Elmlər Akademiyasının ilk milli modeli
–
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Cəmiyyət necə yarandı?
Ölkəmizdə elmi-tədqiqat işlərinin
sistemli araşdırılması,
akademik məcrada davamlı öyrənilməsi
və təbliği üçün yüksək,
ali qurumların yaradılması ideyaları
tanınmış ziyalılarımızı,
görkəmli bilim adamlarımızı zaman-zaman düşündürmüşdür.
Xalqımız XX yüzilliyin
əvvəllərində milli azadlığını, dövlət
müstəqilliyini əldə
etdikdən, müsəlman
Şərqində ilk demokratik
təsisatı - Azərbaycan
Xalq Cümhuriyyətini
yaratdıqdan sonra
1919-cu ildə elmi-pedaqoji
düşüncə mərkəzi
olan Bakı Universitetini təsis etdi. Elmin fərqli
sahələri üzrə
Türkiyədən, Rusiyadan
bu ilk ali-pedaqoji ocağa görkəmli alimlər, professorlar dəvət olundu. Universitet mühitində araşdırma işlərinin
intensivliyi və bu sahədə ümidverici meyillər diqqəti cəlb etsə də, geniş elm sahələri
sistemli, planlı və davamlı məcraya yönləndirilmədiyi
üçün, yeni elmi-tədqiqat
qurumunun təsisinə
ehtiyac duyulurdu.
Çoxprofilli tədqiqat müəssisəsinin
yaradılmasında başlıca
məram, ölkədə
elmin müxtəlif sahələri üzrə
mükəmməl bazaların
təməlini qoymaq, sistemli və planauyğun fundamental araşdırmalar
aparmaq, fəaliyyətə
başlamış ali
təhsil ocaqlarını
mükəmməl milli dərsliklərlə
təmin etmək, yüksək səviyyəli
elmi mütəxəssislərin
yetişdirilməsinə nail olmaq və s. qarşıda duran çox ciddi problemlərin həlli idi. İdeyanın gerçəkləşməsi maliyyə problemləri və mütəxəssis
qıtlığı ilə
bağlı 1923-cü ilin
son rübünə qədər
uzansa da, dövrün
tanınmış ictimai-siyasi
xadimləri, elm adamları
tərəfindən mövzu
mətbuat vasitəsilə
gündəmdə saxlanılırdı.
Azərbaycanı Tədqiq və
Tətəbbö (öyrənmə)
Cəmiyyətinin (ATTC) təsis
tarixi müxtəlif elmi araşdırmalarda
1923-cü il noyabr ayının
2-sinə aid edilmişdir. Lakin, yeni üzə çıxarılmış
faktlar iddia olunan tarixdən fərqlidir. Mövcud arxiv sənədlərinə
əsasən, qeyd etməliyik ki, həmin ilin oktyabr ayında
təsis üçün
Təşkilat komissiyası
yaradılmış, "Kommunist"
qəzetinin redaktoru Həbib Cəbiyev Komissiyanın sədri, V.A.Ryumin isə
katib seçilmişdir.
Təşkilat komissiyasının
26 oktyabr 1923-cü ildə
keçirilən iclasında
Xalq Maarif Komissarının müavini
Tağı Şahbazi
və Başpeşətəhsilin
müdir müavini Əhməd Pepinov Komissiyaya üzv qəbul olunmuş, Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyətinin (öncədən
44 nəfərlik tərkibi
nəzərdə tutulsa
da - A.R.) 29 nəfərlik təsisçilərinin
ilk siyahısını təsdiqləmişdir.
Həmin iclasda Cəmiyyətin müvəqqəti
fəaliyyət göstərəcəyi
ünvan və məkan da müəyyən
edilmiş, yeni qurum ovaxtkı Fioletov və Trotski (indiki Əbdülkərim Əlizadə və Tərlan Əliyarbəyov
- A.R.) küçələrinin kəsişdiyi tində yerləşən 5 saylı
binada, mülki mühəndislərdən A.Kalgin və Q.Termikelovun layihəsi əsasında 1901-ci ildə
tikilmiş, sovet dönəminə qədər
"Tiflis Ticarət Bankı"
kimi tanınan, Maarif Evində (sonralar bu bina
Bilik Cəmiyyətinə
də verilib - A.R.) fəaliyyətə başlamışdır.
Cəmiyyət Maarif Evində müvəqqəti
yerləşdiyinə görə,
yeni binanın axtarılıb
tapılmasının sürətləndirilməsi
məsələsini Müvəqqəti
şuranın 18 noyabr
iclasının qərarı
ilə yenidən A.R.Zifeldit və
V.A.Ryuminə həvalə
etmişdir.
ATTC-nin İşlər İdarəsinin müdiri V.Ryumin yeni ünvanla
əlaqədar Bakı
Poçt-Teleqraf Kontorunun
müdirinə göndərdiyi
məktubda yazırdı:
"Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyətinin bütün
yazışmalarını növbəti
ünvana göndərməyi
Sizdən xahiş edirəm: Bakı, Fioletov və Trotski küçələrinin
kəsişdiyi tin. Maarif
Evi" (AMEA RH Elmi irs şöbəsi,
Fond-1, siyahı-1, saxlama vərəqi
- 1, qutu-1, vərəq-19). Bu sənəd,
göründüyü kimi,
Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyətinin ilk dəfə
Maarif Evində fəaliyyətə başlamasını
təsdiq edən mötəbər qaynaqdır.
Cəmiyyətin yaranması tarixini
özündə əks
etdirən digər bir sənəddə - Müvəqqəti Şuranın
sədr müavini A.Zifeldt-Simumyaqinin "Xalq Maarif Komissarlığının
Kollegiyasına" 13 noyabr
1923-cü il tarixli, 11 saylı
məktubunda "Müvəqqəti
Şuranın həmin
(1923) ilin 26 oktyabrdan -
13 noyabradək olan hesabat dövründə"
adlı sənəddə
də öz təsdiqini tapmışdır.
ATTC-nin yaranma tarixi
ilə bağlı bir maraqlı qaynaq da diqqəti cəlb edir. A.Zifeldt-Simumyaqinin "Xalq Maarif Komissarlığının
Kollegiyasına" ünvanladığı
məktubun sonunda bir arayış təqdim edilmişdir. Sənəddə yazılır:
"Arayış. Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyəti
yalnız 1923-cü il oktyabrın
26-da təsis olunduğu
üçün plandankənar
yazışmalar hüququ
verilmiş (səlahiyyətlərini
aşan - A.R.) kimə
görəsə, o (Cəmiyyət
- A.R.), Azərbaycanın elmi
müəssisələri siyahısına
daxil edilməmişdir.
Şura
katibinin müavini"
(AMEA RH Elmi irs şöbəsi, Fond-1, siyahı-1, saxlama vərəqi - 2,
qutu-1, vərəq-3).
Müvəqqəti Şuranın sədr
müavini A.R.Zifeldtin
imzaladığı sənəddən
də bəlli olur ki, Cəmiyyətin
"elmi müəssisələrin
siyahısına daxil edilmə"sinə bürokratik
əngəl törədən,
naməlum səlahiyyətli
şəxs təsis tarixinə qısqanclıqla
yanaşsa da, Xalq Maarif Komissarlığı
nəzdində Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyətinin
"26 oktyabr 1923-cü ildə"
yaradıldığı danılmaz
faktdır.
Cəmiyyətin 29 nəfərlik ilk təsisçilər
siyahısını nəzərdən
keçirdikdə, müşahidə
edirik ki, Azərbaycanın
görkəmli ictimai-siyasi
xadimləri və ədiblərindən, Təşkilat
komissiyasının sədri,
"Kommunist" qəzetinin
redaktoru Həbib Cəbiyev, "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil Məmmədquluzadə,
Az.MİK-in katibi Tağı Şahbazi, Başpeşətəhsilin müdir
müavini Əhməd
Pepinov, "İqtisadi
xəbərlər" jurnalının
redaktoru Məhəmməd
Həsən Baharlı,
Xalq Maarif komissarının müavini
Cəlil Məmmədzadə,
Pedaqoji İnstitutun müdiri Hənəfi Terequlov, Dövlət Muzeyinin direktoru Davud Şərifov, Kənd Təsərrüfatı
Komissarlığının məsul katibi Rəşid İsmayılov,
MK-nın əməkdaşı
Museyib Şahbazov, Bakı Universitetinin prorektoru Həmid bəy Şahtaxtinski,
BXMŞ-nin müəllimlərindən
- Sultan Məcid Əfəndiyev,
Cəmo bəy Cəbrayılbəyli, Xəlil
İbrahim və digər
ziyalılar
Müvəqqəti Şuranın
26 oktyabr 1923-cü ildə
keçirilən iclasında
təsdiqlənmiş ATTC-nin
ilk təsisçiləri idi.
Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyəti
Müvəqqəti Şurasının
ilk sədri məlum gözləntilərə rəğmən,
türk, ərəb və fars dillərinin
mükəmməl bilicisi,
şərqşünas-türkoloq, Leninqrad Dövlət Universitetinin professoru
Aleksandr Samoyloviç (1880-1938) təyin edilir. Bu seçim, bəlkə də, təsadüfi deyildi. ATTC-ni təsis edənlər Moskvada və Tiflisdə fəaliyyət
göstərən Elm Assosiasiyalarından
fərqli olan, ümumittifaq miqyaslı, araşdırma fəaliyyətini
əlaqələndirən və
istiqamətləndirən tədqiqat
mərkəzi yaratmağı
qarşılarına məqsəd
qoymuşdular.
Lakin A.N.Samoyloviçin Bakıya gəlişi və Cəmiyyətə rəhbərliyə başladığı
ilk gündən yerli ziyalılara, o cümlədən
ATTC Təşkilat komissiyasının
sədri Həbib Cəbiyevə qarşı
məsafəli münasibəti
və subyektiv hisslərinin ümumi əhval-ruhiyyəyə mənfi
təsirləri özünü
büruzə verirdi. Bununla belə, şübhəsiz ki, böyük
amal uğrunda çətinliklərə sinə
gərmək üçün
konsensus və işgüzar mühit də mövcud idi.
Yaradıldığı gündən Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyətini dövrün
isteblişmenti, elitar ziyalıları, bilim adamları "Elmlər Akademiyası"nın ilk milli modeli kimi dəyərləndirirdilər.
Müstəsna gözləntilərin
umulduğu Müvəqqəti
Şuranın növbəti
iclası noyabr ayının 2-də professor Aleksandr Samoyloviçin rəhbərliyi
və 9 nəfər şura üzvünün iştirakı ilə Maarif Evində keçirildi. Gündəliyə
2 mövzu çıxarılmışdı:
"1. Müvəqqəti şuranın
ümumi iclasını
Maarif Evində 4 noyabr (1923-cü il), saat
12-yə təyin etmək.
2. Münasib bina tapılanadək Müvəqqəti
şuranın və əməkdaşların Maarif
Evində otaqlar ilə təmin olunmasını İşlər
idarəsinə tapşırmaq"
kimi məsələləri
yer alırdı (AMEA
RH Elmi irs şöbəsi, Fond-1, siyahı-1, saxlama vərəqi - 2,
qutu-1, vərəq-2). Hər iki məsələ müsbət həll edilmiş, protokolu sədr A.N.Samoyloviç
və katib V.Ryumin imzalamışdır.
Arxiv sənədləri arasında
eyni gündə, eyni yerdə, fərqli gündəliyə
malik, daha geniş tərkibdə Cəmiyyətin
ikinci iclas protokolu da mövcuddur. Bu protokola ATTC-nin Nizamnaməsi və 44 nəfərlik təsisçilərin
siyahısı da əlavə
edilmişdir. İclasın
gündəliyinə 5 məsələ
daxil idi: 1. Cəmiyyətin ümumi iclasının çağırılması
və Büro üzvünün məruzəsi.
2. Cəmiyyətin Nizamnaməsinin
oxunuşu. 3. Cəmiyyətin
strukturu (Seksiyalar). 4. Cəmiyyətin müvəqqəti
şurasına seçkilər.
5. Digər məsələlər.
İclasda Büro üzvləri adından məruzə A.Zifelditə
həvalə olundu.
İclasda ATTC-nin Nizamnamə
layihəsi müzakirə
olunmuş, sənədə
əsasən, Cəmiyyət
Xalq Maarif Komissarlığının nəzdində
təsis edilmiş,
7-ci paraqrafa görə
qurumun ilk ərizə
yazan bütün təsisçiləri ATTC-nin
həqiqi üzvləri
(akademikləri - A.R.) hesab
olunurdu.
Xüsusi
vurğulamaq lazımdır
ki, 44 nəfərlik təsisçilər
sırasında Bakı
Universitetinin və Ali Pedaqoji İnstitutun tanınmış professor-müəllim
heyətindən - A.M.Levin,
V.P.Smirnov-Loqinov, N.Q.Uşinski,
P.K.Juze, V.V.Tomaşevski,
İ.V.Fiqurovski, S.N.Davidenkov,
D.N.Qolovin, A.M.Derjavin, P.Y.Rostovtsyev, V.F.Razderski və digər ziyalılar yer almışdı.
ATTC-nin ilk Nizamnaməsi 7 bölmədən və
34 bənddən (1924-cü ildə bir bənd
ixtisar edilmişdir -
A.R.) ibarətdir. Nizamnamədə
Cəmiyyətin məqsədi,
tərkibi, işlər
idarəsi, fəaliyyəti
və onun ünvanı, maliyyəsi və təftiş komissiyası haqqında məlumatlar verilmiş, sənəd Xalq Maarif Komissarı Mustafa Quliyev və XMK-nın katibi O.A.Cəlalbəyov tərəfindən
təsdiqlənmişdir.
Cəmiyyətin Müvəqqəti Şurasının
1923-cü il noyabrın 3-də keçirilən iclasında
Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin
rəhbəri Səmədağa
Ağamalıoğlu ATTC-nin
fəxri sədri seçilmiş və bu münasibətlə göndərilən təbrik
məktubunu professor A.N.Samoyloviç və
V.Ryumin imzalamışlar.
Cəmiyyətin ümumi iclası
əvəzinə, 4 noyabr
1923-cü ildə Müvəqqəti
Şuranın 6 nəfərdən
ibarət üzvlərinin
yığıncağı keçirildi. Qəribədir
ki, yeni tərkibə Cəmiyyətin
yaradılmasında cəfakeşlik
nümunəsi göstərmiş,
Təşkilat Komissiyasının
sədri Həbib Cəbiyev dəvət edilməmişdir. Şurada
yeganə azərbaycanlı,
"İqtisadi xəbərlər"
jurnalının redaktoru
Məhəmməd Həsən
Baharlı idi. İclasda Biblioqrafiya bürosunun təşkili A.Baqriyə, Tarix-Etnoqrafiya işi prof. A.N.Samoyloviçə, İqtisadi
seksiya prof. V.P.Smirnov-Loqinova
həvalə edildi. Müvəqqəti Şuranın
Rəyasət Heyətinə
sədr A.N.Samoyloviç,
sədrin müavini A.R.Zifeldit, maliyyə işinə V.M.Sısoyev,
katib M.H.Vəliyev-Baharlı,
katibin müavini V.A.Ryumin təsdiqləndi.
İclasda Xalq Maarif Komissarlığına
müraciət, Cəmiyyətin
möhür, ştamp
və blankının
hazırlanmaq üçün
mətbəəyə sifariş
verilməsi məsələsi
də öz əksini tapmışdır.
ATTC Müvəqqəti Şurasının
növbəti yığıncağı
bazar günü, noyabrın
11-də saat 12-də Maarif
evində baş tutdu və şura
iclaslarının vaxtı
hər həftənin
bazar günü, saat
12-00-da Maarif evinin kitabxanasında keçirilməsi
qərara alındı.
Lakin rəsmi qərara
əməl etmək o
qədər də asan olmadı. Mövcud reallığın
diqtəsi altında həmin iclasdan iki gün sonra,
13 noyabr 1923-cü ildə
üç nəfərin
iştirakı ilə
gündəliyə bir
məsələ çıxarılmaqla
iclas keçirildi. Maarif evinin müdiri
A.S.Loqinov Müvəqqəti şuraya
yeni üzv seçildi...
Cəmiyyətin fəaliyyət yönümü
Bakı Universiteti Şərq fakültəsinin dekanı, ictimai-siyasi xadim, yazıçı Əbdürrəhim bəy Haqverdiyev təəssüf ki, ATTC təsisçilərinin birinci və ikinci siyahısında yer almamış, ölkə əhəmiyyətli iclaslara dəvət edilmirdi. Yalnız, Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının 1923-cü il 16 noyabr tarixli toplantısına bildiriş aldı. Seksiya sədri, professor A.N.Samoyloviçin rəhbərliyi və İsmayıl Haqqı, Rəşid İsmayılov, Panteleymon Juze, A.Smirnov-Loqinov, E.İ.Baybakov, V.A.Udintsyev, A.R.Zifeldt və digərlərinin iştirak etdiyi iclasda Əbdürrəhim bəy Haqverdiyev Humanitar və ictimai elmlər qarşısında duran problemlər haqqında dolğun, hərtərəfli əsaslandırılmış mülahizələrini söylədi. Sabiq Rusiya Dövlət Duması deputatının çıxışı hər kəsdə güclü təsir oyatdı. Əbdürrəhim bəy milli irsin elmi tədqiqinin, sözün geniş mənasında, yol xəritəsini Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının rəhbərliyi qarşısında sərgilədi. Həmin iclasda təşkilati məsələlərə baxıldı, tarix və etnoqrafiya üzrə iki komissiya yaradıldı, Ə.Haqverdiyev yekdilliklə Etnoqrafiya komissiyasının üzvü seçildi. Əbdürrəhim bəyin iclasda irəli sürdüyü təkliflərdən biri gündəliyə daxil olundu: "Eşidildi: 2. Mərhum Firidun bəy Köçərlinin əlyazmaları haqqında. Qərara alındı: 2. Mərhum Firidun bəy Köçərlinin xalq ədəbiyyatı əlyazmalarının ailəsindən alınaraq əldə edilməsi Xalq Maarif Komissarlığından təkidlə xahiş edilsin" (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-11).
Cəmiyyətin Tarix-Etnoqrafiya seksiyasının iclasında Firidun bəy Köçərlinin Azərbaycan türklərinin ədəbiyyatı ilə bağlı əlyazmalarının təhvil alınması məsələsinin Xalq Maarif Komissarlığı qarşısında rəsmi şəkildə qaldırılması filologiya elmi istiqamətində irəliyə doğru mühüm addım olmaqla yanaşı, çox cəsarətli təşəbbüs idi. Çünki, nəzərə alsaq ki, Firidun bəy Köçərli 1920-ci ilin may ayında "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə" günahlandırılaraq, işğalçı XI Qırmızı ordunun 20-ci diviziyasının 7-ci Xüsusi bölməsinin rəisi Libermanın qərarı və Azrevkomun üzvü, Daxili işlər komissarı Həmid Sultanovun dərkənarı əsasında güllələnmişdir - o vaxt "xalq düşməni"nin əlyazmalarını alıb yayınlanmasının ATTC üçün nə qədər riskli iş, "xətalı mövzu" olduğunu dərk etmək o qədər də çətin deyildi. Eyni zamanda protokollara əsasən, "Firidun bəy Köçərlinin əlyazmaları" Cəmiyyətin fəaliyyətində filoloji irsin ilk təməl daşı, əhəmiyyətli və irihəcmili əməli iş və milli sərvət idi.
Spektik düşüncələrin sıxlığına rəğmən, Azərbaycanın Maarif Komissarlığı ATTC-yə Firidun bəy Köçərlinin əlyazmalarını almaq və nəşr etmək üçün razılıq və dəstək verdi. Bakı Qadın Müəllimləri Seminariyası (Pedaqoji texnikumun) tərbiyəçisi, Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova-Köçərlidən Firidun bəyin göz bəbəyi kimi qorunan əlyazmalarını almaq çətin olmadı. Badisəba xanım F. Köçərlinin bütün əlyazmalarını onun dostu və həmyerlisi Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə yaradılmış komissiyaya təslim etdi.
Ə.Haqverdiyevin Cəmiyyətə gəlişi milli irsə - xüsusilə, ədəbiyyat, tarix və etnoqrafiya sahəsində tədqiqat işlərinə diqqəti artırdı, gündəliyi formal hesabat statistikasından əməli fəaliyyət proqramına dəyişdi, mütəxəssislərdə inam və coşqu yaratdı.
Etnoqrafiya komissiyasının 20 noyabr 1923-cü il tarixli iclasında "Azərbaycan xalq ədəbiyyatı"nın gündəliyə gətirilməsi Əbdürrəhim bəyin yeni bir uğuru idi. Komissiyanın qərar hissəsində yazılırdı: "Azərbaycan xalq ədəbiyyatının toplanması üzrə qrup yaradılması məqsədəuyğun hesab edilsin. Bu iş Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz və Hacı Kərim Sanılıya həvalə olunsun. Onlara Etnoqrafiya komissiyasında Azərbaycan xalq ədəbiyyatı haqqında məruzə etmək və mütəxəssislər seçmək səlahiyyətləri verilsin" (Azərbaycan Milli Arxiv İdarəsi, fond-389, siy.-1, sax. vahidi-1, vərəq-20).
ATTC-nin 1923-cü il 14 dekabr tarixində illik hesabat iclasına Cəmiyyətin 21 nəfər təsisçisi, 8 nəfər həqiqi üzvü, 37 nəfər namizəd və üzv, 26 nəfər qonaq dəvət edilmişdir. Cəmiyyətin fəxri sədrləri S.Ağamalıoğlu və prof.A.Samoyloviç seçildi. Ə.Haqverdiyev elmi müəssisənin müxbir üzvü və Daimi Şura üzvlüyünə qəbul olundu. İclasın gündəliyinə Cəmiyyətin yeni üzvlərinin təsdiqi, Nizamnamədə dəyişiklik, Daimi şuraya və Təftiş komissiyasına yeni üzvlərin seçilməsi və digər məsələlər salınmışdır. İlk növbədə, Gəncə, Quba, Nuxa və Lənkəran qəzalarında Cəmiyyətin filiallarının açılması nəzərdə tutulurdu. A.Samoyloviç hesabat çıxışında Azərbaycan türklərinin xalq ədəbiyyatının müvafiq komissiya tərəfindın toplanması və çapa hazırlanması ilə əlaqədar geniş məlumat vermişdir. ATTC-nin Nizamnamədə edilən dəyişiklik və düzəlişlərlə bağlı prof. A.Samoyloviç və Həbib Cəbiyev məlumat verdi.
1923-cü il dekabr ayının 19-da cəmiyyətin 17 qəzada, o cümlədən Naxçıvan, Dağlıq Qarabağ, Gəncə, Lənkəran, Şamaxı, Quba, Göyçay, Şəki, Qazax, Ağdam, Cəbrayıl və digər yerlərdə şöbələri fəaliyyətə başlamışdır. Daimi şuranın fəxri sədri prof. A.Samoyloviçin adına bu və ya sonrakı iclasların sənədlərində rast gəlinmir. Cəmiyyətin 23 dekabr 1923-cü il tarixli Şura iclasına A.R.Zifeldit sədrlik etmişdir.
"Kommunist" qəzetinin verdiyi məlumata əsasən, 1923-cü il dekabrın 27-də S.Ağamalıoğlunun mənzilində Əbdürrəhim bəy Haqverdiyevin sədrliyi ilə keçirilən Şura iclasında yenidən ATTC-də təşkilati məsələlərə baxılmış, APİ-nin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor-geoloq Vladimir Pavloviç Smirnov-Loqinov (1877-1944) cəmiyyətin yeni sədri, Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) və İosif Feodoroviç Blinov sədrin müavinləri, Artur Rudolfoviç Zifeldt elmi katib, Məhəmməd Həsən Vəliyev-Baharlı ikinci elmi katib seçildilər.
...Mesenat Ağamusa Nağıyevin Bakı şəhərində ucaltdığı "İsmailiyyə" binası, bəlli olduğu kimi, Cümhuriyyət dönəminə qədər, 1918-ci ilin mart soyqırımında erməni barbarları tərəfindən yandırılmış və məhv edilmişdir. Sovet dönəmində həmin tarixi memarlıq abidəsi təmir və bərpa edilərək Türk Mədəniyyət Sarayına (indiki AMEA Rəyasət Heyətinin binası, Bakı, İstiqlaliyyət küçəsi-10) çevrilmişdir. Az.MİK-in sədri Səmədağa Ağamalıoğlunun dəstəyi ilə ATTC-nin fəaliyyətini daha da səmərəli həyata keçirmək üçün bu möhtəşəm sarayda çoxprofilli elmi müəssisəyə səxavətlə yer ayrıldı.
Yeni yaradılmış elmi-tədqiqat mərkəzi 3 bölmədən - iqtisadiyyat, təbii-elmi və tarix-etnoqrafiya seksiyalarından və 3 bürodan ibarət idi. Yalnız Tarix-Etnoqrafiya seksiyasında könüllülük əsasında 204 nəfər çalışırdı və sədri Əbdürrəhim bəy Haqverdiyev, müavinləri, professorlar N.İ.Aşmarin (1870-1933) və K.İ.Baybakov, katib V.A.Ryumin idi. Bu seksiyada Ədəbiyyat altkomissiyası Etnoqrafiya komissiyasının tərkibində fəaliyyət göstərirdi. Ədəbiyyat altkomissiyasının da sədri Ə.Haqverdiyev, müavinləri isə prof. V.B.Tomaşevski və H.Cəbiyev, elmi katib M.C.Məmmədov, Rəyasət Heyətinin üzvləri - Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Cəfər Cabbarzadə, Məmmədəli Səfərov (Sidqi), Əli Kərimov və başqaları idi. Sonrakı illərdə Türkologiya seksiyasına daxil olan Əhməd Cavad, Əmin Abid kimi milli ruhlu, istedadlı gənclər Cəmiyyətin qaynar mühitinə atıldılar.
Mərkəzi Şuranın yanında Redaksiya-Nəşriyyat kollegiyası yaradılmış, sədr İosif Feodoroviç Blinov, üzvlər - M.H.Baharlı və A.R.Zifeldt təyin olunmuşdur. Məqsəd nəşr işlərini qaydaya salmaq, Cəmiyyətin elmi tədqiqat və toplama işləri haqqında materiallar yayınlamaq idi. Hətta prof. N.İ.Aşmarinə tapşırılmışdır ki, yeni yaradılmış "Maarif və mədəniyyət" jurnalında çap etdirmək üçün materiallar hazırlayıb təqdim etsin.
1924-cü ilin yanvarın 2-dən Etnoqrafiya komissiyasının və Ədəbiyyat altkomissiyasınin sıraları yeni üzvlər hesabına daha da genişləndirildi. O dövrün tanınmış ziyalılarından, ədəbi-ictimai xadimlərindən - Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Əli Heydər Qarayev, Sultan Məcid Qənizadə, Mirzə Cəlal Yusifzadə, İdris Həsənov, Pənah Qasımov, Rza Təhmasib, Feyzulla Qasımbəyli (Qasımzadə), Əbdül Baqi Hüseynov, Xəlil İbrahimov və başqaları böyük həvəslə cəmiyyətin üzvlüyünə daxil oldular.
Cəmiyyət Rusiya Elmlər Akademiyasının Peterburqda 1924-cü il 15-19 yanvar tarixində keçirəcək Diyarşünaslıq qurultayına 1 nəfəri (Cəmiyyətin sədri Vladimir Pavloviç Smirnov-Loqinov - A.R.) nümayəndə göndərməyi qərara aldı və Azərbaycanda da diyarşünaslıq elminin təkamülü üçün yeni layihələr işlənib hazırlanması qərara alındı. Ə.Haqverdiyevi Peterburqa, Diyarşünaslıq qurultayına Xalq Maarif Komissarlığı ezam etmiş, nəticədə qurultay nümayəndəsi işin təşkilindən və səviyyəsindən narazı qalmış, bu barədə Cəmiyyətin Şurasına hesabat ünvanlamışdır.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1925-ci ildən Xalq Maarif Komissarlığının himayəsindən çıxaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında fəaliyyətini davam etdirmişdir. Cəmiyyətin 30 may 1925-ci il tarixli təşkilati iclasında Mərkəzi Şurasının Rəyasət Heyəti seçilmiş, Ə.Haqverdiyev sədr, prof. B.Çobanzadə və İ.F.Blinov sədrin müavinləri, M.H.Baharlı və A.R.Zifeldt elmi katib, A.P.Fituni katib seçilmişdir.
Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Mərkəzi Şurası Rəyasət Heyətinin sədri seçilməsi Cəmiyyəti struktur etibarilə genişləndirdi, məzmun, sanbal etibarilə daha da dərinləşdirdi. Bu vaxt ATTC dörd seksiyadan: 1. Türkologiya, 2. Tarix-Etnoqrafiya, 3. Sosial-İqtisadi və 4. Təbiət elmlərindən və üç bürodan: 1. Biblioqrafiya bürosu, 2. Azərbaycan elminin populyarlaşdırılması və məktəblərə kömək bürosu, 3. Fotoqrafiya bürolarından ibarət idi. Təbiət elmləri, Sosial-İqtisadi elmlərlə yanaşı Tarix-Etnoqrafiya və Türkologiya elmləri sahəsində tədqiqatçılar daha böyük uğurlar qazanırdı.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Birinci Türkoloji qurultay ərəfəsində, 1925-ci il dekabr ayında təsdiqlənmiş strukturunu nəzərdən keçirəndə müşahidə edirik ki, təşkilatın fəxri sədrləri iki nəfərdən ibarətdir: Az.MİK-in sədri Səmədağa Ağamalıoğlu və Leninqrad Dövlət Universitetinin professoru Aleksandr Nikolayeviç Samoyloviç.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 6 nəfərlik fəxri üzvləri sırasına Azərbaycan Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Xalq Torpaq komissarı Dadaş Bünyadzadə, görkəmli akademiklərdən Leninqrad Dövlət Universitetinin professoru Vasiliy Vladimiroviç Bartold, Maddi Mədəniyyət Akademiyasının direktoru Nikolay Yakovleviç Marr və SSRİ EA adademik katibi Sergey Feodoroviç Oldenburq ilə yanaşı, İstanbul Universiteti filologiya fakültəsinin dekanı, professor Mehmet Fuad Köprülüzadənin də adının daxil edilməsi qürurverici hadisə idi.
ATTC Mərkəzi Şurası yanında Redaksiya-Nəşriyyat kollegiyasının nəşr planına 1925-26-cı illər üçün 20-dən çox adda çap məhsulu daxil edilmişdir.
Onlardan Firidun bəy Köçərilinin "Azərbaycan ədəbiyyatı tarixi materialları", Salman Mümtaz "Azərbaycan ədəbiyyatı" (Molla Pənah Vaqif), N.N.Aşmarinin "Türk dilinin Şəki şivəsi haqqında", A.A.Bakıxanovun "Gülüstani-İrəm" (Şirvan və Dağıstan tarixi), Bəkir Çobanzadənin "Türk dili və ədəbiyyatının tədrisi üsulu", "Qumık dili və ədəbiyyatı tədqiqləri", İdris Həsənovun "Türk dilinin Gəncə şivəsi haqqında", "Qərbi Avropa yazıçı - səyyahlarının əsərlərində XVII-XIX əsrlər Azərbaycanı haqqında", M.P.Pavloviçin "İran istiqlaliyyət mübarizəsi uğrunda" (1926) və S.İranskinin "İranda milli-azadlıq hərəkatının yolları" (1926) (mütərcimi Cəfər Cabbarzadə), Vəli Xuluflunun "El aşıqları. Azərbaycan xalq ədəbiyyatından materiallar" (1926), Hənəfi Zeynallının "Azərbaycan atalar sözü" (1926) və digər əsərlər çap edildi və ya nəşr növbəsini gözləyirdi.
Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" iki cilddən və dörd hissədən (kitabdan) ibarət idi. İlk iki hissə 1925-ci ildə, son iki hissə isə 1926-cı ildə işıq üzü görmüşdür. Dörd hissənin ümumi həcmi 1460 səhifədən çoxdur. Salman Mümtazın "Azərbaycan ədəbiyyatı" (Molla Pənah Vaqif) kitabı 1925-ci ildə nəşr olundu. Bu nəşrdə şairin əsərlərinin böyük bir qismi ilk dəfə idi ki, geniş oxucu auditoriyasına təqdim edilirdi.
Cəmiyyətin hasilə gətirdikləri əsərlərin nəşri 1927-29-cu illərdə də uğurla davam etdirildi. Bəkir Çobanzadənin "Türk ədəbiyyatı. Əski türk ədəbiyyatı xülasələri. İkinci il" (1929), Hənəfi Zeynallının "Molla Nəsrəddin məzhəkələri" (1927), "Azərbaycan tapmacaları" (1928), Hümmət Əlizadənin "Azərbaycan el ədəbiyyatı" I və II hissələr (1927), Vəli Xuluflunun "Koroğlu. Toqat səfəri və Bağdad səfəri" (1927), "Tapmacalar" (1928), "Koroğlu" (1929) və digər tədqiqatçıların əsərlərinin nəşri Cəmiyyətin humanitar düşüncə sahəsində ciddi uğurlarından sayılmalıdır.
Cəmiyyətin 1925-29-cu illərdə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əxbarı", "Azərbaycanı öyrənmə yolu" jurnalları nəşr edilmiş, araşdırıcıların elmi-tənqidi məqalələri bu mətbuat orqanlarında davamlı çap olunmuşdur.
Çağdaş Milli Elmlər Akademiyamızın sələfi adlandırılan Tədqiq və Tətəbbö Cəmiyyətinə ən yüksək səviyyədə önəm verilirdi və bu təşkilatın fəaliyyətindən gözləntilər az deyildi. Həqiqətən də, ATTC çoxşaxəli fəaliyyəti dövründə böyük uğurlara imza atdı. Cəmiyyətin təşkilatçılığı və ev sahibliyi ilə 1926-cı il fevral-mart aylarında Bakıda, Türk Mədəniyyəti Sarayında keçirilən Birinci Türkoloji qurultay Türk xalqlarının birlik və bütövlük rəmzinə çevrildi, əməkdaşlıq və birgə fəaliyyət istiqamətində böyük uğurlara yol açdı, işıqlı ideyaları nişan verdi...
Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" dördcildlik kitabı, ilk dəfə, böyük tirajla nəşr olundu. Klassik ədəbi irsin, xalq ədəbiyyatının toplanması, tədqiqi və nəşri sahəsində bir çox nailiyyətlər qazanıldı.
Elmi-tədqiqat istiqamətlərinin şaxələnməsi, elmi-texniki bazanın zamanın tələblərinə cavab verməməsi, təcrübəli mütəxəssislərin cəlb edilməsi sahəsində imkanların məhdudluğu ciddi struktur dəyişikliyini zərurətə çevirməklə yanaşı, Cəmiyyətin hüquqi-təşkilati statusunun genişləndirilməsinin vacibliyini də aktuallaşdırdı.
Beləliklə, Respublika Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 oktyabr tarixli qərarı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ləğv edildi, onun bazası əsasında, geniş səlahiyyətlərə malik Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (Az.DETİ) yaradıldı. Milli Elmlər Akademiyasının ilk modeli olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti altı il ərzində üzərinə götürdüyü missiyanı məsuliyyət hissi, ləyaqət duyğusu ilə yerinə yetirdi ; elmimizin növbəti mərhələləri üçün möhkəm, monolit təməl yaratdı. Yüzlərlə azərbaycanlı alim Tədqiq və Tətəbbö Cəmiyyətinin "şinel"indən çıxdı. Onların milli-mənəvi dəyərlərə söykənən unudulmaz xidmətləri və şərəfli adları Azərbaycan elminin uca kürsülərindən hər zaman qürur hissi və iftixar duyğusu ilə xatırlanmağa layiqdir.
Bakı, 24.10.2023
Asif Rüstəmli
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.6-8.