"Dəmir
yumruq"un "Qardaş yumruğu"na
qədər
genişlənən fəlsəfəsi və ədəbiyyatımız
III yazı
"Dəmir yumruq"un fəlsəfəsində təkcə milli birlik yox, türk və müsəlman birlikləri əhəmiyyətli yer alır. "Dəmir yumruq" "Qardaş yumruğu" ilə birləşərək türk xalqlarının birliyinin də simvoluna çevrilir. Bu simvol İkinci Qarabağ savaşında, savaşdan sonra düşmənlərə göz dağı olan ikili təlimlərdə bizim qürur yerimizə çevrildi. İkili təlimlər "Dəmir yumruq"un "Qardaş yumruğu" ilə bir daha möhkəmlənməsinin təntənəsidir.
"Dəmir yumruq" həm də müsəlman dövlətləri və xalqlarının birliyini simvollaşdırır. Türk birliyində "Dəmir yumruq"u Türkiyə simvollaşdırırsa, müsəlman birliyində bunu Pakistan dövlətinin simasında təsəvvür etmək olar. Müharibə dövründə və ondan sonrakı zamanda Bakıda və bölgələrdə Azərbaycan bayrağı ilə birlikdə Türkiyə və Pakistan bayraqlarının dalğalandırılması xalqımızın bu istiqamətdəki iradə və istəklərinin dövlətimizin siyasəti ilə nə qədər üst-üstə düşdüyünü sübut edir.
Müstəqilliyimizdən keçən otuz illik dövrdə Azərbaycan-Pakistan münasibətləri ildən-ilə artan templə inkişaf edib. Azərbaycan-Pakistan diplomatik əlaqələri həm ümummilli liderimiz H.Əliyevin, həm də İlham Əliyevin prezidentliyi zamanında çoxtərəfli istiqamətlər alıb. Həm H.Əliyevin, həm də cənab İ.Əliyevin prezidentliyi zamanlarında dövlət başçılarının bir-birinin ölkələrinə rəsmi səfərləri intensiv xarakter daşıyıb. Eyni tipli problemə münasibətdə hər iki dövlətin rəhbərləri qarşılıqlı anlaşma sərgiləyib. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində "Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birlərini dəstəklədiklərini bəyan ediblər. Bundan sonra keçən müddət ərzində yüksək səviyyəli bütün görüşlərdə Pakistan dövlətini ən yuxarı səviyyədə təmsil edən nümayəndələr Azərbaycanın torpaqlarının təcəvüzə uğradığını, Ermənistanın işğalçı dövlət olduğunu yüksək kürsülərdən açıq elan edib, təcavüzkar dövlətə qarşı ittihamlar irəli sürüblər. Ümummilli liderin Azərbaycan-Pakistan münasibətlərinə verdiyi töhfələri uğurla davam etdirib pik məqama çatdıran cənab İ.Əliyevin zamanında iki dövlət arasındakı əlaqələr iki ölkənin ən yaxın dostluq əlaqələri səviyyəsinə çatdırılıb. Bu birmənalı həqiqətdir ki, Türkiyədən sonra 44 günlük müharibəmizdə bizə ən çox dəstək verən ölkələrdən biri də Pakistan olub və qələbəmizin təminində, Qərb dövlətlərinin Azərbaycanla ehtiyatlı davranışında Pakistan dövlətinin bizi dəstəkləməsinin mühüm rolu olub.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpası, regionun lider dövlətlərindən birinə çevrilməsi prosesində Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan əlaqələri ümumtürk birliyi və ümummüsəlman birilkləri kontekstlərində bizim humanitar düşüncəmizin ən yeni mərhələyə keçidinin prioritet məsələlərindən birinə çevrilib. Düşünürük ki, indiki mərhələdə bu birliklərini möhkəmləndirmək mənasında bizim humanitar elmi və estetik düşüncəmiz siyasi düşüncəmizdən (dövlət siyasətimizin prioritetlərindən) geri qalır. Bu, əlbəttə, səbəbsiz deyil.
Uzun illər müstəmləkə rejimi şəraitində yaşamağımız və bu rejimin antitürk və antimüsəlman siyasəti yeritməsi humanitar elmi və estetik düşüncəyə zərbələr vurub və bizdə bu bəlaların aradan qaldırılması prosesi kifayət qədər ləng gedir.
Məsələn, biz indinin özündə də ədəbiyyatımızın keçdiyi tarixi yolu ümumtürk kontekstində, başqa türk xalqlarının ədəbiyyatının keçdiyi tarixi yolla sıx əlaqədə, vəhdətdə araşdırmaq yoluna keçə bilməmişik. Halbuki keçən əsrin 20-ci illərinin ortalarında ədəbiyyatşünaslığımızda çox düzgün və sağlam, bu gün üçün xüsusilə aktual səslənən bir konsepsiya formalaşmaqda idi. Həmin konsepsiyanın əsasını böyük türk alimi M.F.Körpülüzadə qoymuşdu. Alim "Türk ədəbiyyatı tarixi"nın birinci cildində türk xalqlarının ədəbiyyatını onların inkişaf yolunu sıx əlaqədə - tarixi-siyasi və ictimai, ədəbi-mədəni əlaqələrin bütöv bir sistemini ortaya qoyaraq araşdırmağı ən düzgün, səmərəli və perspektivli tədqiqat üsulu sayırdı. Bu konsepsiya qısa müddət ərzində özünə kifayət qədər tərəfdar topladı və milli ədəbi irsə tətbiq olunmağa başladı. 20-ci illərin ortalarında B.Çobanzadə, A.Musaxanlı, Ə.Nazim, Ə.Abid kimi tənqidçilərin də milli ədəbiyyatın tarixini araşdıran yazılarında bu konsepsiya başlanğıc nöqtəsi kimi alınırdı. Hətta bu konsepsiya ilə 20-ci illərdə Azərbaycanda elm və təhsil sahəsində çalışan İ.Hikmətin əsas ağırlığı orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi üzərinə düşən iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1928) kitabı da işıq üzü görmüşdü Bu ədəbi - elmi siyasətin siyasi və mədəni əsasında isə türk xalqlarının birliyi ideyası dayanırdı. Tarixən eyni kökdən olan xalqların kök birliyindən gələn xüsusiyyətlərin ədəbi hadisələrdə göründüyü və onları aşkarlamağın zəruriliyi fikri önə çəkilirdi. Bu, tarixi yaddaşı bərpa etmək konsepsiyası idi, gələcəyi bu tarixi yaddaşa əsaslanaraq qurmaq konsepsiyası idi. Lakin 20-ci illərin sonuna doğru vəziyyət dəyişdi. Sovet rejimi antitürk siyasətini gizlindən açığa keçirdi. İndi artıq türk xalqlarının ədəbiyyatını vəhdətdə alıb öyrənmək konsepsiyası rədd edilir, tənqid edilir və hər bir türk xalqının tam müstəqil ictimai-siyasi və ədəbi-mədəni inkişaf yolu keçdiyi (eyni zamanda onun fars ədəbiyyatının təsiri altında olduğu) iddia olunurdu. Dinə münasibətdə sovet rejimi ateizm yolu tutmuşdu. Bu ateist siyasət əməli işdə ancaq İslam inancına qarşı çevrilmiş, məqsəd bu dinin daşıyıcılarını öz inancından döndərmək, nəticə etibarı ilə isə bu inancla bir araya gələn xalqlar arasında birlik düzənini pozmaq, onları bir-birinə bağlayan bağlardan məhrum etmək idi.
Azərbaycan ədəbiyyatının tarixi bütün inkişafı boyu İslam dünyagörüşündən çıxış etdiyi halda, sənətkarların əsərlərində aşkar görünən İslam dünyagörüşü ya tədqiqatçılar tərəfindən görməməzliyə vurulur, bu mümkün olmayanda isə, onun dünyagörüşünə tənqidi münasibət ifadə edilir, dünyagörüşü məhdudluğundan söz açılırdı. Dini dünyagörüşü bütün hallarda həyatdan geri qalmaq, mənəvi kasıblıq və yoxsulluq əlaməti kimi şərh edilirdi. Məqsəd insanları iman gətirdiyi dindən uzaqlaşdırmaq, onu ateist ruhda tərbiyə etmək idi. Ateist ruhda tərbiyənin siyasi məqsədi isə İslam inancınının birləşdirici funksiyasını ortadan qaldırmaq, rejim üçün real təhlükə və güc mənbəyi olan islami birliyi aradan qaldırmaq idi.
Digər tərəfdən, ədəbiyyatın türkçülük konsepsiyası ilə tədqiqi ədəbiyyatın tarixi inkişaf yolunu türk məişətinə, adət-ənənəsinə, qəhrəmanlıq ruhuna bağlayır bu da reallıqda türkün gücünü, mübarizə əzmini artırırdı. Antitürk konsepsiyası isə milli ədəbiyyatın tarixində fars zehniyyətindən gələnləri qabartmaqda maraqlı idi. Orta əsrlərin Azərbaycan ədəbiyyatında təriqət poeziyasının təbliği insanların dini inancını zəiflədir, insan-Allah qarşıdurması yaradaraq "Tovhid"ə inamı zəiflədirdi. Ateist siyasətin təbliğ olunduğu cəmiyyətdə insan-Allah konsepsiyası, əslində qarşıdurması münbit zəmin tapır və şüurlarda möhkəmlənirdi. Nəticə etibarı ilə insanlar tədricən iman və inanclarını itirir, bu isə mahiyyətcə onlara güc verən dayağın-bir olan Allaha inamın sarsılmasına gətirib çıxarırdı. Anarın müstəqillik dövrünün ilk illərində yazdığı çox ibratəmiz bir əsəri var: "Otel otağı". Bu əsərdə Kərim Əsgəroğlunun timsalında Anar müstəmləkə rejimindən qopub müstəqilliyə qovuşan Azərbaycan ziyalısının taleyini əks etdirir. Bəlli olur ki, zaman dəyişəndə- Azərbaycan insanı yenidən öz müstəqilliyinə qovuşanda daha tragik bir situasiya ilə üzləşir.
Milli tarixi xarakterdən uzaqlaşıb sovet əxlaq tərzinin daşıyıcısına çevrilənlərin yeni şəraitə - yeni ictimai-siyasi və mənəvi-əxlaqi şəraitə diktələri müstəqillik dövrünün milli insanının öz tarixi xarakteri ilə çıxışını başqa bir rakursdan zərbə altina qoyur. Sovet rejimindən sıyrılıb çıxmış Azərbaycan insanı, birinci növbədə, öz ruhuna səpilmiş ateizm toxumlarından göyərib bar verən inancsızlığın acısını yaşayır. Bizi narahat edən odur ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığı da eynən Kərim Əsgəroğlu kimi, "içindəki əsgi sovet adamının donuq əxlaq qəliblərindən çıxa bilmir". Ümumən götürəndə müstəqillik dövrünün ədəbiyyatşünasının da alt şüurunda din gerilik əlamətidir, tərəqqiyə, inkişafa mane olan sosial amildir. Müasir ədəbiyyatşünas da hesab edir ki, sənətkar dünyagörüşü dini inancdan nə qədər uzaqdırsa, deməli, mütərəqqi səciyyə daşıyır. Qarşımızda "Məhəmməd Hadi: həyatı və yaradıcılığı" (Bakı. Elm və təhsil, 2020) adlı çox dəyərli bir tədqiqat əsəri var. Hadişünas alim İ.Qəribli ömür sərfi hesabına mütəfəkkir şairin həyatı və yaradıcılığı ilə bağlı çox qiymətli informasiyalar və təhlillər təqdim edir. Bu çox dəyərli təhlillərin bir qismi də şairin "Əlvahi-intibah" poemasına həsr edilmişdir. Təhlillərin dəyərini və orijinallığını müəyyənləşdirən əsas cəhətlərdən biri də budur ki, poema səmavi kitablardan gələn müəllif dünyagörüşü ilə sıx əlaqədə araşdırılır.
Lakin bu araşdırmalarda Allah tərəfindən göndərilmiş müqəddəs kitabların heç birinin "ümumi bir məhəbbət təbliğ etməməsi", "ümumən insanlığa səadət arzulamadığı"na dair sənətkar mövqeyi önə çıxarılır. Bu isə narahatlıq doğurur.
Əsl həqiqətdə isə, Tövratın və İncilin əsasında dayanan Tövhid inancı Qurani-Kərimdə tamamlanır və yer üzünün bütün insanlarına aid olur. İslamda Tövhid bütün insanları birləşdirir. Qurani-Kərimin fəlsəfəsi də bu birləşdircilik missiyasında meydana çıxır. Deməli, "bəşəri qardaşlıq"-"ümumi məhəbbət" ideyasının əsasında Qurani-Kərim hökmləri dayanır.
Məsələ ondadır ki, haqqında danışdığımız tədqiqatda müəllif özünəməxsus dini inancı və bu istiqamətdəki bilikləri ilə sənətkarla mübahisə aça bilər, lakin açmır. "Ümumi məhəbbət" ideyasının məhz İslamdan gəldiyini sübut etməyə çalışmır, əksinə, konkret situasiyanın təsiri ilə (Birinci Dünya müharibəsində tökülən qanların sənətkarda yaratdığı ovqatla) sənətkarın dinin insanlara humanist münasibətini şübhə iə qarşılayan fikirlərini sanki həqiqəti ifadə edirmiş kimi normal qarşılayır. Tədqiqatçılarımızın əksəriyyətində bu cür situasiyalarda dini təəssüb, dini inanc mövqeyindən çıxış, mühakimə yürütmək meyli çatışmır. Təhlillərində müəllif "M.Hadini peyğəmbərlərin qanunları, taleyi çox da maraqlandırmır" (s.519) qənaətinə gəlir.
Hadinin konkret situasiyadan doğan dinə münasibətinə münasibət bildirərkən alimin mövqeyində sovet ədəbiyyatşünaslığının ateizmə tabe tutulan mühakimələrinin təsirini açıq-aydın hiss edirik. Müqəddəs dinimizə bu cür yanaşmaların perspektivi varmı? Müstəqilliyə qovuşmağımızdan 30 ildən çox vaxi keçir. Bəs biz öz dini inancımızda sovet ideologiyasının təsirindən nə vaxt qurtaracağıq, öz inancımızda nə vaxt qətiyyət, bütövlük nümayiş etdirəcəyik? Axı dövlətçilik siyasətimizdə dinimizi "mənəvi sərvətimiz" kimi qəbul etmək tendensiyası çoxdan öz aydın ifadəsini tapıb. Ümummilli liderimiz H.Əliyev deyirdi: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir". Bu sözlər dövlət səviyyəsində bizim dinimizə baxışımızın strategiyasını müəyyənləşdirir. Əgər Ümummilli lider "dinimiz bizim milli sərvətimizdir" deyirsə, əgər dövlət başçımız qələbədən sonra dönə-dönə Şuşada, Ağdamda dağıdılmış məscidlərimizi böyük bir inancla ziyarət edirsə, onların dağıdılmasını ürək ağrısı ilə qarşılayır, bərpasını dövlətin prioritet vəzifələrindən biri elan edirsə, bu, humanitar düşüncənin qarşısına mühüm vəzifələrin qoyulması demək deyilmi? Bu gün biz ürək dolusu ilə İslam xalqlarının qardaşlığından, taleyüklü məsələlərdə bir-birinə dəstək olmasından, arxa durmasından danışırıqsa, müsəlman dövlətlərinin həmrəyliyini dövlətçilik siyasətimizin prioritetlərindən biri kimi qəbul ediriksə, bu prosesləri ancaq dövlətlərarası münasibətlər kimi başa düşmək, əlaqələrin ancaq dövlətlərarası münasibətlər vasitəsilə yaranacağını, möhkəmlənəcəyini düşünmək mahiyyəti tam dərk etməmək deməkdir. Bu münasibətlərin sarsılmazlığı, dönməzliyi və inkişafı bizim hər birimizin dini inancının həqiqiliyindən və möhkəmliyindən asılıdır. Məhz bu dini inanc İslam dininə inam gətirənləri bir-birinə qırılmaz tellərlə bağlaya bilər. Təqdirəlayiq haldır ki, bizim dövlətçilik siyasətimizdə mühüm yer tutan İslam xalqlarının və dövlətlərinin birliyi ideyasını hələ müstəqilliyimizin ilk illərində H.Əliyev dövlətçiliyimizin inkişafına əsaslı töhfələr verəcək amil hesab etmişdir. "Müasirlik və dini-mənəvi dəyərlər" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında (Bakı şəhəri, 29 sentyabr 1998-ci il) Ulu Öndər deyirdi: "Müsəlman alimləri və din xadimlərinin dinimizin mühüm aktual probelmlərini müzakirə etməsi sırf elmi-dini əhəmyiyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, islam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir". H.Əliyev həmin çıxışında respublikamızda "milli və dini dəyrələrin bərpası" problemini qaldırırdı. Nə demək idi "milli və dini dəyərlərin bərpası" problemi? Bu, məgər, bizim sovet rejimindən çıxdığımızı, bir çox hallarda milli və dini dəyərlərimizə arxa çevirmək məcburiyyətində qaldığımızı, bu istiqamətlərdə itirdiklərimizi müstəqillik dövründə bərpa etməyin vaxtı çatdığını işarələmirmi? Bu işarələnən hallar xüsusilə bizim müstəqillik dövrü humanitar düşüncəmizin milli və dini dəyərlərə köklənməsini, onların uğrunda aktiv mübarizənin zəruriliyini ifadə etmirmi? Demək, müstəqilliyə qovuşmaq, ilk növbədə, bizim düşüncəmizin sovet rejiminin ateist siyasətinin təsirindən qurtarmasını tələb edir. Bizi narahat edən odur ki, sovet dövründə yaşayan sənətkarın can qorxusu ilə dinə, Allaha inkarçı mövqedən yazdığı əsərləri, əsərlərində əks olunan mülahizələri indi də olduğu kimi qəbul edir, onlara tarixi yanaşma ilə tənqidi baxış ifadə edə bilmirik. Bizi narahat edən odur ki, hələ də ədəbiyyatşünaslığımızda, məsələn, C.Cabbarlının məşhur qəhrəmanı Almazın "Ay qız, Quran nədir, Allah nədir... Uşaq deyilsən ki..." sözlərinə tənqidi münaisbət bildirən alim mövqeyinə rast gəlmək olmur. Bizi narahat edən odur ki, ədəbiyyatşünaslığımız "get məni asacaq din naşirlərinə söylə ki, mən deyirəm: yoxdur Allah, yoxdur Allah" sözlərinin uca səslə, pafosla səsləndiyi "Od gəlini" əsərinə "Cabbarlının dünyagörüşünün irəliyə doğru hərəkəti", qəhrəmanın "əsil inqilabçıya çevrilməsi" kontekstlərində dəyər verirsə, onda Ümummilli liderin "milli və dini dəyərlərimizin bərpası" zərurəti ilə bağlı tövsiyyəsini necə reallaşdıracağıq? Başqa sözlə, biz öz gələcəyimiz olan uşaqlarda dinə inam və inanc hissini necə tərbiyə edəcəyik? Millətimizi "müsəlman xalqlarının birliyi" əqidəsinə necə hazırlayacayıq? Axı, nəhayət ki, fərqinə varmaq lazım gəlir ki, İslam dininə kəskin tənqidi yanaşmaları C.Cabbarlının iç dünyasından qopub gələn inam deyildi və sənətkarın həqiqi dünyagörüşünün mahiyyətinin ifadəsi kimi götürülə bilməz. Bu danılmaz bir həqiqətdir ki, Cabbarlının dünyagörüşündəki bütün ziqzaqlar onun 1923-cü ildə iki dəfə həbsxanaya düşməsi ilə birbaşa bağlıdır. Sovet rejimindən qabaq yazdığı bütün əsərlər, xüsusən "Ulduz, yaxud Trablis müharibəsi", "Ədirnə fəthi" əsərləri sənətkarın dini dünyagörüşünün həqiqi mahiyyətinin inkaredilməz sübutlarıdır.
"Ulduz" və "Ədimə fəthi" C.Cabbarlının türkçülük ideyalarının yüksək bədii səviyyədə estetik təcəssümü olmaqla bərabər, islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan olduğunu sübut edən əsərlərdir. Məlumdur ki, "Ulduz" əsərinin mövzusu İtaliya-Osmanlı müharıbəsinin (1911-1912) tarixindən götürülmüşdür.
Cabbarlı tarixin xronikasını verməmişdir, lakin İtalyanlarla müharibədə türklərin qarşılaşdığı çətinliklərdən qurtarmasında türk əsgərinin müxtəlif ərəb ölkələrindən gəlmiş könüllülərlə birliyi, məhz bu birlik hesabına qələbənin təmin edilməsi əsərdə tarixin həqiqətlərinə tam uyğundur.
Əsərdə müsəlman xalqlarının birliyi ideyası zamanın diktə etdiyi zərurət kimi təqdim edilir. C.Cabbarlı bu birliyi Avropanın müsəlman dünyası üzərinə "səlib yürüşü"ndən qalib çıxmağın yeganə çıxış yolu kimi görür. Avropanın, xristian dünyasının şərqi parçalamaq və bölüşdürmək siyasəti bütün reallıqları ilə əsərdə öz əksini tapır.
1917-ci ildə yazılmış "Ədirnə fəthi" pyesi türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasını və bu prosesin türkün tarixi taleyində oynadığı həlledici rolu bədii təsvirin mərkəzinə çəkən bir əsərdir. Tarixdən məlumdur ki, I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı mübarizədə itirilmiş Ədirnə II Balkan müharibəsində Ənvər paşanın komandanlığı altında Osmanlı ordusu tərəfindən 21 iyul 1913-cü ildə geri alınmışdır. Həmin tarixi hadisənin bədii əksini verən əsərdə Osmanlı qoşunlarının qələbəsində millətin vətən- torpaq təəssübünün böyük qələbələrə imza atmaq gücündə olması müəllif mövqeyinin ifadəsi kimi önə çəkilir. Bu əsərdə müsəlman xalqlarının birliyi ideyası "Ulduz"da olduğu kimi qabarıq bir xətt kimi verilməmişdir. Lakin Cabbarlı öz mübariz qəhrəmanlarını təsvir edərkən onları "damarlarında türk, islam qanı fırlanan bir osmanlı" kimi təsvir etməklə dövrünün tarixi həqiqətlərini yaxşı bildiyini və ona sadiq qaldığını bir daha nümayiş etdirir. "Ulduz"da olduğu kimi, "Ədirnə fəthi"ndə də türklüyün Avropa dünyası ilə üz-üzə qaldığını tarixin həqiqəti kimi əsərinə gətirib, qeyri-bərabər gücə qarşı mübarizədə türkün öz vətəninə sonsuz məhəbbətini, vətən torpaqlarının müdafiəsini namus yükü hesab etməsini bütün gücü ilə təsvir obyektinə çevirir.
Tarixi mövzularda və tarixən yazılmış bu əsərlərin ideya istiqaməti müasir "Dəmir yumruq" siyasəti və onun fəlsəfəsi ilə tamamilə üst-üstə düşür. Bu faktın özü sübut edir ki, tarixi ədəbi prosesdə "Dəmir yumruq"un daha da güclənməsinə təkan verən əsərlərimiz az deyildir. Ancaq məsələ gedəcəyimiz yolun fəlsəfəsini düzgün müəyyənləşdirməkdədir. İndi artıq aşkar görünür ki, "Dəmir yumruq" bizim üzü gələcəyə və üfüqlərə doğru hərəkətimizdə bir fəlsəfi təlim olaraq mayak rolu oynaya bilər və oynamalıdır.
Düşünürük ki, biz müasir həyatımızda baş verən ictimai-siyasi prosesləri də bu fəlsəfi təlim əsasında dəyərləndirməliyik. İctimai tərcümeyi-halımıza çevrilən hadisələrin estetik düşüncəyə gətirilməsi və nəticə etibarı ilə onların ictimai-milli düşüncəmizin inkişafının təminatçısına çevrilməsi prosesləri də "Dəmir yumruq"un potensiallarını gücləndirmək hesabına baş verə bilər.
Biz Birinci və İkinci Qarabağ savaşlarında cərəyan edən ibrətli hadisələri ictimai təfəkkür süzgəcindən keçirib estetik düşüncəyə ötürməliyik.
Diqqəti Azərbaycan xalqının Qarabağ uğrunda Birinci savaşının fəal iştirakçısı olub, sonda qəhrəmancasına şəhid olan Qazaxıstan türkü Yerbol Barimbetovun üzərinə çəkmək istəyirik.
Türkün bu qəhrəman oğlunun şücaətləri haqqında internet səhifələrində sanki bir-birinin davamı olan iki yazıya rast gəldik. Birincisi "Qarabağda şəhid olan qazax balası haqqında Ballada", ikinci isə "Qarabağ uğrunda şəhid olmuş bir qazax balasının hekayəti" adlanır. İkinci yazının altında imzaya rast gəlmədik. Birinci yazının müəllifi Tunar Altunbaydır. İkinci yazıda müəllif özünü belə təqdim edir: "Mən bir türk qadını, ana, Qazaxıstan vətəndaşı olaraq igid Yerbolla qürur duyuram. O, bizim qəhrəmanımızdır. O, bizim türk dünyamızın oğludur". Çox doğru və ürəkdən gələn, səmimiyyətdən yoğrulmuş türkçü düşüncənin məhsulu olan qənaətlərdir. Yazının sonunda yazarın bir qənaəti də yer alır: Ümid edirəm ki, bu tarixi fakt diqqətsiz qalmayacaq".
Haqlı, çox haqlı bir mövqedir. Vətəndaşlıq düşüncəsinin ən bariz ifadəsidir. Yazıları həyəcansız oxumaq mümkün deyil. Jurnalistin həyəcandan boğula-boğula, misilsiz bir qürur hissi yaşaya-yaşaya Yerbolun Qarabağ savaşında iştirakından, saysız şücaətlərindən, qəhrəmanlıqlarından oxuculara təqdim etdiyi fraqmentlər: "...Azərbaycan ordusunda kəşfiyyatçı kimi xidmətə başlayan Yerbol Murovdağda və Tərtər-Ağdərə zonasında döyüşüb. 1993-cü il mayın 2-də Bakıya 472-ci kəşfiyyat batalyonunda xidmətə göndərilib, həmin batalyonla birlikdə dövlət əhəmiyyətli bir çox əməliyyatlarda iştirak edib. Kəşfiyyat qrupuna rəhbərlik edib, 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib. Bu hərbi hissə ləğv edildikdən sonra Yerbolu ayrıca 776 saylı xüsusi təyinatlı əlahiddə batalyona keçiriblər. 1994-cü ilin fevralından hissə Tərtər-Ağdərə zonasında döyüşüb və Yerbol kəşfiyyat qrupunun komandiri olub. 1994-cü ilin martında bir qrup kəşfiyyatçı pusquya düşüb. Yerbol qrupu xilas edərkən ağır yaralanıb. O təxliyyə edilərək Tərtər xəstəxanasına aparılıb. Lakin dostlarının döyüşə girdiyini öyrəndikdən sonra tam sağalmadan hərbi hissəyə qayıdıb".
Yerbolun döyüş yolundan daha bir fraqmenti də təqdim etmək istəyindən özümü saxlaya bilmirəm: "Döyüş yoldaşlarının sözlərinə görə, Yerbol qorxmaz döyüşçü olub. Onun xidmət etdiyi hərbi hissənin sayəsində ermənilər Azərbaycanı iki yerə bölmək və kapitulyasiya məcbur etmək üçün Kürdəmir yoluna çata bilməyiblər. Yerbolun da daxil olduğu kəşfiyyatçılar qrupu tapşırıqlardan birini yerinə yetirərkən 10 gün arxa cəbhədə qalıb, onun meşə ərazisində hərəkət etmək qabiliyyəti sayəsində qrup tapşırığı yerinə yetirərək öz yoldaşlarının yanına qayıdıb, halbuki, yoldaşları onların həlak olduğunu düşünürmüş".
Yerbol 1994-cü il aprelin 20-də düşmənin arxasında döyüş apararkən qəhrəmancasına həlak olub.
Tam bir qəhrəmanlıq səlnaməsinin müqəddiməsi! "Dəmir yumruq"un türk xalqlarının birliyində gerçəkləşən fəlsəfəsinin son dərəcə səciyyəvi bir faktı! Hər cür ideoloji basqıdan kənar, türkün məkanından və zamanından asılı olmayaraq türk olduğunun danılmaz, təkzibedilməz sübutu, dəlili! Birinci Qarabağ savaşında mübarizəmizi şərtləndirən amillərdən birinin qəhrəmanlıq dastanı şəklindəki zühuru! Tam bir roman süjeti! Qarabağ müharibəsinə həsr olunacaq bədii filmin ən həyati və ibrətamiz süjeti! Həyatdan romana, romandan kinoya yol almağa tam haqqı olan türkün cəngavərlik ruhunun ifadəsi!
Yerbol
hadisəsi sıradan bir hadisə deyil. Yerbolun Qarabağ
uğrunda ölümə qədər gedən qəhrəmanlıqlarla
dolu döyüş yolu yalnız bir əsgərin
döyüş yolunun ifadəsi
deyil. Yerbol türkdür, ancaq Azərbaycan türkü
deyil. Yerbol Qazax türküdür. Ancaq Birinci Qarabağ
savaşında tam könüllü olaraq iştirak edib, uzun
bir döyüş yolu keçib, qəhrəmancasına həlak
olub. Yerbolun daşıdığı məram, qarşısına
qoyduğu məqsəd, bu məqsəd uğrunda ölümə
qədər getmək əzmi başdan başa rəmzdir. Bu
hadisədə ayrı-ayrı türk xalqlarının
bir-birinin taleyi üçün keçirdiyi narahatlıq hissi
rəmzləşib. Türkün ağır günündə
bir-birinə arxa olmaq məramı və istəyi rəmzləşib.
Buna görə də, bu və bu tipli hadisələr bizim ədəbi-bədii
düşüncəmizi ardıcıl olaraq məşğul
etməlidir. Yerbol hadisəsi bizim 44 günlük müharibəmizdə
də öz simvolikası ilə iştirakçıya
çevrilmək, gücümüzə güc qatmaq, "Dəmir
yumruq"umuzu türk birliyi hesabına ("Qardaş
yumruğu") daha da gücləndirmək imkanına görə
öndə olmalıdır.
Yuxarıda
C.Cabbarlının "Ulduz" və "Ədirnə fəthi"
əsərlərindən danışmışdıq və
bu əsərləri türkçülük
ideyalarının, ən ümdəsi türk birliyi
ideyasının yüksək bədii səviyyədə
estetik təcəssümü hesab etmişdik. Məsələ
burasındadır ki, Cabbarlı fürsəti əldən vermədən
şüurlara türk birliyinin toxumlarını səpirdi.
Onun göyərib baş verdiyi zamanı türkün
dünyada həlledici söz sahibinə çevriləcəyi
zaman kimi təsəvvür edirdi. Söhbət ondan gedir ki, indi
də bu ovqata köklənməliyik. Çünki Cabbarlı
ideyaları, konsepsiyası indi də öz müasirliyini
saxlayır, özü də heç vaxt olmadığı
bir vüsətlə. (Həm də axı keçən
müddət ərzində nəzərdə tutduğumuz
zamana doğru sürətli irəliləyişimizi də nəzərə
almalıyıq). Məhz bu
müasirlik işığında bir qazax balası
türkün - türk oğlu türkün gəlib Qarabağda qəhrəmancasına
vuruşub qəhrəmancasına şəhid olmasına
vüsətli bir estetik reaksiya verməli idik və verməliyik.
Qazax balasının qəhrəmanlıqlqrı, ilk növbədə,
Azərbaycanla bir edilməli, daha sonra türk
dünyasının qəhrəmanlıq tarixinin canlı bir səhifəsi
kimi əsərdən əsərə keçib
xalqlarımıza tanıdılmalıdır.
Uşaqlarımız dərsliklərimizdə Qarabağ
müharibəsinin milli qəhrəmanları ilə bir
sırada Qazaxıstan türkü Yerbol Barimbetovun əfsanəyə
dönmüş qəhrəmanlığı haqqında
tarixi oçerklər, hekayə, şeir, mahnı və
romanlar oxumalı, onu sevməli, ürəklərində
yaşatmalıdırlar. Hər bir türk uşağına,
yeniyetməsinə, gəncinə yerbolçuluq hissi,
düşüncəsi aşılamalıyıq. Bu
şöhrət tarixinə, yəqin ki, indiki halda Yerbolun
heç bir ehtiyacı yoxdur, qəhrəman bir şəhid
kimi onu yeri Allahın Cənnətindədir. Ancaq
xalqlarımız "Qəhrəmanlar ölmürlər"
deyiblər. Bu fikrin fəlsəfi
əsası var. Biz Vətənimiz, itirilmiş
torpaqlarımız uğrunda canını fəda edən
şəhidlərimiz haqqında daim danışır, daim
onları yad edir, tarix, ədəbiyyat kitablarımızda
onların ibrətli həyat yolu haqqında
uşaqlarımıza nağıl tülünə
bürünmüş reallıqları anladırıqsa,
onların qəhrəmanlığı xalqımızın
sevimlisi olan bir şairin, bir aşığın, bir nasirin
yaratdığı sənət əsərində
öyülürsə, onların qəhrəmanlığı
nəğmələrimizin, mahnılarımızın motivinə
çevrilirsə, onda həmin qəhrəmanlar, doğrudan
da, ölmürlər. Çünki fəlsəfi ədəbiyyat
göstərir ki, belə insanlar adi varlıq olmaqdan
çıxıb ideal varlığa çevrilir və
insanların yaddaşında ədəbi yaşamaq hüququ
qazanırlar.
Barimbetovun
yaddaşlara köçmüş həyatı, sənətdə
yenidən canlanan həyatı gələcək
nəsillərə, gənclərə örnək dərsidir.
Yerbol Barimbetovun qəhrəmanlığını, şəhidliyini Azərbaycan-Qazaxıstan dövlətləri,
Azərbaycan-Qazax xalqları arasında ən etibarlı
körpüyə döndərə bilərik və döndərməliyik.
Barimbetovun hərəkətləri hər bir türkün qəlbində
türkə, türk torpaqlarına sevgini alovlandıran, onu
sönməz bir məşələ çevirən
qığılcım ola bilər və olmalıdır.
Göründüyü
kimi, bütün hallarda qazanacağımız uğurlar
atdıqlarımız və atacaqlarımız
addımların "Dəmir yumruq"un fəlsəfəsinə
nə qədər uyğun olmasını hesablamaq
imkanlarımızdan asılı olacaq! Ədəbiyyatımızın
keçdiyi tarixi yolun dəyərləndirilməsinin və
onun gələcək inkişafının - perspektivlərinin
"Dəmir yumruq" fəlsəfəsini hansı səviyyədə
öz içinə alacağı gələcək
uğurlarımız üçün həlledici şərtlər
sırasında olacaq!
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.16-17.