İstefadakı polkovnik zər dişiylə bərq vurdu,

Keçmiş cərrah süfrəyə aşırtdı stəkanı.

İştahalı bir qonaq göbələklə bərk vurdu,

Rəfiqələr də coşub oynadılar "kankan"ı.

 

"Nacins burjuy" dedilər birinə arsız-arsız,

Səbəbkar unuduldu, xatırlayan yox onu.

Məşhur artist qaçılmaz iflasından xəbərsiz

Yan evdə halsız-halsız soyunurdu paltonu.

 

İstefadakı polkovnik Fransada bir kapraldı,

Cərrahla artist mahud satardılar Marseldə.

Di gəl anlat: özüyçün yuxuda generaldı

Pəncərə altda yatan kirli miskin səfil .

 

***

 

Ləng yarpaq tökümüylə yekrəng küyün içindən,

Kaman üçüncü qatdan deyib səslənirdi?

Küçələri gəzirdi yöndəmsiz geyimində

Heç kimin duymadığı bənzərsiz şair indi...

 

Rastlaşırdı hər dəfə özündən razı gənclə -

Səfeh rəfiqəsiylə, dəli eşqi başında.

Çəməndə gizləyəntək şeirində güvənclə

Həkk eləyib onları saxlardı yaddaşında.

 

Trubnikdə o məşhur dükana baş çəkirdi,

Orda satıcı Lena oxuyurdu gözləri.

Maraqlı bir əhvalat doğulurdı, bitirdi,

Bəyaz, saf məktubların məlhəm cücərtiləri.

 

Heç bir əfv diləmirdi sarı xəzan yarpağı,

Ayaq altda xışıltı salıb gülümsəyirdi.

Qəm hərifi şairə belə az darıxmağı,

Bozluğu, uzunluğu ömrünün ar gəlirdi.

 

Oyuncaqdı tikanı bu qorxu oyuncağın,

Az əvvəl dillənirdi yalan avazla kaman.

Qaraqabaq Moskva Monomaxın papağı,

Noyabr havasında boşdu, ağırdı yaman.

 

***

Yaman üzücü şeydi - təzədən nağıl etmək.

Boş söhbətdi. Özü kəsibdi qış qapını.

Az qalıb, ikicə gün, bəyaz pərdə enəcək

Tanış-bilişin üstə, ağacların, damların.

 

Yaman kədərli şeydi - toy olan qəsəbədə

Rastlaşasan o qızla - barmağında yad üzük.

Öz evini yıxasan saxta qürurla qəsdən,

Oymalı artırmada əlindən sürüşə yük.

 

Yaman təsirli şeydi - yanaqdakı qızartı,

Qürubdakı qırmızı - qəzəbdən həyayla.

Əlüstü sahmanlanan otaqdakı beş-altı

Unudulmuş əşyaya bir yer tapılmaya.

 

Maksim Zamşev

(1972)

 

Tərcümə etdi:

Səlim  Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.8.