Yaddaş pozulan yerdən başlayır əski bir film,

əski bir musiqiylə yayılır çərən-pərən.

Parkda yağış dayanıb, söz aciz, necə deyim,

gözəl ətir saçır bu yaz günü yasəmən.

 

10 saylı tramvaya min, düş tağlı küçədə -

Stalin zamanından qalıb necə var elə.

Gəzdiriblər əl üstə, gəzmişəm tutub əldən,

burda yay kinosunda filmə baxmışam hələ.

 

Həmin hisslər barədə o film bəhs eləyirdi,

həmin o park barədə, qucaqdakı oğlandan.

Sonsuz keçmişin tutqun əksi bəs eləyirdi

gələcəyi vurmaqçün umudlu qanadından.

 

Xiffətdən ya sərxoşluq, ya sefehlik eləyib

şamlığın üzərindən qalxasan düz səmaya,

fələklərdən aşağı baxasan, heç bilməyib,

soruşasan bitibmi, bəlkə, olmayıb dava?!

 

Hər şey ağ-qara rəngdə - uşaqlar analar,

qələbə ədasıyla sözlər, nasaz radio.

Necə uzandı ömür... gözyaşları, anılar,

təlaşlar xatırlansın, bir hisslər...adı yox...

 

***

 

Şəhərcik ki, uydurdum, adamlarla doldurdum,

şəhərcik ki, göyündən asdım mən buludları,

batıb gedir, nədən ki, sakinləri qudurdu,

çünki hesab etdilər ömür yaman qısadır.

 

Ha çalışır ifaçı, yenə kəsilir nəğmə.

İşıqçı qaqaş söyür, fənər yanmır ki, yanmır.

Aynada göz görəsi solur o qız, gözəlçə.

şəhərcik batır, batır.

 

Bağışlayın cənablar, gözləmirdim, bilək,

gorbagor oldu hər şey, o ki qaldı özümə,

xəzanlı bağçadayam, əsir, fit çalır külək,

yarpaqlar da burulub toxunur kürəyimə.

 

***

 

Həmin oğlan olasan, bozumtul kepka başda,

uzun sözün qısası, öz-özünlə qalasan.

Gerçəklə xəyalların arasında çaş-başda -

uçsun sarı yarpaqlar, payıza boylanasan.

 

Oturacaq seçəsən gəzdiyin xiyabanda,

vurnuxub seçəsən sən həmin o bircəciyi.

O yeri seçəsən ki, dönəndə, qayıdanda

görüşəcək o yerdə keçmişlə gələcəyin.

 

Necə çox sevirdim hüzünlüykən təsvirlər,

can üstə son baharın cizgisi qızılıydı.

Moruq parıltısıyla doluydu gölməçələr,

şeirlər o vaxtlar yarıdan yazılırdı.

 

Çünki şeirin əvvəli səslənmişdi, olmuşdu,

amma əzbərə bir şey qoymamışdı yadigar...

Sanki navalçaları səs ilə doldurmuşdu,

amma yerə enməyib yağmamışdı yağışlar...

 

Oğlan varıydı amma, qoy danışım əvvəldən,

ovcuyla yanağını dirsəklənib tuturdu,

şeiri dəftərçəyə yazırdı o dinmədən,

sətirlər öz sonuna qatar-qatar uçurdu.

 

***

 

İyirmi idi bir zamanlar yaş onda,

cavanlığın vədi yaman çox idi.

Deməzdilər gözün üstə qaşın var,

ağılsızdım, amma bu sirr deyildi.

 

İstəyirdim şair olum mən ağa,

hərçənd, düzü, ürəyimcə deyildi,

pulum çatmaz bilirdim gül almağa,

gün-güzəran çətin olar, bilirdim.

 

Bax, beləcə oldum dağ mühəndisi,

diplomu da qıpqırmızı qazandım.

Bölüşmədim şeiri, hissi,

payızda veyilləndim, dolandım.

 

Mavi tüstü dolu bir restoranda

mavi kaman ustasını dinlədim,

pul da bitməz ha saysan o toranda,

çiyin çəkib paraları çinlədim.

 

Bundan sonra çətin bir şey alına,

şair kimi məndən yarımadılar.

, cənablar sözünüz var buna?

Cənablar da içirlər, ağlayırlar.

 

Ağlayırlar içib, qucub qızları,

yenə içib sükuta daraşırlar.

Sərbəst isə açılır ağızları,

heca ilə yellənirlər, aşırlar.

 

Boris Rıji

(1974-2001)

 

Tərcümə etdi:

Səlim  Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.8-9.