Mülk

 

Payızdan qaçmıram, qışdan qorxmuram,

Bahar böyüdürəm, yaz ucaldıram.

Enib-endirməkdən demə, qələmim,

Yazanda həmişə yaz, ucaldıram!

 

Mənim alın yazım fələkdən gəlir,

Ancaq Azərbaycan deməkdən gəlir.

Bir zatım var, ulu Babəkdən gəlir,

Bir taxtım var, budu: Bəzz ucaldıram!

 

İnsan arif ola, naşı olmaya,

Qoyanda qoyarlar daşı Qalaya!

Öz boyum ucalır Ərşü-Əlaya,

Sinəmin üstündə saz ucaldıram!

 

O mənəm, dərsindən beş alıb gedən,

Çiyninə yüz putluq daş alıb gedən!

Zirvədən zirvəyə baş alıb gedən,

Cığır rahlayıram, iz ucaldıram!

 

Bir ucdan duz səpir yarama əlim,

Qəlbim - bir ipəkdir, barama - əlim!

Ölərəm, uzansa harama əlim,

Halal çörək kəsir, duz ucaldıram!

 

Haray, tikməyənlər, haray tikənlər,

Baratın da mülkü var, ay tikənlər!

İnsan əli çatmaz saray tikənlər,

Mən Allaha çatan söz ucaldıram!

 

Analardan xahiş

 

Sizə yalvarıram, əziz analar,

Südü aydan arı, təmiz analar!

Eşqi ümman-ümman, dəniz analar,

Bax, belə oğullar doğun, doğanda!

 

Bax, belə oğullar, hər biri bir yurd,

Beşiyi bir vətən, qəbri bir yurd,

Əsli Bozqurddu, nəsli Bozqurd,

Bax, belə oğullar doğun, doğanda!

 

Yarımçıq qalsa da toyu... vuruşsun,

Vətən, millət, deyib qoyun, vuruşsun,

Öz şirin canına qıyıb vuruşsun,

Bax, belə oğullar doğun, doğanda!

 

Hamıya gərəktək gərəkləşsinlər,

Birləşib, şirləşib, pələngləşsinlər,

Qazan xan olsunlar, Beyrəkləşsinlər,

Bax, belə oğullar doğun, doğanda!

 

Oğul oğuldumu, qayalaşmasın,

Dəli Kür olmasın, Arazlaşmasın?!

Heç vaxt öz-özüylə yavalaşmasın,

Bax, belə oğullar doğun, doğanda!

 

Olsun, hər kimin ki, ağlı var, şəhid!

Haqq olan dünyada haqlılar şəhid!

Vətənin tək bircə oğlu var: şəhid,

Bax, belə oğullar doğun, doğanda!

 

Qoymayın torpağı gədələr əksin,

Əksə bitəcək... o qədər əksin!

Əkəndə əkini dədələr əksin,

Bax, belə oğullar doğun, doğanda!

 

Kəlağay

 

Vətən torpağının bir hissəsitək

Onu unutmayam, mən gərək anam.

Mənim gözlərimdə uşaq vaxtları

Anam - Kəlağaydı, Kəlağay - anam!

 

Xalqımın müqəddəs adəti çoxdu,

Bundan ibrət alsın hər duha gərək.

Qızlar tanıyıram, maşallah olsun,

Cehiz tanımırlar Kəlağayıtək!

 

Daima əzəli səngərindədir,

Məhəbbəti aydın, həsrəti məlum.

Vətəndir Kəlağay örtən analar,

Yer-yurdu yerində, sərhədi məlum!

 

Kəlağay qüdrəti qılıncdan iti,

Qarşısında məğlub düşmən min-mindi.

Nənələr vardı ki, kəlağay örtüb,

Deyərdi, başımın ağrısı dindi.

 

Dava yatırmağın yolun bilərdi,

Hər siyasətçidən nənəm ötədi.

Kəlağay atınca ayaq altına,

Umu-küsü kəsər, dava bitərdi.

 

At minən bacımı xatırlayıram,

Oğlanlarla birgə toyda at çapar,

Nəmər almaq üçün yarışardılar,

Görərdik toylardan geri dönəndə,

Atının boynunda Kəlağay var!

 

Deyəndə dərdimi kimə deyərəm,

Ona ki, onunla olmaz üz qara.

Əyəndə başımı kimə əyərəm?

Əlbəttə, Kəlağay örtən qızlara!

Kəlağay deyildir adi bir örtü,

Oxumaq istəsək himn olacaqdır.

Qızlar, başınıza Kəlağay örtün,

arzu etsəniz, hasil olacaq,

yuxu görsəniz, çin olacaqdır!

 

Yetən anam kimi kamala yetə,

Yarıyan baxtından belə yarısın.

Başdaşı üstdəki şəklində

Hələ başındadır Kəlağayısı!

 

Eylə

 

Yoxsa Ərənliyin, bu yola çıxma,

Başım, meydana gir,

Başım, qan eylə!

Bu yolda hamını başına yığma,

Götür, özünü başından eylə!

 

İstəsən ki, haqqa doğru gedəsən,

Çalış kam almadan kama yetəsən.

Götürüb özünü adam eyləsən,

Vətənin torpağı, daşınnan eylə!

 

Yolçu, yol gedilməz ayaqlarınla,

Aşiq, gül dərilməz barmaqlarınla!

Dağıt Bisutini dırnaqlarınla,

etsən Fərhadtək Eşqinnən eylə!

 

***

 

iylərmiş, qoxlarmış

Dərməyən eşqin gülündən?

Ölsə qəvvas olammaz,

Batmayan eşqin gölündə!

 

Yoldan azar, yola gəlməz,

Əldən düşər, ələ gəlməz,

Adam kimi dilə gəlməz,

Dinməyən eşqin dilində.

 

yaşayır, ölürmüş,

Varmı? Yoxmu? bilirmiş.

Görəsən, hardan gəlirmiş

Gəlməyən eşqin elindən?!

 

İstəsə qəlbi olmaz,

Bir sevincli, dərdi olmaz!

Bir ocaq sahibi olmaz,

Yatmayan eşqin külündə!

        

Öz baxtından varıb qaçar,

Öz taxtından düşüb keçər,

Qıl körpüdən necə keçər,

Tutmayan eşqin əlindən?!

 

Gecə-gündüz fikir nəymiş,

Dilindəki şükrü nəymiş?

Hara getmək fikrindəymiş

Getməyən eşqin yolunda!?

 

Dar ağacının bayramı

 

Dedikləri səndən ötrü deyildi,

Bir itgisi belə itgi deyildi.

Gül sənə dediyi ətri deyildi,

Başa düşməməli burda var ki?!

 

O göy yerlə, bu yer o göylə dolu,

Doğmayla, yaxınla, ögeylə dolu.

Könüllər, yer-göylər hər şeylə dolu,

Tanrıdan savayı harda var ki?!

 

Sanma bir Nəsimi, bircə Mənsur var,

Göydə Nəsimilər, yerdə Mənsurlar

Asılmaq istəyir bir Mənsurlar,

Sən hələ deyirsən, darda var ki?!

 

Yaxa

 

Hardan qənşərinə çıxdım bilmirəm,

Ya bişmiş yaxamın,

Ya xam yaxamın.

Mənə Allahın yazığı gələ,

Əlindən qurtara yaxam yaxamın!

 

Baxıb sevinmədi könül doyunca,

Bir qırıq...

Bu cırıq yaxamla bir an.

Bəlkə, bilməmişəm ömür boyunca,

Elə öz yaxammış yaxamı cıran?!

 

Günəşin köynəyi göylər, üfüqlər,

Cırılır onun da qürub yaxası.

Kim ki, bu dünyada böyükdü, nəsə,

Özündən böyükmüş cırıq yaxası?!

 

Kaş elə bir gülüb min ağlayaydım,

Gələn bir bəlanı duyaydım gərək.

Özümə vaxtında gün ağlayaydım,

Yaxasız köynəklər geyəydim gərək!

Gözünü dikəndə gözümə dikdi,

fərqi, bir nəfər olsun, ya hamı.

Məni atım-atım etmək istəyən,

Atım-atım etdi əvvəl yaxamı.

 

Sən saqqız sanıb, a zalım, çeynə,

Saqqız qıra dönüb,

Qız saqqız olub.

Mən necə yaşayım, mən necə ölüm,

Həyat bir tərəfdən, ölüm bir yandan

Yapışıb yaxamdan qırsaqqız olub!?

 

Görsə yezidin yazığı gəlir,

Özüm can verirəm... yaxam diridir.

Məni öldürəndə yaxam öldürür,

Məni dirildəndə yaxam dirildir?!

 

Bu dünya yaxasız adamla dolu,

Çalışır hər şeyi

Söhbət-söz etsin.

Çalışır yaxamdan bir azca cırsın,

Özünə yaxamdan yaxa düzəltsin.

 

Elə yox oluram, var oluram ki,

bir oram qalır, ki, buram.

Elə darılıram, az qalıram ki,

Özüm öz-özümün yaxamı cıram.

 

Yıxmağa qaçmayın, yıxan var məni,

Bu yaxa deyilən müdhiş zalım!

Günahım bumu ki, yaxam var mənim,

Yaxamı yaxamdan necə qurtarım?!

 

Gül bağçası

 

Arada döyüşə gedir,

Arada bax, gül əkirəm.

Mən çıxmışam öz əlimlə,

Dara da, bax, gül əkirəm.

 

Əkir, sözü oxşayıram,

Könlü-gözü oxşayıram.

Sənə özüm oxşayıram,

Yaradan, bax, gül əkirəm!

 

Mən Abbasam, Gülgəziynən,

Gəl, iyləyib gül, gəziynən!

Mən gülşəndə gül gəzmirəm,

Xarabada gül əkirəm!

 

Atsan göyə, düşməyir,

dönməyir, dəyişməyir?

Ətri beyinə işləyir,

Harada bax, gül əkirəm!

 

Haqdandı bil, yaşam, haqdan,

Heç artarmı yaş, nahaqdan?

Bezməmişəm yaşamaqdan,

Hələ bax, gül əkirəm!

 

Sanma burda qarşındayam,

Orda - pirdə peşimdəyəm.

Niyə zirvə başındayam,

Dərədə bax, gül əkirəm!

 

Gələcək yazım, gələcək,

Güləcək arzum, güləcək.

Öləndə lazım gələcək,

Gora da bax, gül əkirəm!

 

Dostam çiçək-güllər ilə,

Gül bəsləyən ellər ilə.

A könlüm, könüllər ilə,

Barata bax, gül əkirəm!

 

Barat Vüsal

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.5.