Əziz Katull! Söyüşək,
mübahisə eləyək,
tündməcaz Falernoyla gəl
oturaq diz-dizə;
bu dərdisə eybi yox, eləcə ötüşdürək
və boylanaq güzgüdən elə bir-birimizə.
Al tüstülət bu qəmi. Soruşma ki, kiməm mən?
Harda? Nə vaxt? Qırxmıram
niyə axı bığımı?
Həm də səni güdürəm şüşənin
arxasından? -
sən bir hiperboreyin - özü də qaşqabaqlı -
qonağısan unutma. Biz səninlə
nə yuxu,
nə də ki müəmmayıq,
istəsən çay
dəmlərik
limon qabıqlarıyla, otlardan çoxlu-çoxlu,
hələ yarım piltə
də biz şokolad yeyərik.
Yəqin
bir on il keçib olmamısan Romada:
indi toqa dəb deyil,
gülərlər xısın-xısın.
Hə, mənimçün beləydin
- göygöz, yaxşı
formada,
boy uzun, qamət şamşax, saçlar
da ki, sarışın -
xəyalımda sən daim - dəftərlərin bəyazı
əbədidən həyata qaytarıb
sətirləri
oyadıb
qaralanda. - Əziz Katull, ən azı
gəl ittifaq bağlayaq, dəyişək ürəkləri.
***
Qınayıram özümü, bu
suçumu mən indi
bütün ömrüm boyunca
daşıyacam özümlə:
bir də geri dönməzsən
o dünyanın sakini,
o yerlərə bilirsən, gedər-gəlməz deyirlər.
Cani-dildən yüz ildi sən xidmət eləmisən,
amma bir an içində parçalandın ortadan -
ey siyənək nimçəsi,
ey gözümün nuru sən,
sonuncu yolçuluğa çıxan
paraleloqram!
Qoymaram unudulsun, əziz adın heç zaman -
fərq
eləməz ya bayram, ya da axşam
yeməyi,
sən süfrənin əvəzsiz,
şirin yeri olmusan,
kökəlməmisən, amma olubdu bər-bəzəyin.
Vətəndaş müharibəsi, daha
əvvəl inqilab,
iki dünya savaşı, sovetlər, ağrı-acı,
doxsanlar,
daha nələr, nəyə gətirmisən
tab,
öz ömründə nələri
görmüsən sən,
ay bacı.
Bağışla ki, bağrına duz
basmışam-sevirdim,
bir də ki kərə yağı, soğan, bıçaq gözləyən
hisə
verilmiş balıq, bəzisi dilim-dilim,
nələr yaşamamısan axı
mənim üzümdən.
O böyük qab dəstindən bircə sən yadigardın,
hər gün daha əzizdin,
hər gün xatırladardın,
hər gün cingildəyərək
duyurub əcdadları,
-
necə
oldu qoruya bilmədim, xırçıldadın.
Birdəfəlik qab əsri, onun oğluyam mən də,
amma ki bəyənmədim hər
cürə zir-zibili;
nə çörəyə dəyişdim,
nə də ki səni qəndə,
otuzlarda
döymədim qapısını
"torqsin"in.
Ailə
yadigarı, "Kuznetsovsk"lu,
əlvida!
- səni gələcək nəslə ötürməyəcəm
daha,
bir ayrı cənnəti var, içimdən gəlir nida,
sabiqədəm şeylərin bolluğu
var hardasa.
Maksim Amelin
(1970)
Tərcümə etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.8.