“Dahilərin
iş rejimi” kitabından seçmələr
Əvvəlcə Meyson Karrini tanıyaq
Meyson
Karri - amerikalı yazar və redaktordur. Onun
2013-cü ildə işıq
üzü görən
"Dahilərin iş
rejimi" adlı kitabı indiyədək
17 dilə çevrilib
və 100 min ədədlik tiraj tezliklə satılıb-tükənib.
Haqqında "The New Yorker",
"The Guardian", "The Wall Street Journal" və "The Believer" kimi
nüfuzlu nəşrlərin
müsbət rəy çap etdiyi bu kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub.
Adıçəkilən kitabda keçmiş dövrlərdə
yaşamış və
müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın,
filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub.
Həmin kitabdan sırf yazarlarla bağlı bölümlərin sizlərə
təqdimatını davam
etdiririk.
Tomas
MANN
(1875-1955)
Tomas Mann səhər saat səkkizdə oyanmağı
özü üçün
bir qayda halına gətirmişdi.
Xanımıyla birgə
qəhvə içdikdən
sonra yuyunub, əynini geyinirdi. Saat 8.30-da həyat yoldaşıyla səhər
yeməyinə başlayar,
ardnca isə yazı otağının
qapısını örtərdi.
Beləcə, ailə
üzvləri, qonaq-qara
və telefon zəngləri ilə özü arasında
"keçilməz divar
hörərdi".
Saat doqquzdan, ta günortaya qədərki vaxtda, yəni yazarın ən məhsuldar çalışdığı saatlarda səs-küy salmaq onun övladlarına
da yasaqlanmışdı. Beyninin
hələlik gümrah
və işlək olduğu həmin vaxtda görəcəyi işi tam mənada bitirməkdən ötrü
yazar bütün gücünü səfərbər
etməyə çalışırdı.
Bu barədə özü
yazır:
"Hər abzas mənim üçün bir macəraya dönür, hər epitet (bədii təyin - A.Y.) məndən
böyük iradə gücü tələb edir".
Günortaya qədər kağıza
köçürməyə fürsət tapmadığı
fikirləri sabaha saxlamasın deyə, yazar "canını dişinə tutmaqla, hər dəfə irəliyə doğru, ən azı bir addım atmağa cəhd göstərirdi".
Səhər çalışmasını bitirdikdən sonra elə otağındaca nahar edər və günün ilk siqarasını da o ara ləzzətlə tüstülədərdi.
Əslində o, yazarkən
də, tütün çəkirdi, ancaq gündə on iki siqaret və sadəcə, iki siqaradan ibarət norması dəyişməz
olaraq qalırdı.
Sonra divanda əyləşməklə,
ta saat dördə kimi qəzet-jurnal və kitab oxumağa köklənər, bunun ardınca isə yatağına girib, bir saat uyuyardı.
Bu şirin yuxu saatı ərzində də uşaqlar evdə səs salmaqdan çəkinərdi.
Saat beşdə Mann ailəsiylə
birgə çay içir, bunun ardınca qəzetlər üçün məqalə
və rəylər, habelə kimlərəsə
məktublar yazırdı.
Həmin vaxt o, telefona cavab vermək və ya hansısa, qonaqla söhbətləşmək
xatirinə işinə
müəyyən ara
da verirdi.
Saat
19.30 və ya 20.00 üçün açılan
şam süfrəsinə
oturmazdan əvvəl isə, yazıçı
qısa gəzintiyə
çıxırdı. Bəzən
axşam yeməyində
qonaqları da olurdu, qonaq-qara olmayan günlərdə o, xanımıyla birgə ya qiraətə köklənər, ya da qrammofonda musiqi dinləyərdi. Gecəyarı
gəlincə isə bu ər ilə
arvadın hər biri özünə aid ayrıca yataq otağına çəkilərdi.
Ernest
HEMİNQUEY
(1899-1961)
Yetkin həyatı boyunca, hətta gecə "düt" deyincə içib, gec saatda yatsa belə
- Heminquey hər gün saat 5.30, ya da uzağı, 6.00-da yataqdan qalxırdı.
Oğullarından biri öz xatirələrində belə
yazır:
"Atam içki xumarlığının nə
olduğunu heç bilməzdi. Səhərlər
onun gümrah çöhrəsinə baxan
birisi düşünərdi
ki, bu adam səskeçirməz divarlara
malik bir otaqda, gözlərinə qara
lent bağlamaqla və
əsl körpə kimi mışıl-mışıl
yatıbmış".
1958-ci ildə "Paris Review" jurnalına
verdiyi müsahibədə
Heminquey belə erkən saatda oyanmağın özü
üçün vacibliyini
bu cür izah eləmişdi:
"Hər hansı hekayə və ya kitab üzərində işlədiyim zaman, mən
hər səhər, həm də hava işıqlanan kimi yazmağa girişirəm. Çünki
həmin vaxt heç kəs mənim diqqətimi mətndən yayındırmır,
hava sərin, hətta ayazlı olur. Elə ki işə kökləndim,
canım da isinməyə
başlayır. Yazdığım
mətni gözdən
keçirərkən sonrakı
hadisələrin gedişatını
təxmin elədiyim üçün hazır qismi oxumağa ara verir və
qaldığım yerdən
hekayətin ardını
yazmağa başlayıram.
Canımda yazmaq həvəsi
tükənənə qədər
yazır və əhvalatın nəyə
doğru getdiyini kəsdirincə, təkrar
yazıya ara verir və ta sabaha qədər, yəni yenidən işə başlayana qədər bu təəssüratın təsiri
altında yaşayıram.
Yazı işimi təxminən səhər
saat altıdan-günortaya
qədər davam etdirirəm. Amma bəzən
işimi daha erkən də yekunlaşdıra bilirəm.
İşi bitirdiyim
zaman özümü ürəyini
kiməsə boşaltmış
birinin yerində zənn etsəm də, hələlik, əsla, bitkin biri saymıram - sevgilisiylə eşq-məşq
yapmış bir aşiq kimi, içim mənə hələ də dolu və tükənməz
görünür. Həmin
ovqatda ikən, heç nə vecimə gəlmir və heç nəyə onun layiq olduğundan daha böyük bir dəyər biçmirəm, sadəcə,
sabahkı günün,
bu yaradıcı işə təkrar köklənməyin intizarıyla
yaşayıram. Və
bu, xeyli qəribə duyğudur".
Geniş
yayılan rəvayətlərin
tam əksinə olaraq,
Heminquey öz iş gününə heç də 20 dənə "2 nömrə"
qələmi yonmaqla başlamayıb. Hətta verdiyi bir müsahibədə
deyibmiş: "Xatırladığım
qədəriylə, mənim
eyni vaxtda heç 20 karandaşım
olmayıb da".
Bununla yanaşı, onun özünəməxsus yazı
vərdişləri də
varmış: ayaq üstə duraraq, üst-üstə yığılan
və özünün
sinə səviyyəsinə
qədər çatan
kitab rəflərinin üstünə
qoyduğu yazı makinasında öz mətnlərini çap edirmiş, makinanın üst qisminə isə hazır mətnləri oxumaqdan ötrü taxtadan bir lövhə quraşdırıbmış.
Əvvəlcə, mətnləri çap
üçün nəzərdə
tutulan nazik kağızlarda yazmaqla, oxuma lövhəsinin üzərinə, həm də çəpinə
düzürmüş. İşləri
yolunda gedincə, o, həmin lövhəni endirməklə, yazı makinasında hazır mətni yığmağa
girişirmiş. Gündə
neçə sözdən
ibarət mətn yazdığını öyrənməkdən
ötrü isə hələ, "məhsuldarlıq
qrafiki" də tərtib edirmiş. Bunu "öz-özünü
aldatmamaq naminə"
düşünüb-tapdığına
da bütün səmimiyyətilə
inanırmış. Elə
ki ahəngdar yazı işi dalana dirəndi, bu məşğuliyyəti bir
kənara atan yazar, məktublara köklənirmiş. Bu yolla
o, "bezikdirici yazı
işindən" sonra
bir hovur nəfəsini dərməyə
çalışırmış, ya da özünün dediyi kimi, "kökləndiyi bəlli yazı tempini aşağı salmasın"
deyə, bu cür keçidlərə
gərək duyurmuş.
Henri
MİLLER
(1891-1980)
Yazarlıq fəaliyyətinin ilk mərhələsində özünün
bir "gecəquşu"
olduğunu etiraf eləməsə də,
Miller, əsasən, gecəyarıdan,
ta sübhə qədər
işləməyə üstünlük
verib. Amma Parisdə ikən o, günün işıqlı saatlarında
işləməyi uyğun
görübdür: səhərdən-günortaya
qədər yazıb,
nahardan sonra bir az mürgüləyib,
bütün axşam saatları boyunca isə, bəzən gecəyarıya qədər
yazıb-pozub.
Aradan illər ötdükcə,
belə qərara gəlibmiş ki, günortadan
sonrakı saatlarda işləmək, nəinki
mənasızdır, hətta
zərərlidir də.
Həmin dövrdə
verdiyi bir müsahibəsində biz onun
bununla bağlı etirafına da rast gəlirik:
"Bilirsiniz, quyunun bütün suyunu çəkmək, dibini qurutmaq da yaramaz axı. Beynimdə yazacaq daha nələrinsə
qaldığı məqamlarda
yazı makinasından
aralanmağı mən
daha doğru sayıram".
Çalışmaqdan ötrü iki-üç saatlıq səhər saatları da,
adətən onun üçün yetərli
imiş. Ancaq yazar yaradıcılıq fəaliyyətində bəlli
bir ritmi qorumağın vacibliyinə
də artıq özünü inandırıbmış
və buna əsaslanaraq
deyirmiş: "Daxili
işartıların yarandığı
o anlar fasiləsiz xarakter qazansın deyə, ciddi intizamı qorumaq başlıca şərtdir.
Elə bu səbəbdən də, mən bütün ömrüm boyu bəlli bir düzənə sadiq qalmağa məcburam".
Uilyam FOLKNER
(1897-1962)
Folkner səhər saatlarında daha məhsuldar işləyib. Ancaq bütün ömrü boyu düşdüyü şərtlərin diktəsiylə
öz iş qrafikini bir neçə
kərə dəyişməyə
məcbur qalıb. Məsələn, "Ölüm
döşəyimdə ikən"
romanını o, əsasən,
axşamlar, yəni gecə növbəsinə
çıxmazdan əvvəl
yazırmış, çünki
o vaxtlar universiteti elektrik enerjisiylə təmin edən bir stansiyada nəzarətçi işləyirmiş.
Axşam və gecə saatlarına hesablanan bu iş
rejimi elə ona da əl verirmiş, çünki iş şəraiti elə də ağır sayılmazmış.
Buna görə də
gecə növbəsi
ərzində fürsət
tapdıqca mürgü
döyən bu yazara səhər açılandan sonrakı
bir-iki saat yatmaq da yetərli gəlirmiş. Sonrakı saatları isə o, intensiv şəkildə yazıb-pozmağa ayırırmış.
İşdən evə
dönərkən isə,
yolüstü anasına
baş çəkib,
onunla bir fincan qəhvə içməklə, söhbətləşirmiş.
1929-cu ildə o, məhz bu şərtlərdə yazıb-yaradıb. 1930-cu ildə
isə Folknerlər ailəsi iri və ciddi baxım
tələb edən bir malikanəni satın alıb, evin əyər-əskiyini
düzəltməkdən ötrü
Uilyam öz işindən ayrılmağa
məcbur qalıb.
Həmin
vaxtan etibarən o, sübh tezdən oyanıb, qəlyanaltı
edir, nahara qədərki bütün
vaxtını yazı
masası arxasında keçirir (o, şəxsi
kitabxanasında işləməyi
sevib və həmin otağın qapısı kilidsiz olduğundan yazar qapının dəstəyini
də çıxarıb,
öz yanında gəzdirirmiş).
Nahardan sonra Folkner evin
təmir işləriylə
başını qatırmış,
sonra isə ya piyada, ya
da at belində öz
"malikanəsi"ni gəzib-dolaşmağa
çıxırmış.
Axşamüstü xanımıyla birgə
eyvanda əyləşib,
viski gillədirmiş.
Geniş yayılmış
qənaətin əksinə
olaraq, Folknerin yazı-pozu əsnasında
da içki içdiyinə
dair, biz hər hansı dəlil-sübuta
rast gəlmədik.
Dost-tanışlarından bəziləri
onun belə bir vərdişə sahib olduğunu iddia eləsələr də, yazarın qızı bunları birmənalı şəkildə inkar edərək bildiribmiş
ki, "həmişə ayıq
başla yazan atam sırf əlindəki işi bitirəndən sonra içki süfrəsi açardı". Elə
və ya belə, istənilən halda, Folknerin yaradıcı işə köklənməkdən ötrü
yardımçı stimula
hər hansı ehtiyac duymadığı artıq danılmaz bir faktdır.
Özünün ən məhsuldar
dövründə (1920-ci illərin
sonlarından 1940-cı illərin
əvvəllərinə qədərki
dönəmdə) Folkner
görünməmiş bir
sürətlə işləyib.
Bəzən o, günün
sonuna qədər kağızlara 3.000, bəzən
isə bunun iki misli qədər
söz həkk edib (bir kərə,
hətta səhər saat 10 tamamdan, gecəyarıya qədərki
saatlar ərzində
10.000 söz yazıbmış:
bu şəxsi rekordunu necə təzələdiyini anası
qarşısında etiraf
eləməklə, hələ
öyünübmüş də).
O, deyirmiş: "Mən sırf ruhumun diktəsiylə yazıram,
ruhum isə bunu Allahın ver günü mənə diktə edir".
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, ¹40.- S.30-31.