"Mən
insan ruhuna tərcüməçiyəm..."
Xan Rəsuloğlu
haqqında
Bəzən
yolun ağına düşüb gedirəm. Məqsədsiz, məramsız,
sonunu düşünmədən... Yol məni aparır.
Özümü yola əmanət edirəm, yoluma güvənirəm.
Həmişəki kimi bu gün də yolum məni gözəlliyə
aparıb çıxardı: Xana.
Heç
vaxt onu belə görməmişdim. Həmişə
harasa tələsən, suallarıma lakonik, konkret cavab verən
Xanı bu gün kəşf etdim sanki. Qapalı, susqun zənn
etdiyim müəllimimi ilk dəfə idi belə
görürdüm: ürəyi dolu idi, öz dediyi kimi. O
danışdıqca təəssüf hissi keçirirdim ki,
söhbətini minlərlə insan eşidəydi kaş. Dəyərli
düşüncələri bir müdrikin qənaətləri
olduğu üçün qarşımda sanki dünyanın ən
qədim bir kitabı danışırdı:
"Ümidim
olmasa, kiməm, nəçiyəm?
Sonsuz biliyim də çürük sap olar.
Mən insan ruhuna tərcüməçiyəm,
Varlığım dəyərli bir
kitab olar"
Amma bir
şeyə sevindim ki, müəllimimin "Vətəndəki
ömrümüz" kitabı varımdır. Deməli, onun
özü, düşüncələri elə "Kitab əhli"nin
hər birinə əlçatandır.
Evə dönən kimi kitablarımın içindən həyəcanla
axtardım o kitabı. Və budur. Xəzinə tapmış
kimi hiss edirəm özümü bu an.
***
Hər şeirdə dərin məna, dərin fikir - sevdiyim şeirlərin
xüsusiyyətləridir. Kitab bütövlükdə belə
bədii-fəlsəfi mətnlərdən ibarətdir.
"Ömrüm-günümü əkirəm vərəqlərə
- Bəlkə, bir şey cücərdi"
Gözəldir!
Söz sənəti - ədəbiyyat
hər dəfə bir sirrini açır qəlbimə. Və
hər dəfə bu aləmin daha başqa bir tərəfini
hiss edirəm. Bəli, məhz hiss edirəm. Dünyanın
bütün sirləri duyğulardadır.
İlahi
duyğular süzgəcində mən
Süzülüb, arınıb haqqa
çatmışam.
Tanrının
özü də duyğulardadır, fərqi yoxdur beşlərdən
birində, ya altıncı duyğuda.
Mənim
ev muzeyim sevən ürəklər,
Mənim
qəbir daşım kitabım olsun
- bu da bir
duyğudur, içində indini və gələcəyi
göstərən duyğu...
"Xan Rəsuloğlu" demək,
mənə görə hər şeydən
əvvəl xarakter deməkdir. Xanı sevdirən ilk cəhəti
bilgəliyidirsə, ikinci cəsarətli ürəyidir, ruhən
azad olmağıdır, xeyirxahlığıdır, səxavətidir...
Heç bir qalstuklu, heç bir çinli, heç bir statuslu
fiqur Onun azadlığını cilovlaya bilmədi...
İçimdə
doğulan azadlığımı
Çölümə gətirə bilməyəcəyəmsə,
ölüyəm demək.
Ey "Mən"i, mənliyi qul,
Di dur, ayıl, özün ol
- deyən
cəsarətli Bilgə Xan "Allahdan başqa heç kimdən
qorxmuram" deyimini də güncəlləyib. Sufiyanə
düşüncələri, dindarların "Allahdan
qorxmaq" istiqaməti ilə "Allahı sevmək"
istiqamətinin kəsişməsində öz yolunu sevdiyini
göstərir:
Mən
Allahdan qorxmuram.
Niyə
də qorxum axı?
Əvvəli xoş yaradıb,
Xoşdu
ölümü belə,
xoşdu
mənimçün axır...
Varlığımı düşünüb
Hər
zaman şükr etmişəm.
İlahidən yaranan
Öz ilahi ruhumla,
Həyatımı, dünyanı,
Tanrını zikr etmişəm...
Allahdan qorxmamağım,
demə
ki, mərəzimdir,
İnsaf,
vicdan, ədalət
- dinimdir, tərəzidir...
Xoş ovqatda dünya da
gördüm gülür gözümdə,
Aradığım hər şeyi,
Sonda buldum özümdə.
Şöhrət, sərvət, gözəllik
- boyalı bər-bəzəkmiş...
Kiminsə haqqın yeyib,
evini ki,
yıxmıram?!
Çünki öz Allahımdan
qorxuram
ki, qorxmuram!..
"Öz
Allahımdan qorxuram ki, qorxmuram" deyən insanın qorxusu
adi insan qorxusu deyil: varlığının, Yaradıcısının,
əqidəsinin fərqində olanların qorxusudur. Onlar
qorxarlar: haqqı görüb susmaqdan, onlar qorxarlar nəfsə
uymaqdan, onlar qorxarlar Allahdan başqa kimdənsə qorxmaqdan,
Allahdan başqasına baş əyməkdən...
"Kainat şeytanın oyuncağıdır. Dünya da bir dəli
yığıncağıdır" - deyər və
dünyaya bağımlı olmazlar onlar. "Fani cahanın
sevgisi damu odudur, yandırır, Qaç ol qarıdan ey
könül, aldanma zülfü-xalına"- bənzətməsinin
müəllifi İmadəddin Nəsimi kimi Xanın da
misraları fəlsəfi şeirimizin örnəyidir. "Bir
çiçəyəm - dərənim yox. Həqiqətəm
- görənim yox". "Ənəlhəqq" deyən Nəsimi
ilə "Həqiqətəm" deyən Xan Rəsuloğlunun
yolu-ünvanı bəllidir, aqibətləri dünya üzrə
eyni olmasın, amma axirətdə eyni olacaq. Dərisi soyulan Nəsiminin
fədakarlığı dillərə dastan etdi onu. Elə
müəyyən nisbətdə Xanı da fədakarlıq
nümunəsi kimi bilir onu tanıynalar. "Arzularım qandal
oldu ayağıma / Qayğılarım zindan oldu
marağıma...
/Çovğun oldum, əsdim, kükrədim/ - İzlədim
sıldırımları, Səslədim
ildırımları. Asan yolda darıxıram,
sıxılıram/ Sıldırıma dırmaşdıqca,
/yumruq kimi yığılıram. Ölməyin də ləzzəti
var - sıldırımdan uçanda. /Heç
oluruq-sürünərək,/ biz ölümdən
qaçanda...
Xan Rəsuloğlunun kitabındakı
bu parçalara "şeir" deyə
bilmirəm. Nəzmlə yazılmış fəlsəfə
kitabıdır sanki. Həyat, insan mənəviyyatı, cəmiyyətin,
bəşəriyyətin halı, Vətən mövzusu,
qürbətin psixoloji gerçəklikləri, zaman və məkan
paralelləri, milli-bəşəri dəyərlər... Bir
sözlə, təfəkkür sahibi olan insana aid hər
şey! Onun ifadə üsulları da fərqli və özəldir.
Bənzətmələri, qafiyələri
- ("Dodaqların ilk sevgimin tabutu,/ "Yox" demisən, son cavabın ta
budu...) etibarı ilə də maraqlı, orijinal təsvir və
ifadə vasitələri sözdən anlayan, duyan oxuculara
zövq verə bilir. Məsələn,
aşağıdakı nümunədə
"düşübdür" sözü 3 fərqli məna
çalarında işlədilərək qafiyə kimi
maraqlı şəkillərdə təqdim edilib:
Bəxtimin
başına daşmı düşübdür?
Duyğularım qocalıbdır, düşübdür.
Yenə
görən yadına
nə düşübdür,
Öz içindən ovxarlanır
ürəyim?
Xan Rəsuloğlunun
bəxtəvər bir gözələ sevgidən yoğrulan
şeirləri də maraqlı və təsirlidir:
"Sənin
vüsalına yetmədim, amma
"Məhəbbət şairi"
çağrılır adım".
Yaxud:
Bu qəm
qəlbin sızıltısı, sıtqısı.
Arzularım - gendən məni
kasıb
görüb
bəyənməyən yad qızı.
Vətən
mövzusunda olan şeirlər isə ayrıca geniş bir yer
tutur Xanın qəlb dəftərində. Bir nümunəni isə
burada qeyd etmədən keçə bilməzdim. Bilgə ki,
Bilgə:
Xəlil
Rza, Məmməd Araz şeirinin,
Vətəndaşlıq toxumu,
Cücərdəcək elimin igid övladlarını.
Bu
misraları yazanda Xanın ürəyində, doğulduğu
Qarabağ torpaqlarının nisgili var idi. Bu gün isə Xan
doğum gününü doğma yurdunda da qeyd edə bilər.
Özünün də bir qərinə yolunu gözlədiyi həmin
igid övladların sayəsində!
Xan Rəsuloğlunun -
Bu
dünyada yad kimi
Verilibdir
əmrimiz.
Minalanmış çöllərdə
Yaşamağa bənzəyir
Vətəndəki ömrümüz
-
misraları da bu günün gerçəkliyinə
çevrilib. Həqiqi mənada minalanmış
yurdlarımızın yaxın zamanlarda işğaldan azad
olmasını doya-doya hiss etməsi arzusu ilə fikirlərimi
ustadın öz şeiri ilə yekunlaşdırmaq istəyirəm.
Xan Rəsuloğluna, ustadımıza, müəllimimizə,
xalqımızın mərd, ziyalı oğluna bərəkətli
ömür, şeirlərinə isə Nəsimi şeiri qədər
əbədilik arzulayıram:
Dəyişmişəm,
dəyişirəm, dəyişəcəyəm.
Döyüşmüşəm, döyüşürəm,
döyüşəcəyəm.
Öz sözümdə qətiyəm.
İnsan
məhəbbətiyəm.
Allah əmanətiyəm.
Güvənib ömrümün haqq
əsasına,
Düşmədim yolların mən
qısasına.
Söykənib bəxtimin əl
əsasına,
axsasam
da,
Ölənəcən gedəcəyəm.
Əbədi bir qəhqəhəylə
gülənəcən gedəcəyəm!
P.S.
Fotomuzu bu gün Sumqayıt kitab sərgisində çəkdirmişik.
Xan müəllim hər kəsə kitab hədiyyə edirdi həmişəki
kimi. Bizə də pay verdi. Payınız çox olsun, əziz
ustad!
Aygün Cəfərova
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.12.