Balalara hədiyyə

 

hekayələr

 

Əyri hörülən kubik

 

Mahir taxta kubiklərini döşəməyə töküb ikimərtəbəli bir ev tikdi. Bunu görən nənəsi onu həvəsləndirməyə başladı:

- Əhsən, mənim balam! Qəşəng ev tikmisən. Çox xoşuma gəldi. Amma birinci mərtəbənin aşağısındakı kubiklərdən birini əyri hörmüsən, onu düzəlt.

Mahir nənə deyən sözlərə məhəl qoymadı. Bayaqdan evdə var-gəl eləyən məstan bir azdan oğlan tikən evin böyründən keçərkən quyruğu ilə barıya toxundu... Mahirin tikmiş olduğu evin kubikləri uçub töküldü...

 

1981

 

Müqəvva düşmən

 

Turqutla Aqil oyuncaq avtomatlarını götürüb həyətdə "dava-dava" oynamaq istədilər. Turqut dedi:

- Aqil, sən düşmən ol, döyüşə başlayaq.

Aqil razılaşmadı:

- Yox, sən düşmən ol...

Uşaqlar beləcə bir xeyli cəhliləşdilər. Heç biri düşmən olmaq istəmirdi. Onların cəhli çəkdiklərini görən baba yaxınlaşıb işdən halı olduqdan sonra gülümsəyə-gülümsəyə dilləndi:

- Bir az gözləyin, mən indi sizə düşmən taparam.

Baba bostana girdi bir azdan geri döndü. O, ötən yazdan yerə sancdığı müqəvvanı əlində tutmuşdu:

- Buyurun, bu da sizin üçün düşmən!.. İndi nə qədər istəyirsiniz döyüşün...

Uşaqlar növbəylə müqəvvaya atəş açmağa başladılar...

 

2023

 

Armud ağacında bənövşə

 

Artıq yazın hənirtisi hiss olunurdu. Ağacların yarpaqları puçurundan yeni-yeni çıxmaqdaydı. Baba ilə Turqut kəndin üst tərəfindəki təpəlikdə bir qədər gəzib-dolandıqdan sonra evə qayıdırdılar. Turqut gah babasından qabağa keçir, gah arxada qalır, gah da sola-sağa burulurdu. Birdən o, sevincək halda yolun kənarındakı cır armud ağacını göstərib üzünü babasına tutdu:

- Baba, baba, armud ağacında bənövşə açıb!..

Baba əvvəlcə Turqutun bu sözlərinə məhəl qoymaq istəmədi, lakin uşağın inadkarlığı onun ayağından geri çəkdi... Doğrudan da ağacın alt gövdəsinə yaxın yerləşən oyuqda bir bənövşə vardı...

Turqut babasından soruşdu:

- Baba, armud ağacı bənövşə açarmı ki?..

Baba zəndlə ağacı gözdən keçirib gülümsəyə-gülümsəyə sözə başladı:

- Turqut, inişilki tufan yadındadırmı, bu cır armudun budağını düz dibindən - alt gövdəsindən qopartmışdı... Görürsənmi, həmin yerdə də bir oyuq əmələ gəlib... Külək əsdikcə oyuğun içi toz-torpaqla dolub... Elə bənövşə də küləyin işidir. Görünür, külək bənövşənin toxumunu da toz-torpağın içində bura atıbmış...

Turqut: - Baba, bənövşəni dərimmi?.. Sabah məktəbimizdə döyüşçülərlə görüş var, onlara apararam, - dedi.

Babanın üzünü təbəssüm bürüdü. O, başını tərpətməklə öz razılığını bildirdi.

 

 07.06.2023

 

Əskilən say çöpü

 

Dovşanın balalarından biri oxumağa çox həvəsli idi. Buna görə də ailədə onu Zirək çağırırdılar. Bir gün Zirək anasından xahiş etdi ki, ona say çöpü alsın. Ana dovşan tezliklə bostandan balasına əlli ədəd nazik, sarı kök gətirib dedi:

- Zirək, bu da sənin üçün say çöpü. Düz əlli dənədir. Götür, saymağı, toplamağı, çıxmağı öyrən.

Bala dovşan beş-on günün içində əlliyə kimi saymağı, toplamağı, çıxmağı öyrəndi. Anası onu yanına çağırıb dedi:

- İndi səninlə sual-cavab aparacam. Əlli say çöpündən on beşini çıx. Qalanını say görək yerdə neçəsi qalır?

Zirək köklərin üstdən sayıb on beşini götürdü və yerdə qalanları saymağa başladı:

- Ana, otuz dördü qalır.

Dovşan dilləndi:

- Yox, yox, düz demirsən.

Zirək israr etməyə başladı:

- Düz deyirəm, ana! Mənə inanmırsan? Onda qalan çöpləri gəl özün say...

Ana dovşan kökləri bir-bir saymalı oldu. Doğrudan da Zirək dediyi kimi çıxdı.

Ana işin yerdə olduğunu başa düşüb balalarına hirsləndi:

- Say çöpünün birini kim götürübsə, qaytarıb yerinə qoysun!

Balalar and-aman etdilər ki, Zirəyin say çöpünə toxunmamışlar...

Ancaq dovşanın Qarınqulu adlı balası bayaqdan bir küncə çəkilib başını aşağı salmışdı... Artıq hər şey aydın idi...

 

2023

 

Ələsgər ƏLİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.11.