Məmməd Arazın istiqlal dövrü lirikası
Xalq şairi Məmməd Arazın yaradıcılığı
XX yüzil Azərbaycan
poeziyasının təkrarsız
hadisələrindən biri
sayılır. Görkəmli
sənətkar ədəbi
irsinin mahiyyətini və əhəmiyyətini
şərtləndirən iki
mühüm xüsusiyyəti
ayrıca qeyd etməliyik. Birincisi, Məmməd Araz poeziyası Azərbaycan xalqının milli istiqlal
təfəkkürünü dirçəldən və
formalaşdıran əsas
milli ədəbi mənbələrdən
biridir. İkincisi isə Xalq şairi
Məmməd Araz Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Hüseyn
Kürdoğlu, Fikrət
Qoca, Fikrət Sadıq, Musa Yaqub, Məmməd İsmayıl,
Şahmar Əkbərzadə,
Vaqif Səmədoğlu,
Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub, Ramiz Rövşən,
Vahid Əziz və başqaları ilə bir sırada müstəqillik dövrü
Azərbaycan poeziyasının
ilk təməl daşlarını
qoyan əvəzsiz sənətkarlarımızdan biridir.
Böyük şairin
yaradıcılıq yolu
haqqında hələ
90-cı illərdə akademik
İsa Həbibbəyli "Xalq şairi Məmməd Araz" monoqrafiyasında haqlı olaraq yazırdı: "Məmməd Araz bütün ömür yolu ilə, qırx ildən artıq davam edən böyük sənəti ilə həmişə Vətən
səngərində keşikdə
olmuşdur. Xalq şairi Məmməd Araz indiki müstəqillik
mərhələsində də
millət və milli dövlət yolunda mübariz keşikdədir.
Və burası çox mənalı, qiymətli və ibrətamizdir ki, Məmməd
Araz sözü bütün xalq üçün keçərlidir.
O, indiki mərhələdə,
XXI əsrin astansında
təkcə şeirimizin
yox, sözün geniş mənasında ədəbiyyatımızn və
mədəniyyətimizin layiqli
ağsaqqalıdır. Bu gün
lazım gəlsə
"Ayağa dur, Azərbaycan!"
- deyə poetik hökmü verməyə
xalq şairi Məmməd Arazın mənəvi cəhətdən
haqqı çatır"
(1, 34-35). Həqiqətən də, böyük sənətkarın Birinci
Qarabağ müharibəsi
dövründə - 90-cı illərin əvvəllərində
yazdığı şeirlər
görkəmli ədəbiyyatşünasın
fikirlərini təsdiq
etməkdədir. Xalq şairinin bu dövr yaradıcılığında
əsas yer tutan ən mühüm
əsərləri - "Ya
rəbbim, bu dünya sən quran deyil" (1991),
"Ata millət, ana millət
ağlama" (1992), "Bizi
Vətən çağırır"
(1992), "Əsgər oğul"
(1993), "Ayağa dur, Azərbaycan"
(1992), "Çıxıb getmək istəyirəm"
(1992), "Biz olmayanlar" (1992), "Sərhəd çəpərləri"
(1992), "Əsrin yalanları,
əsrin vədləri"
(1992), "Qoş məni
dağ küləyinə"
(1992), "Dilənçi qaçqın"
(1992), "Nişançı özümüz, hədəf
özümüz" (1992), "Yaşamaq budurmu"
(1992), "Bu millətin dərdi-səri"
(1992), "Ay Allah" (1992), "Qayıtma"
(1992), "Bu insan adalanan
insan" (1992), "Bu millətə
nə verdik ki?!" (1992),
"Yaşamağa nə
var ki?" (1993) və b. şeirləri
müstəqillik dövrü
Azərbaycan poeziyasının
ilk qızıl səhifələrini
təşkil edir.
"Ayağa dur, Azərbaycan"
şeiri təkcə
90-cı illərin yox,
ümumən, XX yüzil
milli şeirimizin möhtəşəm
nümunələrindən biridir. Bu şeirdə sənətkar və xalq dialoqu kəskin
şəkildə qoyulmuşdur:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Bu şeirin özəlliyi və orijinallığı
onun bir neçə xüsusiyyəti
ilə səciyyələnir.
Min illik Azərbaycan poeziyasında xalqa bu dərəcədə və bu səviyyədəki
açıq müraciəti
müşhidə etmirik.
Ərəb və monqolların, başqa işğalçıların onlarla,
yüzlərlə hücum
və müharibələrinin
şahidi olan əzabkeş Azərbaycan
şeirində xalqı
açıq mübarizəyə
səsləyən bu qədər kəskin və emosional müraciət yazılmamış,
bəlkə yazılsa
belə bizim zəmanəmizə gəlib-çatmamışdı.
Həqiqətən, 1992-ci ilin
19 mart günü yazılan
bu tarixi şeir bəlkə də Azərbaycan tarixinin ən ağır və qanlı çağlarının
ifadəsidir. Bir tərəfdən
erməni-daşnaq işğalçılarının
namərdcəsinə hücumları,
ikinci tərəfdən
isə daxili çəkişmələr, qardaş
qırğınları və
vətəndaş müharibəsinin
alovlanmaq təhlükəsi
burulğanında iztirab
çəkən ana yurd
obrazı bu şeirdə ürək qanı ilə ağ kağız üzərinə köçmüş,
əbədiyyətə vəsiqə
almışdır.
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız
ölə billik!
Müəllifin dəhşətli nigarançılığının
və bütün qəlbini saran iztirabların
əsas səbəbi də məhz budur: Ana Vətənin yenidən daha kiçik parçalara və bölgələrə
bölünmək təhlükəsi
müəllifi hayqırmağa
məcbur edir. Bu bölünmələr isə
təbii və zəruri şəkildə
artıq Vətənin
ölümü və
sonu deməkdir. Vətənin ölməsi
isə ağlasığmazdır.
Vətən vətəndaşlar
diri ikən ölməməlidir. Bu min illərin,
yüz illərin dəyişməz qanunu və həqiqətidir. Şair "biz hamımız
ölə billik" dəhşətini və həqiqətini qəbul edir. Amma bir şərtlə: "Səndən
qeyri"! Ona görə
də qoca şair söz qılıncını göylərə
qaldırıb hayqırır,
o taya və bu taya hay salır,
haraylayır:
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Şair
öz adından, ustad Şəhriyar adından, milli qəm və qələm yoldaşı Bəxtiyar adından millətə üz tutur, onu yumruq kimi
yumulmağa, düşmən
önündə varını-yoxunu,
qızını-oğlunu səfərbər
etməyə səsləyir:
Hanı
sənin tufan yıxan,
Gurşad
boğan yurda oğul oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Müəllif bununla kifayətlənmir,
yağı qarşısında
yenilməmək üçün
hətta mümkün
olmayanları belə etməyə çağırır.
Vətən dağlarından
və qayalarından sinələrə sipər
yaratmağı tələb
edir:
Çək sinənə - qayaları
yamaq elə,
Haq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda
bayraq elə,
Enməzliyə qalxmış olan
bayrağını!
Məmməd Araz yaradıcılığında
və xüsusən, onun istiqlal lirikasındakı
tragizm, şübhəsiz
ki, gələcək tədqiqatların
da mövzusu olacaq. Böyük sənətkarı
yalnız Azərbaycanda
baş verən haqsızlıq və ədalətsizliklər deyil,
bəlkə bütün
postsovet məkanındakı
başıpozuqluqlar və
hərcmərclik düşündürürdü.
Bu mövzudakı şeirlərində
Məmməd Araz da mənəvi sələfləri
və ustadları Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi,
Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun və Rəsul Rza kimi qardaş
xalqların faciəsini
öz münis kədəri kimi yaşaya bildiyini yüksək sənətkarlıqla
nümayiş etdirir.
Bu cəhətdən əzabkeş
şairimizin 90-cı illərdə
qələmə aldığı
bir sıra şeirlər diqqətəlayiqdir.
"Çeçen faciəsi"
(1995) məhz belə şeirlərdən biridir:
Allah,
Allah, bu nə dünya, bu nə bəşər?!
Gözgörəti insan yanır, insan ölür:
Körpəsiylə, qocasıyla, xəstəsiylə,
Torpaq yanır: bulağıyla, ağacıyla,
Torpaq yanır: havasıyla,
Qarışqası, böcəyiylə...
Məhəmməd Hadi əsrin əvvəllərində dünyanı
bürümüş qanlı-qadalı
qırğınlara cavab
axtardığı kimi,
Məmməd Araz da əsrin sonundakı dəhşətli və mənasız qanlı döyüşlərin səbəblərini
düşünməyə, dərk etməyə çalışırdı. Bu ölüm-dirim savaşlarının
nədən başlandığını
və nə ilə, necə qurtaracağını anlamağa,
səbəbkarları, günahkarları
durdurmağa can atırdı:
Didir insan bir-birini;
Yeyir insan bir-birini.
Bilmək
olmur kim günahkar,
Kim haqlıdır.
Hamı,
hamı günahsızdı-silahszdı,
Hamı,
hamı günahkardı-silahlıdı.
Bütün müharibələrə, insanların törətdiyi
vəhşiliklərə və
qırğınlara sonradan
hüquqi-siyasi qiymət
verilir. Amma öncə
onları şairlər
təhlil edir və dəyərləndirir.
Öncə poetik qiymət səslənir.
90-cı illərin ortalarında
ölüm-qalım savaşlarının
qızğın çağlarında
poeziya bütün bunlara öz aydın və xalis münasibətini ifadə etməkdən çəkinmirdi:
Öz yurdunu şum eləmək,
Qan axıtmaq, sonra, sonra
Su axtarmaq - qan yumağa?!
"Mənim" - deyib o torpağı
Əkmək, sonra mərmi səpmək,
Çox
qəribə davadı
bu...
"Qoluzorlulara nifrətim
var" (1995) şeirində də Məmməd Arazın haqq və ədalət uğrunda mübarizəsi
milli və dini müstəvidən kənara
çıxır. Müdrik
şair bütün insanlığın və
bəşərin əmin-amanlığı,
səadəti barəsində
düşünür. Məmməd
Araz Azrəabycan xalq şeirinin və klassik poeziyamızın humanist ənənələrini
davam etdirərək bədii-fəlsəfi fikrimizin
ən yüksək zirvələrinə layiq və uyğun sənət inciləri yaradır:
Bütün qoluzorlulara nifrətim
var:
Boylu olsun, alçaq olsun.
...Çinli olsun, çinsiz olsun,
Dinli olsun, dinsiz olsun...
Məmməd Arazın bədii-fəlsəfi
təhlilləri də
ümiminsani dəyər
daşıyır. Şair
insanın varlığının
və ölümünün
mənasını açmaq
istəyir. Göz önümüzdə mövcud
olan şeylər - şəhərlər, kəndlər,
məhəllələr, küçələr,
yollar nəyə görə və necə bir andaca
yoxluğa dönə
bilər? Onları kimlər yaradır və kimlər məhv edir? İnsan niyə doğulur və niyə ölməlidir, daha doğrusu, öldürülməlidir? O dünyaya
gələndə nə
üçün doğulduğunu
sormuruq və öldürüləndə isə
onu kim və
nəyə görə
öldürdüyünü də bilmirik. Həqiqətən, baş
verənləri və
öz gözlərimizlə
gördüklərimizi real məntiq müstəvisində
təhlil etmək, dəyərləndirmək mümkün
deyil. Dahi Hüseyn Cavidin yüzilin başında insanın gücü və gücsüzlüyü
haqqında öncə
söyləməsi həmin
yüzilin sonunda bir daha öz
amansız təsdiqi ilə üzləşir:
"İblis nədir? Cümlə
xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan nədir?
İblis!" İnsan və
İblis qarşıdurmasında insanın növbəti və daha ağır
məğlubiyyətini Məmməd
Araz məharətlə
bədiiləşdirib: "Öldürənin böyründəcə
sən də vardın, Mən də vardım şeytanla bir. Sözə baxın: Şeytan insan öldürürdü, insanla
bir. Şeytanın da,
insanın da Birgə təlim keçdiyini Özüm gördüm öz gözümlə. İnsanın başında
şeytan papağı,
Şeytanın başında
insan papağı. Özləri beləcə
dəyişmişdilər, Aylarla beləcə döyüşmüşdülər."
"Sənə inanıram" (1995) şeiri Məmməd Arazın istiqlal lirikasında xüsusi mövqeyi və çəkisi olan şeirlərindən biridir. Çağdaş gerçəkliyin tragizmi və ziddiyyətləri bu şeirdə də öz əksini tapıb. Müəllif yenə də vəziyyətdən çıxış və qurtuluş yolları barəsində gərgin düşünməkdədir. Şair sanki milli dərdlərimizə və yaralarımıza məlhəm axtarır. Bizim taleyimizə və milli təhlükəsizliyimizə zərbə vura biləcək mərəz və xəstəliklər, qüvvələr və güclər haqqında fikrə dalır; Ağ ilan, qara ilan, ala şeytan, boz şeytan, qara qurd, ağ qurd... "Nə dona girsə də ilandır, ilan, Lənət ağına da qarasına da. Nə dildə danışsa - şeytandı, şeytan, Lənət bozuna da alasına da. Bunu mən demirəm, babalar deyib: Qurdnan yoldaş ol, çomağı bərk tut, Göz qırpdın qapacaq o üzə gülən, Az oldu yaltaqdı, çox oldu cəllad".
"Sənə inanıram" şeirinin özünəməxsus milli və bədii dəyəri, yuxarıda misal gətirdiyimiz parçadan göründüyü kimi, çağdaş reallığın sərt və realist təhlili ilə səciyyələnir. Ümumən, XX yüzil Azərbaycan poeziyasının realizmindən bəhs edərkən Məmməd Araz lirikasına xüsusi toxunmaq lazımdır. Azərbaycanın milli mentalitetinin və gerçəkliyinin ən obyektiv təhlilçisi Mirzə Ələkbər Sabirdən sonra, şübhəsiz ki, Məmməd Arazdır. Bildiyimiz kimi, dahi Sabir milli qəflət və qəbahətlərimizi, qüsur və qeyrətsizliyimizi amansızcasına ifşa edirdi. Ancaq gəlin etiraf edək, Sabirin və b. klassiklərimizin bizə qoyub getdiyi örnəklərində milli ehtiyatlılığımız və təhlükəsizliyimiz barəsində az bilgilər mövcuddur. Milli mövcudluq və düşmən mühasirəsində yaşamaq, var olmaq və qalib gəlmək dərsləri heç kimin şeirində və nəsrində Məmməd Arazda olduğu qədər təbii və aydın əks etməyib. Bu mənada Məmməd Araz müdrikliyini dahi və klassiklərimizdən yalnız və yalnız milli mədəniyyətimizin banisi, ulular ulusu Dədə Qorqudla müqayisə etmək olar. Məmməd Araz 90-cı illərdə məhz Dədə Qorqud müdrikliyi ilə bizə yaşamağı öyrədir, həyat dərslərini keçirdi: "Beləcə, kiçilər "böyük olanlar", Beləcə böyüməz kiçik olanlar. Ayaq yalayanlar - küçük olanlar, Kiçiklər zənciri böyük əlində, Yüz səmtə qısqırdar yeri gələndə. Yüz yol söz verildi, and da içildi, Unutduq: "bu itlər girəvəcildi", Çevrildin, qəfildən qapacaq səni, Qapıb öz baltanla çapacaq səni, Hələlik bu düşüb baxtımıza bu, Hələlik doğrudur bu acı doğru". Şairin aşağıdakı xəbərdarlığı isə təkcə öz zamandaşlarına və müasirlərinə ünvanlanmayıb. Məmməd Araz gələcək nəsillərimizdən də nigarandır. Onları da unutmamağa, "girəvəcil" və "üzəgülən" düşmənlərdən ehtiyatlı olmağa çağırır:
Ayıq olmalıyıq, hər yerdə ayıq,
Süfrədə, yataqda, səngərdə ayıq,
Mən ayıq, sən ayıq, sərkərdə ayıq...
Çağdaş söz sənətimizdə müstəqillik dövrü gerçəkliyinin bədii-fəlsəfi təhlili və dəyərləndirilməsi ədəbiyyatşünaslığmızın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu prosesdə altmışıncıların özünəməxsus missiyası və mövqeyi ayrıca bir tədqiqatın mövzusudur. Məmməd Araz yaradıcılığında müstəqillik dövrü epoxasının inikası isə daha bir mühüm və vacib məsələlərdən olub, diqqəti xüsusi cəlb edir. Şairin bu yöndəki mənəvi-estetik axtarışlarını təhlil edib ümumiləşdirərkən, milli idealın seçimi və ifadəsi ilə bağlı problemin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini görürük. Azərbaycan tarixinin bütün böyük-kiçik, uzaq və yaxın mərhələlərini nəzərdən keçirən müəllif öz mənəvi istinadgahı kimi tariximizin qaranlıqları içərisindən iki nurlu nöqtəni kəşf edib bizə göstərməyə nail olur: Şah İsmayıl Xətayi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev. Əgər son 500 illik tariximizin ən parlaq səhifələri Xətayi babanın müqəddəs qılıncı ilə əbədiyyətə həkk olunmuşsa, çağdaş 50 illik tariximiz isə bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyevin qələmi ilə yazılmışdır. Bu gün hamının anladığı və dərindən dərk etdiyi bu həqiqəti xalq şairi Məmməd Araz hələ 90-cı illərin əvvəllərində uzaqgörənliklə ifadə etmişdi. Bəli, 500 illik keçmişimiz ulu Xətayinin qılıncı ilə, önümüzdəki gələcək isə Ulu Öndərin qələmi ilə müəyyənləşmişdir:
Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayıq Vətən oğlu, Vətən əskəri!
Böyük şair yaradıcılığının ən mötəbər tədqiqatçılarından biri, akademik İsa Həbibbəyli müstəqillik dövrü ədəbiyyatında yeni milli və bədii idealın dərkindən, təsdiqindən və inikasından bəhs edərkən aşağıdakıları yazırdı: "Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyük və müdrik sənətin şərəfli və məsuliyyətli yükünü - ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyil və ya ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında bütöv Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, gücül poetik lokomotivi olması deməkdir. Mİlli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır".
Görkəmli alimin vurğuladığı qüdrətli poeziya lokomotivinin şeiriyyətimizə və ümumən, milli söz sənətimizə baxş etdiyi töhfələrdən söz düşmüşkən, bir sıra mühüm bədii estetik yenilikləri burada xüsusi qeyd etməyi vacib hesab edirik:
1. Ötən əsrin əvvəllərində M.Ə.Sabirin və Məhəmməd Hadinin birlikdə əsasını quyduqları yeni Azərbaycan şeirindəki Milli Kədəri ilk dəfə məhz Məmməd Araz əsrin ortalarında yenidən diriltməyə və dirçəltməyə cəsarət etdi. M.Ə.Sabirin sərt satira dilində söylədiyi ana yurd həqiqətlərini və M.Hadinin ərəbi-farsi dumana bürünmüş millət həsrətlərini M.Araz Vaqifin, Ələsgərin, Vurğunun şirin dilində, hədsiz doğma və qayğıkeş ahənglərdə, M.Araz üslubunda bizə təlqin etdi.
2. Məmməd Araz - yeni vətəndaşlıq lirikamızın banisidir. Əslində bu növ poeziyanın bünövrəsini bizdə ilk dəfə mollanəsrəddinçi şairlərimiz və romantiklərimiz qoymuşdular. Yəni bilavasitə milli mentalitetimizi, dünyagörüşü və adətlərimizi, əxlaq və mənəviyyatımızı təhlil obyektinə çevirən və tənqid edən, tərbiyəvi-islahedici təsirə, pafosa malik şeirlərin ilk klassik nümunələrini M.Ə.Sabir, M.Hadi, A.Şaiq, H.Cavid, A.Səhhət, Ə.Cavad kimi korifey sənətkarlarımız yaratmışdılar. Amma sovet dövründə bu proses tamamilə başqa səmtə yönəldildi, yeni ideaya-estetik müstəvidə formalaşan S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, O.Sarıvəlli, Ə.Cəmil və başqaları kimi görkəmli klassiklərimizin iştirakı ilə sovet ideologiyasına söykənən, sosializm cəmiyyəti əxlaqına və prinsiplərinə əsaslanan son dərəcə məfkurəvi bir vətəndaşlıq lirikası ərsəyə gəldi. M.Araz erkən yaradıcılığından başlayaraq məhz bu ideoloji-estetik inikas sisteminə qarşı çıxırdı. O, qətiyyətlə və həqiqi sənətkar səmimiyyəti ilə Vətən və vətəndaşlıq haqqında siyasi, sinfi və ideoloji qəliblərlə düşünməyi qəbul etmirdi. Böyük şairin bu qiymətli estetik yeniliklərini o vaxt özü də israrla bu yola qızğın maraq göstərən bir gənc qələm sahibi kimi xalq şairi Sabir Rüstəmxanlı ilk dəfə yüksək qiymətləndirdi. "Vətən daşlarının vətəndaşlıq nəğməsi" yazısı 70-ci illərdə yazılmasına baxmayaraq bugün də ustad Məmməd Araza və sözü gedən mövzuya həsr olunmuş ən yaxşı məqalə dərəcəsini və statusunu uğurla qoruyub saxlamaqdadır.
3. Məmməd Araz ustad S.Vurğun və ustad R.Rzanın poeziya məktəblərinin estetik təcrübəsini öz yaradıcılığında birləşdirməyə can atan qüdrətli və novator şairlərimizdən biridir. Ümumən, 20-ci illərdən başlanan və 50-ci illərdə də öz kəskinliyini saxlayan Heca və Sərbəst qarşıdurmasını yumşaltmağa çalışan ən orijinal altmışıncıların biri və birincisi də M.Araz olub. Əgər Əli Kərim, Fikrət Sadıq, Fikrət Qoca, Abbas Abdulla, İsa İsmayılzadə, Vaqif Səmədoğlu və başqaları sərbəst vəzni heca ahəngdarlığı və intonasiyası ilə sintez etməyə çalışırdılarsa, M.Araz, B.Vahabzadə, Qabil, X.R.Ulutürk, N.Həsənzadə, M.İsmayıl və başqaları isə ənənəvi vəznə sərbəstlik sızdırmaq, hecaya sərbəstin poetexniki ünsür və elementlərini peyvənd etməyi məqsədə uyğun sayırdılar.
4. 60-cı illərdən etibarən Azərbaycançılıq ruhunun və Azərbaycan düşüncəsinin sürətlə intişarında poeziya və publisistikanın fəal iştirakı danılmazdır. Tam əminliklə söyləmək olar ki, ədəbiyyatımızda Azərbaycançılığın yeni mərhələdəki banisi xalq şairi Məmməd Arazdır. Ən yaxın amal və məslək dostları Ə.Kərim, B.Vahabzadə, X.R.Ulutürk, F.Sadıq, A.Abdulla və başqaları ilə birlikdə "Azərbaycan dünyasından baxdım dünyaya" deyən M.Araz Azərbaycan düşüncəsinin və idealının milli həyatımızda və mənəviyyatımızda dərin kök atmasında, yayılmasında misilsiz rol oynamış, milli oyanış və özünəqayıdış mərhələsinin bayraqlarlarından biri olmuşdur.
5. 90-cı illərdə ədəbiyyatımızda dekadans meyllərin geniş yayıla bilməməsində, cəmiyyətdə və mənəviyyatımızda dərinləşməməsində M.Araz və silahdaşlarının yaradıcılığının xüsusi rolu olduğunu burada vurğulamaq yerinə düşər. Xalqımızın sevimli sənətkarı M.Araz Vətənimizin ağır günlərində "Ata millət, ana millət ağlama", "Çıxıb getmək istəyirəm", "Ay Allah!" kimi acı kədər və hüznlə yoğrulan şeirlər yazsa da, bir sıra gənc qələm sahiblərinin əsərlərində geniş vüsət alan dekadentizm ovqatınının - mənəvi-psixoloji zəiflik, acizlik, düşkünlük, miskinlik kimi pessimist əhvali-ruhiyyənin poeziyamızda aparıcı mövqeyə çıxmasına qarşı öz nəsildaşları ilə birgə ciddi mənəvi-estetik müqavimət göstərdi. "Bizi Vətən çağırır", "Əsgər oğul", "Ayağa dur, Azərbaycan!" və s. poetik nümunələr həmin dövrdəki milli şeirimizin əsil ideya-estetik simasını müəyyənləşdirdi.
Beləliklə, Məmməd Araz öz zamanının və mühitinin müqavimətini, müxtəlif ictimai-siyasi maneə və qadağalarını yenərək, ən gözəl əsərləri millətinin qəlbindən yer alan, ana südü kimi onun qanına və canına hopan üç hədsiz doğma, məhrəm və milli istiqlal şairlərimizdən biridir: Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz!.. Milli müstəqilliyimizdən bəri keçən 32 illik kifayət qədər yetərli zaman kəsiyi də bizim üçün son dərəcə mühüm və ümummilli əhəmiyyət kəsb edən bu həqiqəti təsdiq etməkdədir.
Yaşar
QASIMBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.18-19.