Xalq yazıçısı Anarın 85 illik yubileyinə

həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

 

Bu günlərdə Azərbaycan Opera Studiyasında Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecəni giriş sözü ilə açan yazıçı-dramaturq Pərvin Nurəliyeva Anarın yaradıcılıq yolundan bəhs edib: "Sözün, ədəbiyyatın, sənətin, Anar yaradıcılığının dəyərini bilən əziz dostlar. Bir neçə aydır ki, şəhərimizi sevimli yazıçı ilə görüş vədləri, afişalar bəzəyir... Görüş yazıçının 85 illik yubileyinə həsr olunub. Amma mənə görə, bu yuvarlaq rəqəmlər sadəcə hesabat üçün mühümdür. Və elə bu hesabatlardan danışacayıqsa, mütləq 60-cı il dekabr ayını yada salmaq vacibdir. Həmin ilin həmin ayında "Azərbaycan" dərgisində ədəbiyyatımıza yeni bir imza gəldi və o zamandan başlayan yol, Anarın yaradıcılıq yolu 60 ildən çoxdur ki, davam edir. Və bu 60 ilə nəzər salanda bir böyük həqiqət bütün görülən işlərdən - yazılan əsərlərdən, çəkilən filmlərdən, qurulan  tamaşalar və edilən çıxışlardan, ictimai-siyasi fəaliyyətdən görünür. Yazıçının həyatı, düşüncəsi, taleyi, yaşadıqları və yaratdıqları onun vətənin taleyindən və yaşantılarından bir an belə ayrı olmayıb. Ən sadə, adi adamların ağrısını, düşüncəsini, gözləntisini nəsr və dram əsərlərində, XIX əsrdən üzübəri Azərbaycan ziyalısının, söz-sənət adamının həyatını - "Üzeyir ömrü", "Cavid ömrü", "Qəm pəncərəsi", "Sübhün səfiri" kimi filmləri, "Lik Azerbaydjana", "Söz dünyası" kimi cildlərlə kitabları anladır... Anar "Kitabi-Dədə Qorqud" dastanının əsasında milli kimliyimizi bir cəhətdən izah edirsə, tariximizi Orxon-Yenisey abidələrindən bu günəcən araşdırıb min səhifəlik "Yaşamaq haqqı" traktatı yazırsa, digər tərəfdən də millətin emosional yaddaşını diqqətsiz qoymur. Və Anar müəllimə görə şeir, poeziya xalqın inkişaf mərhələlərini elə tarix kitabları qədər göstərir. Çünki ən böyük həqiqət qəlbin həqiqətidir. Və yaratdığı bütün qəhrəmanlar yazıçının ideallarına, bu böyük həqiqətə malik olduqları, inandıqları, gerçək həyatı anlatdıqları, öyrətdikləri üçün bu qədər sevilirlər. Çünki Anarın qəhrəmanları yaşamağın əlifbasından başlayıb ölüm adlı qaçılmaz sona qədər bütün həyat yolunu izah edir, oxucuya öyrədirlər!"

Daha sonra Xalq yazıçısı Anar səhnəyə dəvət olunub. Görüş boyu yazıçının ədəbi yaradıcılığı və ictimai fəaliyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub. Yazıçı bu video materialları şərh edib, aparıcı Pərvin Nurəliyevanın və auditoriyanın suallarını cavablandırıb.

Xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki Anarınmidini itirmə", "Taksi və vaxt", "Ürək qatarı", "Qafiyəsiz şeir" şeirlərini səsləndiriblər. Xalq artisti İlqar Muradov bəstəkar Şəfiqə Həsənovanın Anarın sözlərinə bəstələdiyi "Taksi və vaxt", gənc müğənni Nəsimi Məmmədov Xalq artisti Faiq Sücəddinovun "Ayrılıq bileti" mahnılarını ifa ediblər. Xalq artisti Faiq Sücəddinov royal arxasına keçərək yeni bəstələdiyilvida" mahnısını tədbir iştirakçılarına təqdim edib.

Tədbirin davamında yazıçı oxucuların suallarına cavab verib, xatirə şəkilləri çəkdirib.

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.4.