
bantı alnına sarıyır, açıq rəngli bant ona
yaraşıq vermək əvəzinə adamı yalnız dəhşətə
gətirirdi. Sonra görürdü ki, qadın şokolad
qutusunu açıb içindəkiləri həddən
artıq iri və yoğun diliylə yalayır,
ağzının suyu dişləri arasından cod çənəsinə
süzülür.
Oğlan
onu gizlin-gizlin izləyirdi, ona kənardan baxmaq, onun hərəkətlərini
seyr etmək xoşuna gəlirdi; səhərlər itirdi, gah
çadırın dalında gizlənir, gah da furqonun
dalına çəkilib baxırdı, ya da hardasa xəlvəti
bir yerdə durub çəpərin arasındakı deşiklərdən
saatlarla qadını izləyirdi. Qadın günəş
şüaları altında durub qızınır, uzun
müddət, amma asta-asta sanki məftun olmuş kimi seyrək
saçlarını darayır, onları nazik hörüklərə
ayırır, dərhal da açıb tökürdü, ya da
elə bil nəsə toxuyurdu. Millər günəş
şüası altında işıldayır, səs-küy
dolu sirkin havasını dəlirdi. Qadın gah da çiyinləri
açıq enli köynəkdə öz paltarlarını təknədə
yuyurdu. Onun açıq rəngli xovlu yaylıqla
örtülmüş çiyinləri və döşləri
gözəl, samur xəzi kimi yumşaq idi.
Oğlanın izləmələri onun
üçün çox vacib idi;
çünki ikrah hissi günbəgün zəifləyirdi,
günəş şəfəqlərində, qızmar havada
çəmənlikdəki su kimi gözünün
önündəcə əriyib gedirdi. O, getdikcə
dözülməz uyğunsuzluğa alışırdı; bu
uyğunsuzluq əndazəylə, bədbəxtliklə və
ifratla təhrif edilmişdi. Hərdən ona elə gəlirdi
ki, Ən Eybəcər Qadın elə adi bir qadındır.
Özünü narahat hiss edəndə
hamıya deyirdi ki, vacib iş dalınca gedir: kiminləsə
vacib görüşü var (hər dəfə də naməlum
bir ad çəkirdi, ya da tanınmış bir familiyanı
dilinə gətirirdi), deyirdi ki, kiminləsə tanış
olacaq, danışıqlar aparacaq. Sonra uzunboğaz çəkməsini
silməyə başlayırdı, ən yaxşı köynəyini
yuyub təmizləyəndən sonra hara gəldi
çıxıb gedirdi. Heç vaxt uzağa getmirdi. Elə
qonşuluqda bir yer tapıb dayanırdı, kiminləsə
içirdi. Hətta belə vaxtlarda da qadının xəyalını
başından çıxara bilmirdi, başlayırdı
Ən Eybəcər Qadın barədə danışmağa;
sanki bu qaçışlar zamanı da onsuz yaşaya bilmirdi.
Və qəribədi ki, qadın
onun ən böyük xəzinəsi olmuşdu. Oğlan məhz
bu qadına görə kiməsə şərab
qonaqlığı verir, qadının sifətini təsvir
edirdi; hətta ən gözəl cavan qadınlarla bir
yastığa baş qoyanda da Eybəcər Qadından
danışırdı. Bu anlarda həmin gözəlçələr
oğlanı məcbur edirdilər ki, yalnız Eybəcər
Qadından danışsın onlara.
Qayıdanda özüylə bərabər
qadının eybəcər hala
düşməsi barədə yeni tarixçələr gətirirdi;
çünki bilirdi ki, dünyada mövcud olan hər şeyin
öz tarixçəsi var, heç nə elə belə
yaranmır. Bu əfsanələri əvvəlcə qadına
öyrətmək istəyirdi; istəyirdi ki, qadın
özü bunları söyləsin; lakin çox tezliklə əmin
oldu ki, Ən Eybəcər Qadın danışa bilmir,
danışanda da hamısını qarışdırır,
axırda da başlayır ağlamağa. Buna görə də
özü başladı tarixçəni danışmağa.
Yan tərəfdə durub əliylə qadını göstərir,
deyirdi:
- Baxın, qarşınızda
duran bu bədbəxt varlığın
zahiri görünüşü sizin məsum
baxışlarınız üçün demək olar ki,
dözülməzdi; onun anası Şvartsvaldın
yaxınlığındakı kənddə
yaşayırmış. Və günlərin birində yay
vaxtı o qadın meşəyə giləmeyvə
yığmağa gedirmiş, vəhşi bir çöl
donuzu da onu izləyirmiş. Və birdən həmin
çöl donuzu vəhşi bir ehtirasla qadının
üstünə atılır, o bədbəxt qadını
altına basır, ona sahiblənir.
Bu anlarda tamaşaçılardan
dəhşətli bir uğultu qopurdu,
boğuq nida və gurultu səsləri eşidilirdi; bəzi
qadınlar inadla müqavimət göstərən ərlərinin
əllərindən tutub dartır, çıxıb getməyə
can atırdılar.
Eybəcər qadının tarixçəsiylə
bağlı oğlanın bir neçə
versiyası da vardı.
- Bu qadın Allahın
unutduğu bir yerdən gəlib. O zalım və daş ürəkli
adamların nəslindəndir, onlar xəstə və kasıb
adamlara əl tutmurmuşlar, buna görə də Allah
onların kəndini cəzalandırıb, bu eybəcərliyi
də nəsildən nəslə ötürüb.
Ya da başqa bir versiya uydururdu:
- Baxın, yüngül əxlaqlı qadınların
uşaqlarını belə bir aqibət gözləyir. Budur
sifilisin nəticəsi! Budur dəhşətli xəstəliklərin
nəticəsi! Belə şeylər öz qurbanlarını
beşinci nəslə kimi süpürüb tullayır!
Oğlan
özünü günahkar
hiss etmirdi. Bu versiyalardan hər biri həqiqət ola bilərdi.
- Mən öz valideynlərimi tanımıram, - Ən Eybəcər
Qadın təkrar edirdi, - Mən elə hər zaman belə
olmuşam. Körpəlikdən sirkə düşmüşəm.
İndi heç kim bunun necə baş verdiyini xatırlamır.
Onların ilk birgə mövsümü
başa çatanda sirk də həmişəki kimi ilin bu
vaxtında tələsmədən qışı keçirtmək
üçün Vyanaya qayıtdı; bu zaman oğlan
qadına evlənmək təklifi elədi. Qadın
qıpqırmızı qızardı, əsməyə
başladı. Yavaşca "hə" dedi, sonra utana-utana
başını oğlanın çiyninə qoydu. O,
qadının ətrini duydu, yumşaq və sabun qoxusu gəlirdi
ondan. Az sonra aralandı. Həyəcanla birgəyaşayış
planları cızmağa başladı. Onlar gah orda, gah da burda
olacaqdılar. Oğlan ora-bura var-gəl elədikcə
qadın sakitcə durub kədərli baxışlarla onu
süzürdü. Nəhayət, qadın onun əlindən
tutub dedi: "istəyirəm hardasa uzaq bir yerdə yaşayaq,
heç hara getməyək, heç kimlə ünsiyyətdə
olmayaq". O, biş-düş edər, onların
uşaqları, həyət-bacası olar...
- Dözə bilməzsən,
- oğlan dedi. - Axı sən sirkdə böyümüsən,
insan gözündən iraq olsan, ölərsən. İnsanlar
sənə baxmalıdı, bu səninçün çox
vacibdi, onlar səni görməlidir.
Qadın
susdu.
Onlar
Milad bayramı ərəfəsində
kiçik bir kilsədə nişanlandılar. Dini ayini aparan
keşiş az qala özündən gedəcəkdi, onun səsi
titrədi. Yalnız kilsə adamlarını toya dəvət
etmişdilər, oğlan demişdi ki, o da qadın kimi yetimdi,
heç kimi yoxdur.
Artıq
heç kim ayaq üstə dura bilmirdi, bütün
butulkalar boşalmışdı. Yatağa girmək vaxtı
çatmışdı. Qadın da kefliydi, oğlanın əlindən
tutmuşdu. Bəy isə qonaqları
dağılışmağa qoymadı, şərab dalınca
adam göndərdi. İstəyirdi içib keflənsin, lakin
keflənə bilmirdi. İçi çox narahat və həyəcanlıydı,
əsirdi, sanki sim kimi dartılmışdı. Rahat deyildi,
ayaqlarını bir-birinin üstünə belə
aşıra bilmirdi. Yanaqları qızarmış halda
dümdüz oturmuşdu, gözləri
işıldayırdı.
- Əzizim, bəsdi, di gedək,
- qadın bəyin qulağına pıçıldadı.
Oğlanı elə bil stula mıxlamışdılar, ona sanki gözəgörünməz
sancaqlar batırmışdılar. Diqqətli müşahidəçi
düşünə bilərdi ki, o çılpaq intim
münasibətdən, cavan arvadıyla məcburi cinsi əlaqəyə
girməkdən qorxur. Görəsən, doğrudanmı beləydi?
- Mənim üzümə toxun, - az sonra qaranlıqda qadın oğlandan
xahiş elədi, lakin o bunu etmədi. Oğlan gəlinin
üstünə elə formada çıxdı ki, yalnız
qadının kölgəsini görə bildi, otağın
qaranlığında sərhədsiz tutqun fiqurların ləkələri
oynaşırdı. Sonra oğlan gözlərini yumdu
(qadın bunu görə bilmədi), adəti üzrə
başqa qadınlarla yataqda düşünüb-eləmədən
necə rəftar edirdisə, bu qadınla da eynisini etdi və
ona sahibləndi.
Növbəti mövsümdə onlar
artıq müstəqil işə
başladılar. O arvadına deyirdi ki, şəkil çəkdirsin,
öz şəkillərini bütün dünyaya yaysın.
Cavablar dərhal gəlirdi. Onların çoxsaylı
çıxışları olurdu, hər yerə birinci dərəcəli
sərnişinlər kimi səyahət edirdilər. Qadın hər
yerdə başına üstündə boz qalın
duvağı olan şlyapa qoyurdu, belə görkəmdə
Romaya, Venetsiyaya, Yelisey meydanına gedirdi, oraları elə
duvaqda seyr edirdi. Əri ona çoxlu don almışdı,
arvadının korsetini də özü bağlayırdı.
Onlar Avropa şəhərlərinin izdihamlı küçələrini
gəzəndə adi cütlük kimi görünürdülər.
Belə vaxtlarda da oğlan hərdən qaçıb aradan
çıxırdı. Buna sadəcə adət eləmişdi,
neyləyə bilərdi axı! Beləydi də, əbədi
qaçqın! Bir də görürdün ki, canını qəflətən
vahimə bürüdü, başlayırdı nevroz
olmağa, durduğu yerdəcə tərləyirdi, nəfəsi
çatmırdı. Belə hallarda bir ovuc pul və
şlyapasını götürüb pilləkənlərlə
aşağı cumurdu, limandakı fahişəxanalara gedirdi.
Burada bütün bədəni anidən ləsəlir, sifəti
sallanırdı, tükləri altında gizlənmiş
dazlığı utanmaz-utanmaz üzə
çıxırdı. Başlayırdı iştahla
yeyib-içməyə, uşaq kimi nəsə
anlaşılmaz sözlər danışır,
donquldanırdı, sonra da hansısa ehtiraslı fahişəyə
imkan verirdi ki, onun əllərini şapalaqlasın.
Arvadı
onu ilk dəfə
danlayanda o, bu eybəcər qadının qarnına zərbə
vurdu; hətta belə anlarda da qadının sifətinə
toxunmağa cürət eləmədi. O artıq nə sifilis,
nə də meşədəki çöl donuzundan
danışmırdı. Vyanadan tibb üzrə professordan məktub
almışdı və bundan sonra arvadını camaata elmi
dillə təqdim edirdi:
- Xanımlar və cənablar! Qarşınızda
gördüyünüz varlıq təbiətin möcüzəsidi,
mutantdı, təkamülün səhvidir, itmiş bir nəslin
halqasıdı! Belə nüsxələr çox nadir
hallarda meydana gəlir. Bu hal bura indicə meteoritin düşməsi
ehtimalı qədər inanılmazdır. Bəxtiniz gətirib,
siz mutasiyanın nəticəsini görmək fürsəti
qazanırsız.
Təbii
ki, onlar universitet
professorunun yanında olmuşdular. Birlikdə müxtəlif
pozalarda şəkil də çəkdirdilər: qadın
oturdu, oğlan arxada ayaq üstə durmuş, əlini
qadının çiyninə qoymuşdu.
Bir dəfə qadını başqa kabinetdə müayinə edən zaman
professor oğlanla təklikdə qaldı, dedi:
- Maraqlıdı, görəsən
bu mutasiya irsəndi? Siz heç uşaq
barədə düşünmüsüz? Yoxlamısız
bunu? Görəsən arvadınız, elə siz
özünüz də buna necə baxarsız?
Professorla
bu həssas söhbətdən az sonra qadın ərinə
dedi ki, uşağa qalıb. O vaxtdan oğlanın içini təzadlı
hisslər gəmirməyə başladı. O istəyirdi ki,
arvadı ona özünə bənzəyən bir uşaq
doğsun, o zaman onlar daha çox səyahətə gedər, daha
çox dəvət alarlar. Hər bir halda, oğlan
ömrünün axırına kimi dolana bilər, hətta
qadının başına bir iş gəlsə belə, onun
təminat sarıdan korluğu olmaz. Bəlkə, elə
özü də şöhrətlənərdi? Lakin bunun
ardınca başına dəhşətli fikirlər girirdi:
birdən uşaq da eybəcər doğuldu, onda necə olacaq?
Ən yaxşısı onu elə ana bətnindən
çıxarıb tullamaqdı, belədə uşağı
ananın zəhərli, əbədi lənətlənmiş
qanından xilas etmək olardı. Yuxuda görmüşdü
ki, qadının bətnindəki o özüdür, müəmmalı
sevginin qurbanı olan oğludur! Və qadın uşağa
öz bətnində əzab-əziyyət verir, uşaq orda
getdikcə sifətini dəyişir. Ya da əksinə: yuxuda
görürdü ki, elə o özü meşədəki həmin
çöl donuzudur, bakirə qızı zorlayır. Belədə
onu soyuq tər basırdı, ayılırdı, dua edirdi ki,
qadın abort elətdirsin.
Qadının qarnı tamaşaçıları
ruhlandırırdı. Onlar qadının
eybəcərliyini daha rahat qarşılamağa
başlamışdılar. Ona suallar
yağdırırdılar; qadın utana-utana sakitcə və
inamsız cavablar verirdi. Tanışları artıq
uşağın oğlan və ya qız olacağı
üstündə mərcə gəlirdilər. Qadın
bütün bunları sakitcə qəbul edirdi.
Gecələr qadın düyməsiz
uşaq köynəkləri tikirdi.
- Bilirsən, - qadın bir
anlıq hərəkətsiz halda gözlərini hansısa
uzaq bir əşyaya zilləyib ərinə deyirdi, - adamlar elə
aciz olublar ki! Onlar çox yalqızdılar! Onlar mənim
qarşımda oturub düz mənim sifətimə baxırlar,
belədə onlara lap yazığım gəlir. Mənə
elə gəlir ki, onlar tamam lazımsız və mənasız
olublar! Həyat onlara bomboş görünür. Məncə,
adamlar öz boşluqlarını doldurmaq üçün
mütləq gərək nəyəsə doyunca
baxmalıdılar. Hərdən mənə elə gəlir ki,
onlar mənə həsəd aparırlar. Hər halda,
hansısa qibtə hissiylə baxırlar mənə... Axı
məndə nəsə var, hər halda nəsə qeyri-adilik
var məndə. Onlarda... onlarda isə heç nə...
fövqəl bir şey yoxdu... heç nə özlərinki
deyil.
Oğlan
bu sözləri eşidəndə ağzını
büzdü.
Qadın
gecə doğdu, rahat və sakitcə mürəxxəs oldu,
lap heyvan kimi. Mamaça çağanın göbəyini kəsməyə
gəldi. Oğlan ona bir topa kağız pul verdi,
tapşırdı ki, bir az sussun, heç kimə bir söz
deməsin. Sonra işıqları yandırdı ki, təzə
doğulan çağanı görə bilsin. Ürəyi
guppultu ilə döyünməyə başladı. Uşaq
çox eybəcər idi, anasından da iyrənc və eybəcər
görünürdü. Oğlan gözlərini yumdu, ürəyi
bulandı, qusmağı gəldi. Handan-hana özünü ələ
aldı, əmin oldu ki, qadının dediyi kimidi, körpə
- qızdır.
O yenə zülmətə qərq olmuş şəhərə
qaçdı; gah Vyanada oldu, gah da Berlində. Sulu qar
yağırdı. Çəkmələri daş döşəməli
küçələrdə kədərli-kədərli
şappıldayırdı. İçini yenə təzadlı
hisslər bürümüşdü: sevinc və kədər
hissləri bütün varlığını gəmirirdi.
İçirdi, amma keflənə
bilmirdi. Xəyallara dalırdı və
qorxurdu. Bir neçə gündən sonra artıq reklam və
səyahət planıyla qayıdırdı evə. Professora məktub
yazdı. Fotoqraf dəvət elədi, o da əlləri əsə-əsə
bir neçə şəkil çəkdi, ana və
qızın dəhşətli eybəcərliyini
fotoaparatın parlaq işığında lentə həkk elədi.
Qoy bir qış qurtarsın, yasəmənlər çiçək
açsın, böyük şəhərlərin
küçələri qurusun! Peterburq, Buxarest, Varşava və
o biri şəhərlər... daha sonra Nyu York, Buenos-Ayres... Qoy
bir səmanı mavilik bürüsün, səma nəhəng
yelkən kimi yerin başı üstündə
görünsün! Bütün dünya onun arvadı və
qızının eybəcərliyinə heyrət edəcək,
onların qarşısında diz çökəcəklər.
Təxminən elə həmin
vaxtlar o ilk dəfə arvadını
öpdü. Yox, yox, dodaqlarından yox, alnından öpdü.
Qadın artıq ona tamam başqa gözlərlə
baxırdı - bu, insan baxışlarıydı. Məhz elə
bu anlar onun başında bir sual doğdu, o bu sualı
arvadına verə bilmədi. "Sən kimsən? Kimsən sən?
Axı sən kimsən?" səssizcə ürəyində,
heç özü də bilmədən güzgünün
qabağında üzünü qırxa-qırxa bu sualları
içində başqalarına və özünə verdi.
Ona elə gəldi ki, bir sirr açdı: ətrafdakı
bütün insanlar maskalıdı! İnsan sifətləri
maska altında gizlənib. Sanki bütün həyat Venesiya
karnavalına bənzəyir! Hərdən sərxoş olanda
(o ayıq başla belə səfeh-səfeh düşünə
bilməzdi!) fantaziyasına qanad verir, sanki o maskaları
çıxarırdı, maskalar yüngülcə çat
verir və cırılır, açılırdı. Lakin nə
görünürdü? Bilmirdi. Bütün bunlar ona əzab
verirdi, elə əzab verirdi ki, o, arvadı və
qızıyla bir evin içində çox vaxt keçirməyə
belə dözmürdü. Qorxurdu ki, bir gün yolunu aza bilər,
bu eybəcərliyi arvadının sifətindən soyub qopara
bilər. Ya da barmaqlarıyla
onun üzündə gizlənmiş yarıqları,
yapışqanları tapa bilər,
saçlarını eşələyə
bilər. Gizlincə evdən çıxıb
qaçırdı, gedib
keflənirdi; sonra möhtəşəm səyahətlər
barədə fikirləşirdi,
afişalar düşünür,
müqavilələr tərtib
edirdi.
Lakin yazın əvvəlində
"ispan qripi" epidemiyası yayıldı,
ana-bala xəstələndi.
Yan-yana uzandılar, qızdırma içində
ağır-ağır nəfəs
alırdılar. Hərdən
qadın panik refleksə tabe olaraq uşağı özünə bərk-bərk
sıxırdı. Sayıqlaya-sayıqlaya
qızını əmizdirmək
istəyirdi, lakin anlamırdı ki, körpənin
əmməyə halı
yoxdur. Uşaq ölür. Və qız öləndə oğlan ehtiyatla körpəni ananın böyründən götürdü,
çarpayının bir
küncünə qoydu.
Siqaret çəkdi.
Həmin
gecə Ən Eybəcər Qadın bir anlıq gözlərini açdı,
sonra dəhşət
içində inildədi.
Oğlan dözə bilmədi, sanki gecənin, ya zülmətin, ya da qara uçurumun səsini eşidirdi; qulaqlarını tutdu, nəhayət, şlyapasını
götürüb evdən
qaçdı, uzağa
getmədi. Səhərə
kimi evin pəncərəsi önündə
gəzdi, bu yolla da arvadına ölməkdə kömək
elədi. Qadın onun gözlədiyindən
də tez öldü.
O arvadı və qızının yataq otağına girib meyitlərə baxırdı;
cənazələr qəflətən
ona ağır, yöndəmsiz və maddi varlıq kimi göründülər.
Heyrətə gəldi:
hər iki meyit döşəyi əməlli-başlı əzib
sıxırdı. Bu anlarda
neyləmək lazım
olduğunu bilmədi.
Yalnız professora məlumat verə bildi, sonra başladı
içməyə. Sübh
alatoranlığı çarpayıda
hərəkətsiz qalmış
iki siluetin qırıq-qırıq xətlərini
yavaş-yavaş yuyub
aparırdı.
- Onları xilas edin, - deyə o meyitləri diqqətlə
nəzərdən keçirən
professora yalvarmağa başladı.
- Dəli olmusuz? Onlar axı ölüblər, - professor əsəbi-əsəbi
dilləndi.
Sonra
professor ona hansısa kağız uzatdı, oğlan sağ əliylə kağızı
imzaladı, sol əliylə
isə pulları götürdü.
Limandakı fahişəxanaya getməmişdən
əvvəl o meyitləri
universitet klinikasına
aparmaqda professora kömək elədi. Bir müddətdən sonra klinikada xəlvəti meyitlərdən müqəvva
düzəltdilər.
Müqəvvalar uzun müddət,
demək olar ki, iyirmi il klinikanın soyuq zirzəmisində qaldılar; sonra onları yəhudi və slavyan kəllələrindən, ikibaşlı
körpələrin, siam
əkizlərinin bütün
növlərindən ibarət
olan kolleksiyalara qatdılar. Onları "Patoloji Muzey"in ehtiyat eksponatları arasında indi də görmək olar - şüşə gözlü ana və qızı donmuş vəziyyətdə əzəmətli
bir pozada. İnsan nəslinin yeni budağının baş
tutmayan başlanğıcı.
Tərcümə: Kamran NƏZİRLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.28-29.